Ssenari necə seçilməlidir? – Sorğu

Hazırda, Azərbaycan Kinematoqrafçılar İttifaqında ssenarilərin dəyərləndirmə meyarları üzərində iş gedir. Dəyərləndirmə mexanizminin hazırlanmasını zəruri edən səbəblərdən biri, ümumilikdə, ssenari problemlərinin mövcudluğu, dramaturgiya qaydalarına riayət olunmamasıdır. Təəssüf ki, dövlət sifarişi və dəstəyilə reallaşan, rəsmi ekspertlər tərəfindən dəyərləndirilən film layihələrinin də bir qisminin ssenarilərində ciddi boşluqlar nəzərə çarpır. Kinoyazar.az saytı bu məqsədlə, serial və film sektorunda keyfiyyətli və ya populyarlıq qazanmış işlər ortaya qoymuş TV-lərin rəhbərliyində yer alan şəxslərin, prodüserlərin iş təcrübəsini öyrənmək üçün onlara aşağıdakı suallarla müraciət edib:
- Ssenarilər hansı meyarlara əsasən seçilir? Hekayənin aktuallığı, tamaşaçıya maraqlı olub-olmayacağı necə müəyyənləşdirilir?
- Rejissorun bacarığı, potensialı hansı metodla müəyyənləşdirilir?
Tural Sevdimalı (İTV-nin baş direktor müavini, prodüser)

Ümumiyyətlə, ölkədə İTV olaraq bizim serial (həmçinin digər formatların da) ideyalarına açıq olduğumuzu və müzakirə etdiyimizi bilməyən az adam qalıb. Odur ki, həm rəsmi e-mail vasitəsilə, həm şəxsi nömrələrimizə və s. kifayət qədər müraciət daxil olur. Sayını dəqiq demək çətindir, amma hər il bu rəqəm artır. İlkin mərhələdə müəlliflərdən yalnız sinopsis xahiş edirik, daha sonra sinopsislərlə tanış olub,uyğun hesab etdiklərimizi müzakirəyə çıxarırıq. Bu yerdə onu deyim ki, əsasmeyarımız+ seçilmiş layihənin İTV tamaşaçısına layiq olmasıdır. İllər ərzində formalaşmış zövqüoxşamalıdır. Bu yanaşma rejissor və layihə seçimində bizim üçün çox vacib məqamdır, hətta ənvacibidir.Müzakirələri ildə bir və ya iki dəfə keçirmək mümkündür. Lakin burada sərt məhdudiyyətyoxdur. Əgər material həqiqətən çox güclüdürsə, dərhal müzakirəyə çıxarıla bilər. Bu,bildiyiniz kimi, gündəmdən də asılıdır.
Müzakirə mərhələsində daxili komissiyamız fəaliyyət göstərir. Komissiya adlandırdığımız bu qrup həm potensial ssenarinin bizim üçün maraqlı tərəflərini, həm də prodüser baxımından icra zamanı qarşılaşa biləcəyimiz çətinlikləri, xüsusilə də, ideyanın aktuallığını müzakirə edir. Ən maraqlı hesab etdiyimiz sinopsislər müzakirə masasında qalır. Bundan sonra, layihəni təqdim edən şəxslərlə görüşlər başlayır. Ssenaristlərə, ssenarini tam hazırlamaqdan öncə, bizim üçün vacib olan nüanslar barədə məlumat verilir. Bu, əsasən, hadisələrin məntiqdən kənara çıxmaması və İctimai Televiziyanın efirində yayımlanmasına razı olmadığımız detallarla bağlı tövsiyələrdən ibarətdir.
Ümumilikdə isə obrazların dili, baş verən hadisələrin toxunduğu problemlərin dolğun təsviri barədə də müzakirələr aparılır. Daha sonra ssenari təqdim olunur, oxunur, tərəfimizdən qeydlər edilir (edilməyə də bilər), düzəlişdən sonra yenidən oxunur. Bu proses material tam şəkildə təhvil verilənə qədər davam edir. Onu da deyim ki, bu ən çox vaxt aparan mərhələdir, lakin nəyinsə gözdən qaçması sonradan düzəldilməsi çətin problemlər yarada bilər. Bunu hamı bildiyi üçün müəlliflər də prosesi təmkinlə aparırlar.
Paralel olaraq rejissorun mövzuya münasibəti ilə maraqlanırıq. Onun mövzuya tam hakim olmasından sonra ya layihə prodüserinə, ya da rejissorun özünə tövsiyələrimizi veririk. Bu da müzakirə və debat formatında keçirilir. Dəfələrlə olub ki, rejissor və prodüser bizə qəribə görünən bir səhnəni öz baxış bucağından daha məntiqli izah edib. Bəzən isə əksinə, qeydlərimizlə razılaşıb dəyişikliklər ediblər. Bu danışıqların bizim tərəfdən tövsiyə və debat formatında aparıldığını bir daha vurğulamaq istəyirəm. Bu, əsla qadağa və ya şərt deyil.
Ssenari qəbul olunduqdan sonra iş icra mərhələsinə keçir. Bu mərhələdə bizimlə sıx təmasda olan heyətə İTV-nin texniki və ofis imkanlarından istifadə imkanı verməklə dəstək olmağa çalışırıq. Komanda çəkiliş meydanından bizi məlumatlandırır, biz isə yaranan hər hansı çətinlik və ya narahatlıq olarsa, kömək etməyə çalışırıq. Ümumilikdə, proses həmkarlıq ruhunda həyata keçirilir.
Növbəti “üz-üzə” mərhələsi artıq serialın təhvil prosesində baş tutur. Layihə rəhbəri ilk seriyaları təqdim etdikdən sonra komissiyamız materiala baxır və ümumi təəssüratlarını bölüşür. Fikir mübadiləsi aparılır, zəruri hallarda yenidən montaj, səs tənzimlənməsi və kiçik dəyişikliklər edilir. Bundan sonra komanda ilə əsas ünsiyyət texniki nəzarət şöbəsi vasitəsilə davam edir — seriyaların vaxtında təhvil verilməsi, titrlərdə səhvlərin olmaması və s. məsələlər üzrə.
Və efir mərhələsi. Bu mərhələdə artıq hamımız tamaşaçıya çevrilirik. Serialla bağlı şərhləri izləyirik və təbii ki, kinotənqidçilərin tənqidi fikirlərinə də diqqət yetiririk.
Emil Nəcəfov (“Ultra Production”, prodüser)

Mənim üçün kino – hekayə danışmaq istəyidir. Ona görə, hiss etsəm ki, rejissorun hekayəni danışmaq istəyi və bacarığı var, bu, o deməkdir ki, əsas mərhələni keçmişik, artıq o rejissorla işləmək olar. Birinci buna fikir verirəm. Əvvəlki işləri varsa, mütləq onlara baxıram. Bir dəfə yox, bir neçə dəfə baxıram. Oradan artıq rejissorun nə qədər istedadı, bacarığı olduğunu görmək mümkündür. Onunla tez-tez görüşürəm, müxtəlif mövzular haqqında danışırıq. Elə olmayıb ki, bu gün tanış olum, sabah isə film çəkək. Daha çox vaxt keçirməyə, öyrənməyə çalışıram ki, görüm nələrə baxır, hansı mövzulara marağı var, hansı hekayəni danışmaq və necə nəql etmək istəyir. İstifadə etməyə çalışdığı dil, metod nədir – bunlara çox fikir verirəm. Çəkmək istədiyi mövzu ilə emosional bağı varmı, intellektual bazası necədir – bunları analiz edirəm. Filmi o vaxt çəkməyə başlayırıq ki, mən və rejissor eyni filmi görək. Görürüksə, çəkmək olar.
Ssenariyə gəlincə, ona münasibət də, təxminən, bu cürdür. Bir də görürsən ki, ssenarisi yaxşıdır, amma bir müddət sonra ssenarini yazdığından tamamilə fərqli istiqamətə aparır. Onda birgə qərar veririk, bəzən razılaşır, bəzən razılaşmırıq. Yalnız bir dəfə tanış olduğum bir adamla az sonra filmə başlamışıq. O da “Dərədə” filminin rejissoru Əbülfəz İsgəndərdir. Əbülfəz hekayəni elə emosional, elə ürəkdən hiss edərək danışırdı ki, məndə şübhə qalmadı. Birinci işi olduğu üçün imkan verdik. Həmişə debütantlara şans verməyə çalışıram. Sonra davam edərik, ya yox, rişin nəticəsindən asılıdır. Şübhəm olsa belə, ilk işdə dəstək oluram. Bakı Beynəlxalq Flm Festivalına gənclərin işləri ilə tanış olmaq üçün gedirdim. Türkan Hüseynin, Mətləb Muxtarovun, Nurlan Həsənlinin filmlərini orada görmüşəm. Hər üçünün hekayə danışmaq istedadı var. Əbülfəzin də həmçinin. İşlədiyim digər rejissor İqor Smoladır, işlərini bəyənirəm. Gəncləri onunla tanış edirəm, çünki müəyyən mövzular, vizual dil barəsində onun bacarığı var. Qazanca gəlincə, prodüser kimi düşünsəm ki, layihədən nə qədər qazanacağam, gərək onda heç bir layihəyə pul qoymayaq. Hələlik bu məqamı çox düşünmürəm. Sahəmiz inkişaf edəndə qazanmaq haqqında düşünərik. Hələlik qazancsız davam edirik.
Bir də, sadəcə festivala düşmək üçün çəkən rejissorlarla işləmirəm. Bunu hiss etdimsə, mümkün deyil işləməyim.
İslam Ağa (Baş prodüser)

“Seriallarda mövzunun xalqa, mentallığa yaxın olmasını nəzərə alırıq. “Qırmızı zona” serialını il yarım bundan əvvəl Asiman Ağa Rövşən və Elvin Rüstəmzadə ilə müzakirə edirdik. Həm elmi-fantastik, həm kriminal dram janrının qarışığı olması mənə maraqlı gəldi, çünki ssenarist və rejissor çox manevrlər edə bilərdilər. “Səkkiz”in ssenarisində isə diqqətimizi çəkən motivlərdən biri bullinq oldu. Komediyalarda əsasən, gəlir gətirə biləcək simalara üstünlük veririk. Hazırda “Komedixana”nın aktyorları ilə film çəkmək istəyirəm. Əgər çəkilsə, ən azı, 80 min tamaşaçını kinoteatra gətirəcəyimə inanıram. Ümumiyyətlə isə, tamaşaçı zövqü fərqlidir. Məsələn, situasiyanın özü gülməlidir, düşünürük ki, biz bununla tamaşaçını cəlb edə biləcəyik. Amma sonra görürük ki, situasiya maraqlı olsa da, tamaşaçı içində yenə zarafat istəyir. İllərlə qazandığım təcrübədən deyirəm ki, kinoteatr tamaşaçısına filmdə təsvirin, hekayənin keyfiyyəti maraqlı deyil, o, “məni güldür” deyir. “Hozu xan” adlı tarixi komediya çəkmişdik, tamaşaçı bəyənmədi. Halbuki koloritinə, situasiyasına ən çox inandığımız layihə idi. Amma nəzərdə tutduğumuz kütləni gətirmədi. Maksimum 35 min adam baxıb. Deyirlər ki, o biri “Hozu”lar daha maraqlı idi.
Rejissor seçəndə birinci bunu düşünürük: rejissor bacaracaqmı və ssenarini anlayırmı? Tutaq ki, rejissorun yaxşı portfoliosu var, amma ona təklif edilən mövzunu anlaması, inanması vacibdir. Qarabağ haqqında anlayışı olmayan, emosional olaraq onu özünə yaxın hiss etməyən rejissor necə film çəkə bilər bu mövzuda? Əsas məsələ ssenarinin rejissora yaxınlığıdır. Rejissorun əvvəlki filmlərinə, rejissor ssenarisinə baxırıq. Ssenarini öz dəst-xətinə uyğunlaşdıra bilirmi? Rejissor, ssenarisində nəyi necə yazıb, necə çəkəcək? Özü storibord çəkə bilirmi, təsəvvürü varmı? Hekayənin içində hansı detala diqqət yetirir? Məsələn, bir üzük detalı varsa, ona necə fokuslanacaq, necə həll edəcək? “Biz çəkək, sonra montajda baxarıq” ən böyük problemlərdən biridir. Montajda necə həll edəcəksən? Montajı əvvəlcədən düşünüb çəkməlisən. Yəni, çəkiliş vaxtı lazımi materialı lazımi şəkildə çəkmədən montaja ümid etmək – problemlərdən biridir. Elə rejissor var ki, ssenarini yaxşı mənimsəmir, çəkilişdə görür ki, məntiq xətası var, təzədən ssenarini dəyişir. Rejissor ssenarini tam mənimsəməlidir ki, məntiq xətalarına yol verilməsin, mövzunu hiss etsin, ssenarini dərk etsin, hadisə ilə emosional əlaqə qursun. Rejissora yoxlayıcı suallar verirəm ki, görüm hekayəni hiss edib? Yox, mövzunu anlamayıbsa, sağollaşıram, başqa rejissorla işləyirəm. Özüm də rejissordan öyrənirəm. Rejissor elə bir şey deyə bilər ki, ssenaridə diqqətimi çəkməyib, gözdən qaçırmışam. Bir qayda olaraq, rejissor çəkiliş heyətini özü yığır ki, nəsə problem olsa özü həll etsin. Rejissora deyirəm ki, sən rəssama nə qədər səlahiyyət verəcəksən? Çünki elə olur ki, rəssam məkanı öz zövqünə uyğun yığanda rejissor onu təzədən dəyişir və nəticədə iki çəkiliş günü itiririk. Odur ki, çəkilişə kimi, hazırlıq mərhələsində problemlərimizi həll edirik. Çəkilişdə isə rejissor hər şeyi özü həll etməlidir, mən qarışımıram. Xarakter də öz sözünü deyir. Rejissorun eqosu varsa, bir şəkildə təsirini göstərir”.
Sevinc Əliyeva (prodüser, “SFN prodakşn” şirkətinin təsisçisi)

“Mikrorayon” serialı ilə bağlı təcrübəmi bölüşüm. İdeya, keçən ilin mart, aprel aylarından vardı. Bir neçə ssenaristlə görüşmüşdüm. Hər kəslə ideyanı müzakirə edirdim. Gözləyirdim ki, məsələn, ideya haqqında mən nəsə deyəndə, o da birini desin. Bir neçə sinpopsis yazıldı. Onların içində Gəray Həsənin sinopsisi daha uyğun oldu. Onun da buna oxşar öz ideyası vardı, tandem alındı. Qərara gəldik ki, birgə işləyək. Təbii ki, qeydlər olurdu.
Rejissor axtarışlarına başladıq. Elə rejissor axtarırdıq ki, həm serial, həm film təcrübəsi olsun, janrı bilsin. Qulu Əsgərov ideal variant oldu. Qulunun “Hasar” filmini bəyənirəm. Kinematoqrafik təcrübəsi önəmli idi, serial da çəkmişdi. Görüşdük, baxdım ki, mən, məsələn, “a” deyəndə, o, “b”ni deyir, əlavələr edir. Hissiyat, bilik var. Qulunun üzərində dayandıq, razılaşdıq. Uğurun əsas düsturu odur ki, komandadakı insanlar kinonu sevsinlər, ortaya yaxşı iş çıxarmaq istəsinlər. Bəzən nöqsan kimi deyirlər ki, kinonu sevirsən, amma qazanmırsan. Deyirəm ki, qazanmaq da lazmdır, amma bu, işin ziyanına olmamalıdır”.
Fariz Əhmədov (prodüser, rejissor, ssenarist)

“Əgər müəllif kinosu çəkmiriksə, o zaman mövzunun aktuallığı və kütlə tərəfindən maraqla qarşılanıb-qarşılanmayacağı bizi maraqlandırır. Müəllif kinosudursa, “niyə məni bu mövzu narahat edir, niyə bu kontekstdən yanaşıram” kimi suallara cavab axtarmağa çalışırıq. Ssenarinin seçilməsində mözvunun aktuallığı, dramaturji olaraq içinin dolğun və düzgün yazılması önəmlidir. Zəif ssenarinin düzəlmə potensialına və normal ssenari vəziyyətinə gətirilmə imkanına baxırıq. Ölçü olaraq onu qoyuruq. Rejissor seçiminə gəlincə, nələrə fikir veririk? Bir çox hallarda bunu edə bilərmi, əvəvlki işləri buna nə qədər yaxındır, layihənin ağırlığını nə qədər daşıya biləcək, normal iş ortaya çıxara biləcəkmi? Müəllif filmində isə fərqlidir, çünki bir çox halda ssenari özlərinə aiddir. O baxımdan yanaşırıq”.
Orxan Mərdan (“Azərbaycan Kino Mərkəzi”nin təsisçisi, prodüser, rejissor, ssenarist)

“Mən, əsasən, özümün inandığım hekayələrə üstünlük verirəm. Məsələn, bu dövrdə tamaşaçının hansı tip hekayələrə meyilləndiyini nəzərə alıram. Ssenarist dəvət edirəm və birgə işləyirik, əsasən. Mənim üçün prioritet ssenaridir. Onun yazılması isə aylarlara çəkə bilər – 5-6 ay, bəzən bir il. Kənardan ssenari gəlibsə, hekayəsi yaxşıdırsa, strukturu düz qurulmayıbsa və ya məni qane edəcək tərzdə yazılmayıbsa, onu ssenari düsturuna otuzdururam. Razılaşmırlarsa, eləmirəm. Özümün bildiyim düstur var, bu, həm dramaturjidir, aktlar bölgüsüdür, həm personajların inkişafı, xarakter bölgüsüdür. Rejissor işini memar kimi düşünürəm. Tutaq ki, bina tikirsən, etibar elədiyin 3-4 memar eskiz verir sənə, layihə təsdiqlənir, bu istiqamətdə bu qədər müddətə filmi çəkməlisən. İşi şansa buraxmıram. Çəkiliş meydançasına qədər artıq nə baş verəcəyini bilirəm. Avtoritar prodüserəm. Çəkiliş meydanında nəsə xoşuma gəlmirsə, yenidən çəkdirirəm, hətta bəzən özüm çəkmişəm səhnəni. Əsas meyarım odur ki, oturuşmuş olsun. Rejissorların plandan kənara çıxmasının qarşısını alıram. Məsuliyyətli, planlaşdırılmış yanaşma tələb edirəm. Yoxsa hərə öz bildiyini edəcək. Hesablanmış iş görürəm və orda mənim prinsiplərim əsasdır. Çünki sabah hər hansı uğursuzluq olsa, günahı kiminsə üstünə atmayım. Məncə, rejissorlara, ssenaristlərə mənimlə işləmək rahatdır, çünki filmi onların öhdəsinə buraxıb, onlara yükləmirəm. Mənim modelim bir qədər türk, bir qədər də amerika modelinə yaxındır. Hətta musiqiyə də diqqətliyəm. Ssenari birbaşa mənim istəyim və nəzarətimlə yazılmalıdır, rejssor bütün istehsal dönəminin saatbasaat planlamasını təhvil verməlidir. Operator bütün texniki istəklərini əsaslandırmalıdır. Bundan sonra sonra özləri çəkirlər. Montajda artıq mənim versiyam olmalıdır. Montajda janrına görə, ritmi qoruyuram, sərt müdaxilə edirəm. Lazımdırsa mizan, lazımdırsa estetikanı dəyşirik. Montaj ritmi əvvəldən necə nəzərdə tutulubsa, elə olmalıdır”.
Sorğunu hazrıladı: Sevda Sultanova