Jül Qranje: “Hərdən ssenari çəkilişə qədər belə, tam hazır olmur”

Azərbaycan Kinematoqrafçılar İttifaqının Azərbaycandakı Fransa səfirliyi və Fransa İnstitutu ilə əməkdaşlığı çərçivəsində həyata keçirdiyi Beynəlxalq “Şərq-Qərb Kino Lab” tammetrajlı bədii film layihələrinin inkişaf proqramı sona çatır. Proqramın mentorlarından biri, KIDAM (Fransa) şirkətinin prodüseri və maliyyə-idarəetmə direktoru, prodüser Jül Qranje Kinoyazar-ın suallarını cavablandırır.
– Azərbaycanlı kinematoqrafçılar arasında geniş yayılmış bir fikir var: Qərbi Avropa festivalları Şərqi Avropa, Qafqaz, Asiya kimi bölgələrdən konkret, spesifik mövzulardan bəhs edən filmlər gözləyir. Bu fikir nə qədər doğrudur?
– Mən belə gözləntilər olduğunu düşünmürəm. Başqa yerləri dəqiq deyə bilmərəm, amma məsələn, fransız tamaşaçısı fərqlidir. Tanımadığı, bilmədiyi ölkələrin filmlərinə baxmağa gedənlər, həmin ölkələrin alışqanlıqları, mədəniyyətləri haqqında nəsə öyrənmək istəyən tamaşaçılar var. Bütün bunlarla maraqlanmayan, sadəcə yaxşı filmə baxmaq, maraqlı hekayələr görmək istəyən tamaşaçılar var. Onlar üçün filmin Azərbaycanda, Gürcüstanda və ya Çində, İranda çəkilməyinin heç bir əhəmiyyəti yoxdur. Elələri var ki, dinamik, esktremal filmlərə baxmaq istəyir, Azərbaycan, ya da Fransa istehsalı olması vacib deyil. Odur ki, hansısa xüsusi gözləntilərin olduğunu düşünmürəm.

– Onda sualı bir az dəyişim. Beynəlxalq kino bazarına çıxmaq istəyən azərbaycanlı rejissorlar nəyə daha çox diqqət yetirməlidirlər – mövzuya, hekayəyə, etnoqrafik elementlərə, ya da, məsələn, təhkiyəyə? Bazar deyəndə sadəcə prokatı nəzərdə tutmuram, onun çətin olduğunu bilirəm. Daha çox festivallar, oradakı marketləri nəzərdə tuturam.
-Bu məsələnin mövzu ilə çox əlaqəsi olduğunu düşünmürəm. Mənə elə gəlir ki, lokal kinonun festival səyahətinin baş tutması üçün yerli mədəniyyətlə dərindən bağlı olan, eyni zamanda da universal kino dilində danışan filmlər lazımdır ki, bütün dünyada auditoriya ilə əlaqə qura bilsin. Bu ikisinin sintezi filmin festival səyahəti üçün çox vacibdir. Digər tərəfdən, ilk sual bu olmalıdır: Mən filmlərimin festival dünyasında gəzməyini istəyirəmmi? Əgər bunu istəyirsənsə, məncə, əsas məsələ mövzudan daha çox, layihəni necə hazırlamaq, necə inkişaf etdirməkdir, xüsusilə, debüt tammetrajlı filmlərdə. Çünki bu cür layihələrin inkişaf prosesi 5-6 il çəkə bilir. Yazmaq, təkrar yazmaq, müxtəlif inkişaf platformalarına, laboratoriyalara qoşulanda mütəxəssislərin rəylərini nəzərə almaq, layihənin müştərək istehsalat elementlərini, strategiyasını qurmaq lazımdır, eyni zamanda da digər işlərlə məşğul olmalısan, çünki bu proses çox uzun çəkə bilər. Bu, addım-addım baş verən bir prosesdir.
– Artıq təlim proqramının sonuncu (14 aprel 2026) günüdür, iştirakçılarla, təqdim olunan layihələrlə tanış olmusunuz. Həm də bu sizin Azərbaycana ikinci səfərinizdir. Güman edirəm ki, keçən dəfədən sonra buradan sizə öz layihələrini göndərənlər, hansısa tövsiyə istəyənlər olub. Azərbaycanlı rejissorların, prodüserlərin layihələrdə yol verdikləri xarakterik səhvlər hansılardır?

– Mən bunu səhv adlandırmazdım. Müxtəlik institutların, laboratoriyaların, platformaların konkret formatları var. Onları bilmək lazımdır. “Şərq-Qərb” təlim proqramının da məqsədi ondan ibarətdir ki, rejissorlar, prodüserlər müraciət edəcəkləri beynəlxalq platformaların standartlarının, gözləntilərinin nə olduğunu və öz layihələrini o standarta necə uyğunlaşdıracaqlarını öyrənsinlər. Məncə, layihələrin bədii keyfiyyətləri kifayət qədər yaxşıdır. Sadəcə qaydaları öyrənib onlara əməl etməlidirlər. Əgər hər hansı platformaya necə müraciət edəcəyinizi, layihəni necə təqdim edəcəyinizi bilmirsinizsə, müsbət cavab almamaq ehtimalınız böyükdür. Bir də səbirli olmaq lazımdır. Bizim söhbətlərimizdə müşahidə etdiyim qədərilə, əksəriyyət hər şeyin mümkün qədər tez baş tutmasını istəyir, ssenarisi hazırdır, hər şey hazırdır. Amma sən o hazır ssenarini, layihəni hansısa kinomarketə aparsan, məlum olacaq ki, çəkmək bir yana, heç ssenari hazır deyil. Ssenari birinci, ikinci, üçüncü qaralamadan sonra da hazır olmaya bilər. Dediyim kimi, bu, bir az uzun prosesdir və uzun olması da normaldır. Hətta Avropa nöqteyi-nəzərindən baxsaq, bir ssenari çəkilişə qədər belə, tam hazır olmur. Belə bir yanaşma var.
Müsahibəni hazırladı: Aygün Aslanlı