Robert Makki belə deyir…

Robert Makkinin “HEKAYƏ” kitabından seçmələr
(iqtibaslar toplusu)
“Hekayə” – stereotiplərdən yox, arxetiplərdən bəhs edən kitabdır.
Ehtiyatlı, təcrübəsiz müəlliflər qaydalara tabe olurlar. Təhsili az olan qiyamçılar bu qaydaları pozurlar, ustadlar isə formanı təkmilləşdirirlər.
***
Stereotip hekayələr harada doğulubsa, orada da qalır, arxetipik hekayələr isə səyahətə çıxır.
***
Arxetipik süjet qədim və ya müasir, Qərbə, ya da Şərqə aid ola bilməz; o, ümumbəşəridir.
***
Arxetipik süjet bitmiş sonluğun olmasını ehtiva edir. Bu isə, hekayənin qaldırdığı bütün sualların cavablarının tapılması və doğurduğu emosiyaların təmin edilməsi deməkdir.
***
Yaradıcılıq – zəruri olanla vacib olmayan arasında yaradıcı seçim etmək bacarığıdır.
***
Hesablamalara görə, ssenarinin yekun variantını ərsəyə gətirən yaradıcı səylərin 75 faizi hekayənin yaradılmasının payına düşür.
****
Əgər dinləyicilərin ortabab mövzulu gözəl hekayə ilə ciddi mövzulu zəif hekayə arasında seçim etmək imkanları varsa, onlar həmişə üstünlüyü birinciyə verəcəklər.
***
Mükəmməl nəql edilmiş hekayə – dramaturji strukturun, settinqin (hadisələrin cərəyan etdiyi məkan, zaman və şərtlər toplusu – red.), xarakterlərin, janrların və ideyaların harmonik uzlaşmasıdır.
***
Təhkiyəçilik istedadı birinci dərəcəli əhəmiyyətə malikdir. Ədəbi istedad isə vacib olsa da, ikinci dərəcəlidir.
***
Ustad ssenarist o kəsdir ki, cəmi bir neçə məqam seçərək qəhrəmanın həyatını tam dolğunluğu ilə göstərə bilsin.
***
Ssenarist öz yazdığına inanmalıdır.
***
Baş qəhrəman öz arzusuna əmin olmalıdır.
***
Hekayə elə bir fnalla bitməlidir ki, tamaşaçının özündən nəsə uydurmasına imkan verməsin.
***
Yaxşı hekayə yaxşı filmin “doğulmasının” zəminidir. Eyni zamanda, hekayəni “işlədə” bilməmək uğursuzluğu qaçılmaz edir.
***
Bizə sərbəst, öz nöqteyi-nəzərini cəsarətlə ifadə etməyi bacaran yaradıcı insanlar lazımdır. Məhz belə insanların dünyanı görmə bucağı heyrət və heyranlıq yaradır.
***
Mədəniyyət səmimi və parlaq hekayələr olmadan inkişaf edə bilməz.
***
“Danışmayın, göstərin” dedikdə, yalnız personajların yox, kameranın da “davranışı” inandırıcı olmalıdır.
***
Platon haqlı idi: hekayəçilər təhlükəli adamlardır.
***
“Biz görürük” və “biz eşidirk” kimi ifadələrdən vaz keçin. “Biz” anlayışı yoxdur.
***
Dialoq – söhbət deyil. Ekran, qısa və sadə cümlələri olan dialoq tələb edir.
***
Aristotel tövsiyə edirdi ki, adi insanlar kimi danışın, amma müdriklər kimi düşünün.
***
Baş verənlər yalnız faktdır, həqiqət deyil. Həqiqət – bizim baş verənlər haqqında düşündüklərimizdir.
***
Yaxşı olar ki, hər epizoda başlıq qoyasınız; belə olduqda, həmin epizodun filmdə yerinin səbəbi aydın olur.
***
Hekayəni düşünüb qələmə alarkən yadınızda saxlayın ki, o sizin nöqteyi-nəzərinizi əks etdirməli, eyni zamanda tamaşaçıların ürəklərində, düşüncələrində əks-səda tapmalıdır.
***
Konflikt – sadəcə estetik prinsip deyil; bu, hekayənin canıdır.
***
Kinodramaturgiyanın canı həyatın hərəkətvetici qüvvəsi olan nikbin və ya bədbin dəyərlərdir.
***
Köhnə bir Hollivud məsəlində deyilir: “Əgər səhnə sadəcə danışdığından ibarətdirsə, onda sizin ciddi problemləriniz var”.
***
Filmdə hər şey baş verə bilər, lakin yekun nöqtəyə çatmaq mütləq şərtdir.
***
Con Karpenter bir dəfə demişdi: “Filmlər – şüurlarda baş verənlərin fiziki inikasıdır”.
***
Ssenarist Vilyam Holdmen iddia edir ki, bütün hekayələrin finalı üçün əsas cəhət, tamaşaçıların gözləntilərini doğrultmaqdır, lakin bu, onların gözlədiyi kimi olmamalıdır.
***
Jan-Pol Sartr deyir ki, reallığın mahiyyətini çatışmazlıq, nəyinsə ümumi və əbədi kəsiri təşkil edir.
***
“Hər hansı qaralama, cızma-qara özü-özlüyündə heç bir dəyərə malik deyil”. Ernest Heminquey
***
Cin Fauler bir dəfə demişdi ki, yazmaq, əslində, çox asan bir işdir, sadəcə masa arxasında oturub alnında qan damcıları əmələ gələnə qədər gözlərini ağ vərəqə zilləməlisən.
***
Dramaturq Jan Anuya istinad etsək, “ədəbiyyat həyata forma verir”.
***
Xarakterin açarı – istəkdir.
***
Vilyam Folknerin qeyd etdiyi kimi, insan xarakteri yeganə mövzudur ki, heç vaxt köhnəlmir.
***
Dramaturq, insanlara valeh olur və yaratdığı əsərlərlə bizə deyir ki, hətta ən çətin şəraitdə belə insan öz ruhunun yenilməzliyini qoruyub-saxlayır.
***
Tamaşaçıların sayı azalanda büdcə kiçilir. Bu, qanundur.
***
Fərqlənmək xatirinə fərqli görünmək kommersiya tələblərinin köləsinə çevrilmək qədər mənasızdır.
***
Tamaşaçıda keçmişdə nə baş verdiyini bilmək ehtiyacını formalaşdırmayana qədər retrospektiv səhnələri hekayənizə daxil etməyin.
***
Heç nə göründüyü kimi deyil. Sətiraltı mənası olmayan mətn yoxdur.
***
İnsan öz istedadını öldürə bilməz, lakin cəhalət o istedadı komaya sala bilər.
***
İfrat sərbəstlik şəraitində görülən iş, çox güman ki, səliqəsiz şəkildə ərsəyə gələcək.
***
İstənilən hekayə üçün yararlı ola biləcək belə bir test mövcuddur: özünüzdən hekayədə nəyin risk olduğunu soruşun. Baş qəhrəman istədiyinə nail olmasa, mütləq şəkildə nədən məhrum olacaq?
***
Əsl mövzu sözlə ifadə oluna bilməz, ancaq hekayənin məğzini çatdıran bir dənə aydın və anlaşıqlı cümlə ilə ifadə edilə bilər.
***
“Struktur daha vacibdir, yoxsa xarakter?” deyə bir sual yoxdur. Çünki quruluş xarakterdir, xarakter isə quruluşdur.
***
Hekayənin strukturu beş hissədən ibarətdir: sövqedici əhvalat, yaxud təhrikedici hadisə. Bunlar sonrakı bütün baş verənlərin əsas səbəbidir və qalan dörd elementi – müşküllərin böyüməsi, böhran, kulminasiya və düyünün çözülməsi – hərəkətə gətirir.
Böhran – hekayənin beşhissəli quruluşunun üçüncü, qərarın qəbul edilməsini ehtimal edən elementidir. Böhran hekayənin zəruri səhnəsidir.
Böhran özündə əsl dilemmanı – bir-birilə uzlaşmayan nəsnələrin arasında seçimi ifadə etməlidir.
“Böhran” mənasını verən çin heroqlifi iki işarədən ibarətdir: “təhlükə” və “imkan”.
Kulminasiya – beşhissəli quruluşun dördüncü elementidir. Bu zirvə hadisənin, əsas dəyişikliyin səs-küylü və sürətli olması vacib deyil. Lakin o, mütləq anlamlı olmalıdır. Əgər mənim bütün dünyadakı film yaradıcılarına teleqram yollamaq imkanım olsaydı, o teleqramın mətni cəmi üç sözdən ibarət olardı: “Emosiyaları doğuran mənadır”.
Düyünün çözülməsi – hekayənin beşhissəli quruluşunun beşinci elementi olub özündə kulminasiyadan sonra qalan istənilən materialı ehtiva edir.
Biz sövqedici hadisə ilə kulminasiya arasındakı səbəb-nəticə əlaqəsini hiss etməliyik.
***
Kamera rentgen aparatı kimidir, istənilən saxtakarlığı qorxunc bir dəqiqliklə qeydə alır.
***
Bu “Tanrının əli” (Deus ex machina) bir ssenarist üçün ən böyük günahdır. Final yazmaq üçün heç vaxt “göydəndüşmə xilas” elementindən istifadə etməyin.
***
Aparıcı ideyanın tərkibinə iki şey daxildir: dəyər və səbəb.
***
Hollivud jarqonunda əsas süjetin sövqedici hadisəsi “böyük qarmaq” adlanır.
***
Auditoriyanın reaksiyasını və gözləntilərini anlamadan film çəkmək mümkün deyil.
***
“Pauza haqqını qazanmaq” lazımdır.
***
Alt-süjet, əsas süjetin aparıcı ideyasını qüvvətləndirməyə kömək edəcək və filmi tematik variasiyalarla zənginləşdirəcək.
***
Komediya təsadüflərə daha çox icazə verir, nəinki dram. Hətta komediya “Tanrının əli”nin peyda olması ilə tamamlana bilər.
***
Adətən, üçaktlı hekayələr üçün dörd yaddaqalan səhnənin olması zəruridir: hekayəni başladan sövqedici hadisə, həmçinin birinci, ikinci və üçüncü aktların kulminasiyaları.
***
Bizim hər birimiz eyni zamanda həm mələyik, həm də iblis. Əgər insan təbiəti, zərrə qədər də bu və ya digər tərəfə meyillənsəydi, bütün sosial dilemmalar bir neçə əsr əvvəl həll edilib bitərdi. Lakin bu ikiləşmə ucbatından biz sabah kim olacağımızı heç vaxt bilmirik; bu gün Paris Notr-Dam kilsəsini inşa edirik, ertəsi gün isə Osvensimi.
***
“Kaliforniya səhnələri” tipində epizodlar yazmayın. “Kaliforniya səhnələri” dedikdə, yenicə tanış olmuş iki personajın birlikdə qəhvə içə-içə həyatın mübhəm məqamlarını müzakirə etmələri nəzərdə tutulur…
***
Əgər siz, personajın qapıya yaxınlaşdığını, onu taqqıldadıb gözlədiyini, qapının nəzakətlə açıldığını, personajın içəri dəvət edildiyini yazmısınızsa, rejissor isə belə bir səhnəni ekranlaşdırıbsa, böyük ehtimalla, bu kadrlar ekran üzü görməyəcək. Redaktor adına layiq istənilən insan bu kadrları dərhal kəsib atacaq.
***
Bu sadə sınaqdan keçə bilməyən bütün metaforları və müqayisələri ssenaridən çıxarın: “Mən ekranda nə görürəm (yaxud nə eşidirəm)?”. Miloş Formanın da qeyd etdiyi kimi, “filmdə ağac elə ağacdır”. Məsələn, ekran üçün “sanki”, “elə bil” anlayışları mövcud deyil.
***
Uzun illərdir, ədəbi əsərlərin ekranlaşdırılması hüququnu əldə etməkdən ötrü yüz milyonlarla dollar xərclənir. Sonra isə ssenaristlər alınmış əsəri oxuyurlar və “Axı, burada heç nə baş vermir! Kitab bütünlüklə personajın fikrindən keçənlərin təsvirindən ibarətdir!” qışqıra-qışqıra otaqda var-gəl edirlər. Deməli, adaptasiyanın birinci qaydası belədir: roman və ya pyes ədəbi nöqteyi-nəzərdən nə qədər mükəmməldirsə, film bir o qədər zəif alınacaq.
***
On min illər boyunca tonqal ətrafında nağıl uydurmaq, dörd min yaşlı yazı mədəniyyəti, iki min ildən bəri bəşəriyyətlə yanaşı addımlayan teatr, kinematoqrafın bir əsrlik ömrü və səksən ili əhatə edən televiziya tarixi ərzində sonsuz sayda nəqlçilər nəsli heyrətamiz şəkildə çox sayda hekayə nümunələri yaradıblar.
***
Yazmağa başlamaq problem deyil. Problem ondadır ki, yazıçılıq nəsə ixtira etməyə oxşayır: biz hansı istiqamətə getdiyimizi nadir hallarda bilirik. Yazmağa davam etmək, ilhamı itirməmək üçün bu işi sevmək və tənhalığa dözməyi bacarmaq lazımdır.
Tərtibatçı: Oleq Səfərəliyev / Tərcümə: Samirə Behbudqızı / Redaktor: Aygün Aslanlı və Əli İsa Cabbarov