İNDİ OXUYUR
Övladda nəvə, ekranda dəvə

Övladda nəvə, ekranda dəvə

Rejissor Şamil Əliyevin aktyor-pedaqoq Vidadi Həsənovun ilk kinossenarisi əsasında çəkdiyi “Çölçü” filmi (2012) əsasən ekrandakı dəvələrlə yadda qaldı. Peşəkar kinooperator Rafiq Quliyevin müşahidə metodu ilə müxtəlif rakurslardan lentə aldığı dəvələrin nadir hallarda dramaturji kontekstdə təzahürü də nəzərə çarpır. Dəmir yolunun, magistral şossenin, müasir yaşayış məntəqəsinin yaxınlığındakı boz dağların fonunda gözə dəyən palçıq evində yatan Ulunun (Vidadi Həsənov əslində sözün dayağına çevrilməli mimikadan istifadə ilə aktyor peşəkarlığını tamamlayır) daim palçıq evin dalında işəyən azyaşlı oğlu ilə ünsiyyəti də dəvədən başlanır. Doğuşdan sonra ətliyə veriləcəyi ilə hədələdiyi (bununla da yaşadığı həyat tərzindən cana doyduğunu bildirdiyi) ana dəvəni duz-çörəyə and içməklə bu köşəyi onun dünyaya gətirdiyinə inandırmaqla tamaşaçıya mifik mesaj göndərən Ulunun “Çölçü” adlandırdığı azyaşlı oğlunu (Cavidan Məmmədov) yuxuya vermək üçün sandıqdan, pərdədən, gəlinciklərdən, dəsmaldan istifadə etməklə kukla teatrı estetikasında göstərib danışdığı nağıl mövzunu bədirləyir. Titrlərə qədərki yarımçıq planların, azyaşlı Çölçünü izləyən baldırların və xüsusən dəvələrin qatıldığı uzun-uzadı ekspoziyada həlledici amilə çevrilən bu nağılda uçub gələn quşun (dəsmalın) qıza (daş gəlinciyə) çevrilməsi sonradan hadisələrin gedişində reallaşmaqla gecikmiş melodrama janrını müəyyənləşdirir.

“Çölçü” filmi. aktrisa: Salome Demuria


Növbəti dəfə arxasına keçdiyi palçıq evin dalından böyüyüb çıxmaqla zaman sıçrayışını uğurla göstərməklə dəvələrdən birini ardınca çəkərək yaxınlıqdakı qəsəbəyə üz tutan Çölçünün yolun kənarındakı köhnə, ağ “Jiquli” avtomaşındakı müasir Dəyyusla (Vüsal Mehrəliyev- oynadığı tipaja nifrət qazandıra bilir) şəhərli qızın (gürcü aktrisası Salome Demuria ümumi planlardakı pantomim plastikada tədricən Mələyə çevrilir) dünyaya gələcək körpənin məhvi barədəki qalmaqallarının şahidi olması mövzunun rüşeymindəki problemi səciyyələndirir. Bununla belə, qəsəbədən qayıdan Çölçünün yenidən əvvəlki qalmaqalın şahidinə çevrilməsi, Mələyin çölə üz tutduğunu görməsi hadisəlilik prinsipini yerində fırlatmaqla istiqaməti “Tarzan” filminin təklif olunan vəziyyətinə yönəldir. Üstəlik uşaqlıqda nənəsinin “Şanapipik” çağırdığı üzə çıxan Mələyin söylədiyi rəvayətdə çimərkən qaynatasının (filmdə Səyyadın – yəni ovçunun) gözünə görünən gəlinin xəcalətdən başındakı darağı şanaya çevrilən bu quşun sanki təsadüfən ekranda görünməsi də dramaturji mahiyyət daşımır.

“Çölçü” filmi. aktyor: Vidadi Həsənov


Qəsəbədən  yeni tikilən məscidə gələn Çölçünün arxasında mürdəşirlərin yuduğu hansısa cəsədin ayaqlarının görünməsindən sonra məzarının itməsini arzulayan Ulunun dünyasını dəyişməsi məntiqsiz görünsə də, zaman sıçrayışının yaratdığı tənhalıq yetərincə əsaslandırılır. Gecə itlərin səsinə oyanan Çölçünün rastlaşdığı, israrla qəbul etmədiyi Mələyin növbəti epizodlarda ev-eşiyi sahmana salması, pal-paltar yuması sandıqdakı ana fotoşəklini nəzərdən keçirməklə sanki milli, dini dəyərlərə üz tutan gələcək taleyini qəbul etməsi və nəhayət, dəvələri suvarması həllini attraksionların montajında tapır. Mentalitet müstəvisində, namus anlamında qızla məsafə saxlayan Çölçünün axır ki, qırxdığı dəvələrin yununun yuyulduğu iri çəndə çimərkən ram olması sadəcə anatomiyanın qələbəsini (filmin primyerasında bu məqamdakı alqış sahibləri “qol” sevncini yaşayan futbol azarkeşlərini xatırlatdılar) melodrama janrında üzə çıxarır. Tədricən ayaqyolunun qurulması, əl-üz yuyanın asılması gigiyena ilə bağlı sivil mədəniyyətin çölə gəlişini əsaslandırır. Qəsəbədə satdığı yunun puluna ərzaqla yanaşı, müasir geyim də alan Çölçünün yanındakı hamilə Mələyi görən ağ “Jiquli”li Dəyyusun hadisələrin gedişinə qoşulması müşahidə metodlu filmin müəyyən mənada yad müdaxiləli reportaja keçidini yaratmaqla melodramanın dramatizmini artırır. Plovun dəmə qoyulduğu məqamda özünün “cəza dəstəsi” ilə gəlib çıxan, “Onun qarnın mən dombaltmışam” deyən Dəyyusun “Jiquli”sini gülləyə tutan Mələk şərin cəzalandırılması missiyasını uğurla yerinə yetirir. Və bundan sonra yaranan sakitlik fonunda lazımlı final tapılmasa da, (Mələyin dəvəyəbənzər qayanın kölgəsində uzanması, yuxulaması mücərrədlik yaradır) körpənin dünyaya gəlişinə təminat “dövlətdə nəvə” deyimini mentalitet, namus anlayışlarından yüksəkdə dayanan bəşəri ideya müstəvisində passiv çalarlarla da olsa göstərir. Dünya ədəbiyyatında və o cümlədən ekranında bədii həllini yetərincə tapmış (Syuqoro Yamomotonun “Bizim küçədə tramvay qaçır” ssenarisi əsasında Akira Kurosavanın çəkdiyi, arvadının dünyaya gətirdiyi altı körpəni böyüdən atadan da bəhs edən “Dodeskaden” filmi mükəmməl nümunədir) “qeyri-qanuni doğuş” probleminin “Çölçü” yozumunda dünyaya gələcək körpənin, “nəvənin” eyni taleli Konfutsiyə, Leonardo Vinçiyə, Cek Londona çevriləcəyi sual altında qalsa da, ən azı dəvələrə sahib çıxacağı, ömrünü onlara həsr edəcəyi  göz önündədir. Çünki, filmin baş qəhrəmanları Ulunun, Çölçünün, Mələyin mühitə qovuşmayan sxematik həyatı keyfiyyət dəyişkənliyinə imkan verən hər hansı bir təkamülün yoxluğundan xəbər verir. Deməli, bu məqamda doğulacaq körpənin mütərəqqi dəyərlərə malik gələcəyə deyil, reqressiv keçmişə üz tutmaq zorunda qalacağı “Çölçü” filminin ideyasının qüsuru sayıla bilər. “Çölçü” filminin premyerasından sonra “Lent. az” dakı “Dəvələr aktyorlardan yaxşı oynadı” məqaləsində “fikrin ancaq təsvirlərlə ifadəsinə” qarşı çıxan “musiqinin təsviri əzməsi, onunla orqanikləşməmək probleminə” toxunan Sevda Sultanovanın “Çölçünün əxlaqi dəyərlərinin yüksək təsviri mübaliğəli görünür. Hətta o qədər mübaliğəlidir ki, onun qadını qəbul etməməsi, ifrat skeptikliyi bir növ vəhşiyanə davranış təəssüratı yaradır”[1] fikri də ideallaşdırılan mühitlə qəhrəmanın əlbəttə ki dəyyuslardan da xali olmayan sivil dünyaya qarşı qoyulmasını şübhə altına qoyur.

“Çölçü” filmi. aktyor: Bəhruz Vaqifoğlu


“İskusstvo kino” jurnalının 2012-ci il 9-cu sayında Natalya Sirivlyanın “Keçmiş SSRİ xalqları nağılları” məqaləsindəki: “Əsl həyat sivilizasiya ilə əlaqənin nümayişkaranə qırılmasından ibarətdir. Əvvəl ata oğlunu çöldə yaşayıb dəvələrə qulluq göstərməyi öyrədib onun ölümündən sonra sadə geyimli, saçı qırxıq  gözəl mələk (Salome Demuria) şəhərdən daha doğrusu qəsəbədən bu gəncin yanına gəlir. Şəhərli qız it kimi çölçünün həyətində yatır, xalçaları yuyur, yaşadığı yerə döşəyir, qovulsa da getmir və nəhayət onun ideal arvadı olur: özünə öyrəşdirdiyi dəvələri suvarır, qırxır, susaraq gözlərini döyüb ərinə şikayətlənir. Hərçənd ki, sonra onun başqasından hamilə qaldığı bilinir. Aldanmış ər nümayişkaranə ulduzlar altında yatmağa gedir. Qız səhər çöldən uzaqlaşsa da dəvə sürüsü onun ardınca gedir. O, günaha batsa da gerçəkdir. Ondan şübhələnən ər isə deməli zəifliyini göstərdi. Təbiət, çöl, heyvanlar əbədi çəkidə olduqlarından onların hökmü vacib deyil. Az sözlə, füsünkar çöllə ikonoqrafik üzlü qəhrəmanlardansa dəvələr (sifətləri) dəyişməz müdrik görünür. Bər-bəzəksiz, hər-hansı bir məsafəsiz XXI əsrdə çəkilən bibliya tarixçəsi özünü çimdikləmək istəyirsən ki, bəyəm bu mümkündür?”[2] qənaətləri də, müasirliklə keçmişi qarşılaşdırmaqla filmin yaratdığı son nəticəni sual altına qoyur. Ən azı bəlkə də doğulacaq körpənin genetik atası Dəyyusa deyil, sanki qoca təbiətin kodlarını daşıyan Çölçüyə bənzəyəcəyinin (bəlkə də duz-çörəyə and içilməklə) bəyan edilməsi bədii çərçivəni qapaya bilərdi. İndiki halda isə problemin təqdimatının gecikdiyi, çəkiliş metodunun dəyişikliyinin peşəkar üsluba xələl gətirdiyi, bir çox məqamlarda təsvirin yerində fırlandığı, mətn çatışmazlıqlarının duyulduğu,  dialoqların işlənmədiyi, replikaların təsadüfiliyi sezildiyi bu filmin dəyəri bu gün arxaik görünən çöl mühitində mənəviyyat kimi qlobal problemin önə çəkilməsidir.

Aydın Dadaşov

“Fokus” analitik kino jurnalı №1(09) May 2013


[1] Sevda Sultanova. Dəvələr aktyorlardan yaxşı oynadı. www. Lent. az.

[2] Наталья Сирвиля. Сказки народов б. СССР. ж. Искусство кино №9-2012. с.23z




Natalya Sirvilyanın yazısının orjinalını aşağıda təqdim edirik:

В азербайджанской картине «Степняк» режиссера Шамиля Алиева вновь то же самое: настоящая жизнь равна демонстративному разрыву с цивилизацией. Сначала отец долго учит мальчика выживать в степи и ухаживать за верблюдами, потом отец умирает, и в степь к прекрасному юноше (Бахруз Вагифоглу) является прекрасная дева в простеньком платьице, но со стрижкой (Саломе Демуриа). Из города, вернее, из поселка. Городская, как собачонка, ночует у степняка во дворе, отмывает и украшает коврами его жилище, не уходит, когда ее гонят, и в конце концов становится ему идеальной женой: поит верблюдов, стрижет их, молча, потупив глаза повинуется мужу… Потом, правда, выясняется, что она беременна от другого. Обманутый муж, демонстративно взяв свою постель, идет ночевать под звездами. Девица утром удаляется в степь, но верблюды — все стадо — идут за ней. Она — настоящая, хотя и согрешила; он усомнился в ней и, значит, дал слабину. Природа, степь, животные взвешивают коллизию на своих вечных весах, и их приговор непреложен. Минимум слов, невероятной красоты степь, иконописные лица героев и значительные, надменные, мудрые «лица» верблюдов… Библейская история, снятая без затей, без какой-либо дистанции и кавычек в первой четверти XXI века. Хочется себя ущипнуть: неужели такое возможно?

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya