İNDİ OXUYUR
O Enniodur…və o həmişə var

O Enniodur…və o həmişə var

Onun musiqisi ilk notundan tanınırdı… bəstəkarı olduğu filmlərin süjet xəttini o öz musiqisində verə bilirdi… filmlərin afişalarında onun adı rejissorlardan əvvəl yazılırdı… filmdə onun musiqisi səslənirdisə, bu artıq 50% uğur demək idi… çünki o Ennio Morrikone idi…

Bir neçə gün əvvəl italyan rejissoru Cüzeppe Tornatorenin 2016-cı ildən üzərində işlədiyi və yalnız 2022-ci ildə yekunlaşdırdığı, dahi bəstəkar Ennio Morrikonenin yaradıcılığından bəhs edən tammetrajlı sənədli filmə baxdım. Filmin ilkin adı “Musiqinin baxışı” olmasına baxmayaraq, müəllif filmi “Ennio – Maestro” adı ilə tamaşaçılara təqdim edir. Çox güman ki müəllif bu qərara bəstəkarın vəfatından sonra (2020-ci il) gəlib. İki saatdan çox davam edən filmdə bəstəkarın geniş müsahibəsi, musiqiləri necə bəstələməsi və onunla işləyən rejissorların fikir mübadilələri və təəssüratları geniş yer alıb. Filmin uzun metrajına baxmayaraq, film bir nəfəsə baxılır. Burada qəribə heç nə yoxdur – “Bir dəfə Amerikada” (rej. Sercio Leone), “Yaxşı, pis, qəzəbli (rej. Sercio Leone), “Professional” (rej. Jorj Lotner), “Siciliya klanı” (rej. Anri Verney), “Malena” (rej. Cüzeppe Tornatore) və onlarla digər məşhur kinoşedevrlər məhz Ennionun orijinal musiqisinin müşayiəti ilə dünya tamaşaçılarının ixtiyarına verilib. Və həmin tamaşaçılara müəllifin bu sehrli musiqiləri necə bəstələməsi həmişə çox maraqlı olub. Məhz bu istək tamaşaçını 2 saat 36 dəqiqə ərzində gözünü ekrana dikməyə məcbur edir.  Onun musiqiləri 60 il ərzində dünya tamaşaçılarının və dinləyicilərinin zövqünü oxşayıb… Onun yaradıcılığı neçə-neçə musiqiçiləri həvəsləndirib. Adı çəkilən filmdə məhz həmin musiqiçilərdən bir neçəsi Ennio barədə sevgi və minnətdarlıqla danışırlar. Bəstəkar Hans Zimmerin “Ennio olmasaydı, XX və XXI əsrlərin kino musiqisi və ümumiyyətlə musiqi bəlkə də olmazdı, olsaydı da çox kasıb musiqi olardı” sözləri Morrikonenin nüfuz və təsirini dəqiq ifadə edir.

Ennio Morrikone və rejissor Cüzeppe Tornatore. Sənədli filmin ilk çəkiliş günü

Rejissor filmə xüsusi həll verməyib. Film yalnız “danışan başlardan” və arxiv kadrlarından ibarətdir. Bu filmi başqa rejissor çəksəydi, o da bu qaydanı tətbiq edərdi. Çünki bu filmdə görüntü ardıcıllığı yox, haqqında danışılan insan və onun iş üslubu əsasdır. Buna baxmayaraq, filmin ekspozisiyası (giriş hissəsi) olduqca dinamik verilib; geniş qonaq otağı, sübh çağı, Ennio iti addımlarla otaqda gəzir, yerə uzanıb səhər idmanı edir, bir qədər sonra isə iş stolu arxasına əyləşib bəstələməyə başlayır, xəyali orkestrə dirijorluq edir. Bütün bu videoardıcıllıq bir neçə məşhur kinematoqrafçının (Klint İstvud, Lina Vertmüller və s.) müsahibəsi ilə müşayiət olunur. Sonra isə film müsahibələr və arxiv kadrlarla davam edir. Filmi yazımda təsvir etməyə ehtiyac yoxdur, bunu, filmə tamaşa etmiş tamaşaçılar artıq şahiddirlər. Amma filmdə diqqətimi çəkən bir neçə maraqlı məqama toxunmaq istərdim.

Artıq sağlığında əfsanəyə dönmüş bəstəkarın hədsiz səmimi söhbəti və etirafları filmin ilk dəqiqələrindən tamaşaçını laqeyd qoymur. Ennionun atası truba ifaçısı olub və elə bu ənənə gələcək bəstəkara atasından keçib. Musiqiyə truba ifaçısı kimi gələn Ennioya, onun parlaq gələcəyi barədə, müəllimi Qoffredo Petrassi (bəstəkar, pedaqoq 1904-2003) artıq öncədən söyləmişdi. Hətta Ennio özünün əfsanəvi müəlliminə qarşı etdiyi xəyanət barədə filmdə gözüyaşlı danışır (Söhbətin hansı xəyanətdən getdiyini bilmək üçün filmə baxmağı tövsiyə edirəm). Morrikone film bəstəkarı olmamışdan öncə estrada ifaçıları üçün mahnılar bəstələmək və həmin mahnıları həddən artıq müasir üslub və ahəngdə aranjıman etməklə populyarlıq qazanmışdı. Onun aranjımanlarının özəlliyi, onların başqa bəstəkarların əsərlərindən tamam fərqli səslənməsi idi. Ennio mahnı yazarkən boş konserv qablarının, yazı makinasının, su sıçrayışı və sair səslərdən istifadə edirdi. Bundan əlavə, Ennio ənənəvi musiqi alətlərini fərqli səslənməyə “məcbur edirdi”. Məsələn, trubanın düymələrini qeyri-adi qaydada sıxmaqla kakafoniya, xaotik səslər yaradırdı. Bu isə musiqi səslənməsində əsl inqilab idi.

Ennio Morrikone iş otağında

Ennio Morrikonenin adı, musiqidə kontrapunktu məharətlə istifadə etməkdə də çox populyarlıq qazanıb. Kontrapunkt (musiqidə) – notu nota, melodiyanı melodiyaya qarşı qoymaq deməkdir. Kontrapunkt istifadə olunan musiqilərdə, eyni vaxtda paralel olaraq iki və daha artıq melodiya ahənglə səslənə bilər. Ennio Morrikone isə bunun mahir ustası idi. Onun bəstəkarı olduğu “Siciliya klanı” və “Malena” filmlərinin musiqilərində bu nümunə çox aydın görünür.

Ennionun kinematoqrafiyada ilk böyük işi rejissor Luçiano Salçenin 1961-ci ildə çəkdiyi “Faşist lideri” (İl federale) filminə bəstələdiyi musiqi olur. Lakin bəstəkara dünya şöhrətini rejissor Sercio Leonenin “Dollar” trilogiyası (1964-1966) qazandırır. Bu trilogiyanın musiqilərini tanımayan və ya heç eşitməyən çətin tapıla. Bu musiqilərin qeyri-adiliyi onların orijinal və yeni səslənməsindədir. Trilogiyanın ilk filmi üçün (“Bir ovuc dollar” 1964) Ennio, fitlə çalınan melodiya ilə akustik gitara ifasını, qırmanc və sair səsləri, o cümlədən polifonik xoru sintez edir. Yeri gəlmişkən, Morrikone fiti musiqiyə gətirən ilk bəstəkar hesab edilir. İkinci hissədə (“Bir neçə dollar çox” 1965) o, klassik bəstəkar İ.S.Baxın məşhur fuqasının motivləri əsasında çox orijinal və dramatik musiqi bəstələyir. Burada bəstəkar, akustik gitara, bir neçə nəfəs alətlərindən istifadə edir. Və nəhayət, trilogiyanın sonuncu və ən məşhur hissəsi (“Yaxşı, pis, qəzəbli” 1966) üçün o, koyotun (canavar sinfinə aid yırtıcı heyvan) səsini əsas götürərək fundamental əsər ortaya qoyur. Bu trilogiya üçün yazdığı musiqilərlə Ennio Morrikone, adını əbədi olaraq dünya musiqi tarixinə həkk edir.

Rejissor Sercio Leone və Ennio Morrikone

Bu andan etibarən Ennio ard-arda məşhur rejissorlardan təkliflər alır və tamaşaçılar (dinləyicilər) heç yuxularında eşidə bilməyəcəkləri musiqilər eşidirlər. Bəstəkar, musiqisini bəstələdiyi hər filmin mövzusuna və süjetinə fərdi yanaşır və orijinal işlər ortaya qoyur. Misal üçün, Pyer Paolo Pazolininin 1966-cı ildə çəkdiyi “Böyük və balaca quşlar” filminin giriş temasında filmin yaradıcı heyətinin adı mahnı vasitəsilə oxunur. “Siciliya klanı” (rej. Anri Verney 1969) filminin musiqisi isə tamam ayrı bir mövzudur. Burada o, sevimli bəstəkarı Baxa ithaf əlaməti olaraq, bəstəkarın adının ingiliscə yazılışının baş hərflərini əsas götürərək (B.A.C.H.) filmin melodiyasının ikinci kontrapunktu üçün istifadə edir. (B – si bemol notu, A – lya notu, C – do notu, H – si notu) Bunun üzərindən isə Siciliya temasını əlavə edir. Bəstəkar özü bu barədə belə deyir: “Başqa bəstəkarlar Baxın adı barədə öyrənəndə çox təəccüblənmişdilər. Lakin bu elə də vacib deyil. Bütün binalar daş və sementdən tikilir, amma onlar bir-birinə bənzəmirlər və heç də hamısı gözəl olmur. Musiqi də belədir, notlar heç bir rol oynamır. Əsas, onları necə istifadə etməkdir”.

Yuxarıda, Ennionun filmlərin süjetini musiqi ilə ötürməsi barədə qeyd etmişdim. İlk baxışdan bu mümkünsüz və anlaşılmaz gəlir. “Malena” filminin musiqisinə diqqət versəniz buna şahid olarsınız. Musiqinin ilk 4 saniyəsi Malenanın addımlarıdır, sonrakı 10 saniyə ona paxıllıqla baxıb, arxasınca pıçıldaşan insanların “əksidir”. Bu iki seqment iki dəfə təkrarlanır. Musiqinin 23-cü saniyəsində yeni dönüş nöqtəsi baş verir – bu, ətraf aləmin, cəmiyyətin Malenanın həyatına müdaxiləsinin ciddi fəsadlarından xəbər verir. 31-ci saniyədə giriş edən akustik gitara Malenanın həyat həqiqətini, 52-ci saniyədə başlayan orkestr isə (kontrapunkt) qəhrəmanın faciəsini tam çılpaqlığı ilə göstərir.

Ennio Morrikone konsert zamanı

Ennio Morrikone, ətrafında səslənən hər səsdən musiqi çıxarmağı bacarırdı. O musiqini görürdü! Günlərin bir günü onun evinin qabağında baş vermiş etiraz aksiyasında etirazçıların zərb alətlərində çaldıqları ritm, onun “Pereyranın sözlərinə görə” (rej. Roberto Faentsa 1995) filmi üçün musiqi yazmağına səbəb olur. Ümumiyyətlə, Ennio Morrikonenin musiqi üslubunu konkret bir janra aid etmək sadəcə mümkün deyil. O hər janrda (himn, marş, vals və s.) musiqi bəstələyib və həddən artıq məhsuldar olub. Yalnız 1969-cu ildə o, 21 filmə musiqi bəstələyib. Onun 2014-cü ildə Bakıdakı konsertindən öncə keçirdiyi mətbuat konfransında ona verilən “siz neçə filmi musiqi bəstələmisiniz?” sualına bəstəkar: “doğrusu, artıq sayını itirmişəm” deyə cavab verir.

Təxmini hesablamalara görə, o, 525 film üçün musiqi bəstələyib. Amma bu rəqəm də dəqiq deyil. Onun kinodan savayı da onlarla, bəlkə də yüzlərlə bəstəsi mövcuddur. Mən hələ onun bəstələnmiş, lakin hələ ifa edilməmiş musiqilərini saymıram. Morrikone 60 illik yaradıcılıq dövründə dünya musiqisinin təkamül prosesinin canlı şahidi olub. Nəinki şahidi, hətta iştirakçısı olub. Pop (və ya rok) musiqinin klassik musiqiyə ciddi inteqrasiya etməsinə baxmayaraq, Ennio həmişə klassik musiqi ənənələrinə həmişə sadiq qalıb. 2010-cu ildə verdiyi müsahibəsində bəstəkar belə qeyd edir: “Məndən nəinki dinləyicilər, hətta həmkarlarım belə, niyə müasir musiqi qaydalarına uyğun bəstələr etmədiyimi, elektron və ya kompüter musiqisindən yararlanmamağım barədə tez-tez soruşurlar. Mən bunun qəti əleyhinəyəm. Kompüter musiqisi – “ölü” musiqidir. Kompüterin imkanları nə qədər geniş olsa da, canlı insanın imkanlarına çata bilməz. Mən hər növ musiqi dinləyirəm. Dünya musiqisində baş verən bütün yeniliklərdən xəbərdaram. Amma krandan damcılayan suyun səsində belə olan ahəng, müasir musiqidə yoxdur. Bir sözlə, bu məni qətiyyən ilhamlandırmır”.

Morrikoneni ilhamlandırmayan musiqini, Morrikonenin özü ilhamlandırırdı. Bryus Sprinqstin, “Metallika” rok-qrupu, Pet Meteni (gitara ifaçısı),  Maykl Cekson, Kvinsi Cons, Zukkero, El Cerou və başqa məşhur musiqiçilər öz əsərlərində Ennio Morrikonenin bəstələrindən dəfələrlə istifadə ediblər. Filmin sonunda sadaladığım ifaçıların bəziləri Ennio barədə mülahizələrini bölüşürlər.

Rejissor Kventin Tarantino ilə Morrikonenin münasibətləri isə ayrıca bir filmin mövzusu ola bilərdi. Lakin, Tornatore rejissor etikasını nəzərə alaraq, bu mövzuya səthi yanaşıb. Heç kəsə sirr deyil ki, Morrikone uzun illər boyu Tarantinonun iş təklifini müxtəlif bəhanələr gətirərək rədd edirdi. Buna baxmayaraq, Tarantino Ennionun digər filmlər üçün bəstələdiyi musiqilərdən öz filmlərində (“Billi öldür!” (1-2), “Şərəfsiz əclaflar”, “Azad olunmuş Canqo”) istifadə edir. Lakin inadkar Tarantino 2015-ci ildə bəstəkarın “saqqızını oğurlaya” bilir. Bəstəkar rejissorun “Murdar səkkizlik” filmi üçün musiqi bəstələyir. Az adama məlumdur ki, Ennio bu filmdə səslənən musiqini ilkin olaraq rejissor Con Karpenterin 1982-ci ildə ekranlaşdırdığı “Nəsə” (The Thing) filmi üçün bəstələmişdi. Amma sonradan başqa musiqi ilə əvəzləmişdi. Tarantino ilə iş birliyi bəstəkara çoxdan bəri gözlədiyi ilk Oskar mükafatını qazandırır. Bundan öncə Ennio Morrikone 2007-ci ildə kinematoqrafiya sahəsindəki xidmətlərinə görə fəxri Oskara layiq görülmüşdü. Tarantino Sercio Leonenin filmlərindəki musiqi temaları ilə oxşar temalar bəstələməsini istəsə də, Ennio 50 il öncə getdiyi yolu təkrarlamaq istəmədiyini bildirir və nəticədə adı çəkilən film üçün ciddi simfonik musiqi bəstələyir. Tarantino bu barədə belə deyir: “Mən səsyazma prosesində iştirak edərkən, bu musiqi, filmin mənim beynimdəki vizual mənzərəsini daha da genişləndirdi”. Morrikonenin Tarantino ilə iş birliyini dəfələrlə rədd etməsi barədə uzun zaman çoxlu şayiələr gəzib-dolaşırdı. Lakin səbəb isə çox sadə idi; Ennio Tarantinonun filmlərini bəyənmirdi. O, rejissorun filmlərini həddindən artıq qəddar, aqressiv sayırdı və öz bəstələrinin bu filmlərdə səslənməsini istəmirdi. Bu məlumatı bəstəkar, 2007-ci ildə Rusiya Federasiyasında qastrol zamanı qeyri-rəsmi görüşdə rus jurnalistinə bildirmişdi. Elə həmin ərəfələrdə, Tarantino “Şərəfsiz əclaflar” filmi üzərində çalışırdı. Tarantino Ennionu, filmə bir dəqiqə otuz saniyəlik musiqi bəstələmək üçün ABŞ-yə dəvət edir və buna görə misli görünməyən qonorar təklif edir. Lakin, bəstəkar “Mən bir dəqiqə otuz saniyəlik musiqi yazmaq üçün Yer kürəsinin o biri başına gələn deyiləm” cavabını verərək, təklifi qəti surətdə rədd edir. 2015-ci ildə baş tutmuş bu iş birliyi bəstəkarın yaradıcılığında sonuncu layihə kimi tarixə düşür.

Rejissor Kventin Tarantino və Ennio Morrikone

Sənədli filmdə bir məqam dünya tamaşaçılarının “qıcıqlanmasına” səbəb olub. Səbəb, dinləyicilər tərəfindən bəstəkarın “vizit kartı” kimi tanınan “Chi Mai” (“Professional” bədii filminin musiqisi, rejissor Jorj Lotner) bəstəsi haqqında danışmamasıdır. Onu da qeyd etməliyəm ki, bu musiqi parçası adı çəkilən filmin orjinal musiqisi deyil. Bəstəkar bu əsəri bir neçə il öncə bir sənədli film üçün bəstələmişdi. “Professional” filminin baş rolunun ifaçısı Jan-Pol Belmondo bu musiqini eşidəndən sonra “Mənim qəhrəmanım bu musiqi altında ölməlidir” deyərək, musiqinin bu filmdə səslənməsinə təkid edir. Filmin digər teması, “Le vent, Le cri” adlı əsər isə “Chi Mai” əsərinin davamı kimi bu film üçün Morrikone tərəfindən bəstələnir. Film ekranlara çıxdığı gündən (filmin dünya premyerası 21 oktyabr 1981-ci ildə baş tutub), bu musiqi dünya tamaşaçıları arasında əsl hitə çevrilir. Amma bəstəkar özü bu əsəri heç vaxt bəyənməyib: “Bu mahnının niyə belə məşhur olması mənimçün anlaşılmazdır” – deyə fikrini bildirir. Elə bu səbəbdən, bu musiqi haqqında filmdə bir kəlmə olsun belə söz açılmır.

Haqqında danışdığım filmdə Ennionun daha bir sözü mənim yadımda yaxşı qalıb: “Mən əvvəllər elə hesab edirdim ki, kinoya musiqi bəstələmək çox alçaldıcı bir işdir. 1961-ci ildə mən ilk dəfə film üçün musiqi bəstələyəndə həyat yoldaşım Mariyaya dedim ki 1970-ci ildə mən kinematoqrafiyadan gedəcəyəm. 1970-ci ildə isə dedim ki 1980-də gedəcəyəm. 1980-də də dedim ki, 1990-cı ildə gedəcəyəm. Vaxt yetişəndə yenə dedim ki, 2000-də gedəcəyəm, indi isə mən heç nə demirəm”.

Kinodan heç cürə ayrıla bilməyən Maestro, 2020-ci il iyulun 6-da həyatdan ayrıldı, amma dünya hələ də onun musiqisindən ayrıla bilmir. Son nəfəsində yazdığı vəsiyyətnaməsinə o, belə başlayır: “Mən Ennio Morrikoneyəm və mən artıq ölürəm…”

Amma mən isə deyirəm ki, o Maestro Enniodur və o həmişə var!

İlqar Quliyev


© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya