İNDİ OXUYUR
Kinoda hərb mövzusu

Kinoda hərb mövzusu

“Bütün incəsənət növləri arasında ən mühüm yer tutan – kino sənətidir” V.İ. Lenin

Jan Lyük Qodar (Fransa-İsveçrə kinorejissoru, aktyor, ssenarist, kinoprodüser, Fransa “Yeni dalğa”sının nümayəndələrindən biri) deyirdi ki, kino bir saniyədəki 24 kadrda həqiqətləri göstərən sənətdir. Onun bu fikrini kinonun müharibə janrına daha çox aid etmək olar.  Çünki kinooperatorlar kino yaranan gündən dünyada baş verən hər bir müharibədə iştirak edərək xronika yaradıblar. Sonralar bu real kadrlar rejissorları bədii kinoya da hərb mövzusuna gətirməyə vadar edib.


Bu gün hərbi filmlər – kinematoqrafiyada ən geniş yayılmış janrlardandır. Müharibə mövzusu kino üçün daim aktualdır. Çünki hər dövrdə savaş mövcuddur. Müharibə filmlərini şərti olaraq bir neçə növə də bölmək olar:

1. Müharibənin əsl simasını, gerçəkliklərini göstərən tarixi-hərbi filmlər.

2. Müharibə iştirakçısı olmuş insanın bioqrafik filmi.

3. Müharibə şəraitində yaşanan eşq macərasından bəhs edən filmlər.

4. Hərbi-detektiv filmləri.

5. Müharibədən fon kimi istifadə olunan, insan hisslərinin önə çəkildiyi filmlər və s. 

Kinematoqrafiya hərbi filmlər istehsal etmək, insanlara vətənpərvərlik hissini aşılamaqla yanaşı, müharibənin acı reallıqlarını ümumi cəmiyyətə göstərməklə insanların savaşa olan münasibətini dəyişməyə çalışır. Bu həm mənfi, həm də müsbət effekt verə bilərdi. Ona görə də, əvvəllər hökumət belə filmlərin nümayiş olunmağından qorxurdu ki, millətin döyüş ruhu sarsıla bilər. Lakin onlar anladılar ki, bu cür filmləri dövlətin siyasətini dəstəkləməyə də yönləndirmək olar.

Hər bir müharibə dövründə bununla bağlı filmlər çəkilib, lakin ən çox bədii film İkinci Dünya müharibəsinə həsr olunub. Hətta, müharibə bitdikdən sonra da, bu günədək kinoda bu mövzu aktualdır.  

İkinci Dünya müharibəsinə əsasən vətənpərvərlik aşılayan, ruh yüksəkliyi verən filmlər istehsal olunurdu. Sovetlər İttifaqına daxil olan ölkələrdə də Böyük Vətən müharibəsi illərində bir çox filmlər çəkilməyə başlanmışdı. Cəbhənin önəmli nöqtələrində 20-dən çox kinoqrup işləyirdi. Onlar kinoxronika yaradıcıları idi. Həmin xronikalar əsasında isə hərbi bədii filmlər çəkilməyə başlanıldı.  Qəhrəman şəhərlərin və insanların ekranlara daşınması sovet insanlarına və publisistikasına müsbət təsir göstərdi.

Maraqlıdır ki, əvvəllər kinematoqrafçılar müharibə mövzusunda filmlər çəkmək istəmirdilər. Çünki belə filmlər çox  baha başa gəlirdi. Hazırda da belə janrlı filmlər üçün xüsusi hərbi texnikanın, dekorasiyanın, kütləvi və fərdi səhnələr üçün geyimlərin və nəhayət, kompüter qrafikasının hazırlanması tələb olunur.

Lakin 1915-ci ildə ABŞ-da vətəndaş müharibəsinin yaşanması D.U.Qriffiti vadar etdi ki, “Millətin yaranışı” filmini çəksin və bu gün bu film müharibə mövzusunda dünya klassikasına daxil olan ilk filmlər sırasındadır.

“Millətin yaranışı” (1915), rejissor Devid Uork Qriffit

Müharibə filmləri bir janr kimi Birinci Dünya müharibəsi illərində 1914-1918-ci illərdə formalaşdı.  Avropada isə hərbi filmlər az çəkilirdi. 1917-ci ildə ABŞ müharibəyə qoşulanda Hollivud kütləvi şəkildə müharibə mövzulu filmlərin istehsalına başladı. Məqsəd dövlətin atdığı addımlara cəmiyyətin gözündə haqq qazandırmaq, vətəndaşları hərbi qulluğa cəlb etmək və düşmənə qarşı nifrət hissi oyatmaq idi.

Lakin kinematoqrafiyanın ən böyük rolu 1939-1945-ci illərdə İkinci Dünya müharibəsi zamanı özünü göstərdi. Baxmayaraq ki, filmlər ciddi senzuraya məruz qalırdı, amma bu, insanlara patriotizmin aşılanmasında və müharibə dəhşətlərinin təqdim olunmasında əvəzsiz rol oynayırdı. Bu illərdə hərbi filmlərə təkcə ciddi aspektdən yanaşılmırdı. Almaniya və İtaliya faşizmini gülünc şəkildə göstərən komediyalar da çəkilirdi. Bu cür filmlərin ən parlaq nümunəsi isə Çarli Çaplinin “Böyük diktator” satirik parodiya filmi oldu. Bu, Çaplinin ilk səsli filmi idi. Baş verənlərin absurd bir şey olduğunu göstərmək üçün filmin müəllifi bənzərlikdən istifadə edib. Filmdə Çarli eyni zamanda iki rol ifa edir: Hitlerin prototipi olan diktator Hinkel və xarici görkəmi ilə diktatorun əkizi olan yəhudi bərbər.

“Böyük diktator” (1940), rejissor Çarlz Spenser Çaplin

Əslində, bu iki insanın xarici bənzərliyi özlüyündə bir ismarış daşıyır. Yəni, bütün insanlar bu dünyada bərabər hüquqludurlar. Eyni zamanda, bir qütbdə mərhəmət və insanlıq, digər qütbdə isə qəddarlıq və zülm dayanır. Absurd məhz ondadır ki, bu qütblər tədricən bir-birinə doğru hərəkət edir, dünyanı sıxır və sonda, zülm insanlıq üzərində qələbə çalır. 

Filmdə maraqlı səhnələrdən biri də Hinkelin, Napaloni ilə görüşüdür (Hitler və Mussolini). İki siyasətçi qlobusla uşaq kimi oynayaraq öz aralarında dünyanı bölüşdürməyə çalışırlar. “Böyük diktator” filminin yaradıcısı bu cəsarətli addımları ilə insanları təkcə güldürmək istəmir, həm də onları bu reallığa gözüyumulu inanmaq əvəzinə mübarizə aparmağa çağırır.

Çarlidən sonra da dünya kinosunda müxtəlif istiqamətli müharibə mövzulu filmlər çəkilməkdə davam edirdi. 1941-ci ildə yaponların Perl Harbora hücumundan sonra Amerika da İkinci Dünya Müharibəsinə qoşuldu. Qurudakı hərbi əməliyyatlar barədə ən yaxşı filmlər “Bataan”, “Quadalkanal gündəliyi”, su və hava savaşları barədə ən yaxşı filmlər isə “Hədəf Tokio” kimi ekran əsərləri oldu.

Maykl Körtisin “Kasablanka” filmi  isə İkinci Dünya müharibəsi illərində ən populyar film idi. Kasablanka – Avropa qaçqınları üçün son ümid adası idi. Filmdə hadisələr 1942-ci ildə Şimali Afrikada cərəyan edir. “Kasablanka” filmi bu gün də kino tənqidçiləri tərəfindən Hollivudun studiya dövrünün ən yaxşı filmlərindən biri sayılır, halbuki, film çəkiləndə onun uğurlu olacağı, hətta, 3 “Oskar” alacağı belə heç kəsin ağlına gəlmirdi. Filmdə sevgi hekayəsi, yumor, musiqi, vətənpərvərlik ideyaları var. Bu gün bu filmə baxanda əksər tamaşaçılara musiqi banal, dialoq və monoloqlar çox zəif gələ, ekran əsəri “Hollivud” damğası aydın hiss olunan film kimi görünə bilər. Lakin 1942-ci ildə bu film fərqli yanaşma, güclü ideya və məzmunu ilə o dövrün mentalitetini əks etdirirdi. Film “hiss” və “borc”, “necə yaşanır” və “necə yaşamalı” kimi anlayışlar arasında konflikti açır. Baş rollarda o dövrün ən məşhur aktyoru Hemfri Boqartın və aktrisa İnqrid Berqmanın çəkilməsi filmə daha da böyük uğur gətirdi.

“Kasablanka” (1942), rejissor Maykl Körtis

Təbii ki, bu tarixi şərait Azərbaycan kinosundan da yan keçmədi. Müharibə illərində ölkəmizdə də xeyli filmlər çəkildi. Müharibə illərində çəkilmiş “Vətən oğlu”, “Bəxtiyar”, “Sovet pəhləvanı”, “Sovqat”, “Bir ailə”, “Sualtı qayıq “T-9””, müharibədən sonrakı illərdə “Bakının işıqları”, “Onun böyük ürəyi”, “Uzaq sahillərdə”, “Dağlarda döyüş”, “Mən ki gözəl deyildim”, “Bizim Cəbiş müəllim”, “Şərikli çörək”, “Skripkanın sərgüzəşti”, “Bakıda küləklər əsir”, “Tütək səsi”, “Ölsəm, bağışla” və s. bədii filmlər 1941-1945-ci illərin dəhşətlərini, ön və arxa cəbhədə baş verənləri, bu ağır tarixi dövrdə adi insanların yaşayışını və müharibədən sonra insanların çəkdiyi aclığı və başqa müxtəlif əziyyətləri əks etdirir. 

İkinci Dünya müharibəsi təkcə tarixdə deyil, elə kinematoqrafiyada da silinməz iz qoydu – 1945-ci ildən sonra da bu mövzu hərbi filmlərin ən mərkəzi mövzusu kimi qalırdı. Hərbi dram janrında və dərc olunmuş ədəbiyyat nümunələri əsasında on minlərlə filmlər çəkilirdi.

Lakin bu illərdə İtaliya kinematoqrafiyasında neorealizm yarandı. Müharibədən sonrakı illərdə ölkənin və insanların ağır vəziyyətini ekranlara daşıyan neorealizm öz dövrünün ən yaxşı rejissorlarını da yetişdirdi. Roberto Rossellini, Lukino Viskonti, Vittorio de Sika, Cüzeppe de Santis bu kinocərəyanın ən öndə gedən nümayəndələri idi. Roberto Rossellininin “Roma – açıq şəhər” filmini isə neorealizmin manifesti hesab etmək olar. Vittorio de Sikanın “Velosiped oğruları” filmindən sonra isə bütün dünya neorealizmdən danışdı və bu cərəyandan yararlanmağa başladı.

“Velosiped oğruları” (1948), rejissor Vittorio De Sika

Neorealizm, həqiqətən də, kinoya fərqli bir anlayış gətirdi. Bu cərəyanın nümayəndələri çəkilişləri, əsasən, təbiətdə edir, real həyatda mövcud olan obrazları yaradır, aşağı zümrə insanlarının və fəhlə sinfinin həyatını ekranlara daşıyırdı. Bir çox hallarda filmin fabulasını baş vermiş hadisələr təşkil edirdi. Bəzən elə olurdu ki, filmə aktyorlar yox, adi insanlar çəkilirdi.

1950-ci illərin sonu, 1960-cı illərin əvvəllərində isə istiqamət bir qədər dəyişdi. Artıq real hadisələr əsasında çəkilən filmlər yox, macəra elementləri olan uydurulmuş hekayələr dəbə gəldi. Lakin belə filmlərdə də müharibə fon kimi verilirdi. Bu illərdə müharibənin dərin təhlili verilən “Kvay çayı üzərindən körpü” və “İvanın uşaqlığı” psixoloji dram filmləri çəkildi.

A. Tarkovski “İvanın uşaqlığı” ekzistensial-poetik dramında yazıçı Vladimir Boqomolovun “İvan” hekayəsinin ənənəvi adaptasiyasını dəyişib. Rejissor burada özünün düşüncələrini və tamaşaçıya çatdırmaq istədiklərini ifadə edib. Tarkovski yeniyetmə İvanın yuxuları səhnəsində su və ağacın oxşar motivlərini verir, ən əsas odur ki, zaman insanın ölümü ilə bitmir, dünya durduqca həyat da əbədi olaraq davam edir. O, reallığı mənəvi substansiya və dairəvi, bitməyən həyat kimi qəbul edir. Tarkovskinin İvanı uşaq həyatını yaşamır, o, itirilmiş uşaqlığının və vətəninin qisasını alaraq böyüklərlə birlikdə faşizmə qarşı mübarizə aparır.  Filmə Venesiya film festivalında “Qızıl şir” qazandıran da məhz Tarkovski yanaşması, onun simvolikası olur. Qərbdə “İvanın uşaqlığı” ekzistensial anlamda həyat və ölüm arasında balaca bir insanın dərrakəsindəkı qırılmanı əks etdirən film kimi qəbul olundu. Rusiyada isə əksinə uşağın qəhrəmanlığı və onun müharibə əleyhdarı olması önə çəkildi.

“İvanın uşaqlığı” (1962), rejissor Andrey Tarkovski

Andrey Tarkovskinin ilk böyük işi sayılan “İvanın uşaqlığı” – çox metaforik, bəzən isə, simvolik görsənir. Bir çox detalları ayrıca kadrlarla verən rejissor, onların xüsusiliyini və olduqlarından daha fərqli, daha dərin bir anlam daşıdığını göstərməyə çalışır. Fraqmentlərin birində İvan kəşfiyyatdan gəlib, stola toxum, bir dəstə ot və yarpaqlar qoyur. Məlum olur ki, İvan onların köməyi ilə düşmən tank və toplarının sayını yadında saxlayıb. Müharibə adi əşyaların da mənasını dəyişir.  İkinci bir misal: Şalyapinin ifasında olan mahnı film boyu sonadək çalınmır. Hər dəfə yarıda kəsilir. Müharibə – bu,  həmişə yarıda qırılan, sona çatmayan həyat, sevgi və ya uşaqlıqdır.

1970-ci illərin sonlarında İkinci Dünya müharibəsi haqqında genişmiqyaslı filmlər artıq dəbdə deyildi. Müharibənin yaratdığı ajiotaj yavaş-yavaş sakitləşirdi. Hollivud filmlərində Vyetnam müharibəsi tamamilə başqa bir mövzudur. Əsl həqiqəti əks etdirən, real hadisələrə əsaslanan filmlər tamaşaçılar tərəfindən uğur qazandı. Belə filmlərdən ən öndə gedəni isə rejissor Frensis Ford Kopollanın 1979-cu ildə çəkdiyi “Apokalipsis bu gün” filmi idi. Amerikali rejissor Frensis Ford Koppolaya öz şedevr işlərindən biri olan  “Apokalipsis bu gün” hərbi macəra filmini çəkməyə icazə verildi. Belə ki, Hind-Çində müharibə bitdikdən bir il sonra Vyetnam mövzusu qadağa olunmuşdu. Bunun üçün ona hərbi texnika və kütləvi səhnələr üçün əsgərlər verildi. 1979-cu ildə film  ekranlara çıxanda mövzusu, geniş miqyası və texniki səviyyəsi ilə Amerika cəmiyyətini və kino tənqidçilərini sarsıtmışdı. Rejissor bu filmdə rəssam kimi Hind-Çin torpağında müasir apokalipsisin nəhəng şəklini çəkdi. Helikopterlərin hücumu zamanı macar operasından səslənən musiqi parçası isə tənqidçilər tərəfindən müsbət qarşılandı. Lakin filmin fəlsəfi mənası tənqidçilərin diqqətindən qismən kənarda qaldı. Film təkcə müharibənin amansızlığından bəhs etmir, o həm də xeyir və şər, ağıl və ağılsızlıq, hətta, insanın içində olan Allah və Şeytan arasında mübarizəni, qəddarlığın, zülmün hökm sürməsini göstərir. Filmdə işıqla qaranlığın oyunu rejissorun fikrini tamamlayır, eyni zamanda filmi “kommersiya” kateqoriyasından “klassik müəllif işi” səviyyəsinə yüksəldir. Marlon Brandonun baş rolda çəkilməsi isə filmin uğurlarından biridir. Ford Koppolanın bu işi bir qədər qəliz, kədərli, qaranlıq olsa da, ideya və məzmununa görə dünya kinosunda öz yerini tutdu. “Apokalipsis bu gün” filmi bu gün də Vyetnam mövzusuna müraciət edən rejissorlar üçün əsl dərslikdir.

“Apokalipsis bu gün” (1979), rejissor Frensis Ford Koppola

“Vyetnam sindromu”nu özündə daşıyan və yaddaşlarda həkk olunan filmlərdən biri də 1976-cı ildə Martin Skorsezenin çəkdiyi “Taksi sürücüsü” filmidir. Filmə ilk dəfə baxan tamaşaçı qəddarlıq ab-havasına görə onu bəyənməyə bilər. Yalnız ikinci və ya üçüncü baxışdan sonra insan tənhalığının faciəsi, yaşadığı müharibə illərinin onda qoyduğu izlər və qəhrəmanın indiki yaşamına – Nyu-Yorkun cəhənnəm dolu gecə həyatına alışmaq cəhdləri sezilir. Robert De Nironun ifasında isə filmin əsl dramatik siması açılır.

“Taksi sürücüsü” (1976), rejissor Martin Skorseze

1980-ci illərdə Vyetnam mövzusuna maraq bir qədər azalmışdı. Bu film istehsalının bahalaşması və bu vəziyyətdə müharibə filmlərinin daha çox maliyyə tələb etməsi, həmçinin, filmlərdə konkret bir fərdin faciəsinin göstərilməsi ilə əlaqədar ola bilərdi. Amma dünya kinosu ara-sıra müharibə mövzusuna müraciət etməkdə davam edirdi.

1995-ci ildə Ikinci Dünya müharibəsi illərindən bəhs edən daha bir şedevr film yarandı. bosniyalı rejissor, dünya şöhrətli Emir Kusturitsa “Anderqraund” (“Zirzəmi”) filmini çəkdi. Film Ikinci Dünya müharibəsi illərində gizli silah istehsal edib satan, müharibədən sonra da bu işlə məşğul olan bir qrup insandan bəhs edir.

“Anderqraund” (1995), rejissor Emir Kusturitsa

Ekran əsəri bəzi nüanslarda müharibənin qurtardığından xəbərsiz olan adi partizanlar haqqında lətifə kimi görünür, bəzən isə daha dərin sürrealistik/fəlsəfi bir film kimi diqqət cəlb edir.  Lakin rejissor Emir Kusturitsa bu komizmdən daha çox reallığı böyük miqyaslı fantasmaqoriya kimi göstərir, burada bütün fərdlər özünü zamanın əsirliyində hiss edir.  Anderqraund  – bu, tamamilə ayrı, fərqli bir dünyadır. Burada insanlar gülür və kədərlənir, rəhm edir və dəhşətlə qarşılaşır, ən əsası müharibəyə qarşı birlikdə mübarizə aparır.  Onlar, sadəcə, yaşayırlar. Rejissorun məhz bu cür yanaşması filmi uğurlu etdi. 

1998-ci ildə rejissor Stiven Spilberqin İkinci Dünya müharibəsi mövzusunda çəkdiyi “Sıravi Rayanı xilas etməli” filmi dünya kinosunu yenidən müharibə illərinə qaytardı. Filmdə pafoslu vətənpərlik ruhu çox parlaq şəkildə hiss olunur. Maraqlıdır ki, film çəkilən illərdə Amerika ruhu başqa idi. Bəs niyə “Sıravi Rayanı xilas etməli” uğur qazandı? Bəzi tənqidçilərin yazılarında buna cavab tapmaq olar. Onlar yazırdılar ki, XX əsr Amerikasına fantastikadan uzaq, insanlara müəyyən emosiyalar yaşadan tam real “ulduz” lazım idi. Buna görə də film Amerika prokatlarında uğur qazandı. Quruluşçunun ustalığı onda idi ki, 53 il öncə bitmiş bir müharibənin bütün dəhşətlərini, o dövrün xaosunu ekranlara daşıya bildi.  Bunun sayəsində, Spilberq Amerika tamaşaçısına bilərəkdən və açıq şəkildə sentimental-pafoslu səhnələrlə təsir etməyi bacardı. Məhz buna görə “Sıravi Rayanı xilas etməli”  filmi ən yaxşı hərbi filmlər sırasındadır.

“Sıravi Rayanı xilas etməli” (1998) rejissor Stiven Spilberq

1992-1995-ci illərdə Bosniya hadisələrinin baş verməsi kinoya yeni müharibə mövzusu gətirdi. Bosniya-Serbiya qarşıdurması və onun acı nəticələri “Sarayevoya xoş gəlmisiniz”, “Yaxşı insanlar”, “Doqquz həyat”, “Bosniyaya geri dönüş”, “Qrbavitsa”, “Sakit kədər – müharibə övladı” kimi filmlərdə göstərilib.

   
2010-cu ildə çəkilən “Xəbərçi” isə müharibənin qəddar şərtlərini və dəhşətli nəticələrini göstərən filmdir. Müharibədən sonra seks biznesi hökm sürən Bosniyadakı xaosdan bəhs edən film, ağlasığmaz gerçəklikləri – bütün “bozluqları” açıb göstərir. Filmin baş qəhrəmanı olan polis qadın öz maddi problemlərini həll etmək və qızına daha yaxşı həyat vermək üçün Bosniyada işləməyə razılıq verir. Lakin buraya gəlib gördüyü problemlər onun qarşısında tamamilə fərqli, dəhşətli bir mənzərə açır. Polislərin özbaşınalığı, qızların qul kimi satılmağı və ən önəmlisi, bu vəziyyəti düzəltmək üçün heç kimin barmağını belə tərpətməməyi baş qəhrəmanı təkbaşına mübarizə aparmağa vadar edir. Onun mübarizəsi təkcə böhranla deyil, həm də müəyyən dövlət dairələrinə qədər gedib çıxır. Filmi mükəmməl bir kino nümunəsi saymaq olmaz, amma mövzu, ideya və yanaşma tərzi onu bu mövzuda təkrarsız edir. Bu filmdə operator işini xüsusilə vurğulamağa dəyər. Maraqlı kadrlar, uğurlu rakurslar və ən əsası, statiklikdən bacardıqca qaçan kamera işi tamaşaçını da hadisələrin içinə daşıya bilir. Bundan əlavə, Bosniya hadisələri mövzusunda çəkilən daha bir filmi də vurğulamaq lazımdır. Aktrisa Ancelina Coli böyük kinoda ilk debüt işini Bosniya hadisələrinə həsr etdi. “Qan və bal diyarında” adlanan film müharibəni və mərhəməti, sevgini və işgəncəni bir arada göstərir. Bu qəbul olunmalıdır ki, Coli bədii filmdə debütü üçün çox ağır mövzu seçib. Bu filmdə rejissor, qeyr-peşəkarlığa və tarixi xətalara yol verməmək məsuliyyəti ilə yanaşı, faciəvi hadisələrin qurbanlarının mənəvi durumlarını da düzgün göstərməlidir. Rejissor filmdə neytrallığını qoruyub saxlaya bilməyib. Hətta, bu filmi bir çox tənqidçilərlə razılaşıb, antiserb yönümlü film də adlandırmaq olar. Filmin çəkilişləri sona çatandan sonra heyət, serbiyalı mediamaqnat və maliyyəçi Jelk Mitroviçə onun səsyazma studiyasından istifadə etmək üçün müraciət edirlər. Jelk isə Ancelina Coli qarşısında baş əydiyini desə də, filmə heç bir şəkildə aidiyyəti olmaq istəmədiyini bildirib.

“Qan və bal diyarında” (2011), rejissor Ancelina Coli

Maraqlıdır ki, Bosniya hadisələrinə diqqətin az olduğu bir zamanda Coli məhz bu mövzuya müraciət etdi. Filmi baxımlı edən nüanslardan biri rəng qammasıdır. Rejissor təkcə problemi göstərmək yox, eyni zamanda bu görüntüyə bədii ruh da qatmaq istəyib. Bununla yanaşı, qadınların zorlanması, döyülmə, güllələnmə və digər səhnələr də realistik tərzdə verilib. Lakin müəllif bütövlükdə bu aləmə varmayıb. Bu dəhşətlər, vəhşiliklər içərisinə məhəbbəti də daşıyıb. Göstərilən kədərin fonunda baş qəhrəmanların şəxsi konfliktləri – din, inam, dəlilik və nifrət də göstərilir. Bu sevgi hekayəsi ilə rejissor filmin dramatizmini artırır və eyni zamanda müharibənin iç üzünü daha açıq şəkildə göstərməyə çalışır. Lakin ekranda məhəbbət hekayəsindən çox, müharibə dəhşətləri əks olunur. Bu da uğurlu amillərdən biridir. Bununla yanaşı, filmin bəzi qüsurları da var. Məsələn, filmin musiqisinin olmaması (saundtrek) onu konkret bir cizgi ilə yaddaşlarda saxlamır. Məlumdur ki, bir çox filmlər məhz musiqisi sayəsində daha çox populyarlıq qazanır. Amma rejissor Coli bu detala o qədər də önəm verməyib. Bir nüansı da vurğulamaq lazımdır ki, bəzi epizodlar filmin ümumi konsepsiyasına zidd olaraq çox uzun çəkilib. Rejissorun müəyyən bir kadrı və ya epizodu vurğulamaq üçün uzatdığı görüntü tamaşaçılara darıxdırıcı gələ və filmə baxmaq həvəsini öldürə bilər. Amma bunlara baxmayaraq, filmi uğurlu saymaq olar. 

Bu gün də dünya kinosunda hərbi mövzuda filmlər çəkilir. Ölkəmizdə də, müharibəyə aid filmlərin çəkilməsi çox populyardır. Lakin dünya kinosundan fərqli olaraq, Azərbaycan kinosunda hərb mövzusu bir istiqamət – Qarabağ hadisələri üzrə gedir. Yaxın keçmişdə çəkilən “Ağ atlı oğlan”, “Arxada qalmış gələcək”, ”Günaydın, mələyim”, “Biz qayıdacağıq”, “Yalan”,  “Böcəkudan”, “13 ildən sonra”,  “Canlanma”, “Xoca”, “Dolu” və s. filmlər Qarabağ hadisələrini əks etdirməyə çalışsa da, onlardan hər birində müəyyən çatışmayan və ya ifrata varan məqamlar var. Dünya kinosu ilə müqayisə etsək, bizim filmlər indiki dövr hərb janrlı filmlərə ssenari və yanaşma tərzi baxımından uduzur. Hazırda Avropa fəlsəfi və psixoloji məqamlara üstünlük verir, Amerika kinosu isə filmləri kommersiya ideyası üzərində qurur. Qarabağ mövzusunda çəkilən filmlər isə nə Avropa, nə də Amerika kino stilistikasına uyğundur. İndiki dövrdə filmin süjetini konkret qətllər və döyüş səhnələri üzərində qurmaq bir az “gecikmək”dir.  Əslində, rejissorlar bu cür yanaşma ilə insanlarda düşmənə nifrət, döyüşə istək yaratmağa çalışırlar. Lakin hazırda müharibənin qızğın çağlarının olmamasını, savaş səhnələrindən çox, onun nəticələrini göstərmək, Qarabağ torpaqlarının Azərbaycana aid olduğunu tarixə müraciət etməklə göstərmək lazım olduğunu nəzərə alsaq, bu gün çəkilən filmlərimiz dünyada öz layiqli yerini tuta bilməz. Son zamanlarda çəkilən o filmlərin də, yuxarıda adlarını sadaladıqlarımız kimi klassikaya çevrilib-çevrilməyəcəyini demək çətindir. Onu da zaman göstərəcək.


Aysel Əsgərova

“Fokus” analitik kino jurnalı №02(08) Dekabr 2012

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya