İNDİ OXUYUR
Kannda siyasi kino günü

Kannda siyasi kino günü

Kann Film Festivalında istənilən məqamda növbə ilə qarşılaşmaq ehtimalın var. Filmə biletin olsa da, növbəyə durmalısan. Tədbirə dəvətlisənsə, orada da növbəni gözə almalısan. Hətta festivalın keçirildiyi konqres mərkəzinə giriş üçün də bəzən növbə gözləməli olursan. Mətbuat konfransına girmək üçün də növbə mütləqdir. Çünki iştirak etmək istəyən çoxdur, ancaq yerlər məhduddur. Ona görə də Kanna səyahət edən insanın ilk nəzərə almalı olduğu məqam vaxtı düzgün planlamaqdır. Bu növbəni gözə alıb hələlik girdiyim yeganə mətbuat konfransı Ari Asterin “Eddinqton”u oldu. Hərçənd orada da sual vermək üçün yenə növbə gəlib mənə çatmadı, ən azından iştirak etmək də bir təcrübədir. Xüsusilə dünya kinosunun hazırkı parlaq ulduzları Xoakin Feniks, Emma Stoun və Pedro Paskal mətbuat konfransında iştirak etdiyi maraq həddindən artıq böyük idi. Ari Aster suallara utancaq formada cavab verir, Xoakin Feniks insanlardan sıxılır, Emma Stoun isə öz parlaqlığı ilə həmkarlarını sadəcə kölgədə qoyurdu. Danışanlar arasında ən yadda qalan çıxış Pedro Paskalın oldu. Pedro Paskal insanların hüquq və azadlıqlarına göz dikən tiranlara, avtokratlara qarşı birləşib mübarizə aparmağın vacibliyindən danışdı. Bu isə jurnalistlər tərəfindən coşqu ilə qarşılandı.

“Eddinqton” filminin mətbuat konfransı. Foto: Hacı Səfərov


Mətbuat konfransından çıxıb “Eddinqton” filmini izləməyə yola düşürəm. Ari Aster ilk iki filmi ilə diqqət çəkməyi bacarsa da, sonuncu filmi “Bo qorxur” fikir ayrılıqlarına səbəb olmuşdu. Filmi izləyib bitirdikdən sonra ümumi rəylərə baxdığım zaman “Eddinqton”un da eyni aqibətlə üzləşdiyini gördüm. “Bo qorxur”u bəyənməsəm də, həddindən artıq psixoanalitik təhlillərə ilişib qaldığını düşünsəm də, “Eddinqton” üçün fikirlərim daha müsbət oldu.

“Eddinqton” 2020-ci ilin mayında başlayır. Kovid dünyada yenicə yayılmağa başlayıb və insanlar maska taxmağa məcbur edilir. Bu qərar bəzilərinin xoşuna gəlmir, xüsusilə qəsəbənin şerifi olan Co Krosun. O və onun dəstəkçiləri düşünür ki, maska taxmaq insan azadlığını məhdudlaşdırır və bu qəbuledilməzdir. Ancaq merin qərarına təsir etmək gücündən məhrum olduğu üçün Şerif Co yeddi ildir gördüyü işi tərk edib mer olmaq üçün namizədliyini irəli sürür. Bu namizədlikdən sonra isə qəsəbədəki hadisələr başqa istiqamətlərə yönəlir və gözlənilməz nəticələr ortaya çıxır.

“Eddinqton”


Ari Aster pandemiyanın yaratdığı paranoyadan və insanların məruz qaldığı təhlükəsizlik tədbirləri fonunda müasir Amerika portretini canlandırır. O, paralel olaraq 2020-ci ildə Corc Floydun ölümü ilə başlayan “Black lives matter” hərəkatına toxunur, bu kimi hadisələrin fərdlərin davranışlarına necə təsir etdiyini araşdırır. Hər kəsin təcdrid olduğu və telefonlara bağlı qaldığı dünyada hər bir fərdin öz reallığının yarandığını və nəticədə cəmiyyəti bir yerdə tutan sosial bağların zədələnərək kütləvi dəlilik halına çevrildiyini çatdırır. Amerika cəmiyyətinin yaşadığı paranoya, həqiqət axtarışı, şəxsiyyətin itirilməsi və cəmiyyətin özünə yeni kimlik axtararkən yaşadığı xaosun sancıları müxtəlif hadisələrlə təsvir edilir.

Ari Aster janrlar arasında keçidlər edir. Əvvəlcə siyasi satira kimi başlayan film, daha sonra cinayət filminə, sonra isə trillerə çevrilir. Ancaq bütün bu janrlararası keçidin əsasını təşkil edən məqam isə Amerikada doğulan və sırf Amerikaya aid olduğu qəbul edilən Vestern janrıdır. Aster bu janrın ənənəvi kanonlarını götürüb tərsinə çevirir. Ənənəvi vesternlərdə əgər nizam şerif vasitəsilə qurulursa, bu dəfə şerifin əlilə parçalanır. Şerifin təmsil etdiyi dəyərlər də, ailə münasibətləri də deqradasiyaya məruz qalır, nəticədə isə Amerikanın içində olduğu xaosun alleqoriyasına çevrilir. Asterin bir neçə janrda keçid edərək çatdırmaq istədiyi mövzuda dərinləşməməsi tamaşaçıda fikir ayrılığı yaratsa da, vesterni müasir dövrə adaptasiya etməsi təqdirəlayiqdir. İndidən artıq film üçün “modern vestern” və ya “neo-vestern” kimi subjanr yarlıqları yapışdırılması filmin qızğın müzakirələrə səbəb olacağından xəbər verir.

“Finikiya sxemi”


Festivalın ad olaraq digər həyəcanlandıran filmi isə Ves Andersonun “Finikiya sxemi”dir. Ves Anderson ənənəvi tərzini  – zərgər dəqiqliyi ilə işlənmiş səhnə tərtibatını, kamera hərəkətini, estetikləşdirilmiş dünya təxəyyülünü “Finikiya sxemi”ndə də davam etdirir. Varlı biznesmen Za-Za Kordanın səkkiz ildən sonra görüşərək yeganə varisi olaraq təyin etdiyi qızı rahibə Liesllə münasibəti filmin əsas xəttini təşkil edir. Za-za müxtəlif ölüm təhlükələri ilə üzləşir və bunlardan hər dəfə sağ çıxır. Ancaq artıq sonunun yaxınlaşdığını, növbəti illəri maddi olaraq xilas edəcək “Finikiya sxemi” planının işə salınmalı olduğunu düşünür. Bunun üçün də müxtəlif insanlara müraciət edir, onlardan bacardığı qədər pul qoparmağa çalışır.

Ves Anderson zorakılıqla özünəxas estetikanı birləşdirərək gülüş yaratmağı əsas götürür. Filmin tempi yüksək olsa da, bəzən söz oyunlarına əsaslanan zarafatlar obrazlardan eşidilsə də, obrazların emosional vəziyyətləri və onların yaşadığı hisslər səthi göstərilir. Anderson öz arsenalında olan bütün məziyyətləri filmlərində təkrar-təkrar göstərməkdən yanaşı, bir neçə fərqli kamera hərəkəti (obrazlar dalaşarkən onların baxış bucağından çəkilən səhnə) və təbiət istifadəsini təqdim edir. Rejissorun plastik və süni dünyası vizual olaraq gözə xoş gəlsə də, yaddaqalan olması üçün ehtiyacımız olan insanilik və bəşərilikdən məhrumiyyəti “Finikiya sxemi”nin təsirini zəiflədir. Kapitalizmin yaratdığı və hər şeyin gözoxşayan olmasına hədəflənən dünyada Anderson, estetik dünyasını eyni məqsədlərlə istifadə edir, komediya elementləri ilə satiranın sərhədlərində gəzişir, lakin obrazların dramatik inkişafı uğurla baş tutmadığı üçün eyni rejissor tərəfindən eyni boşqaba qoyulub sanki fərqli yemək imiş kimi təqdim olunduğu hissiyyatı yaradır.

“Gizli agent”


Braziliyalı rejissor Kleber Mendonsa Filyo əsas yarışmaya “Gizli agent” ilə qayıdır. Rejissor Braziliyanın içindən keçdiyi çaxnaşmalı dövrlərdən birinə – 1977-ci ilə qayıdır. Elmi araşdırmaçı Marselo, Resife şəhərinə gələrək oğluna qovuşmağa çalışır, ancaq müxtəlif maraqların toqquşması və onun hədəf seçilməsi Marselonun oğlu ilə görüşməsinə mane törədən səbəblərdəndir. Filyo Braziliyanın qanla yazılmış tarixini triller kimi çatdırmağa çalışır. Dövrün atmosferini ötürmək üçün müxtəlif qəhrəmanlara fokuslanır və mənzərəni genişlədirərək dövrün ruhunu tam ötürməyə cəhd edir.

“Gizli agent” əyləncəli anları verməyi bacardığı kimi, dövrün narahatlığını və korrupsiyalaşmasını, dövlət-mafiya əlaqələrinin iç-içə keçməsini, nəzarət edilməyən gücün hansı fəsadlara yol aça biləcəyini incə xətlərlə göstərir. Ancaq böyük məqsədlər daşıyan film, elə bu daşıdığı məqsədlərin qurbanına çevrilir. Həddindən artıq məlumatlar və illüstrativ dövr təsviri həm tempi aşağı salır, həm də əsas qəhrəmanın mənəvi-psixoloji vəziyyətinə yaxınlaşmaq fürsətini əldən verir. Ötən ilin parlaq filmlərindən olan və Braziliyanın Oskar namizədi kimi diqqət çəkən “Mən hələ də buradayam” 1960-ci illərinin atmosferini bir ailənin taleyi üzərindən ustalıqla çatdırmağı bacarırdı, Filyo isə hekayəni şaxələndirdiyi üçün eyni effekti yarada bilmir. 160 dəqiqəlik metraj isə filmin epikliyini yox, darıxdırıcılığını və mövzudan yayınmağını artırır.

“Respublikanın qartalları”


Tarik Salehin çəkdiyi “Respublikanın qartalları” da əsas yarışmadakı siyasi mövzulara toxunan başqa bir ekran əsəridir. Baş qəhrəman Corc Fahmi məşhur misirli aktyordur, hətta ona “ekranın fironu” (burada “firon” sözü neqativ yox, müsbət çalarda istifadə edilir) deyilir. Karyerasının zirvəsindədir, məşhurluğu, pulu, hər şeyi var. Ancaq siyasi hakimiyyətdə olan qeyri-stabillik, ölkənin hərbçilərin nəzarətinə keçməsi müəyyən təhlükələr yaradır. Fahmi həyatına həmişəki axarda davam etmək arzusundadır, ancaq ona rədd edə bilməyəcəyi (burada təklif cəzbedici yox, məcburedicidir) təklif gəlir: Bir filmdə Misir prezidenti Sisinin rolunu oynamalıdır. O, təklifi şərtlərdən ötrü qəbul etmək məcburiyyətində qalır. Öz dünya görüşünə uyğun gəlməyən və bəyənmədiyi prezidenti canlandırmaq, düşündüyündən də baha başa gəlir. Gözlənilməz hadisələr ard-arda ortaya çıxır.

Tarik Saleh bundan öncəki “Cənnətdən olan oğlan” filmində ssenarist kimi özünü təsdiq etmişdi və çəkdiyi triller son ana qədər diqqəti özündə saxlamağı bacarırdı. Bu dəfə isə komediya tərəfindən məharətini göstərməyi bacarır. “Respublikanın qartalları” komik ünsürləri və yüksək tempi ilə filmin yarısına qədər rahatlıqla davam edir. Yarıdan sonra isə siyasi məsələlər qəhrəmanın daxili dünyasının önünə keçir və film bir aktyorun başına gələn faciədən çıxaraq dövlətin qəsb edilməsi alleqoriyasına çevrilir. Siyasi-ideoloji təsvirlər isə səthi təsir bağışlamaqla yanaşı, qəhrəmanların və ideyanın daha yaxşı tərənnümünün qarşısını alır. Film içində film, aktyorlar və reallıq, siyasi intriqalar kimi mövzular iç-içə keçir, eyni zamanda isə bu harmoniyadan ortaya çıxan nə güclü siyasi baxış-ideya, nə də unudulmaz qəhrəmanlar olur. Siyasi baxış ənənəvi avtokrat-diktator təsvir edilən filmlərdən fərqlənmədiyi üçün unikal olmaq şansını itirir. “Respublikanın qartalları” komediya və siyasi triller kimi potensialı olsa da, amalına tam çata bilməmiş iş təəssüratı yaradır.

Hacı Səfərov

© 2025 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya