İNDİ OXUYUR
İnsan qəddarlığı və heyvan mərhəməti

İnsan qəddarlığı və heyvan mərhəməti

Mən canavarların arasında yaşadım, bədənim və ruhumla canavara çevrildim. Buna görə də, insanlar içimdə yaşayan hədsiz qüvvəni, hücuma məruz qalanda qarşısıalınmaz dişləmək istəyini, öldürə bilmədiyim aclıq hissini və məni qapalı saxladıqları vaxtdan bəri hər yerdə axtardığım vəhşi azadlığı anlamırlar”.

(Mişa Defonseka)

İnsan yarandığı andan mübarizə aparır, savaşır, öldürür. Həyatı, azadlığı, vətəni naminə, sevdiyi insan və istəkləri naminə. Tarixin səhifələrini vərəqləyib, Homo Sapiensin əlində nizə ilə buzovu ovladığını, tayfalar, xalqlar və millətlərarası yürüşləri, müharibələri təkcə xronoloji yox, həm də insan şüurunun təkamül xətti üzrə izləyəndə bəşəriyyətin get-gedə “mübarizə” və “müharibə” anlayışları ilə bağlı həddən-ziyadə kəskin mövqe tutduğunu müşahidə etmək olar.

İnsan şüuru uzun inkişaf yolu keçdi, danışmaq, fikrini ifadə etmək imkanına sahib oldu, ictimai formasiyalar dəyişdi, şəhərlər, dövlətlər yaranmağa başladı. Yaxşı mənada vahimə yaradan bütün bu nəhəng dəyişikliklərin fonunda dəyişməyən yeganə şey, insanın içindəki atəş, hirs, qəzəb oldu. Bu gün də “şüurlu”, “sağlam düşüncəli” insan, əlinə silah götürüb özü kimi digər insanın canını alanda nəyəsə nail olduğunu, həyatın ən yüksək zirvəsinə çatdığını zənn edir.

İkinci dünya müharibəsinin dəhşətləri haqda saysız-hesabsız kitablar yazılıb, filmlər çəkilib, müxtəlif əsərlər yaradılıb. “Canavarlarla yaşamaq” filmi də bu qəbildəndir. Film, fransız rejissoru və prodüseri Vera Belmonun, Mişa Defonsekanın əsərinə istinadən ötən əsrin bu dəhşətli faciəsi haqqında kinematoqrafik baxışlarını ehtiva edir.


Belçikalı yazıçı Mişa Defonsekanın 1997-ci ildə yazdığı (əsl adı Monik de Vael) “Mişa: Holokost haqda memuarlar” kitabı tez bir zamanda bütün Avropada məşhurlaşıb və dünyanın 18 dilinə tərcümə edilib. 2007-ci ildə isə Vera Belmon bu kitabı ekranlaşdırıb.

“Müharibə… Qapını döymür, içəri girmək üçün icazə istəmir, əksinə, amansız qasırğa kimi insanların dinc həyatına daxil olur, yolundakı hər şeyi məhv edir. Müharibəyə müxtəlif cür baxmaq olar – döyüşə gedən əsgərin gözü ilə, övladlarının həyatına görə qorxan ananın gözü ilə, aclıqdan və soyuqdan əldən düşmüş, mühasirədən çıxmış insanın gözü ilə… Lakin ən dəhşətlisi, müharibəni bir körpənin gözləri ilə görməkdir. Nə baş verdiyini, valideynlərinin üzündən təbəssümün niyə yoxa çıxdığını, ətrafdakı evlərin niyə yandığını, göydə niyə dəhşətli qəribə quşların uçduğunu anlamayan körpənin gözləri ilə.”

(Mişa Defonseka)

1941-ci il. Daha bir ürkək, təmiz məxluq, balaca yəhudi qızı Mişa, XX əsrdə, insan qəzəbinin, vəhşiliyinin həddi-hüdudu olmadığı dövrdə dünyaya göz açır, bütün o fəlakətlərin içində digər uşaqlar kimi maraqlı həyat sürmək istəyir. Lakin müharibənin hər kəsə olduğu kimi, ona da rəhmi gəlmir. O, həyatını itirmir. Həyatını itirsəydi, bəlkə də bundan daha yaxşı olardı. Daha dəhşətli bir şey baş verir, Mişanın valideynlərini Belçikadan sürgün edirlər. Balaca qız isə bir ailə tərəfindən müvəqqəti himayədarlığa götürülür. Həmin ailə qızla həddindən artıq kobud rəftar edir. Mişa bura düşən andan istehza obyektinə çevrilir, hər cür təhqirlərə məruz qalır.

Belmon, filmdə qeyri-insani münasibəti, şovinizmi qabarıq şəkildə vurğulayaraq bunu süjet xəttinin əsas hissəsinə çevirir. Pul müqabilində olsa belə, yəhudi qızını götürüb saxlamaq o qədər də xoş deyildi. Madam Vale (ailənin xanımı) yəhudilərə olan bütün nifrətini günahsız qızdan çıxırdı. Yalnız Joze (madam Valenin qardaşı) və Marta (Jozenin yoldaşı), Mişaya isti münasibət bəsləyərək ona öz övladları kimi yanaşırlar və Mişanın həyatına çox az da olsa, bir işıq salırlar.

Balaca qız üçün hər gün onların evinə getmək bir xilas idi. Burada Mişa, Joze və Marta kimi yaxşı insanlarla yanaşı sadiq, sədaqətli məxluqlarla – mama Rita və papa Rita adlı itlərlə dostlaşır. Ancaq tale bu dəfə də Mişanı çətinliklə üz-üzə qoyur. Balaca qız ona valideynlərinin yoxluğunu unutduran Joze və Martanı da itirir, onları da sürgün edirlər. Mişa valideynlərini axtarıb tapmaq üçün Şərqə yollanır, sözün əsl mənasında çöllərə, meşələrə düşür. Onun bu qərarı çox gözlənilməz, uzun, çətin bir həyat yoluna çevrilir.


Həyat uğrunda verdiyi bu imtahan, tədricən, Mişanı fiziki baxımdan insani keyfiyyətlərdən məhrum edir. O, çöllərdə, meşələrdə yaşayır, heyvanları ovlayaraq onlarla qidalanır, düşdüyü vəziyyətlərin tələb etdiyi müəyyən bacarıqlara yiyələnir. Çarəsiz qız filmboyu ağlasığmaz çətinliklərdən keçməyinə baxmayaraq, içindəki qorxuya, həyəcana qətiyyən təslim olmur.

Tezliklə Mişa meşədə canavarlara rast gəlir və təbiətin tamhüquqlu, doğma məxluquna çevrilir. Həmin canavarlar Mişaya onun sadiq dostları – mama Rita və papa Ritanı xatırladır. Hətta tamaşaçı bir anlıq bu canavarların həmin itlər olduğunu düşünür. Onlar, yırtıcı olmalarına baxmayaraq, qızı təhlükədən qoruyur, soyuq gecələrdə qızdırır, vəhşi təbiətdə sağ qalmasına kömək edirlər.

Bu, bağlılığın inanılmaz gücünü göstərir. Bu hissi həm də analıq instinkti ilə müqayisə etmək olar – canavarlar qızı öz balası kimi qoruyur. Mişanın həyatı yenidən bir məna qazanır.


“Canavar”, “Canavar və insan”, “Canavar və körpə” ifadələrinin mənşəyi çox qədim dövrlərə gedib çıxır. Tarixən dünyanın əksər xalqları üçün canavar qəzəbin, aqressivliyin və vəhşiliyin, tamahkarlığın və qaniçənliyin, hiyləgərliyin simvolu olub. Avropalıların şüurunda isə canavar həm də şərin və şeytanın təcəssümüdür. Halbuki Belmon filmdə bunun tam əksindən bəhs edir və canavarın, əslində, necə mərd və sədaqətli bir məxluq olduğunu göstərir. Canavarın hərbi şücaəti, zəifləri qorumaq istəyi və liderlik qabiliyyəti əksər rəvayətlərin əsas mövzusudur. Həmin rəvayətlərə əsasən, canavarlar bir çox tayfaların əcdadları olub. Antik mifologiyaya görə, canavarlar Qədim Roma imperiyasının yaranmasında xüsusi rol oynayıb. Çar Numitorun paxıl qardaşı Amuliy onun körpələrini – Romul və Remi Tibr çayına ataraq öldürmək istəyir. Lakin körpələr sağ qalır. Kapitoli canavarı onların ağlamağını eşidir və bir çoban onları tapana qədər hər gün əncir ağacının altında bu iki körpəni əmizdirib qoruyur.

Bozqurdun xilaskarlıq missiyası ideyası bir çox qədim türk əfsanələrində və yazılı abidələrində öz əksini tapmışdır. “Oğuznamə” dastanında Oğuz Xaqan yürüşə çıxmazdan əvvəl tayfa soydaşlarına belə bir nitqlə müraciət edir: “Kaqan oldum, yay-qalxan alaq, “lütf” olsun tamqanın, “Mavi qurd” uran olacaq”. (Uran döyüş nidasıdır.)

Başqa bir əfsanəyə görə isə, bir kənddə düşmən basqınından sonra təkcə balaca bir oğlan sağ qalır. Onu bir dişi canavar tapır, qoruyur və öz südü ilə bəsləyir.

Sadalanan hekayə və əsatirlərdəki bozqurd, canavar kultları və “canavar və körpə” ideologiyası “Canavarlarla yaşamaq” filmində açıq-aşkar vurğulanıb. İnsanın körpəyə rəhm etmədiyi dünyada vəhşi heyvan – canavar onun üçün yemək ovlayıb gətirir, ona qucaq açır, özü bunu dərk etmədən bütün dünyanı ona bağışlayır. Kiplinqin “Cəngavərlər kitabı”nı və Berrouzun “Tarzanı”nı xatırlasaq, görə bilərik ki, bu əsərlərdə də ən təhlükəli heyvanlar belə körpəyə toxunmurlar. Təbii ki, bu ədəbi əsərlərin əsasında bir qədər fantastik motivlər mövcuddur və belə şeyi təsəvvür etmək nəinki çətindir, hətta qeyri-mümkündür. Parçalayıb öldürmək, ovlamaq heyvanların təbiətini təşkil edən başlıca xüsusiyyətlərdir. Lakin analıq instinkti təkcə insanlara deyil, heyvanlara da xasdır.

Qədim miflərdən qaynaqlanan bu ideya vasitəsilə rejissor, insanların mərhəmətsizliyini vurğulayır, şüurlu məxluqla şüursuz məxluqun mahiyyətindəki fərqi göstərir. Səhnələrin birində qız evin damında yemək yeyərkən ev yiyəsi onu tutub öldürməyə çalışır, daş ataraq qızı yaralayır. Meşədə qarşılaşdığı yaşıdlarını əsgərlər aldadaraq güllələyirlər, Mişa isə qaçmağı bacarır. Və ən ürəkparçalayan səhnə: ovçular digər qurdlarla birlikdə Mama Rita və Papa Ritanı da öldürürlər.

Mişa hər dəfə insanlardan daha çox iyrənərək təbiətə bir addım da yaxınlaşır, ona daha çox sığınır. O, möhkəm inandığı düşüncələrinin, məyusluqlarının və ümidlərinin toqquşma zirvəsindədir. Canavarlar qızı o qədər qayğı ilə bürüyürlər ki, tədricən, o, qorxmağına rəğmən, heyvani xüsusiyyətlərə yiyələnir, onların hərəkətlərini təqlid etməyə başlayır. Burada ağıl və instinktin vəhdəti xüsusi bir güc doğurur. Mişa tək olmadığını dərk edir və bu onda bir ümid hissi yaradır – valideynlərini tapacağına dair ümid hissi.


Filmin heyrətləndirən məqamı Mişanın həyat uğrunda apardığı mübarizədir. Dünyanı öz odunda yandıran müharibənin içində Mişa ölüb ya qaldığı məlum olmayan valideynlərini axtarıb tapmaq niyyətindədir. Onu valideynlərinə bağlayan, mama Ritadan əxz etdiyi sevgi və inam hissi təslim olmağa qoymur. Yeddi yaşlı Mişanın çiyinlərinə düşən bu üç illik məsuliyyətli, uzun yol onun xarakterini möhkəmləndirir, ona çox şeylər öyrədir. Amma bütün bu müddət ərzində onun ürəyinə sevgi hissi hakimlik edir, soyuqqanlılığı isə bir çox çətinliklərdən xilas edir. Bu həm də onun daxilində gedən, bir növ, öz şəxsiyyəti ilə apardığı mübarizə idi.

Balaca qız müharibənin dəhşətlərinin içində özünü itirməmək üçün öz kiçik aləmini yaradır. Onun anası –  mama Rita, sirdaşı – anasının ona bağışladığı gəlinciyi Geruşa, qalxanı isə öz möhkəm xarakteri olur.

“Canavarlarla yaşamaq” bir insanın silah vasitəsilə təkcə cəmiyyətdə deyil, həm də təbiətdə yaratdığı xaosu nümayiş etdirir. Tanrının yaratdığı bütün varlıqlar fövqəldirlər. Canavar isə təbiətin gücünü əks etdirən xüsusi varlıqdır. Onun baxışlarında, ulamasında bir mistika hökm sürür. Onun varlığı qoruyucu qüvvəni ehtiva edir. Mama Rita və Papa Rita (canavarlar) meşə ilə yanaşı, həm də Mişanın tilsimi idilər. Məhz ona görə, onlar öləndən sonra həm meşə, həm də Mişa yetim qaldığını hiss edir. Mama Ritanın ölüm səhnəsində Mişa onun cəsədi üzərində ağlayaraq: “Onlar niyə belə edirlər axı?” sualını verir. Yəni, onlar niyə öldürürlər, niyə əzab verirlər, niyə incidirlər, atamı, anamı niyə sevmirlər və əlimdən alıblar? Bu göz yaşlarında müşahidə olunan, bu sualda səslənən çarəsizlik əsl vəhşinin kim olduğunu bəlli edir.

Belmon tamaşaçının filmboyu baş qəhrəmanla birgə çəkdiyi əzabı sona çatdırır, Mişa xilas olunur. Üç il gəzib-dolaşdığı yollar qızcığazı inanılmaz hala gətirir. O həm fiziki və psixoloji sağlamlığını, həm də insan görkəmini itirir. Mişanın daxilində dəyişməz qalan yeganə şey, sadiq dostlarına – mama Rita və papa Ritaya olan möhkəm sevgisi olur. Xəstəxanaların birinə yerləşdirilən qızcığazı Joze tapır.

 “- Gəzə bilirsən?
(Mişa, başını sallayaraq “hə” deyir)
– Onda gedək evə.
– Yox, mən valideynlərimi burada gözləyəcəyəm.
– Onları bizdə gözləsən, daha yaxşı olar. Qarnını Martanın bişirdiyi dadlı yeməklərlə doldurarsan.
– Onlar mənim qayıtdığımı necə biləcəklər?
– Hər gün bura gələcəyik.
– Hər gün?
– Hər gün.
– Söz verirsən?
– Kişi sözü verirəm.”

(Mişa və Jozenin dialoqlarından fraqment)


Filmin yaradıcı heyətinin işi Matilda Qoffartın biganə qoymayan oyunu ətrafında birləşir. Operator Pyer Kotro, bəstəkar Emili Simon balacanın yaşadıqlarını məharətlə vurğulayıblar.

Bir neçə il bundan əvvəl kitabın müəllifi bu hekayənin, əslində, fantaziya məhsulu olduğunu boynuna almışdır. Monik de Valın valideynləri, həqiqətən, nasistlər tərəfindən deportasiya ediliblər, lakin onlar yəhudi yox, Belçika Müqavimət Hərəkatında iştirak edən katoliklər idi; “xatirələrin” digər təfərrüatları da uydurma idi. Bu məqam oxucuları kədərləndirsə də, əsər fantaziya məhsulu olsa belə, insanın qəlbini parçalayır. Birinci və İkinci dünya müharibələri dövründə insanların yaşamadığı dəhşətlər qalmamışdı. Qorxusundan meşəyə qaçıb, orada donub ölən kim, əsirlikdə min əzabdan keçən kim, canlı ölü kimi yaşamağa davam edən kim… Bu, insanların yaşadıqlarının bir zərrəsidir sadəcə. Ona görə, zənnimcə, Mişa Defonseka obrazının və onun keçdiyi sınağın real olduğunu qəbul etmək olar. Müharibə haqda sənədli, bədii filmlərə baxandan sonra bu hekayənin real olduğuna şübhə qalmır.

Matilda Qoffart


“Canavarlarla yaşamaq” filmində Mişa rolunun ifaçısı, balaca aktrisa Matilda Qoffartın oyunu biganə qoymur. O, öz yaşına görə olduqca ciddi bir iş ərsəyə gətirmişdir. Matilda Qoffart bu filmdə iştirakı barədə düşüncələrini bölüşür:

– Matilda, müharibə nədir? Uşaqlıqda müharibəni necə təsəvvür edirdiniz? Bu haqda təsəvvürləriniz filmlə üst-üstə düşdümü?

– Yüksək mövqe tutan insanların, siyasi-dini qarşıdurmalara görə, nifrət üzündən əhalini zülmətə və zorakılığa sürükləməsi deməkdir müharibə. Əvvəllər mənim müharibə haqda obyektiv fikirlərim, ovaxtkı Avropa xalqının tarixi ilə bağlı müəyyən təsəvvürlərim var idi. Mənim üçün bütün hekayələr, baş verənlər, Mişa Defonsekanın həyat tarixçəsi sadəcə bir dəhşət idi. Mən inana bilmirdim ki, insanlar bəşər tarixi boyu bu cür sınaqlardan keçiblər.

– “Canavarlarla yaşamaq” kinoda debütünüzdür. Kinoya gəlişiniz necə baş verdi?

– Uşaqlıqda aktrisa olmaq arzum yox idi. Fransa və Belçikada böyük bir kastinq keçirilirdi. Anam məndən cəhd edib-etməmək istədiyimi soruşdu, mən də razılaşdım. Səkkiz yaşım var idi. Kastinqdə 500-ə yaxın qız iştirak edirdi.

– Filmin ssenarisi və oynadığınız obraz sizə necə təsir bağışlamışdı?

– Mən çox balaca idim, amma buna baxmayaraq, Mişanın hekayəsindən çox təsirlənmişdim. İkinci dünya müharibəsi haqqında çox şey kəşf etdim, fərqli duyğular keçirdim. Həmin duyğuları ekrandan tamaşaçılara ötürmək başlıca məqsədim idi.

– Yaşınızın az olmasına, bu sahədə təcrübəniz olmadığına baxmayaraq, olduqca peşəkar oyun nümayiş etdirmisiniz. İncəsənət üzrə təhsil almısınız, yoxsa bu, fitri istedaddır? Peşəkar insanlarla təmasda olub işləmək çətin deyildi?

– Rolumun yükü olduqca çox idi. Valideynlərimin heç biri peşəkar aktyor deyil. Nümayiş etdirdiyim maraqlı performans heç yerdən qaynaqlanmır. Sadəcə obrazımdan çox təsirlənmişdim və onu yüksək səviyyədə nümayiş etdirmək üçün güclü bir enerji gəlmişdi mənə. Mişa obrazını canlandıranda çətinlik çəkmədim, çünki çox hazırlaşmışdım və mənə rolumun mahiyyətini aydın şəkildə izah etmişdilər. Ən əsası isə, məni kino aləmi ilə tanış edən sevimli insanların əhatəsində idim.

– Mişa güclü xarakterə malik bir qızdır. O möhkəmdir, eyni qədər də həssasdır. Mişanın xarakteri ilə Matildanın xarakterlərində bənzərlik varmı?

– Mişa çox qeyri-adi qızdır. Mən, uşaq ikən çox coşqun, enerjili idim. Öz aləmim vardı, həmişə bayırda olurdum; bir yerdə dayanmırdım, həmişə dırnaqlarımın altına palçıq yığılırdı. Düşünürəm ki, mən cəsarətli və dözümlü insanam. Mişanın obrazı mənə çox şey öyrətdi və xarakterimi daha da cilaladı.

– Mişanın gücü nədə idi? Bu qədər illər ərzində ona Avropanın, demək olar ki, yarısını aşmağa nə kömək etdi?

– Onun gücü məsumluğundan qaynaqlanır: dünyanın bu qədər qəddar olduğunu bilməyəndə qorxmursan. O, qorxunun nə olduğunu çöllərdə öyrəndi, amma heç nə onu nə qorxuda, nə də valideynlərini axtarmaqdan çəkindirə bilməzdi. Sevgi içində böyüyəndə real aləmin amansızlığı daha çox toxunur insana. Lakin bu şiddətlə üz-üzə dayanmaq yenə də mümkündür, çünki insanın zirehi onun möhkəm iradəsidir. Mişa çox iradəli qızdır.

– Çəkiliş prosesində yadınızda qalan, maraqlı məqamlarla bölüşə bilərsiniz?

– Mən rekvizit üzrə rəssamla yaxından dostlaşmışdım, mehriban və çox yaradıcı insan idi. Onun altmış, mənim isə səkkiz yaşım vardı və biz həmişə çəkilişlərdə birlikdə əylənirdik. O tez-tez mənə filmdə istifadə olunan rekvizitlərlə hiylələr göstərirdi və axırda mənə Mişa üçün öz əlləri ilə hazırladığı gəlinciyi (Geruşa) və kompası hədiyyə etdi. Mən o dəyərli hədiyyələri hələ də qoruyub saxlayıram. Rəssam illər əvvəl vəfat edib, amma mən hələ də onun haqqında çox düşünürəm. Uşaq ikən yaradıcı insanlarla ünsiyyətdə olmaq, onlarla böyümək çox qeyri-adi təcrübədir. Mama Rita və Papa Rita ilə çəkilmək zövq verirdi mənə. Onlarla çəkiliş meydançasında çox əyləncəli vaxt keçirmişdim.

– Balaca Matildaya bu maraqlı təcrübə ilə bağlı demək istədikləriniz varmı?

– Kino sahəsindəki bu təcrübədən doyunca həzz al, çünki bu, ömürlük ürəyində iz qoyan və heç vaxt unutmayacağın bir təcrübədir.

Nəzrin Mahu

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya