İNDİ OXUYUR
İlk daşı günahsız olan atsın!

İlk daşı günahsız olan atsın!

DİQQƏT! ŞİDDƏT VAR! “Öldürmə aktı” filmi haqqında yazıya bu ifadə ilə başlamaq doğru olardı. 2012-ci il istehsalı olan “Öldürmə aktı” (The Act of Killing) sənədli filmi 1965-1967-ci illərdə İndoneziyada kommunist damğası adı altında insanları kütləvi şəkildə öldürən Anvar Konqo (Anwar Congo) və onun dəstəsi haqqındadır. Film rejissor və həmprodüser Coşua Oppenheymerin (Joshua Oppenheimer) debüt filmidir. 2013-cü ildə “Ən yaxşı sənədli film” üzrə Avropa Film Mükafatına, Asiya Pasifik Mükafatına, Britaniya Akademiyası Film Mükafatına (BAFTA) və bir çox nüfuzlu film mükafatlarına layiq görülüb. 2014-cü ildə keçirilən “Ən yaxşı sənədli film” nominasiyasında Oskar mükafatına namizəd olsa da, qazana bilmir. Oppenheymer uzun müddət bu film üçün prodüser və büdcə tapmaqda çətinlik çəkib. Film Westminster Universitetinin İncəsənət və Mediada Araşdırma və Təhsil Mərkəzi (CREAM) tərəfindən ayrılan qrant hesabına çəkilib. Filmin ortaq rejissorları Kristina Sinn və adını anonim saxlayan indoneziyalıdır. Prodüseri Sinye Birc Sörensen, icraçı prodüserləri Yoram ten Brink, Andre Sinqer, Errol Morris və Verner Hersoqdur. Film, Danimarka, Norveç və Böyük Britaniyanın birgə istehsalıdır.


ƏLİBABA VƏ QIRX QULDUR

Oppenheymer 2001-ci ildə İndoneziyaya başqa bir film layihəsi üçün gəlir. Burada işlədiyi müddət ərzində daha vacib bir hekayə diqqətini çəkir və o, on il zamanını alacaq “Öldürmə aktı” filminin üzərində işləməyə başlayır. İlk 8 ildə qətliamın qurbanlarını tədqiq edir, əlavə iki il ərzində isə qırxdan çox qatillə görüşür. Daha yaxşı kommunikasiya üçün İndoneziya dilini öyrənir. 

1965-ci ildə İndoneziyada hərbi çevriliş nəticəsində solçu Sukarno devrilir, əvəzinə, hakimiyyəti sağyönümlü Suxarto ələ keçirir. Onun sifarişilə paramilitar dəstə “Pancasila Gəncliyi” yeni iqtidara qarşı olan milyonlarla indoneziyalını və etnik çinlini kommunist olmaları bəhanəsi ilə öldürür. Kütləvi qətllər üçün qatil dəstələrə də pullu sifarişlər verilir. Qətllərin icraçılarından biri, qara bazarda kino biletlərinin satışını edən, xalq arasında “qanqster” kimi tanınan Anvar Konqo və onun dəstəsi idi. Onlar Amerika filmlərinin pirat biletlərinin satışı ilə məşğul olan zamanlarda kommunistlərlə düşmən idilər. Qətlləri törədərkən, Anvar və dəstəsi, özlərini amerika filmlərindəki qanqsterlərə bənzədirdilər. Anvarın şəxsən min nəfəri öldürdüyü bildirilir. Anvar Konqo həm hakimiyyət, həm də “Pancasila Gəncliyi” paramilitar dəstəsi arasında böyük nüfuza və hörmətə malik şəxs idi. “Pancasila” fəlsəfəsi milliyyətçilik, vətən sevgisi, milli birlik və vahid tanrıya inanc xüsusiyyətlərini aşılayırdı. Bu dəstə, kommunistlərin ateist olduğunu və bu səbəbdən onları qətlə yetirdiklərini səbəb gətirərək öz işlərinə haqq qazandırırdı. Təşkilat o qədər qüdrətli idi ki, onun rəhbərləri arasında korrupsiya, seçkilərin saxtalaşdırılması, vətəndaşlara məxsus olan torpaqların inşaat şirkətlərinə satılması kimi qanunsuz əməllərlə açıq şəkildə məşğul olan və hökumətdə təmsil olunan nazirləri belə var idi.


Filmin qəribəliyi ondadır ki, baş verən hadisəni qurbanlar deyil, qətlləri törədən qatillər danışırlar. Onlar filmdə insanları necə amansızlıqla öldürdüklərindən bəhs edirlər. Əlli ilə yaxın vaxt keçməsinə baxmayaraq, qətlə yetirilənlərin yaxınları danışmaqdan qorxurlar. Hakimiyyət, qatilləri hər sahədə dəstəkləyir və bu mövzuda danışanları, etiraz edənləri cəzalandırır. Qətliam qurbanlarından biri, rejissora qatilləri danışdırmağı təklif edir. Baş verən hadisələr gerçək olsa da, bu, tarixi film deyil. Bu, qatillərin öz hərəkətlərinə haqq qazandırmaq üçün danışdıqları yalanlar və yalanların təsirləri ilə sağalmayan travmalı keçmiş haqqında filmdir.

CİNAYƏT VƏ CƏZA

Film Volterin “Öldürmək qadağandır; buna görə bütün qatillər kütləvi şəkildə və şeypur sədaları altında öldürmədikləri təqdirdə cəzalandırılır” sözləri ilə başlayır.
Özünü film qanqsteri adlandıran Anvar, qətlləri törədərkən həmin filmlərdəki tətbiq etdiyi üsulları rəqs edib, mahnı oxuyaraq soyuqqanlı şəkildə və fəxrlə danışır. Nədənsə Kventin Tarantinonun “Quduz köpəklər” filmindəki “Mr.Blonde” ləqəbli qanqsterin rəqs edərək əsir götürdüyü şəxsin qulağını kəsdiyi səhnə gözümün önündə canlandı. Rejissoru ən çox təəccübləndirən, qatillərin öz ailə üzvlərinin və uşaqların yanında qətllərlə bağlı danışmaları idi. Təəccüb doğuran başqa bir məqam isə, yerli televiziyada yayımlanan verilişə dəvət olunan Anvar, kommunistlərin öldürülməsi üçün qanqster filmlərindən təsirləndiyini deyərkən tamaşaçıların onu alqışlamasıdır. Rejissor, Anvarın və digər qatillərin öyünməyinin, əslində, psixoloji müdafiə olduğunu hiss edir və onlarla empatiya qurmağa cəhd edir. Qatillərlə düzgün kommunikasiya qurması ilə yanaşı, cinayəti insandan ayırmaq bacarığı və cinayətkara insan kimi yanaşması, filmin uğurlu alınmasına səbəb olub. Nə qədər “brutal” səslənsə də, əsas personajın xüsusiyyətlərini daşıması baxımından doğru qatili seçməsini qeyd etmək lazımdır. Rejissor 40 qatillə danışandan sonra Anvar Konqonun üzərində dayanır. Anvar Konqo və onun sağəli, paramilitar dəstə başçısı Herman Koto nəinki filmə çəkilməyə razı olurlar, hətta filmin çəkilməsində belə böyük səy göstərirlər. Törətdikləri qətlləri səhnələşdirmək ideyası da elə Anvarın təklifi ilə yaranır. Reallığının uydurma dramatizasiyası ilə qətllərin yenidən canlandırılması vasitəsilə Anvar və onun dəstəsi şüuraltı olaraq törətdikləri cinayətlərin reallığını susdurmaq istəyirlər. Bu onların hərəkətlərinin səhv olduğunu qəbul etmədiklərinə uyğun müdafiə reaksiyasıdır. Onlar qəddar və zalım olduqlarının fərqindədirlər, lakin haqsız olduqlarını qəbul edə bilmirlər. Filmin gələcək nəsillərin onların qəhrəman kimi tanınmalarını təmin edəcəyini düşünürlər. Lakin film onları ifşa edir. Rejissor, Anvara filmdə necə görünmək istəyirlərsə elə də çəkəcəyinə söz verir. Eyni zamanda, törətdikləri qətlləri onların iştirakı ilə səhnələşdirəcəyini qeyd edir. Əgər səhv anlaşılan məqam olarsa, onu filmdə qeyd etmələrini xahiş edir. Səhnələr onların sevimli filmlərinin üslubunda hazırlanır: qanqster, vestern və musiqili. Rejissorun kələyi ondan ibarətdir ki, dəstə üzvlərini filmdə özlərini görmək istədikləri kimi çəkə bilsə, o zaman onların önünə ayna qoymuş olur və soyqırımın qəhrəmanlıq olması mifi dağılır. Anvar öz roluna yaxşı hazırlaşır: gəncliyini oynamaq üçün saçlarını qara rəngə boyayır, əlavə dişlər taxır, geyimlərini müəyyənləşdirir. O, xarici görünüşünə hazırlaşarkən, rejissorun onu daxili səyahətə çıxarmaq planlarından xəbərsizdir.


Filmdə müzakirə zamanı Anvarın yaxın dostu və qatil həmkarı Adi Zülkadrini görürük. O, filmdə kommunistlərin zalım olduqlarına dair propoqandanın yalan olduğunun ortaya çıxmasından, özlərinin isə əksinə, daha zalım olduqlarına dair faktların həqiqiliyinin aşkarından narahatdır. Hətta rejissorun kommunist olmasından şübhələnir. O, əsl zalımın kommunistlər deyil, özləri olduğuna əmindir. Lakin bütün gerçəklərin xalqın bilməsinə ehtiyac olmadığını, tanrının da özünə görə sirləri olduğu fikri ilə əsaslandırır. Anvar və dəstəsi bədii səhnələrdə canla-başla oynayırlar. Herman Koto, film üçün qadın paltarı (drag queen) geyinir. Hermanı makiyaj edən adam əvvəl onlardan qorxduqlarını dilə gətirir. İndi isə qarşısında aktyor kimi istənilən çətinliyə uyğunlaşan yaradıcı insan var. Qatillərin filmdə çəkilməyə razılaşmasında onların film fanatları olmaları böyük rol oynayır. Onlar öz rollarını oynayarkən, peşəkar aktyor oyunu təsiri bağışlayır. Hətta Hermanın aktyorluq qabiliyyəti açıq-aşkar hiss olunur. Bu yazını yazarkən, “bəlkə aktyor olsaydılar, qatil olmazdılar” fikri bir anlıq ağlımdan keçir.  

Klinik və məhkəmə psixoloqu Stiven Daymondun “Qəzəb, dəlilik və şeytanilik” (“Anger, Madness and the Daimonic”) kitabından yaddaşıma həkk olunan məlumatı bölüşmək istəyirəm. Yazıda dağıdıcılıqla yaradıcılığın əlaqəsi olması faktı diqqətimi cəlb etmişdi. Çoxumuz aqressiyanı, şiddəti və qəzəbi mənfi hesab edirik və bunu yalnız dağıdıcılıq və zorakılıqla əlaqələndiririk. Ancaq qəzəb, konstruktiv və yaradıcı davranışa gətirib çıxara bilər. Konstruktivlik və dağıdıcılıq insan şəxsiyyətində eyni mənbəyə malikdir. Bu sadəcə insan potensialıdır. Əsas məsələ, qəzəbi dağıdıcılığa deyil, konstruktiv həll yolu ilə yaradıcılığa çevirməkdir. Məsələn: Peşəkar qatil olan Cek Henri Ebbot qəfildən yazıçılığa başlayır və uğurlu əsərlərin müəllifinə çevrilir. “Şər”i sənətə çevirmək, rəssam, aktyor, rejissor, yazıçı və s. yaradıcı işlə məşğul olanlarda çox sıx yaşanan haldır. Orta əsrlərdə rəssamları və digər yaradıcı şəxsləri şeytanlarından xilas etmək üçün məcburi psixoterapiyaya göndərirdilər. Bu isə yaradıcılıq üçün arzuolunmaz dərəcədə təhlükəlidir. Yaradıcı şəxs qaranlıq tərəfdə yaşayan şəri öldürmək əvəzinə, onunla əməkdaşlıq etməyi öyrənməlidir. Şair Maria Rilke “Şeytanlarım məni tərk etsə, mələklərim də gedəcək” qorxusu ilə terapiyasını yarımçıq qoyur. Qaranlıq tərəfimiz (Kölgə) yaradıcılıq prosesində də əsas əhəmiyyət daşıyır. Xeyirlə Şərin qardaşlığı həm də yaradıcılığa aid edilə bilər. Lakin Şərə tabe olmaq, ondan asılı vəziyyətə düşmək təklükəlidir. Yunqun dediyi kimi, kölgə tərəfimiz bizi özündən asılı hala salmaq gücündədir. Sadəcə, qəzəb və yaradıcılıq arasında əlaqəni dərk etmək lazımdır. Al Paçino, Robert De Niro, Cek Nikolsonun aktyorluğu buna bir nümunədir. Qayıdaq Hermana.


Herman parlament seçkiləri üçün öz təbliğat kampaniyası zamanı rəqib namizədlərin seçicilərə hədiyyə vermələrindən şikayətlənir. Seçicilər isə hər addımbaşı köynək və digər hədiyyələr istəyirlər. Herman seçilərsə, əsas məqsədinin pul yığmaq olduğunu rejissor ilə söhbətində açıq-aşkar səsləndirir. Seçki təbliğatının mitinqlərinə gələn insanların pul aldıqlarına görə gəlmələri, parlamentdə oturanların qalstuklu oğru, “pancasila” gəncliyinin isə qumarbaz olması fikirləri də filmdə səslənir. Bu baxımdan müəllif, təkcə qəhrəmana (antiqəhrəman) fokuslanmır, eləcə də cəmiyyəti bizə (özlərinə) göstərir. 

Film, gerçəkliyi tam çılpaqlığı ilə ortaya qoyur. Filmi “Cinema Verite” (Həqiqət filmi) nümunəsi hesab edə bilərik. Yeri gəlmişkən, “Cinema Verite” 1960-cı ildə İtaliya Neorealizmindən və Kino Pravda konseptindən təsirlənərək yaranıb. Həqiqəti üzə çıxarmaq və ya reallığın arxasında gizlənən mövzuları vurğulamaq üçün istifadə olunan sənədli film tərzidir. Aktyorlarsız çəkilir və cəmiyyətə əslində necə olduqlarını göstərir. Mümkün qədər yığcam texnikalardan və real məkanlardan istifadə olunur. Müsahibələrdə təbiilik və orijinallığa fikir verilir. Adətən müəyyən zaman kəsiyində kameranın mövcudluğu unudulduqda, həqiqətin kəşfi başlayır. Çox vaxt ssenarisiz çəkilir və montaj prosesində inkişaf etdirilir. Sosial və siyasi mövzulara yer ayrılır. Müəllifin kamera qarşısında (və ya arxasında) birbaşa iştirakı ilə baş verir və prosesin katalizatoru müəllifin özü olur. Gerçəkliyin üzə çıxması üçün çox vaxt provokasiyadan (kələkdən) istifadə olunur.


Rejissor bu filmlə həm də qatilləri islah etməyə çalışır. Bir növ terapiya məqsədi daşıyan filmdir. Anvar hər gün güzgüyə baxanda öldürdüyü adamı görür, öldürdüyü adamlar onun kabusuna çevrilib. Qatillərin özlərinin iştirakilə qətllərin bədii şəkildə canlandırılması və daha sonra çəkilən səhnələrin özlərinə göstərilməsi terapiya tamaşasına bənzəyir. Bu, travmalarla üzləşmədir. Onları özləri ilə üzləşdirir, günahlarını etiraf etmək üçün diz çökməyə məcbur edir. Bu dünyada cəhənnəmi onlara yaşadır, etdikləri günahları özlərinin iştirakilə çəkilən video-material kimi qarşılarına qoyur. Filmin əvvəlində Anvar, rejissoru, qatilləri öldürdüyü yerə gətirərək, onları məftil tellə necə amansızca öldürdüyünü danışır. Bu, bizim yerli televiziya kanallarındakı kriminal verilişlərində qatilin cinayət əməlini müstəntiqə ətraflı izah edərək, necə törətdiyini təkrar göstərməsinə bənzəyir. Bəzən rejissor, qatillərin özlərini, öldürdükləri qurbanın rolunda çəkərək onlarda empatiya hissinin oyanmasını təmin etməyə çalışır. Anvar, qurban rolunu oynadıqdan sonra davam edə bilmir, çəkdikləri kadrlara baxanda göz yaşlarına boğulur. Günahlarının ağırlığını qəbul etmək istəmir. Filmin əvvəlində törətdiyi əməlləri ilə özünü öyərək danışdığı halda, filmin sonunda eyni səhnəni öyüyərək danışır. Qaytarmaq istəyi, onun günahlarından təmizlənməsinə işarədir. 


“Öldürmə aktı” tarixi faktlara əsasən səhnələşdirilmiş bədii kadrlar baxımından unikaldır. Filmin əhəmiyyəti də elə ondan ibarətdir ki, törədilən qətliamla bağlı sənədlərin və materialların olmadığı bir vaxtda baş vermiş hadisəni qatillərin iştirakilə canlandırmaqla sənədləşdirir. Filmdə real faktlara əsaslanan bədii kadrlarla yanaşı, təxəyyül məhsulu olan sürreal səhnələr var.  Balıq formasında olan köhnə restorandan rəqs edərək çıxan qadınların yolunun üstündə qadın geyimində oturan Herman Koto və şəlalənin qarşısında müqəddəs ata geyimində dayanan Anvar Konqo səhnələri, cənnəti təsvir edir. Boynunda məftil olan ölmüş qurbanlardan biri, Anvarın boynuna medal taxaraq cənnətə düşdüyü üçün ona təşəkkür edir. Tamamilə uydurma olan bədii səhnədə Herman “Bu uydurma deyil” mahnısını oxuyur.

Oppenheymer bu filmi bitirdikdən sonra 2014-cü ildə filmin davamı (sikvel) olan “Səssizliyin baxışı” (The Look of Silence) filmini istehsal etdi. Qurbanlar danışmağa hazır idilər, film əvvəl planlaşdırıldığı kimi qurbanların danışığı əsasında çəkilir.

KİMDİR MÜQƏSSİR?

Film uğur qazanması ilə yanaşı, beynəlxalq ictimaiyyəti kütləvi qətliamla bağlı məlumatlandırdı və İndoneziyada geniş səs-küyə səbəb oldu. İndoneziyalılara filmi izləmək üçün theactofkilling.com səhifəsi üzərindən sərbəst giriş imkanı verildi. İllərdir susmuş yerli media filmdən sonra utanaraq və cəsarətlənərək bu mövzuda məqalələr hazırlayır.

 Rejissor Coşua Oppenheymer

Oppenheymer bu filmi ilə “Kral çılpaqdır” deyə bildi. O həmçinin BAFTA mükafatı zamanı Birləşmiş Ştatları və Böyük Britaniyanı İndoneziya hökuməti ilə birlikdə cinayətlərdə iştirak və laqeyd mövqelərinə görə ittiham etdi. Bu ittiham BAFTA-nın onlayn yayımladığı videodan çıxarılıb. Oppenheymer ABŞ Konqres üzvləri üçün filmin nümayişindən sonra, ABŞ-dən qətllərdəki rolunu etiraf etməyi tələb etdi. Bu iştirak çoxsaylı peşəkar tarixçilər, jurnalistlər və beynəlxalq tribunal tərəfindən geniş şəkildə sənədləşdirilmişdir.

Bəs kimdir müqəssir? Korrupsiyalaşmış İndoneziya hökuməti, onlara dəstək verən Qərb və Amerika, bütün bunlara susmuş media və xalq, yoxsa düşmən elan olunmuş insanları pul qarşılığında öldürən qatillər?

İlkin Yusif

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya