İNDİ OXUYUR
İdeyanı daşıya bilməyən zaman maşını

İdeyanı daşıya bilməyən zaman maşını

Taleh Yüzbəyovun öz ssenarisi əsasında çəkdiyi “Bəlkə də” (“ART Bakers” və “Yüz prodakşn”ın birgə istehsalı) filmində maraqlı bir detal var: Habil (Taleh Yüzbəyov)  atasının məzarüstü başdaşına elektron lövhə quraşdırır. O, bu yolla “ruhlar dünyası” ilə əlaqə yaradaraq atası ilə söhbət etmək istəyir. Elektron lövhə tapıntısını çox bəyənmişdim. Amma bu detalın hadisələrin açılmasında heç bir rol oynamaması filmin təsir gücünü xeyli zəiflədib.


Habilin davranışlarından, danışığından onun ruhən böyümədiyi, hələ uşaq qaldığı hiss olunur. Amma biz Habilin nəyə görə bu infantil səviyyəni aşa bilmədiyini öyrənə bilmirik. Film bunun cavabını tamaşaçıya vermir və ya verə bilmir. Sadəcə bunda onun ailəsinin rolunun olduğunu sezirik. Çünki anası iki oğlunun da yanında olmağını istəyir, Habilin ona tez-tez baş çəkməsi üçün halının pisləşdiyini deyir. Zəka (Əlixan Rəcəbov) da qardaşının Bakıda tək yaşamasını qəbul edə bilmir. Habilə onu anasının yanında atıb “azadlığa” çıxdığı barədə eyham vurur. Zəkanın bir dərdi var: ev. O, evlərdən birinin, əsas da şəhərdəki evin onun adına keçirilməsini istəyir. Tamaşaçı Zəka ilə Habil arasında fərqi anlayır: Zəka həyata daha realist baxır, Habil isə idealist bir insandır. Bu məqamda sual yaranır: Niyə Əlixan Rəcəbovun obrazına Zəka adı verilib? Bu, bir növ, istehza xarakteri daşıyır? Yəni, rejissor bizə dövrümüzün idealist habillərin dünyası deyil, praqmatik zəkaların dünyası olduğunu göstərmək istəyir? Əgər belədirsə, Zəka obrazı daha dərin işlənməli idi.


Habil ilə Mələyin görüş yerinin məzarlıqda seçilməsi, onların bir-birinə necə rast gəlməsi gözəl işlənib. Burada başa düşülməyən nüans onların üzlərinə maska taxmasıdır. Deyək ki, obrazların tanışlığı koronavirus (filmin davamında buna işarə ediləcək) dövrünə düşüb, amma tamaşaçı Habil ilə Mələyin sadəcə məzarlıqda maska taxdığını görür. Onların sonrakı səhnələrdə açıq və qapalı məkanlarda maskadan istifadə etdiyini görmürük. Düşünürəm ki, diqqət edilməli məsələlərdən biri idi.


Digər bir məsələ isə, Habilin Mələyə zaman maşınından danışması, Mələyin də o dəqiqə ona inanmasıdır. Bu səhnələr mənə inandırıcı gəlmədi. İlk dəfə rast gəldiyiniz bir insan sizə zaman maşını yaratmaq istədiyini deyir. Siz ona inanmaqdan daha çox, ən pis halda dəli kimi baxarsınız, ən yaxşı halda isə şübhə edərsiniz. Mələkdə biz bu iki halın heç birini müşahidə etmirik. Ümumiyyətlə, Habilin zaman maşını yaratmaq istəyi anasını və qardaşını da təəccübləndirmir. Bu da maraqlı nüanslardan biridir. Filmdə bunun səbəbi göstərilir. Habili anası ilə birgə atasının məzarı başında görürük. Qadın ərindən danışanda onun zaman maşınını düzəltmək xəyalından bəhs edir. Habil isə anasına “niyə bunu mənə əvvəldən deməmisiniz?!” – deyə heyrətlənir. Belə məlum olur ki, ata uşaqlarının zaman maşını kimi xəyalların ardınca qaçmasını istəmədiyi üçün bunu ölənə qədər gizlədib. Bu səhnə filmin axırlarına yaxın deyil, ortalarında verilsəydi, Habil obrazının xarakteri daha yaxşı açıla bilərdi.


Mələk (İranə Kərimova) Habildən keçmişə niyə qayıtmaq istədiyini soruşur. Habil isə xüsusi bir məqsədinin olmadığını deyir. Mələk keçmişə boş-boşuna yox, müəyyən məqsəd üçün qayıtmağın daha mənalı olacağını izah edir. Filmin davamında bu məsələyə yenidən qayıdırıq. Bu dəfə Habil Mələyə atası ilə bağlı xatirələrini danışır. Atasının həmişə ondan smartfon istədiyini, onun isə atasının istəyini daim təxirə saldığını, hətta doğum günündə belə onun arzusunu yerinə yetirmədiyini söyləyir. Atasının kovidə məhz ondan yoluxduğunu və özünü onun ölümündə təqsirli bildiyini etiraf edir. Mələk, Habilin atasına telefon alıb onu sevindirmək üçün keçmişə qayıtmaq istədiyini anlayır. Biz də anlayırıq ki, Habil zaman maşınını atası ilə görüşmək, ondan əfv diləyərək keçirdiyi peşmanlıqdan xilas olmaq üçün yaratmaq istəyir, yəni, bu istək, belə demək mümkündürsə, fərdi mənfəət xarakteri daşıyır. Film davam etdikcə Habilin düşüncələri dəyişir. Bu dəyişikliyi ruhlar onun evinə gələndən sonra müşahidə edirik. Ruhlar ona öz hekayələrini danışandan sonra Habilin məqsədi fərdilikdən çıxaraq daha qlobal, humanist çalarlar qazanır. Çox təəssüf ki, bu vacib məqam, qəhrəmanın transformasiyası ötəri göstərilib və emosional təsiri azdır.


Zaman maşınının hazırlanması, keçmişə qayıtmaq məsələsinin elmi cəhətdən izahı kifayət qədər uğurlu alınmayıb. Habil zamanla (keçmişə qayıtmaqla) bağlı məsələni deja-vü vasitəsilə izah etməyə çalışır. Bunu müəyyən mənada qəbul etmək olar. Ancaq filmin davamında ruhların Habilin evində peyda olması ilə deja-vü arasındakı əlaqə zaman anlayışının açıqlanması üçün kifayət etmir.

Deyilə bilər ki, “Bəlkə də” filmi zaman maşınının ixtirası haqqında yox, daha çox, peşmanlıq duyğusundan, nələrisə dəyişə bilməməyin gətirdiyi ümidsizlikdən bəhs edir. Əgər Habil obrazı ixtisasca mühəndis olmasaydı, bu fikirlə razılaşmaq olardı. Obrazın mühəndis olmağı filmi müəyyən mənada elmi bucağa əyir, Albert Eynşteynlə görüş səhnəsi isə filmin elmi tərəfini qabardır.


Ruhlar nəyə görə onun evinə gəlir? Habil keçmişə qayıtmaq istəyir. Onun digər bir dünyaya – ruhlar aləminə getmək fikri yoxdur. Buradakı anlaşılmazlıq Habilin atasının məzar daşına quraşdırdığı elektron lövhə ilə bağlıdır. Əvvəldə də qeyd etdiyim kimi, bu detalın düzgün şəkildə istifadə edilməməsi (və ya unudulması) məntiqsizliyi ortaya çıxarır. Düşünürəm ki, Taleh Yüzbəyov bu lövhədən istifadə edərək zaman maşını ilə ruhların Habilin evinə gəliş səbəbini izah edə bilərdi. Buna imkan vardı.

Habil keçmişə qayıdaraq tarixdə həlledici rol oynamış bir çox hadisələrin gedişatını dəyişməyə, müharibələrin qarşısını almağa çalışır. Onunla birgə qonşusunun (Əli Əlizadə), Yusif bəy Nəsibbəyovun (Nurlan Rüstəmov), boğularaq öldürülən qadının (Günay Əhməd) ruhları da keçmişə qayıdır. Yusif bəylə əri tərəfindən öldürülmüş qadın keçmişdə özləri ilə bağlı hadisələri dəyişdirirlər.


Bu üç obraz, əslində, Azərbaycanın üç dövrünü – Yusif bəy – Azərbaycan Cümhuriyyətini, öldürülən qadın – Sovet Azərbaycanını, qonşu isə – müasir Azərbaycanı təmsil edir. Bu onların danışdığı dildən, ritorikadan, davranışlarından sezilir. Bu nüans çox gözəl düşünülüb.

Habillə Mələyin birgə işləməyi onların yaxınlaşmasına səbəb olur. Daha doğrusu, Habil Mələyi sevməyə başlayır. Mələyin də hisslərinin qarışdığını hiss edirik. Habil zaman maşınının ilk sınağından əvvəl Mələyə hisslərini etiraf edir. Bu zaman texniki nasazlıq baş verir. Habil huşunu itirir, oyananda isə Mələyi yanında görmür. O gündən etibarən hər yerdə qızı axtarır,  Hətta buna görə Zəkadan da kömək istəyir, polisə də müraciət edir, amma bütün cəhdləri uğursuz olur. Bu nöqtəyə qədər hər şey yerli-yerindədir. Lakin filmin sonlarına yaxın Mələyin ortaya çıxması, onun uzun müddət şəhərdə olması, əvvəllər Habillə gəzdiyi yerlərə yenidən baş çəkməsi, oralarda bəzi şeyləri xatırlaması və sonda Habilin evinin ünvanını yadına salıb onun qapısını döyməsi məsələni bəsitləşdirir. Buna dramaturgiyada “möcüzəvi həll” (Deus ex machina) deyilir (müəllif hadisələrin inkişafında, çətin vəziyyətlərdə məntiqli həll tapmayanda gözlənilməz faktorlardan istifadə edir).


“Bəlkə də” filmində tamaşaçını ən çox yoran məsələlərdən biri, bəlkə də birincisi reklamlardır. Filmə sponsorluq edən şirkətlərin öz məhsullarını reklam etmək istəmələrini başa düşmək olar. Nəzərdən qaçan nüans onunla bağlıdır ki, bu reklamlar (“product placement”) tamaşaçının diqqətini filmdən bu dərəcədə yayındırmamalıdır. Reklamlar filmi o qədər ələ keçirib ki, filmin mahiyyətinin açılmasında əsas nöqtələrdən biri olan Habil ilə Eynşteynin görüşündə dovğa reklamı gedir. Bu böyük qüsurdur. “Zəhər tuluğu” və “Bəlkə də” filmlərində istifadə olunan reklamlar kinonu kino olmaqdan çıxarır, onu vayn səviyyəsinə endirir. Devid Finçerin “Döyüş klubu” filminin bir çox səhnələrində istifadə olunan məşhur qəhvə markasının stəkanları reklam kimi deyil, orada olması lazımmış kimi görünür. Zənnimcə, belə detallar nəzərə alınmalıdır.

Film, aktyor oyunu cəhətdən də zəif təsir bağışlayır. Habil rolunu ifa edən Taleh Yüzbəyovun danışığındakı, hərəkətlərdəki uşaqsayağılıq obrazın xarakterinin tamaşaçı üçün açılmasından daha çox, aktyorun öz rolunu mənimsəyə bilmədiyi təəssüratı yaradır. Mələk rolundakı İranə Kərimova da tərəf müqabili kimi rolunun öhdəsindən gələ bilməyib. Filmin əvvəlindən sona qədər aktrisanın üz mimikalarının dəyişməməsi onun bu rol üçün uğurlu seçim olmadığını göstərir. Ən bəyəndiyim isə Habilin qonşusu rolunda Əli Əlizadə oldu.


Habil və Mələk ən əvvələ, dünyanın başladığı nöqtəyə ilk cinayətin işləndiyini dövrə qayıdırlar. Qarşımızda ilk insanları – Adəm və Həvvanı, təpədən aşağı enən Qabili görürük. Mələk onların dördünün fotosunu çəkir. Şəkildə Habilin yerində müasir Habili görürük. Gələcəkdən gələn Habilin Qabillə səmimi qucaqlaşması, ardınca Mələyin çəkdiyi fotodakı kədərli üz ifadəsi bizim sonluqla bağlı tərəddüddə qalmağımıza səbəb olur. Tamaşaçı eynilə Habil kimi “bəlkələr” haqqında düşünməyə başlayır.

Bütün qüsurlarına rəğmən, Taleh Yüzbəyovu belə çətin və cəsarətli işinə görə təbrik etməliyik. “Bəlkə də”, Azərbaycan kino tarixində zaman maşını mövzusunda çəkilən ilk filmdir. Düşünürəm ki, Taleh Yüzbəyov bundan daha da yaxşı işlərə imza atacaq.

Nəcəf Əsgərzadə

© 2025 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya