Heç kimin görmədiyi həqiqət

Jüstin Trienin “Yıxılmağın anatomiyası” (Anatomie d’une chute) filmi qəribə bir təəssürat yaradır; bu, tamaşaçının nə baş verdiyini anlamadığından yox, əksinə, anlamağından irəli gəlir. Rejissorun sualları niyə cavabsız qoyduğunu daxilən dərk edirsən. Bəs cavab mütləq lazımdırmı? Tamaşaçı açıq finallara öyrəşib – elə finallara ki, film qapını tamaşaçının üzünə bağlamır, onu aralı qoyur, titrlərdən sonra hekayə artıq insanın beynində davam edir. Bəs onda niyə filmə baxandan sonra bizdə qeyri-müəyyən bir hiss yaranır? Çünki açıq final başqadır, nümayişkaranə qeyri-müəyyənlik isə tamamilə başqa. Samuel yüksəklikdən yıxılaraq ölür. Yıxılma anını heç kim görməyib və bu andan etibarən film sanki bizə deyir: “Öz həqiqətinizi seçin”. İntihar? Bədbəxt hadisə? Qətl? Axı, kinoda təkcə “nə baş verdi?” sualı önəmli deyil. Daha önəmlisi budur: biz niyə bunu bilməyi bu qədər canfəşanlıqla istəyirik? Sandra bizim üçün məhkəmə sisteminin təsadüfən kabusa sürüklədiyi günahsız bir qadın deyil. O, həddindən artıq mürəkkəb və ziddiyyətli bir obrazdır. Onda soyuqluq, güc, qıcıq, intellektual üstünlük oxunur. Ən əsası isə, onunla Samuel arasında bizim heç vaxt tam olaraq görə bilməyəcəyimiz bir keçmiş (hekayə) var. Deməli, bizim son dəqiqələrdə nə baş verdiyini bilməyimiz mümkün deyil. Lakin kino bizə həqiqəti deməyə borclu da deyil. O, bizi şübhə ilə yanaşı yaşamağa məcbur edə bilər.
Bəs onda niyə filmdəki məhkəmə bu qədər vacib personaja çevrilir? Çünki bu, artıq Samuelin ölümünün mühakiməsi deyil. Bu, bir nikahın mühakiməsidir. Təkcə Sandranı mühakimə etmirlər. Onun sözlərini, intonasiyasını, seksuallığını, xarakterini, əri ilə olan münasibətlərini və bir ana kimi mühakimə edirlər. Hətta onun mürəkkəb bir insan olmaq hüququnu belə sorğu-sual edirlər. Məhz bu məqamda film adi bir detektivdən qat-qat daha maraqlı formaya keçir. Çünki qorxunc bir həqiqət üzə çıxır: qətli sübut etmək üçün cəmiyyətə bəzən təkcə dəlillər kifayət etmir. Cəmiyyət ilk növbədə həmin insanın qətl törətməyə qadir olduğunu sübut etmək istəyir.

Bəs onda Danielə nə olur? Bax, filmin ürəyi məhz buradadır. O, valideynlərinin iki fərqli versiyası arasında qalan bir uşaqdır. Onun üçün atası artıq sadəcə ata deyil, anası artıq sadəcə ana deyil. Onların ailə hekayəsi həlli tapılmayan bir tapmacaya çevrilir. Ən qorxulusu isə odur ki, böyüklər ona hazır bir cavab vermək istəyirlər. O isə öz şəxsi cavabını seçmək məcburiyyətində qalır. Onun qərarı heç nəyi sübut etmir. O yalnız bir şeyi göstərir: insan bəzən keçmişin elə bir versiyasını seçmək məcburiyyətində qalır ki, onunla yaşamağa davam edə bilsin. Və məhz bu zaman Snup da – o it – demək olar ki, simvolik bir personaja çevrilir. İnsan, məhkəmə və tamaşaçı sübutlar axtarır. İt isə sadəcə yanında qalır.
“Yıxılmanın anatomiyası”nda yıxılan yalnız insan deyil. Nikah, etibar, yaxın bir insanı həqiqətən tanıdığımız barədə təsəvvürlərimiz də puç olur. Obyektiv həqiqət ideyasının özü dərəyə yuvarlanır. Müəyyən bir məqamda anlamağa başlayırsan: Samuel pəncərədən yıxıldığı andan daha əvvəl də ölə bilərdi. Onların münasibətləri, bəlkə də, onun ölümündən çox-çox əvvəl can vermişdi.

Lakin adama elə gəlir ki, rejissor cavabın qeyri-mümkünlüyündən həddindən artıq şüurlu şəkildə həzz alır. Əsgər Fərhadinin filmlərində, Tomas Vinterberqin “Ov” (The Hunt) filmində də qeyri-müəyyənlik, mənəvi tələ və bəsit bir cavabın olmaması var. Amma orada qeyri-müəyyənlik elə həyatın özündən doğur. “Yıxılmanın anatomiyası”nda isə biz rejissorun əlini hiss edirik, sanki bizə belə deyilir: “Həqiqəti öyrənməyə çalışmayın. Onun mövcud olmamasından zövq alın”.
Başlanğıcda biz “Sandra Samueli öldürdü?” – deyə soruşuruqsa, sonda tamamilə başqa bir sual veririk: “Biz, ümumiyyətlə, sevdiyimiz insanı tanıya bilərikmi?” Bununla belə, bu filmin sualı bu gün də aktual olaraq qalır: “Yaxşı, bu, qətl idi, yoxsa intihar?” Amma əgər məni seçim etməyə məcbur etsələr, “qətl” deyərdim. Film bunu sübut etdiyi üçün yox, öz əsas işini gördüyü üçün: o, bizi hətta sübutlar yetərsiz olduqda belə şübhə etməyə məcbur etdi. Və bəlkə də yıxılmağın əsl anatomiyası elə bundan ibarətdir – insan tək yıxılır. Onun yaxınları isə hələ uzun müddət onunla bərabər yıxılmağa (düşməyə) davam edir.
Biz filmin finalını qəbul edirik, lakin rejissorun bu oyununu tam yox. Amma yaxşı kino, yəqin ki, özündən sonra bir narazılıq (mübahisə) hissi buraxmalıdır. Rejissorla, filmlə və hətta insanın özü ilə olan narazılığını.

Filmdə Sandra obrazını Sandra Hüller canlandırır. Bu, aktyorun personajı “oynamadığı”, onun daxilində var olduğu nadir hallardan biridir. Onun işi ən incə keçidlər üzərində qurulub: soyuq rasionallıqdan tutmuş, demək olar ki, instinktiv (heyvani) həssaslığa qədər. Hüller tamaşaçıya heç bir emosional ipucu vermir və məhz buna görə də onun qəhrəmanı prinsipial olaraq tapmaca kimi qalır. Daniel rolunu Milo Maçado Qraner ifa edir. Onun ifası filmin emosional mərkəzinə çevrilir. O, dramı nümayiş etdirmir, onu özünə çəkir (sorur). Onun sükutu və fasilələri istənilən replikadan daha güclü təsir bağışlayır, uşağı münaqişənin iştirakçısına deyil, mənəvi şahidinə çevirir. Svann Arlo Sandranın vəkili rolunda empatiya ilə peşəkar məsafə arasında tarazlıq saxlayan intellektual müdafiəçi obrazı yaradır. Oyunu teatrallıqdan uzaq, dəqiq bir hüquqi mexanikadır. Loran Tanqüinin operator işi, onun kamerası son dərəcə funksional, demək olar ki, sənədli xarakter daşıyır. Məhkəmə məkanı hər bir rakursun müşahidə və interpretasiya ideyasına xidmət etdiyi qapalı bir analitik mexanizm kimi lentə alınıb. Onun üçün iriplanlı çəkilişlərlə işləmək vacibdir: kamera emosiya axtarmır, o, emosiyanın yoxluğunu və ya gizlədilməsini qeydə alır. Bu, tamaşaçını prosesin daha bir iştirakçısına çevirən daimi bir “baxışla sorğu-sual” effekti yaradır.
“Yıxılmanın anatomiyası” filmi 2023-cü ildə Kann Kinofestivalının “Qızıl Palma Budağı” mükafatını, 2024-cü ildə “Ən yaxşı ssenari” nominasiyasında “Qızıl Qlobus” mükafatını, 2024-cü ildə “Ən yaxşı orijinal ssenari” nominasiyasında “Oskar” mükafatını qazanmışdır. Jüstin Trienin “Yıxılmanın anatomiyası” filmi klassik mənada detektiv və ya məhkəmə dramı deyil. Bu, qəti (mütləq) bilginin qeyri-mümkünlüyü haqqında bir filmdir. O, məhkəmə prosesini qavrayış üzərində fəlsəfi eksperimentə çevirərək həqiqət ideyasının özünü dekonstruksiya edir. Trie münaqişənin həllindən şüurlu şəkildə vaz keçir, lakin bunu intriqa xatirinə deyil, insan baxışının fundamental qeyri-sabitliyini nümayiş etdirmək üçün edir. Bu mənada, film janr kinosundan daha çox, Fərhadi yaradıcılığına yaxındır, lakin ondan soyuq intellektual məsafəsi ilə fərqlənir. Və əgər finalda tamaşaçı hələ də “nə baş verdi?” sualını verirsə, deməli, film artıq ən əsas işini görüb: diqqəti hadisədən interpretasiyaya (şərhə) yönəldib.
Burada yıxılmaq (düşmək) bir hadisə deyil. Yıxılmaq – əminliyin parçalanması (süqutu) prosesidir. Bu parçalanmada Jüstin Trienin kinosu özünün əsas məqsədinə çatır: tamaşaçını etiraf etməyə məcbur edir ki, kinoda həqiqət cavab deyil, şübhənin bir formasıdır; bu üsluba isə dünya kinematoqrafiyasının heç də bütün rejissorları sadiq qalmır.
Elçin Əsədov