İNDİ OXUYUR
“Hal”a halal deyəkmi?

“Hal”a halal deyəkmi?

Azərbaycanın tanınmış mədəniyyət xadimi Sədaqət Kərimovanın öz “Hal” romanını ekranlaşdıracağı xəbəri bir anlığa illüziyaya qapılmağıma səbəb olmuşdu. Hindistan, İngiltərə və Hollivudun birgə istehsalı olan məşhur “Ədviyyatlar şahzadəsi” filmi canlanmışdı xəyalımda. Doğrudanmı, bizim kinomuz da bunu bacaracaq? Yəni, “Hal” romanının qəhrəmanı Rəhman meşə şahzadəsi ola biləcəkdimi?

Eyni zamanda bu obrazın tərəf müqabili roluna “Soyuq günəş” filmindən sonra öz gözəl ifası və həm də gözəl siması ilə sevilən İranə Kərimovanın çəkiləcəyini də biləndə onun gözəlliyi ilə “Ədviyyatlar şahzadəsi” filminin qəhrəmanı, dünya gözəli Ayşvari Ray arasında paralellər də qurdum. Sözsüz ki, bu düşüncələrimi illüziyalarımın sərhədsizliyi ilə bağlı bir hal adlandırmaq olar.

Bu yaxınlarda “Nizami” Kino Mərkəzində təqdimatı keçirilən “Hal” filmi haqda yazıma belə romantik və şairanə girişlə başlamağıma haqq qazandırmaq istəyən olsa, onlara “Hal” romanını oxumağı tövsiyə edərdim. Bu romanda da qəhrəman məşhur “Ədviyyatlar şahzadəsi”ndəki kimi, insanları bitkilərlə sağaldır, burada da eşq-məhəbbət süjetin ana xəttini təşkil edir. Təbiətlə harmoniyada olan bir qəhrəmanın obrazını kino dililə canlandırmaq elə də asan deyil. Sədaqət xanım bunu ustalıqla bacarsa da, qəhrəmanın daxili aləmini, çiçəklər, heyvanlarla təmasını kino dili vasitəsilə açmaq həm də yüksək səviyyəli kino texnikası tələb edir.


Hollivud üçün “Ədviyyatlar şahzadəsi”ndə bu bir çətinlik yaratmayıb, əlbəttə.

Əlavə olaraq onu da bildirim ki, Sədaqət Kərimova çıxışlarında filmlərini öz maddi imkanları və dost-tanışının təmənnasız dəstəyilə reallaşdırdığını dəfələrlə qeyd edib.

Sədaqət xanım insan psixologiyasının dərin qatlarına sirayət edə bilən qələm sahibidir. Onun “Hal”dan əvvəl çəkdiyi iki filmi – “İtən gündəlik” və “Səssiz haray” adlanır. O, sənətkarcasına eyniadlı iki nəsr əsərinin ideyasını elə adlarında lakonik şəkildə verməyi bacarır.

Məsələn, “İtən gündəlik”də ləzgi uşaqlarının məktəb və ailə həyatında baş verən hadisələr çərçivəsində insan psixologiyasının çox təzadlı hisslər düyünü, eşq və intiqam hisslərinin ibtidai rüşeymi aşkar olur.

Biri-birinə vurğun olan iki yeniyetmə, biri-birinə ehtiyacları olduğunu məhz biri-birilərini itirdikdən sonra başa düşürlər. Doğrudur, burada eşq və intiqam hissindən danışmaq bir qədər mübahisəlidir, çünki bu uşaqlar məktəbli yeniyetmələrdir. Klassik əsərlərdəki coşub-daşan, sonu faciə ilə bitən eşq macərası yoxdur burada. Və ən maraqlısı da elə budur ki, eşq və intiqam hissi burada çox sadə bir həyatın fonunda verilir. Məktəbli qız sevdiyi oğlandan əvəz çıxmaq üçün gözünü yumub sevmədiyi adama ərə gedir. Hətta bu hiss o qədər dərin olur ki, o öz gələcəyinə belə əlvida deyib məktəbi, oxumağı atır.

Çox sadə həyat hadisəsi təsiri bağışlasa da, nəql edilən hekayənin ideyası filmin (əsərin də) təkcə adında lakonikləşdirilir. Filmdə, həqiqətən, gündəliyini itirmiş digər bir məktəbli obrazı olsa da, “İtən gündəlik” adı, əslində, iki sevən qəlbə günbəgün dolan məhəbbət hissinin birdən-birə itməsinə işarədir. Yəni, məhəbbət itmir, o, itən gündəlik olaraq, səhifələri yazılmış şəkildə yoxa çıxır. Yazıya isə pozu yoxdur.


Bəli, Sədaqət xanımın yaradıcılığının əsas məziyyəti budur; o, insana xas dərin psixoloji halların sadə həyat hadisələri fonunda lakonik ifadəsini kəşf edə bilir.

“Səssiz haray” filmi də eləcə. Filmdə, əslində, haray çəkən – müəllifin özüdür. Cəmiyyətdə üzləşdiyi haqsızlığa, əyrilik və naqisliklərə qarşı səssiz harayını çatdırır o burada. Çatdıra bilirmi?

“Əlbəttə”, deyərdim. O, kimsəsizlər, öz doğmaları tərəfindən atılmışlar, evsiz-eşiksizlər arasında bir bağlılıq forması təklif edir cəmiyyətə. Deyir ki, belə insanların bir isti ocağa, qayğıya olan ehtiyacından istifadə edərək, dövlət malına xəyanət edən acgözlərə, mənəviyyatsızlara qarşı mübarizə üsulu var. Bu üsul, qəlbini sığınacağa çevirən yüksək mənəviyyatlı insanların varlığı ilə reallaşa bilər. Məhz belə ucalığın sahibi olaraq, əsərin qəhrəmanı özü kimi iki talesizi də götürüb tənhalığa dözməyərək evini tərk etdikdən sonra qaldığı sığınacaqdan qaçır. Ola bilsin ki, onun evində darısqallıq olacaq, yeyib-içmək çatmayacaq, ancaq bu, nə böyük qəlbli o xanımı, nə də ona qoşulub sığınacaq idarəsini tərk edən binəsibləri qorxutmur. Filmin cəmiyyətə ötürdüyü mesaj məhz bu məqamda səssiz haray çəkir: “İnsanlar, bu dünyada sığınmağa insan qəlbindən də böyük və təhlükəsiz bir sığınacaq varsa, deyin, o haradadır?”

Deyərdim ki, Sədaqət xanım da öz filmlərinə yeni bir kino sığınacağı kəşf etmiş bir sənətkar sayılmalıdır. Belə ki, o da öz filmlərini dövlət büdcəsindən ayrılan vəsait hesabına çəkmək iddiasında ola bilər. Yazıb-çəkdiyi əsərlərin ideya-bədii dəyərinə, insan psixologiyasının dərin qatlarına sirayət etmək ustalığına görə, ən vacibi isə, Azərbaycanın ən böyük milli azlığı sayılan ləzgilərin etnik, mənəvi dünyasını, adət-ənənələrini işıqlandıran bir sənət nümunəsi kimi yaratdığı filmlərin kinomuzun dəyərli ədəbi materialı olması nöqteyi-nəzərindən bu mümkündür. Çox kinematoqrafik dili var onun əsərlərinin.

Kinomuzun istedadlı rejissoru Elşən Zeynallı məhz bu keyfiyyətlərini nəzərə alıb onun “Soyuq günəş” romanını ekranlaşdıraraq, daha doğrusu, filmi öz rejissor imzası ilə yaratmağa nail olaraq böyük uğur da qazandı. 2020-ci ildən bəri yutub platformasında 20 milyona qədər baxış sayı toplamış bu filmə dünya baxıb. Yaradıcı heyətlə söhbətlərimdə onlar mənə filmi hansı çətinliklər bahasına ərsəyə gətirdiklərindən danışanda ağlıma gələn ilk sual bu oldu: “Sədaqət xanım yazıçıdır, şairdir, bəstəkardır, jurnalistdir. Üstəlik, digər yaradıcılıq sahələrində də uğurlar qazanırsa, niyə çox böyük çətinliklər bahasına film çəkməkdə maraqlıdır?” Sualıma şairanə cavab vermək istəyirəm, elə onun öz əsərinin dililə. Bu, bir yaradıcı şəxsiyyət olaraq onun səssiz harayıdır. Çətin, keşməkeşli bir dövr yaşayan kinomuza öz hücrəsində sığınacaq vermək istəyidir.


Öncə haqqında söhbət açdığım “Hal” filmi Sədaqət xanımın sayca dördüncü filmidir. Böyük uğur qazanmış “Soyuq günəş” filmindən (rejissor Elşən Zeynallı) fərqli olaraq, digər üç filmin həm rejissoru, həm ssenari müəllifi, həm prodüseri, həm bəstəkarı Sədaqət Kərimovanın özüdür. Bu filmlərin hər biri tamaşaçılara həm böyük ekranda, həm də yutub platformasında təqdim olunub.

Qeyd edim ki, bu filmlərdən yalnız “Hal”a böyük ekranda baxa bildiyim üçün, eyni zamanda, tamaşaçılarla da ünsiyyət qurmaq imkanından istifadə etdim. Filmin başlanmasına az qalmış, tamaşaçıların “Yarqunat, Yarqunat” deyib, gözəl aktrisa İranə Kərimovanın başına toplaşması nəzərimdən qaçmadı. “Soyuq günəş”dən sonra şöhrət qazanan bu gənc aktrisanın “Hal”da da baş rola dəvət alması gözlənilən idi. Filmin adı abstrakt bir məfhumu ifadə etsə də, İranə xanımın burada yaratdığı obraz məhz “Hal”ın özü idi. Ona görə də, insan psixologiyasının çox dərin bir qatını kinonun dililə görünən etmək istəyən müəllif, bunu məhz bu gənc aktrisanın yaratdığı Selmiya obrazının taleyi fonunda təqdim etməyə cəhd göstərmişdir.

İnsan, həyatında müxtəlif hallar yaşaya bilər. Ancaq elə bir hal da ola bilər ki, orada ümid və ümidsizlik, olum ya ölüm, şəhvət və ülviyyət, sevmək və ondan uzaq qaçmaq və digər biri-birinə qarşıdurmada olan hisslər insanın daxili yanğısına, çaşqınlığına səbəb olar. Bu hal biri-birinə qovuşmaq istəyən iki insanın həyatda üzləşdiyi qadağalar məngənəsində də baş verə bilər. Belə dərin psixologizmə yüklənən kino dili tapılıbmı “Hal”da?

Filmin ilk kadrında sürrealist kino diliylə danışmaq istəyən rejissor “kobud” montaj üsulundan istifadə etdiyindən tamaşaçıya elə gəlir ki, texniki nasazlıq ucbatından kadr itdi. Ancaq, xeyr. Budur, titrlər gedir: Rəhman-Mir Sahib Qabiloğlu, Selmiya-İranə Kərimova – filmin iki baş qəhrəmanının adları.

Kinoteatrın girişində qoyulmuş afişada da təbiət fonunda onların romantik halı təsvir olunmuşdur.

Əfsuslar ki, o romantik, daha doğrusu, ilahi fonu ekranda görə bilmədim. Ekranda nə təbiət danışa bilmişdi, nə də təbiətə rezonans olan qəlb çırpıntıları – Rəhmanın qəlbi. Ekranda zərif qəlbli Rəhmanın yaraşıqlı, pəhləvan cüssəsi onun duyulan deyil, görünən tərəfidir.


Filmin sonunda Rəhmanın Selmiyaya qovuşduğu epizodda o, Selmiyanın yoxa çıxması ilə meşənin dərinliyində diz çöküb nalə çəkəndə təkcə onun səsi eşidildi, nalənin ekran dili yox idi. Daha əvvəlki kadrda da Rəhmanın Selmiyaya “Sən mənim halımsan” deməyi, qulağımı çox gözəl bir şeir misrası kimi oxşasa da, əfsuslar ki, bu şairanə misralar səviyyəsinə ucalan bir görüntü yox idi filmdə. Təbii ki, bu məqamda tək aktyor oyunu deyil, operator işi, rakurs, işıq və digər kino dili elementlərinin birgə bağlılığı nəzərdə tutulur. Əlbəttə, çox romantik bir mövzuya söykənən film olduğu üçün “rejissor tapıntısı” deyilən bir sirrə də ehtiyac olur bu məqamda. Filmdə Selmiyanın ölüb-ölmədiyi naməlum qalır. Süjet xətti onun faciəli taleyinin hekayəsi ətrafında uzandığından, qadına şiddət probleminin qabardılması ilə mövzu şaxələnir. Ərinin təpikləri altında əzilən, qanına qəltan edilən Selmiya rolunda İranə Kərimova gözəlliyi solmuş, müti bir qadın obrazını canlandırır. Yəni, aktrisanın ampluası onu məşhur edən “Soyuq günəş”dəki ampluasından uzaq görünmür.

Rejissor filmin təqdimatında “Hal”dakı mistikanı da vurğuladı. Əgər müəllif mistikadan söhbət açanda meşədə tənha qalmış Selmiyanın kadrda mistik bir varlığa (müəllif bunu “hal qadın” adlandırır) bənzədilməsini filmin mistika janrına yaxınlığı kimi qəbul edirsə, onda mən halı insan psixologiyasının bir durumu kimi qəbul etməkdə yanılmışam. Filmdə epiloq kimi verilmiş “Yaşatdıqlarını yaşamadan ölməzsən” kəlamında, əlbəttə ki, mistika mövcuddur. Ancaq, bu, sözdür, film deyil və hamının “hal”deyib, qorxub qaçdığı Selmiya da filmi mistik etmir.


Ola bilsin ki, mən çox dərinə gedirəm.  Bəlkə, indi hər hansı bir hadisəni çəkməyin çətin bir peşə olmadığını qəbul edərkən belə dərinliyə getmək yolverilməzdir. Çünki müasir dövrümüzdə adi telefonla da, süni intellektin köməyilə də film çəkmək mümkündür. Üstəlik, kino aləmində bu vasitələrlə yaradılmış dəyərli ekran nümunələri az deyil. Bir ekran əsərinin dəyəri insanın hiss və duyğularına təsir gücüylə ölçülür. Bu təsir olmadan filmdən nəticə çıxarmağımız da müşküldür. Bu arada maraqlı bir məqamı, kino sahəsində çalışmayan bir tamaşaçının “Hal”a baxandan sonra söylədiklərini olduğu kimi qeyd edirəm: “O qədər peşəkarcasına qurulmuş səhnələr, seçilmiş məkanlar, uyğun aktyor heyəti və musiqi seçimi məni çaşdırmışdı. Bu cür mükəmməl işi ancaq Sədaqət xanım kimi unikal insanlar görə bilər”. Bəli, baxdıqları filmə kino terminlərilə dəyər verən tamaşaçılarımızın varlığı kinomuzun inkişafına dəstəkdir; tamaşaçının sözünə istinadən, Sədaqət xanımın unikallığı da danılmazdır. Tamaşaçının qeyd etdiyi səhnələr, seçilmiş məkanlar da, uyğun aktyor heyəti də, musiqi seçimi də peşəkar ola bilər, ancaq bir film ilk növbədə tamaşaçının hiss və duyğularına təsir etməlidir. Əgər bu yoxdursa, film elə həyatda rastlaşdığımız adi həyat həqiqəti, hadisəsi olmaqdan kənara çıxmır.

“Hal”da insan talelərinin hekayəti var. Amma bu qeyri-adi taleləri kinoya onun bədii həlli, daha doğrusu, kino dililə təsir gücü çevirə, onu ekran əsəri səviyyəsinə qaldıra bilər.

“Hal”ın çox cəlbedici, maraq doğuran adı var. Ancaq, bu adı filmin ilk kadrında görünən, müəllifin “Hal qadın” adlandırdığı obrazla bağlamağı bacarmayıblar.

Çox böyük bir aşiqin – Rəhmanın sevdiyinə – Selmiyaya “Sən mənim halımsan” izharının dərinliyində idi bu kəlam. Çox kədərli və acı tale yaşayan Selmiyanın məsumluğunda, həm də müqavimətində idi bu kəlam. Əfsuslar ki, “Hal” bunu mənə vermədi, gözləntilərimi doğrultmadı.

Çox arzu edərdim ki, kinomuzun əməkdaşlıq əlaqələrinin genişlənməsi sayəsində Sədaqət Kərimovanın “Hal” əsəri elə “Ədviyyatlar şahzadəsi” kimi, bir neçə ölkənin birgə əməkdaşlığı ilə dünya ekranlarına çıxmaq imkanı qazansın. “Hal”a belə yüksək dəyər ancaq və ancaq halal ola bilər.

Sədaqət Kamal

© 2025 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya