Now Reading
Hacının San-Sebastyan səfərinin dördüncü günü

Hacının San-Sebastyan səfərinin dördüncü günü

Günə, İspaniyanın son illərdə ən parlaq müəlliflərindən olan Albert Serranın “Günortaların tənhalığı” sənədli filmi ilə başladım. Filmin əsas mövzusu İspaniyada keçirilən və Korrida adı ilə tanınan öküz döyüşləridir. Bu, idman növündən daha çox tamaşadır. 10-12 nəfərlik komanda bir öküzü oynadaraq yekunda öldürməyə çalışırlar. Hətta burada müxtəlif vəzifə bölgüləri də var. Əvvəlcə, pikadorlar meydana çıxır və öküzləri nizələrlə vuraraq zəiflətməyə çalışır. Sonra isə pikador, yerini tamaşanın əsas qəhrəmanı olan matadora verir. Matador əlində tutduğu qırmızı parça ilə öküzü özünə cəlb edir, onu aldatmağa çalışır və öküz yorğun düşəndən sonra əlindəki qılıncla onu öldürərək qanına qəltan edir. Korridaçılar öz aralarında bu tamaşalara “günorta” deyirlər və ilk baxışdan insanda elə təəssürat yaranır ki, bu film əzabkeş bir matadorun yaşadığı əzab-əziyyət barədədir. Baş verənlərə baxdığımız zaman ilk baxışdan məhz belə görünür: Matador bütün çətinliklərə sinə gərir, əclaf öküz onu yaralamağa çalışsa da, əsl kişilik göstərərək ayağa qalxır və bütün gücünü toplayaraq öküzü məhv edir. Andres filmin qəhrəmanıdır və onun həyatı məhz bu axarda keçir. O, xalq arasında xeyli şöhrət də qazanıb. Bu yarışı meyxana deyişməsi ilə müqayisə edə bilərik: Burada, sözlə bir-birindən üstün olmağa çalışan insanlar əvəzinə, insanla öküz kəllə-kəlləyə gəlir və bir-birini məğlub etməyə çalışır. Əksər hallarda isə öküz məğlub olur. Üstəlik bu qanlı tamaşadan xeyli insan zövq alır və cuşa gəlir.

“Günortaların tənhalığı”


Albert Serra müəllif yanaşmasını filmə yavaş-yavaş daxil edir. Film, matadorun tənhalığına vurğu edərək başlayır. Maşında, ətrafında insanlar olsa da, o həmişə ön plandadır. Döyüş meydanında da kamera anbaan onu izləyir və nəzərdən qoymamağa çalışır. Bütün film maşın və döyüş meydanı arasında get-gəl arasında keçir. Bəzən isə matadorun dəbdəbə ilə geyinməsini, özünü amansız öküzlə mübarizəyə hazırlamasını görürük. Hadisələr təkrarlandıqca absurd teatr ab-havası yaranır və müəllifin ideyası ortaya çıxmağa başlayır. Sən demə, burada tənha olan matador yox, öküz imiş. Bir öküzün üstünə 10 nəfər hücum edir, öküz səhvən matadoru vursa, “xalq düşməni” elan edilir və daha tez o biri dünyaya vasil olur.
Serra, təkcə öküzlərin məruz qaldığı fiziki zorakılığa işıq tutmur, eyni zamanda, İspaniya mədəniyyətində özünə yer tapan “qəhrəmanlıq” anlayışına, çarəsiz öküzü öldürərək özlərini yaxşı hiss etmələrinə, bu tamaşa ətrafında öz kimliklərini necə qurduqlarına, hətta öz eqolarını bu yolla necə razı saldıqlarına ironiya edir. Hazırlıqsız tamaşaçı üçün film sadəcə eyni hadisələrin təkrarıdır və sıxıcıdır. Ancaq, müəllifin yanaşması elə bu sıxıcılıqdan ortaya çıxır: Bütün bu öküz döyüşləri, onun ətrafında qurulan anlayışlar və özlərini həyatda təsdiq cəhdləri sıxıcı, mənasız, bezdirici, hətta utancvericidir. Albert Serranın ustalığı bundadır ki, filmi birbaşa anlayanlar üçün o matadorun bir neçə döyüşünü əhatə edən sənədli formada təqdim edir. Lakin həqiqət həmişə birüzlü olmur və Serra ikinci üzü də göstərməkdə ustad olduğunu sübut edir.

Albert Serranın ağır filmindən çıxıb, Türkiyə heyətinin iştirakı ilə “Filming in Türkiye” tədbirinə qoşuldum. Bu, Türkiyə dövləti tərəfindən, öz ölkələrinə daha çox prodüseri, yaradıcı insanı cəlb etmək üçün təşkil olunmuş tədbirdir. Tədbirdə Türkiyənin İspaniyadakı səfiri, Türkiyə Kino bölməsinin rəhbəri və “Gülizar” filminin prodüseri qatılmışdılar. Onlar ölkələrinin güclü tərəflərindən bəhs etdilər: Həm iqlim, həm antropogen landşaft istənilən çəkiliş üçün uyğundur. “Seriallardan yığdıqları təcrübələr Türkiyədəki film heyətlərinin sürətli işləmək bacarığına təsir edib. Serial sektorunun inkişafı, texniki avadanlıqların ən müasirlərlə əvəzlənməsinə gətirib çıxarıb və Türkiyədə hər cür çəkiliş etmək mümkündür. Ancaq xeyli potensiallı və təcrübəli kadrlarımız var ki, film çəkmək, kino sənayesində iştirak etmək istəyirlər. Gəlin, birlikdə işləyək. “Minority co-production” (Bu, filmin bir neçə ölkə tərəfindən dəstəklənərək çəkildiyi zaman, bir ölkənin filmin az hissəsinə sahib olmasına verilən addır.) üçün yetəri qədər müraciət almırıq. Siz müraciət edin”. Türkiyə Kino Bölməsinin rəhbəri Birol Güven belə deyir. Öz güclü və zəif tərəflərini düzgün dəyərləndirib yeniliklərə açıq olmaq hər zaman inkişafa gətirib çıxarır. Türkiyə bu sahədə nüfuza sahib olsa da, bunu daha da genişləndirmək üçün əmək sərf edir. Ümumilikdə bu cür tədbirlər, müzakirələr insanlarda yeni pəncərələr açır. Ona görə də biz kinomuzun inkişafını istəyiriksə, daha çox təmsil olunmalı, daha çox danışmalı və müzakirələrə qoşulmalıyıq.


Türkiyənin keçirdiyi tədbirdən çıxıb özümü yeni bir macəraya hazırlayıram. Leos Karaksın ortametrajlı (40 dəqiqə) filmi “O, mən deyiləm”i izləməyə yollanıram. Film bitdikdən sonra rejissorla da söhbət olacaq deyə həvəsim daha da artır. Film bitir, özlüyümdə rejissorun dünyasını anlamağa çalışıram: Kino tarixindən müxtəlif dövrlərə aid olan referanslar, sənədli görüntülər, siyasi ismarışlar və daha nələr-nələr. Karaks öz yaradıcılığına yenidən nəzər saldığı bu filmdə kino dilinin sərhədlərini yoxlamağa çalışır. Bu yoxlamaları isə həm siyasi ismarışlarla, həm də ekzistenzial suallarla doldurur. “Kino bizim həyatımızı dəyişirmi?” “Kinonu istifadə sərhədlərimiz nədir?” kimi təməl suallara istinadən kollajlar təqdim edir. Bu kollajı, özünü ciddi qəbul edərək, intellektual ədası ilə etmir. Əksinə, öz yaradıcılığı daxil hər şeyi ələ salaraq onlara yenidən nəzər salmağa çağırır. Bu film bitkin fikirlərdən daha çox, müxtəlif fikirlərin “popurrisi”dir və Karaks üstümüzə müxtəlif suallar, əyləncəli məqamlar ataraq kənara çəkilir.


Film bitdikdən sonra rejissora müxtəlif suallar verilir. Onun ingiliscə danışığı, elə filmləri kimidir. Sistematik izaha hövsələsi çatmır, uzun sualların əvvəlini unudur, düşünməmək üçün bilmirəm deyib aradan çıxır. Ancaq, auditoriya onun damarını tutmağı bacarır. Tamaşaçılardan biri filmin eksperimentallığını Qodarla əlaqələndirir və Leosun Qodar barədə nə düşündüyünü soruşur. Karaks isə deyir ki, biz Qodarla çoxdan tanışıq və bu filmi çəkəndə artıq onun ölümə yaxın olduğunu bilirdim. Bilərək etməmişəm, ola bilər təhtəlşüurumda gedən proseslərdən dolayı belə alınıb. Daha bir maraqlı məqam isə “insanlar üçün film çəkmək” barədədir. Karaks deyir ki, bəzi ideyalarım var, ancaq, onların tamaşaçısı – insanı yoxdur – elə buna görə də tamaşaçısı – insanı olan filmlər çəkməyə çalışıram. Kinonun tamaşaçı ilə qurduğu və qurmalı olduğu əlaqə barədə vacib məqamdır, rejissorun dediyi. Aktyor seçimini necə etdiyini və yaradıcılığa necə yanaşdığını belə izah edir: “Bəzən bir insan sifəti görürəm və həmin sifət məni hərəkətə keçirir. Lazım olan sifəti, mizanı, işığı, səhnəni, ritmi tapmağa çalışıram. Film çəkmək mənim üçün uşaq oyuncaqları ilə oynamaq kimidir. Müxtəlif materiallarla oynayaraq özümə maraqlı olanı tapmağa çalışıram. Nə montaj etmək bacarığım var, nə də kameradan başım çıxır. Ancaq, doğru insanları tapanda bunları bilməsən də, film çəkmək mümkün olur. Mən universitetdə oxumamışam, kiməsə bunu tövsiyə edə bilmərəm. Tək tövsiyəm odur ki, insanlarla tanış olun, əlaqə qurun, onlardan öyrənin və doğru insan olduğunu düşünürsünüzsə, əməkdaşlıq edin, birgə nəsə yaradın”.

Hacı Səfərov

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Scroll To Top