İNDİ OXUYUR
Estlundun kədəri

Estlundun kədəri

Ruben Estlundun sonuncu – “Kədər üçbucağı” filmi, rejissorun özünəməxsus Avropa cəmiyyətinə dair müşahidələrini və klişelərini təqdim etdiyi növbəti filmidir. Estlund daha əvvəlki filmi “Kvadrat” ilə də Kann Film Festivalında “Qızıl Palma Budağı”nı qazanmışdı və bu film ilə də eyni uğuru təkrarlamağı bacarır. Əgər “Kvadrat”da hadisənin mərkəzində müasir incəsənət və incəsənətə qarşı insanların, anlamasalar belə, ciddi və dəbdəbəli münasibəti dayanırdısa, bu dəfə rejissor başqa müasir mövzulara – sosial şəbəkə influenserlərinə, modelyerlərə və rusiyalı oliqarxlara müraciət edir. Rejissorun obrazlara və onların düşdüyü situasiyanın nəzəri karikaturasını aşa bilmir, sadəcə, öyrənilmiş stereotiplərlə ənənəvi Qərb cəmiyyətini tənqid edir. Sözügedən tənqidin təfsilatına varmamışdan öncə, obrazlarımızı tanımalıyıq. Beləliklə, başlayırıq!

Karl və Yaya – münasibətlərinə tam ad qoya bilməyən Karl (Harris Dikinson) və Yayanın (Çarlbi Din)  konflikti restoranda ortaya çıxır. Rejissor özünün “Fors Major” filmindəki bir problemi ortaya atır: hesabı kim ödəyəcək? Özlüyündə ciddi bir məsələ kimi görünməyən konfliktin vasitəsilə rejissor, feminizmi restoranda ödəniş etmək vasitəsilə araya alır. Səhnənin gərginliyi və atmosferi obrazların təzadları və reallıqdan qaçmaq üçün müxtəlif bəhanələr uyduraraq qarşı tərəfi manipulyasiya etməklə ara-sıra güldürməyi bacarır. Birinci hissədə həm də filmin adının haradan gəldiyini öyrənməyə nail oluruq. Kastinq üçün getdiyi ofisdə Karla sakitləşib “kədər üçbucağını” yox etməyini tövsiyə edirlər. Kədər üçbucağı insanın burnu ilə qaşlarının əmələ gətirdiyi fiqurdur və insan gərgin olarkən alnı qırışaraq məhz bu fiquru əmələ gətirir (Estlund minimalist adlarla jüriləri tovlamağı bacardığı üçün, tamaşaçı növbəti filminin adının “Düz xətt” olacağına dair narahatlığa qapılır).

Yaxta – ortabab başlanğıcdan sonra biz, cütlüyü dənizin ortasında bir yaxtada dincələrkən görürük. Yayanın milyonlarla instaqram izləyicisi olduğu üçün ona böyük yaxtada tətil hədiyyə ediblər və o, bütün tətil boyunca müxtəlif şəkillər çəkdirərək öz izləyicisini məmnun etməlidir. Rejissor burada obrazların sayını artırır, hadisəni genişləndirir, insanlara – bu sadəcə menyunun birinci yeməyi idi, əsas yemək hələ qabaqdadır, mesajını verir. Yaxtanın daimi sakinləri – təmizlikdən və başqa gündəlik qayğılardan məsul şəxslər, aşağı sinifdən olan xidmətçilər və yuxarı sinifdən insanlara ən yaxşı servisi təmin etməyə çalışanlardır. Yuxarı sinifdən olanlar qrupuna rus oliqarx, əvvəlcə kifayət qədər məsum görünən, lakin sonra silah alveri ilə məşğul olduqları ortaya çıxan ingilis cütlük, insult keçirmiş alman ər və arvad, IT şirkətini satıb varlı olduğunu iddia edən və qadınlar tərəfindən xoş rəftar görəndə hayıl-mayıl olan kişi daxildir. Bir də öz kayutundan kənara çıxmamağa çalışan kapitan da var. Rejissor bu obrazları bacardığı qədər ikiüzlü, saxtakar, başqalarının haqqına rahatlıqla girən və həyatlarına heç nə olmamış kimi davam edən, aşağı sinifdən olan insanları yeri gələndə işindən qovduran, yeri gələndə isə onlarla bir kukla kimi oynayan insanlar kimi təsvir edir. Hətta məsələni daha da komikləşdirmək məqsədilə, amerikalını kommunist, rusu isə əsl burjua və kapitalist kimi qarşı-qarşıya gətirir. Biri kommunizmi görmədiyi üçün kapitalizmdən şikayətlənərək Lenindən, Marksdan sitatları sıralayır, digəri isə arzusunda olduğu şeyin əslində düşündüyü qədər möhtəşəm olmadığını vurğulayır. Rejissor bu bəsit ikiüzlülüklər və konfliktlər üzərindən ancaq səthi müşahidələrini paylaşmış olur. Sanki tərəf tutmağa qorxur, hər kəsin bildiyi və müxtəlif incəsənət əsərlərində, filmlərdə gördüyü həqiqətləri heç bir yeni baxış bucağı təqdim etmədən, öz interpretasiyasını ustacasına gizlədərək tamaşaçıya təqdim edir. Hadisələri məzəli etmək üçün obrazları kameraya tərəf qusdurmağı, tualetdən daşan nəcisi də göstərməyi unutmur.

Hər “gözəl” şeyin bir sonu olduğu kimi, yaxtanın da sonu baş verir. Filmin adı ilə yaxta arasında uzaqdan bir əlaqə qurulur: Kapitalizmin üzən gəmisi Bermud Üçbucağında yoxa çıxmalı və bu gəmi bir daha tapılmamalıdır.

Ada – gəminin başına gələnlərdən sonra sağ qalanlar kimsəsiz bir adaya düşürlər ki, burada cəmiyyətdəki ierarxik sistem tamamilə tərsinə çevrilir. Ayaqlar başa, başlar ayağa! Bu orijinal fikir vasitəsilə indiyə qədər əhəmiyyətsiz görünən, insanların xor gördüyü xadiməçi Ebiqeyl (Dolli De Leon) iqtidarı ələ keçirir. Adada artıq yeni sistem var və bu sistem obrazların birinin dili ilə desək, “matriarxatın yenidən qurulması”dır. Filmin yalnız bu hissəsində obrazlar karikaturadan və stereotipdən azad olaraq həqiqətən insan kimi davranmağa, öz arzu və niyyətləri üçün mübarizə aparmağa, keçirdikləri hissləri həm obrazlara, həm də tamaşaçıya ötürməyi bacarırlar. Lakin təklif olunan bundan daha çoxu olmur.

Estlund əvvəlcə kapitalizmi və Qərb cəmiyyətini öyrəşilmiş cəhətlər üzərindən tənqid edir – bu tənqidin özü də kifayət qədər kəskin və vurucu deyil, bir növ sığal çəkməkdir, sonra isə iqtidar zəhərlənməsinin Ebiqeyl vasitəsilə istənilən sinifdən olan insanlar üçün keçərli olduğunu göstərir. Gücə sahib olan (və ya olacaq) hər kəsin bu zəhərlənməyə məruz qalacağını elan edir, burjuaları isə sakitləşdirərək “narahat olmayın, güc sizdədir deyə bu qədər ikiüzlüsünüz, onlarda olsaydı, onlar da belə olardılar” kimi bir mövqedən çıxış edir. Cəmiyyətlərin bu cür tənqidi nə ilkdir, nə də sondur, ancaq Kannda əsas mükafatı almış filmdən daha çoxunu gözləmək hər tamaşaçının haqqıdır. Bu yenilikdən məhrum, problemin dərinliklərinə baş vurmağa çəkinib hər əlçatan mövzuya yüngülvari toxunan filmin Kannda qələbə qazanması digər tərəfdən təəccüblü də deyil. Rejissorun başına sığal çəkib aldatmağı bacardığı şəxslər sırasında, kim bilir bəlkə jüridəki şəxslər də olub.

rejissor Ruben Estlund

Özünü bir nəfəsə izlətdirməyi bacaran 147 dəqiqəlik “Kədər üçbucağı”nın yaxşı tərəfləri də var, əlbəttə. Filmin aktyorları öz parlaq ifaları ilə diqqət çəkməyi bacarırlar, xüsusilə rus oliqarxı canlandıran Zlatko Buric ekranda göründüyü hər anda çöhrəsi ilə bütün emosional yükü daşımağı bacarır. Digər aktyorlar da ondan geri qalmır, ümumilikdə film estetik baxımdan təmiz və cilalanmış olaraq qarşımıza çıxır. Kamera istifadəsi də elə hekayənin özü kimi ənənəvi kanonlardan kənara çəkmir. Estlund bütün film boyu təhlükəli və radikal sayıla biləcək fikirlərdən, ideyalardan yayınmağa çalışır. Model Yayanın və başqa bir çox instaqram influenserlərinin istifadə etdiyi gözəllik filtrlərinə bənzər təhlükəsizlik filtrindən istifadə edir. İronik məqam isə budur ki, “Kədər üçbucağı” Fransada “Filtrsiz” adı altında nümayişə girib.

Ruben Estlund son iki filmi ilə dünyada kifayət qədər populyarlıq qazanıb, Avropanın yeni satira ustası kimi görənlər də var, lakin vaxt ötdükcə filmləri unudulur. Dövrün tələb və trendlərinə uyğunlaşmaq istərkən filmləri qalıcılıq bacarığını itirir. Aradan 10-20 il ötəndən sonra dövrün problemlərini və ruhunu duymaq istəyənlər “Kədər üçbucağı”na baxanda ancaq səhnəcik səviyyəsində məzmun, pis karikatura səviyyəsində yaradıcılıq, hər kəsin ağlına gələ biləcək səviyyədə isə təhlil görəcəklər.

Hacı Səfərov

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya