CHANGE proqramı və layihəmizin inkişaf prosesi

Müasir kino sənayesində beynəlxalq laboratoriyalar və inkişaf proqramları yaradıcı layihələrin formalaşmasında, onların qlobal platformalara çıxışında mühüm rol oynayır. Bu kontekstdə müxtəlif kino laboratoriyaları, xüsusilə inkişaf mərhələsində olan layihələr üçün nəzərdə tutulmuş proqramlar rejissor və prodüserlərə yalnız texniki bilik deyil, həm də strateji baxış qazandırır.
Bu cür təşəbbüslərdən biri olan CHANGE proqramı (film laboratoriyası formatında təşkil olunan beynəlxalq təlim platforması) sənədli film layihələrinin inkişafına yönəlmiş strukturlaşdırılmış və mərhələli yanaşma təqdim edir. Bu proqram çərçivəsində iştirakçılar həm nəzəri biliklər, həm də praktiki iş prosesi vasitəsilə layihələrini daha güclü və təqdimata hazır hala gətirirlər. Düşünürəm ki, sənədli kino ilə məşğul olan hər bir yaradıcı insanın, istər rejissorun, istərsə də prodüserin yolu mütləq CHANGE təlim proqramından keçməlidir. CHANGE, IMS (International Media Support), EAVE (European Audiovisual Entrepreneurs) və CPH:DOX beynəlxalq sənədli film festivalı tərəfindən təşkil olunan, sənədli film istehsalına yönəlmiş üç mərhələli beynəlxalq təlim proqramıdır. Bu proqramın ən önəmli xüsusiyyətlərindən biri onun fokuslu və seçilmiş iştirakçı auditoriyasına malik olmasıdır, yalnız beş ölkənin nümayəndələri müraciət edə bilir və sevindirici haldır ki, Azərbaycan da bu ölkələr sırasındadır.

Proqrama müraciət etmək üçün inkişaf mərhələsində olan, beynəlxalq potensial daşıyan sənədli film layihəsi təqdim olunmalıdır. Ən vacib şərtlərdən biri isə müraciətin rejissor və prodüser tandemi şəklində, yəni komanda olaraq edilməsi tələbidir. Bu yanaşma layihənin həm yaradıcı, həm də istehsal baxımından paralel şəkildə inkişafını təmin edir.
CHANGE və bu tipli kino laboratoriyaları adətən bir neçə mərhələdən ibarət olur:
- açıq çağırış və seçim mərhələsi
- beynəlxalq ekspertlərlə oflayn masterklasslar
- fərdi mentorluq görüşləri
- komanda daxilində inkişaf prosesi
- final pitch və təqdimat mərhələsi
Bu model iştirakçıların layihələrini yalnız yaradıcı baxımdan deyil, həm də beynəlxalq bazar üçün uyğun şəkildə formalaşdırmasına imkan yaradır. Proqramların iş dili əsasən ingilis dili olur və bu da iştirakçıların qlobal kino mühitinə inteqrasiyasını gücləndirir.
Prodüser Nicat Dadaşovun iştirakı ilə “Mənim Evim” sənədli film layihəsi 2025–2026-cı il təlim proqramında üç mərhələli şəkildə inkişaf etdirildi. Bu proses layihənin həm məzmun, həm struktur, həm maliyyə modeli, həm də təqdimat strategiyası baxımından əhəmiyyətli transformasiyasına səbəb oldu. Təlimlər zamanı bir neçə istiqamət üzrə sistemli iş aparıldı. Layihənin ideya və mövzu xəttinin dəqiqləşdirilməsi, dramaturji strukturun gücləndirilməsi, qəhrəmanların inkişafı, hekayənin perspektivinin müəyyənləşdirilməsi, maliyyə planının hazırlanması, koprodüserlərin cəlb olunması, beynəlxalq auditoriya üçün kontekstin qurulması, eləcə də pitching və təqdimat strategiyalarının hazırlanması üzrə konkret plan və metodologiyalar təqdim olundu. Bu proses həm yaradıcı heyətin peşəkar inkişafına, həm də layihənin ümumi keyfiyyətinin yüksəlməsinə birbaşa təsir göstərir. Bunların sayəsində layihə ilkin ideya səviyyəsindən çıxaraq daha sistemli, aydın və beynəlxalq platformalarda təqdim oluna biləcək formaya keçir.
CHANGE proqramının ən vacib tərəflərindən biri mentorluq sistemidir. Beynəlxalq ekspertlərlə keçirilən fərdi görüşlər layihəyə kənardan baxış qazandırır və onun zəif tərəflərini müəyyən etməyə kömək edir. Proqramın üçüncü-sonuncu hissəsi CPH:DOX beynəlxalq sənədli film festivalında layihəni peşəkarlar, prodüserlər, festival təşkilatçıları qarşısında təqdim etməkdir. Hər layihə haqqında kataloqda yazıldığı üçün hər kəs öncədən layihə haqqında xəbərdar olur, maraqlanan şəxslərlə pitçinqdən sonra təkbətək görüşlər keçirilir. Bu proqram iştirakçılara digər kino mütəxəssisləri ilə əlaqə qurmaq, potensial koprodüserlər və tərəfdaşlar tapmaq, beynəlxalq fondlar və laboratoriyalar haqqında məlumat əldə etmək imkanı yaradır.

CHANGE proqramında iştirak “Mənim Evim” layihəsi üçün yalnız təlim prosesi deyil, həm də strateji dönüş nöqtəsi oldu. Üç mərhələli təlim nəticəsində layihəmiz daha aydın konseptual çərçivə qazandı, beynəlxalq təqdimat üçün uyğunlaşdırıldı və peşəkar pitching səviyyəsinə çatdırıldı. Hal-hazırda layihənin prodüseri Nicat Dadaşov təkbətək görüşlər zamanı əlaqə qurduğumuz xarici prodüserlərlə koprodüserlik imkanları üzərində aktiv şəkildə çalışır. Paralel olaraq, layihənin maliyyə planının dəqiqləşdirilməsi, potensial maliyyə mənbələrinin müəyyənləşdirilməsi və beynəlxalq tərəfdaşlıq perspektivlərinin genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Bu proses layihənin istehsal mərhələsinə daha hazırlıqlı və dayanıqlı şəkildə keçid etməsinə xidmət edir.
Beynəlxalq potensialı olan sənədli film yaradıcılarına bu proqrama müraciət etməyi tövsiyə edirəm. Qəbul prosesi adətən iyul–avqust aylarında başlayır və ilk təlim mərhələsi oktyabr–noyabr aylarına təsadüf edir. Təlimlərin dili ingilis dili olduğuna görə, akademik səviyyədə olmasa belə, fikirlərinizi sərbəst və aydın şəkildə ifadə edə bilmək vacibdir.
Layihəyə prodüser olmadan qoşulmaq mümkün deyil, rejissor və prodüser komandası birlikdə müraciət etməlidir. Siz öz layihənizin rejissor və prodüseri olaraq müraciət edə bilərsiz, əgər hər iki sahə üzrə təcrübəniz varsa, amma nəzərə almalısınız ki bu bir az çətin olur. Bundan əlavə, layihənin vizual materiallarının (tizer, treyler və ya seçilmiş səhnələr) olması çox önəmlidir. Bu materiallar sizin vizual yanaşmanızı, layihəyə baxışınızı və hekayəni necə təqdim etdiyinizi göstərmək baxımından əsas rol oynayır. Müraciət formalarını doldurarkən balansı qorumaq vacibdir: materialları həddindən artıq uzatmamaq, təkrarçılıqdan qaçmaq, eyni zamanda layihənin bütün əsas məqamlarını və incəliklərini kifayət qədər detallı şəkildə təqdim etmək lazımdır. Dəqiq, strukturlaşdırılmış və məqsədyönlü təqdimat layihənin seçilmə şansını əhəmiyyətli dərəcədə artırır.
Hər mərhələ bir həftə davam edən intensiv təlim proqramı şəklində təşkil olunur. İlk mərhələ əsasən layihənin dərin təhlilinə həsr olunur. Bu mərhələdə layihənin detalları araşdırılır, sizin mövzuya baxış bucağınız dəqiqləşdirilir və mövcud materiallar içərisində hekayənin əsas özəyi müəyyənləşdirilir. Məqsəd layihənin nəyi demək istədiyini aydın şəkildə ortaya qoymaq və onun istiqamətini düzgün qurmaqdır. Təlimdən sonra iştirakçılara konkret tapşırıqlar verilir və onların müəyyən edilmiş müddət ərzində təhvil verilməsi tələb olunur. Bu tapşırıqlar layihənin növbəti mərhələyə daha hazırlıqlı və strukturlaşdırılmış şəkildə keçməsinə xidmət edir.
İkinci mərhələ birinci mərhələnin davamı olmaqla daha intensiv və praktik yönümlü şəkildə təşkil olunur. Bu mərhələdə treyler üzərində iş aparılır, mövcud çəkilmiş materiallar analiz edilir və layihənin daha peşəkar formada təqdim edilməsi üzərində çalışılır. Eyni zamanda loqlayn və sinopsis inkişaf etdirilir, onların beynəlxalq standartlara uyğun, dəqiq və cəlbedici şəkildə yazılması və təqdimatı üzərində fokuslanılır. Bununla yanaşı, iştirakçılar yalnız öz layihələri üzərində deyil, digər iştirakçıların layihələri ilə də aktiv şəkildə işləyirlər. Layihələri oxumaq, analiz etmək və ümumi müzakirələrdə iştirak etmək həm analitik düşüncənin inkişafına, həm də fərqli yanaşmaların öyrənilməsinə imkan yaradır. Bu qarşılıqlı öyrənmə mühiti prosesin ən dəyərli tərəflərindən biridir.

Üçüncü mərhələ isə tamamilə pitçinq prosesinə həsr olunur. Bu mərhələdə layihənin pitçinq zamanı təqdimatı, yaradıcı heyətin təqdimetmə bacarıqları, səhnə duruşu, auditoriya ilə ünsiyyət və ümumi çıxış strategiyası üzərində intensiv şəkildə işlənilir. Rahatlıqla deyə bilərəm ki, mentorlar layihənizi az qala sizin qədər dərindən və detallı şəkildə bilirlər. Təqdimat zamanı istifadə edəcəyiniz mətn, vurğular və əsas mesajlar üzərində sizinlə birlikdə işləyir, hər detal üzrə konkret və peşəkar tövsiyələr verirlər. Eyni zamanda, əsas pitçinqdən əvvəl onların qarşısında bir neçə dəfə məşq etmək imkanı əldə edirsiniz ki, bu da çıxışın daha inamlı, strukturlaşdırılmış və təsirli olmasına ciddi töhfə verir.
Pitçinqdən əvvəl iştirakçılara satış agentləri, koprodüserlər və festival nümayəndələri ilə əlaqə qurmaq və görüşlər təyin etmək imkanı yaradılır. Bu şəxslər pitçinq və digər tədbirlər dövründə Kopenhagendə iştirak edirlər. İştirakçılar maksimum 25 nəfər peşəkarla görüş üçün müraciət edə bilirlər. Eyni zamanda, layihənizlə tanış olan və maraqlanan tərəflər də sizinlə əlaqə saxlayaraq görüş təyin edə bilərlər. Bu qarşılıqlı seçim və əlaqə qurmaq prosesi layihənin beynəlxalq mühitdə təqdimatı və inkişafı üçün çox vacibdir.
Ümumilikdə isə bu cür təlimlər təkcə layihənizin deyil, sizin şəxsi və peşəkar inkişafınızda da mühüm rol oynayır. Öz təcrübəmə əsaslanaraq deyə bilərəm ki, kino laboratoriyaları yalnız layihənin inkişafına xidmət etmir, eyni zamanda müəllifin baxışını formalaşdırır, onun yaradıcılıq və düşüncə çərçivəsini genişləndirir. Bu prosesdə həm də tərəfdaşınızla münasibətləriniz formalaşır və daha peşəkar müstəviyə keçir. Rejissor olaraq prodüserlə, prodüser olaraq isə rejissorla işləmək təcrübəsi əməkdaşlıq mədəniyyətini inkişaf etdirir. Siz layihə daxilində rolların düzgün bölüşdürülməsini, qərarların birgə müzakirəsini və məsuliyyətlərin paylaşılmasını öyrənirsiniz. Bu cür əməkdaşlıq həm layihənin daha sistemli və effektiv şəkildə irəliləməsinə kömək edir, həm də uzunmüddətli peşəkar tərəfdaşlıqların qurulması üçün möhkəm zəmin yaradır.
Belə proqramlar iştirakçılara beynəlxalq şəbəkəyə daxil olmaq, fərqli yanaşmalarla tanış olmaq və layihələrini daha universal dildə təqdim etməyi öyrənmək imkanı yaradır. Nəticə etibarilə, bu platformalar yerli hekayələrin qlobal auditoriyaya çıxması və beynəlxalq səviyyədə rəqabət qabiliyyətinin artması üçün mühüm rol oynayır.