Bir şəxsiyyətin kölgəsində qalan tarix

“Bakı Media Mərkəzi” tərəfindən istehsal olunan “Tağıyev: Məktəb” filmi ilə “Tağıyev” tetralogiyasına yekun vuruldu. Son bölümün mövzusu Azərbaycan tarixinin mühüm mərhələlərindən biri – qadınların təhsili uğrunda mübarizəni əks etdirirdi. Filmin rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlıdır. Təəssüflə qeyd etməliyəm ki, əvvəlki hissələrdə özünü göstərən çatışmazlıqlar, əskikliklər burada da bariz şəkildə hiss edilir.
Filmin açılış səhnəsi özü-özlüyündə maraqlıdır: azyaşlı uşaqlar fabrikdə fiziki əməyə cəlb olunurlar, toxuculuq fabrikinin fəhlələri Tağıyevin “Qızlar məktəbi” açmaq istəyindən danışırlar. Birdən xəbər gəlir ki, Tağıyev (Pərviz Məmmədrzayev) fabrikə gəlir. İşçilər uşaqları dərhal gizlətməyə çalışırlar.

Bu səhnədə paralel montajdan istifadə olunur. Bununla rejissor, ekspozisiyada dinamiklik yaratmağı hədəfləyir, güclü bir başlanğıca cəhd edir. Tamaşaçı, Tağıyevin süfrə arxasında həyat yoldaşı Sona xanımla məktəbin açılıb-açılmaması barədə söhbətinə qulaq asır, digər tərəfdən də onun oğlu Sadıqla (İsmayıl Kərimov) fabrikə daxil olmasını, iş prosesi və insanların vəziyyəti ilə maraqlandığını müşahidə edir. Fabrikdə baş verən hadisələr epizodik xarakter daşıyır. Hadisələr tez başlayıb tez də sona çatdığına görə gərginlik ötürülmür. Tamaşaçı sadəcə nə baş verdiyini görür amma hiss etmir. Bu statiklik bizim o atmosferə düşməyimizə mane olur.
Yəni, tamaşaçı Tağıyevin fabrikə yaxınlaşdığını öyrənir, fəhlələrin təşvişini görür. Fabrikdə gizlincə uşaq əməyindən istifadə edilməsinə Tağıyevin münasibətinin necə olacağı haqqında düşünür. Amma təəssüf ki, bu hadisələr səthi şəkildə qurulur. Biz işçilərin təlaşa düşdüklərini, Tağıyevdən çəkindiklərini hiss edə bilmirik, çünki hadisələrin mərkəzində işçilər yox, Tağıyev durur. Baş verənlər fəhlələrin baxışından göstərilmir, Tağıyev içəri keçəndən sonra onların simalarında yaranan qorxunu, narahatlığı görmürük. Dinamiklik burada “alternativ” yolla yaradılır. Məsələn, uşağın gizləndiyi səbəti düz gətirib Tağıyevin dizinin dibinə yerləşdirirlər. Səs gəlir. Əl uzanır. Səbətdən qız uşağı çıxır. Yaranan gərginliklə həll arasında məsafə daralır. Düşünülmüş maraqlı gediş tezliklə bütün təsir gücünü itirir.

Tağıyevlə səbətdən çıxan uşaq arasında keçən söhbət qızların oxuyub təhsil almaq istəyini didaktiv səviyyədə təqdim edir. Bundan ilhamlanan Tağıyevin növbəti addımı artıq bəllidir. O, Həsən bəy Zərdabi (Namiq Ağayev), Əhməd bəy Ağaoğlu (Kamran Yunis) və Əlimərdan bəy Topçubaşovla görüşür, birgə məşvərət keçirirlər. Ekranda ziyalılarımızı görsək də, bir az sonra böyük bir təəssüf hissi keçiririk. Ekrandan təqdim olunan obrazlar heç bir halda oxuduğumuz, araşdırdığımız, haqqında bizə şəhər əfsanələri, maraqlı əhvalatlar danışılan böyük şəxsiyyətlərimizə oxşamırlar. Onların jestlərini görürük, səslərini eşidirik, amma həmin personajlarla doğmalıq hissi yaranmır. Hadisələrin quruluşundakı səthilik get-gedə obrazların xarakterlərinə sirayət etməyə başlayır. Hətta bir az da irəli gedib deyə bilərik ki, müəlliflər Azərbaycan tarixində əhəmiyyətli yeri olan ziyalılarımızı tamamilə karikaturlaşdırırlar. Ola bilsin ki, süjet xəttində üstünlük Tağıyev obrazına verilir, onu hadisələrin mərkəzi fiquruna çevirməyə çalışırlar. Amma bu da alınmır. XIX əsrin sonları XX əsrin əvvəllərində Azərbaycanda bir qrup ziyalı tərəfindən maarifçilik hərəkatı başlanmışdı. Bakı bu hərəkatın mərkəzində dururdu. Tağıyev kimi bir insanın burada ortaya çıxıb yavaş-yavaş yüksəlməsi də əsassız deyildi. O, sənayeləşmiş kapitalın məhsulu idi. Əgər neft iqtisadiyyatı inkişaf etməsəydi, bunun məntiqi davamı olaraq maarifçilik hərəkatı da bu dərəcədə öz bəhrəsini verməyəcəkdi, hətta “Qızlar məktəbi”nin açılması bəlkə də bir xəyal olaraq qalacaqdı. Tetralogiya üçün seçilən fraqmentlərə diqqət yetirəndə görə bilərik ki, “Tağıyev: Məktəb” filmini yaradan səbəb “Tağıyev: Neft” filmidir. Bir növ dördüncü hissədən birinci hissəyə qayıdırıq. Əfsus ki, bu hissələri bir-birinə bağlayan əlaqə yaxşı qurulmayıb. Ona görə də, tamaşaçı hadisələrin siyasi-iqtisadi zəminini qavramaqda çətinlik çəkir. Bu da dolayı yolla Tağıyevin xarakterinin beynimizdə tam formalaşmasına mane olur.

Film davam etdikcə məktəb məsələsi ətrafında münasibətlər, dialoqlar yavaş-yavaş daha ciddi şəkil almağa başlayır. Əvvəlcə qəzetə məktəb açmaq kampaniyası ilə bağlı elan verilir və Tağıyevin tapşırığı ilə gündə iki elan paylanılır. Göstərilən qısa epizod sayəsində tamaşaçı ötəri də olsa, ziyalılarımızın mübarizə metodunun dəyişdiyinə şahid olur. Onlar dörd divar arasında yazı yazmaqdan imtina edir, qələmi yerə qoyur, küçəyə çıxırlar. Camaatın ayağına gedərək insanlara səslənirlər. Məktəbin nə olduğunu, atalara qızlarını məktəbə göndərməyin vacibliyini izah etməyə çalışırlar. Çünki elanları sadəcə onlar kimi elmli insanlar oxuyur. Savadsız camaat isə əsas hadisələrdən kənarda qalır. Bu boşluğu mollalar, axundlar, ruhanilər mövhumatçı fikirlərlə doldurub camaatı öz tərəflərinə çəkirlər, qızlarını məktəbə yollamaq istəyənləri Allahın qəzəbi ilə qorxudurlar.
“Tağıyev: Məktəb” filmi, əslində, modernizm ilə ənənəvi ictimai şüurun, yəni ziyalı təbəqə ilə mövhumatçı ruhanilərin qarşıdurmasından bəhs edir. Bunu əsas tutaraq, filmdə maarifçilərin yox sayılıb kənara itələnməsi qəbuledilməzdir. Ziyalılar müasir düşüncəyə sahib idilər, kütlə isə həm onların danışdığı dili anlamırdı, həm də onları güc hesab etmirdi. Ona görə, hadisələrin davamında Həsən bəy Zərdabi, Əhməd bəy Ağaoğlu və Əlimərdan bəy Topçubaşov küçələrdə, meydanlarda, neft mədənlərində insanların qarşısında nitq söyləyəndə xalqın ruhuna təsir edəcək sözlərdən istifadə edə bilmirlər. Filmin mövzu problemi elə bu səhnələrin öz mahiyyətindən məhrum olmasıdır. Tamaşaçı film boyu hadisələrin mərkəzi xətti təşkil etməli olan maarifçilik hərəkatının heç bir təzahürünü görmür. Azərbaycan ziyalılarının həm obraz, həm də hadisələr baxımından inkişaf xətti yoxdur. Biz onların necə mübarizə apardıqlarını, həyəcanlarını, ümidsiz vəziyyətə düşmələrini, hətta Tağıyevin sayəsində yenidən mübarizəyə başlamağa güc tapdıqlarını görə bilmirik. Bunlarsız da Tağıyevin “Qızlar məktəbi” ideyasının necə ortaya çıxdığını anlamaqdan məhrum qalırıq. Halbuki bu ideyanın ortaya çıxması dövrün tələbi idi. Filmdə bu tip vacib nüanslar gözardı edilib. Tağıyev ilə ziyalı təbəqə arasındakı münasibətlər zəif və səthi göstərilir. Tarixi mənbələrdən məlumdur ki, Həsən bəylə Tağıyev arasında sıx dostluq münasibəti olub. Tağıyevin qızı Sara xanımın sözlərinə görə, atası şəxsi faytonuna ailə üzvlərindən başqa təkcə Həsən bəyi və Molla Axund Əbu Turabı dəvət edirmiş. Həmçinin “Qızlar məktəbi” açmaq fikrinin bir çox ziyalılarımız tərəfindən alqışlandığı, Əlimərdan bəy Topçubaşov başda olmaqla onların da bu yolda əllərindən gələni etdikləri qeyd olunur. Bütün bunları nəzərə alaraq, filmdə bu kimi tarixi gerçəkliyə əsaslanan, hadisələrin inkişafını gücləndirən nüansların yoxluğu məyus edir. Bunun əvəzinə tamaşaçı ekranda hadisələr zolağının süni şəkildə uzadıldığını görür. Bayaqdan sadaladığım nüansları istifadə etməklə filmin alt qatını zənginləşdirmək olardı. Bu detallardan istifadə edilmədiyi üçün sözügedən şəxsiyyətlər ziyalı yox, Tağıyevin hər gün tapşırıq verdiyi “bir qrup işçi” təsiri bağışlayır, sanki onlar bu işi maaşa görə, candərdi yerinə yetirirlər.

Bir az da məsələnin mövhumat tərəfi haqqında. Tağıyevin öz evində mötəbər din xadimləri və axundlarla görüşü hadisələrin gedişatı üçün əhəmiyyətlidir. Onun məktəb açmaq fikrini Molla Axund Əbu Turab dəstəkləyir. Tağıyevə qarşı çıxan isə uzun illər onunla ədavət aparan Molla Axund Əbu Ziyad (Manaf Dadaşov) olur. Əbu Ziyadın, müsəlman qəbiristanlığının dağıdılmasına Tağıyevin səsini çıxarmamağını, əksinə, məzarlığın yerində Qafqazın ən böyük pravoslav kilsəsinin tikintisinə ianə verdiyi haqda məclis üzvlərinə bildirməyi, ev sahibinin nüfuzuna olduqca güclü zərbə vurur. Ancaq Əbu Ziyadın sözə başlaması ilə məclisdə yavaş-yavaş yaranması və sonda kulminasiya nöqtəsinə çatması gözlənilən gərginlik süst bir şəkildə təzahür edir. Başdan bəri heç cür statik haldan dinamik hala keçə bilməyən səhnələrə biri də əlavə olunur. Beləcə, tamaşaçının baxışları ekrandan yayınmağa başlayır.
Məscid səhnəsini xüsusilə vurğulamaq lazımdır. Molla Axund Əbu Ziyadın minbərdən insanlara səslənməsi, onları ruhlandırması, Tağıyevə, onun yaxınlarına qarşı camaatı cihada çağırması “gecikmiş” gərginliyi, bir anlıq da olsa, ekrana qaytarır. Ona görə “bir anlıq” deyirəm ki, tərəflər arasında qarşıdurma səhnələri epizodik təsvir edilir. Bu səhnələrin qısa çəkməsi bir yana, iki qrup arasında münasibətlərin pikə çatması kadrlarla yox, yaşlı Tağıyevin (Qurban İsmayılov) şərhi ilə təqdim edilir. Yəni, tamaşaçı qarşıdurmaların gedişatını yox, birbaşa nəticəsini görür. Bununla “göstər, danışma” hipotezi pozulur.

Tağıyev kənara çəkilmək, məktəb açmaq fikrindən daşınmaq haqqında düşünür. Ekranda onun çarəsizliyi göstərilir, amma biz Tağıyevin çıxılmaz vəziyyətə düşdüyünü, emosional halını hiss edə bilmirik. Çünki film konflikt yarada biləcək bütün güclü xarakterləri yumşaldır. Dövrün köhnəfikirli, mühafizəkar insanları qızların oxumağını böyük qəbahət sayırdılar. Buna görə də, Hacı Zeynalabdin Tağıyevi öldürmək istəyirdilər. Qaragüruhçu kütlə Qurandan ayələr, peyğəmbər və imamlardan hədislər və “sübutlar” gətirərək baş verənləri küfr adlandırırdılar. Tapançalı-xəncərli qoçular isə Tağıyevi hədələyirdilər. Amma filmdə belə detallardan istifadə edilməyib. Nəticədə tamaşaçı, Tağıyevin ətrafında real təhlükə yaradacaq heç nəyə və heç kimə rast gəlmir. Tağıyevin çarəsizliyi, küncə sıxılmağı bu mənada heç bir dərinlik qazanmır.
Hər səhnə eyni tonda, statik şəkildə irəliləyir. Heç bir detal hadisələrin davamı üçün xüsusi əhəmiyyət kəsb etmir. Səhnələr bir-birini əvəz etsə də, emosionallıq eyni düz xətt boyunca uzanıb gedir. Həmçinin tamaşaçı, Tağıyevin mübarizəsini görə bilmir. Rejissor ümidsiz vəziyyətə düşən Tağıyevi bizə təqdim etməyə xeyli tələsir.
Küçədə qadın müəllimlərin döyülməsi, bəlkə də, filmin ən yaddaqalan epizodlarından biridir. Qoçunun Sona xanımı qamçılaması, ona silah tuşlaması tarixi-nöqteyi cəhətdən nə qədər qeyri-real olsa da, çatdırılmaq istənilən fikir üçün dayaq nöqtəsini təşkil edir. Sarsılmış Sona xanım əri ilə üzə-üzə gələndə Tağıyevin simasında, hərəkətlərində heç bir nigarançılıq, narahatlıq, qəzəb və hirs duyulmur. Nəyə görə Tağıyev xanımının döyülməsinə belə adi reaksiya verir? Anlaşılmazdır. Pərviz Məmmədrzayevin buradakı oyunu olduqca zəifdir. Digər tərəfdən, Sona Tağıyeva (Fəridə Qurbanova) keçirdiyi şokdan dolayı “Qızlar məktəbi” açmaq fikrindən daşınır. Belə baxanda, onun göstərdiyi reaksiya normal qəbul edilə bilər. Kim olsa, başına gələn hadisədən sonra qorxub geri çəkilər. Ancaq burada diqqətdən qaçan bir məqam var. Sona xanım əvvəldə “Qızlar məktəbi”nin təsis edilməsi fikrini dəstəkləyir, bunun əsl təşəbbüskarının da o olduğunu görürük. Bunun ardınca son dərəcə ciddi, qorxulu hadisələr baş verir, amma tamaşaçı Sona xanımı baş verənlərə münasibətini, qorxularını görə bilmir. Sona xanımın öldürülmək ehtimalı filmə, azca da olsa, gərginlik qatır, lakin obrazın xarakterinin inkişafındakı çatışmazlıqları qapada bilmir.

Tağıyevin inadkar olması fikri filmdə bir neçə dəfə təkrarlanır, ancaq obrazın bu məziyyəti hər hansı bir səhnə ilə göstərilmir. Yalnız bir səhnədə – rəssamla Tağıyevin dialoqu – buna cəhd edilsə də, hər şey yenə söz səviyyəsində qalır. Tağıyevin yenidən mübarizəyə qoşulması da “söz səviyyə”sindən kənara çıxa bilmir. Tamaşaçı bu mübarizənin gedişatında Sona xanım kimi qapının ardında qalır və nəticənin nə olacağını gözləyir. Bu gözlənti özündə heç bir emosional doyumu ehtiva etmir, əksinə, qabaqcadan hamı tərəfindən yaxşı bilinən süst gedişatı gətirib istənilən nöqtəyə bağlayır. Hətta Tağıyevin məsciddə Əbu Ziyadla təklikdə görüşü belə onun qarşı tərəf üzərində üstünlüyünü göstərməkdə aciz qalır. Diqqətli tamaşaçı, Tağıyev məscidi tərk edəndən sonra Əbu Ziyadın simasında nəyinsə dəyişdiyini duyur. İplər artıq Tağıyevin əlinə “keçir”, amma Əbu Ziyadda görünən bu ani dəyişiklik süjetin yaratdığı təbii irəliləyişin nəticəsi kimi deyil, mexaniki prosedur kimi sonluğa istiqamət verməyə başlayır.

Yeri gəlmişkən, Əbu Ziyad obrazını yaradan Manaf Dadaşov öz rolunun öhdəsindən artıqlaması ilə gəlib. Personajın üz ifadəsi, jestləri, danışıq tərzi çox şey deyir. O, demək olar ki, filmi təkbaşına aparmağı bacarıb. Əbu Ziyad obrazının qarşısında Molla Axund Əbu Turabı görsəydik, daha maraqlı və dinamik gedişata şahid olardıq. Əbu Turab Axundzadə dini fanatizmlə mübarizə aparıb, baş yarmağın, zəncir vurmağın əleyhinə çıxıb. Tağıyevin “Qızlar məktəbi”nə heç kim qızını göndərmək istəməyəndə, Molla Axund Əbu Turab qızını məktəbə yazdırır. Müəlliflər Əbu Turabın simasında bütün ruhanilərin maarifçiliyə, qızların təhsil almasına qarşı olmadığını göstərə bilərdi. Filmdə isə bu obraz sadəcə Tağıyevin fikrini dəstəkləyən passiv personaj kimi təqdim edilir. Ruhanilər, dini xadimlər arasında da o dövrdə kəskin fikir ayrılıqları olub. Buna görə köhnə fikirli ruhanilər qazi Mir Məhəmməd Kərimin qapısına ağ neft töküb yandırıblar. Deyəsən, bu məqam filmdə ötəri şəkildə göstərilir.


Təəssüf ki, filmdə Əbu Turab da hadisələrin inkişafından kənara saxlanılıb. Bununla müəlliflər Tağıyevin mübarizəsinin daha da dərinləşmə fürsətini ikinci dəfə itiriblər.
Tağıyevin bu qaragüruhçu kütləyə necə qalib gəldiyi tarixdən bizə məlumdur. Tağıyevin bu çətinliyin öhdəsindən necə gəldiyini, Molla Mirzə Məhəmmədoğlunu çoxlu pul və hədiyyələrlə əsas şəhərlərə göndərməyini, təəssüf ki, ekranda görə bilmirik. Bu isə hadisələrin kulminasiyaya çatmasına mane olur, qazanılan qələbə səthi xarakter daşıyır.
Hacı Zeynalabdin Tağıyev və Azərbaycan maarifçiləri tarixi bir qələbə qazanmışdılar, lakin cəmiyyətin düşüncəsini tamamilə dəyişdirə bilməmişdilər.
“Tağıyev”: Məktəb” filminin finalında isə tamaşaçı anlayır ki, Tağıyev hər mənada qalib və toxunulmazdır! Bəlkə də, ona görə silsilənin beşincisi yoxdur, çünki buradan o yana Tağıyevin toxunulmazlığını qorumaq mümkün olmayacaqdı.
“Tağıyev: Məktəb” bütün qüsurlarına baxmayaraq tarixi seriallarımız və filmlərimizin ümumi fonunda tam fiasko təsiri bağışlamır. Xüsusilə, böyük büdcə və iddialara rəğmən zəif alınmış “Akinak” filmi ilə müqayisədə, “Bakı Media Mərkəzi”, ən azından, müəyyən atmosfer və dramatik xətt qurmağı bacarıb.
Nəcəf Əsgərzadə