78-ci Kann festivalının yekunları

Kann Film Festivalı yekunlaşdı. Festivalın qalibləri açıqlananda günlərdir insanların bir-birilə müzakirə etdiyi, danışdığı filmlərin qalib olduğunu görmək sevindirici idi. Tamaşaçıların (ən azından mənim söhbət etdiklərim) seçimləri ilə jürinin qərarı təxminən eyni düşürdü. Burada sadəcə əsas fərq mükafatın kimə qismət olacağı barədə idi. Yoahim Trierin çəkdiyi “Sentimental dəyər”in əsas mükafatı almaması narazılıqla qarşılandı, lakin “Qran Pri” qazanması (festivalın ikinci ən vacib mükafatı) həmin narazılıqları ötüşdürdü. Cəfər Pənahinin “Sadə bir təsadüf” filminin “Qızıl Palma budağı”na layiq görülməsi rejissorun illərdir içində olduğu mübarizənin layiqli nəticəsi kimi şərh edildi. Bu mükafatla birgə Cəfər Pənahi üç böyük festivalda da (Berlin, Venesiya və Kann) əsas mükafatı qazanan rejissor oldu. Onun karyerasında hətta Lokarno Film Festivalında da qələbə var. Filmin dünya auditoriyası tərəfindən necə qarşılanacağını isə zaman göstərəcək. Xüsusilə iki əsas mükafatın Şimali Amerika haqlarına “Neon” şirkətinin sahib olması Oskar üçün də maraqlı bir mübarizənin bizi gözləyəcəyinə işarədir.
Festivalda mükafat almağına ən təəccübləndiyim və eyni zamanda sevindiyim iş çinli rejissor Bi Qanın çəkdiyi “Dirilmə” oldu. Bu filmin kifayət qədər eksperimental olması məndə müəyyən tərəddüdlər yaradırdı ki, jürinin diqqətindən kənarda qalacaq. “Dirilmə”nin “Xüsusi mükafat”a layiq görülməsi Bi Qanın artıq 35 yaşında özünü müəllif kimi təsdiqlədiyini sübut edir. Onun bundan əvvəlki filmi də səs-küyə səbəb olmuşdu və bu filmi ilə də unudulmaz kinematoqrafik təcrübə vəd edir.

“Dirilmə”nin süjet xəttini izah etmək çətindir. Bu film müxtəlif vaxtlarda baş verən 6 hissədən ibarətdir və XX əsrin əvvəlindən sonuna qədər davam edir. Bi Qan kinonun yüz ilinə işıq salır və həmin dövrü müxtəlif tərzlərlə göstərir. “Dirilmə” səssiz kino stilistikasında, dialoqun olmadığı, əvəzində, açıqcalarla dialoqun göstərildiyi bir formada qarşımıza çıxır. Film ərzində insanı özünə heyran edən səhnə dizaynı əvvəldən diqqət çəkməyi bacarır. Alman ekspressionizminin təsiri (bəlkə də təqlidi) olan səhnə dizaynlarında qarşımıza kinonun ilk bədheybətlərindən olan Nosferatuya bənzər varlıq çıxır. Hətta bir səhnədə Nosferatunun yaşıllıqlar üzərində büzüşmüş halı Tarkovskinin “Stalker”inin məşhur səhnəsi ilə oxşarlıq təşkil edir. Müəllifin Stalkerə olan heyranlığı burada özünü göstərir. Səssiz filmdən sonra isə artıq növbəti janra və hekayəyə keçilir. Bi Qan hər dəfə fərqli üslub və elementləri göstərir, yekunda isə öz stilistikasına növbə gəlib çatır. Bundan əvvəlki filmində də statik plana əl atır və XXI əsrə keçidi tək planla göstərir. Qırx dəqiqəyə yaxın davam edən bu hissədə bir-birindən maraqlı səhnə həlləri, aktyor oyunu, xoreoqrafiya göstərilir. Ən maraqlı məqamlardan biri isə səhərin açıldığı andan ətrafdakı bütün proseslər sürətlə davam edir, “timelapse” fəndindən istifadə olunur, ancaq uzaqda quraşdırılan pərdədə görünən ağ-qara film sürətli getmir, tam normal sürətlə davam edir. Bir növ rejissor ətrafımızda baş verən sürətli hadisələr qarşısında kinonun ilk illərinin saflığını nümunə kimi təqdim edir.
“Dirilmə” Bi Qanın kinoya və kinonun sehrinə olan sevgi məktubudur. Bu sevgi məktubunda müxtəlif janrlar, hekayələr, tapmacalar özünə yer tapıb. Əsas məqsəd isə kinonun həmişəyaşarlığını təmin etmək, kinonu kino edən məsələləri göstərməkdir. “Kino ölüb?” sualına verilən cavab “Dirilmə”nin hər zaman mümkün olduğudur. Bunun üçün köklərə qayıtmalı, ustadları bilməli, onlardan öyrənməli, yaradıcı düşüncəni kino dilinə çevirməliyik. Hər nə qədər hekayələr bir-birilə əlaqəli olmasa da, süjet xəttini izləmək çətin olsa da, rejissorun elə bir niyyəti olmadığı da şübhəsizdir. O, bizi kino tarixinin və kino təcrübəsinin müxtəlif anlarına apararaq gördüklərimizdən, eşitdiklərimizdən zövq almağa, eyni zamanda, müxtəlif emosional hallara düşməyə sövq edir.
Mükafatçılar sırasında olan, daha əvvəl haqqında yazmadığım digər bir film isə Darden qardaşlarının “Gənc analar” filmidir. Film, festivalda “Ən yaxşı ssenari” mükafatına layiq görüldü. Darden qardaşları öz ənənəvi realizm tərzinə bu dəfə də sadiq qalır, Belçika cəmiyyətinin müxtəlif problemlərinə işıq tutmağa davam edirlər. Burada qarşımıza dörd gənc ana çıxır. Daha doğrusu, biri hamilədir, digər üçü isə artıq ana olublar. Filmdə erkən yaşda ana olan və tək qalan şəxslərin keçirdiyi çarəsizlik göstərilir. Hərçənd rejissorlar bu problemin ortaya çıxma səbəbini, erkən yaşda hamiləliyin sosial səbəblərini çox da araşdırmırlar. Onlar sadəcə qəhrəmanların indiki halını və özlərini tapmaq cəhdlərini göstərirlər.

Darden qardaşları bir-birilə oxşar və eyni zamanda ziddiyyətli situasiyaları birlikdə təqdim edirlər. Cesika uşaq olanda onu tərk edən anası ilə tanış olmaq üçün tələsir və anasının onu niyə tərk etdiyini qavramağa çalışır. Kamera, ilk görüş üçün həyəcanlanan Cesikada yox, məhz görüşə gəlməli olan həmin ananın axtarışındadır. Ananın gəlməyəcəyi bəlli olandan sonra Cessikanın artıq hamilə olduğunu və öz övladını heç vaxt tərk etməyəcəyini özünə söz verdiyini görürük. Bu giriş səhnəsi ilə gənc yaşda ana olmağın və övlad tərk etməyin artıq 10 ildən çoxdur davam edən dövr olduğu anlaşılır.
Digər gənc anaların isə problemləri müxtəlifdir: Biri öz övladını övladlığa vermək istəyir, çünki onun yaxşılığı üçün daha xoşbəxt bir həyat yaşamasını arzulayır, digəri yanında sevgilisi olsa da, keçmişdə hər ikisi narkotik asılılığından əziyyət çəkdiyi üçün özü ilə mübarizə aparmalı olur, digəri isə övladının islah mərkəzindən çıxan oğlanla münasibətini möhkəmləndirməyə kömək edəcəyini düşünür. Kifayət qədər müxtəlif obrazların və hekayələrin iç-içə keçdiyi filmdə Dardenlər təkcə obrazların içində olduğu situasiyanı təsvir etmir, həm də Belçika cəmiyyətinin gələcəyini təhdid edən təhlükələrdən bəzilərinə toxunurlar. Bu hekayənin ifadə forması sistematik və ideoloji tənqiddən daha çox, illüstrativ təhlükə təbilinə bənzəyir. Belçika cəmiyyətinin panoramını ustalıqla göstərirlər, bütün hekayələri bir-birinə bağlayırlar.

Əsas yarışmada izlədiyim ən zəif filmlərdən biri iranlı rejissor Səid Rüstəyinin çəkdiyi “Qadın və uşaq”dır. Bu filmin hekayəsi İran cəmiyyətində haqsızlığa məruz qalan və öz haqqını axtaran qadının faciəsi kimi təqdim edilir. Təqdim edilir deyirəm, çünki izlədiyim zaman sözügedən fikirləri ötürməyi bacarmadığını düşünürəm. Xüsusilə ana Məhnazın başına gələnlər bir yerdən sonra inandırıcılığını itirir, rejissorun qərblilərə İran qadınlarının faciəsini çatdırmaq cəhdi kimi ortaya çıxır. Dayanmadan qadının başına müxtəlif faciələr gəlir. Üstəlik, obrazların sinik olması, heç bir qəhrəmanla empatiya qura bilməməsinə səbəb olur. Sonda isə rejissor bizə qadının düşdüyü çarəsiz vəziyyəti qəbul etdirib ona rəhmimiz gəlməsini istəyir. Məhnazın faciəsi İran qadınının faciəsinə çevrilmək əvəzinə, onun vasitəsilə istismara çevrilir. Hər nə qədər film dram adlandırılsa da, daha çox melodrama bənzəyir. Məhnazın dayanmadan yaşaran gözləri və bitmək bilməyən əzabları nəinki obrazla eynilik qurmağa kömək edir, əksinə, digər qadınların da başına gələn faciələri sual altına alır. Səid Rüstəyi eqoizmlə yoğrulmuş bu filmində nə rejissor işi ilə yadda qalmağı bacarır, nə də ənənəvi güclü İran təhkiyəsinin yaxınına düşə bilir.

Festivalda izlədiyim son film isə Kelli Reyhartın “The mastermind” filmi oldu. Kelli Reyhart daha çox, janr filmlərinin anti-tezisini çəkmək, həmin janra yeni nəfəs gətirməklə tanınır. “The mastermind” da adından da bəlli olduğu kimi, bir oğurluq filmidir. “Mastermind” – yüksək intellektə və bacarığa sahib insanlara deyilir və filmlərdə uğurlu oğurluq planı təşkil edənlər üçün istifadə edilir. Kelli bu dəfə oğurluq janrının kanonlarını alıb onun tempini aşağı salır və oğurluq filmlərinə ironiya edir. JB adlanan baş qəhrəman bir muzeydən abstrakt əsərləri oğurlamaq üçün plan cızır. Bu plan isə gözlədiyi kimi getmir, hətta çox uğursuz və absurd cəhdə çevrilir. Üstəlik, oğurladıqları əsərlərin həqiqi dəyəri də çox aşağıdır. Həmin əsərləri geri qaytarmaq üçün cəmi 2000 dollar təklif edirlər.
1970-ci illərdə keçən “The mastermind”ın konseptual yanaşması yaxşı olsa da, həm obrazlarla empatiya qurmaqda çətinlik yaradır, həm də öz qəhrəmanlarının düşdükləri situasiya barədə kifayət qədər ipucu vermir. Belə olduğu halda isə yavaş templi oğurluq filmi parodiyasından o tərəfə keçə bilmir. Coş O.Konnorun uğurlu aktyor oyunu diqqət çəkir. Filmdə ən yadda qalan məqam isə Rob Mazurekin caz bəstələridir. Həmin bəstələr filmin həyəcanını və tonunu ötürür. Yavaş kinonu sevənlər üçün gülməli parodiya olan “The mastermind”ın geniş auditoriyaya xitab etməyəcəyi aydındır. Xüsusilə obrazların zəif motivasiyaları və filmin ümumi ideyasındakı dəqiqliyin çatışmaması əsas maneələrdəndir.
Kann Film Festivalı boyunca izlədiyim bütün əsas yarışma filmləri haqqında düşüncələrimi bölüşdüm. Qarşıdan gələn 6-8 ay ərzində isə bu filmlərdən bəziləri kinosevərlərin əsas müzakirə mövzusu olacaq, bəziləri isə unudulub tarixə çevriləcək.
Hacı Səfərov