78-ci festivalın qalibi kim olacaq?

Festival tam sürətlə davam edir, lakin hələ də “Qızıl Palma budağı”na namizədin müəyyən edilməməsi narahatlıq yaratmağa başlayır. Qarşılaşdığım bir kinotənqidçidən eşitdiyim “Bu il Kanndakı filmlər çox zəifdir” sözləri gümanımı daha da möhkəmlədir. Həmin o “qalib” filmin axtarışı ilə seanslara girməyə davam edirəm.
İlk nümayişim şotland rejissor Lin Remsinin “Öl, sevgilim” olur. Əvvəlki filmlərində insanların düşdüyü müxtəlif psixoloji xəstəlikləri, simptomları araşdıran rejissor bu dəfə postpartum adlanan, qadınların doğuşsonrası yaşadığı emosional çətinliklər dövrünə fokuslanır. Yenicə ana olmuş Qreys əri Cekson ilə birgə təzə evə köçürlər. Bu ev Ceksonun mərhum əmisindən qalıb və onlar burada həyatlarına yenidən başlamalıdırlar. Ancaq Qreysin gözünə görünən qarabasmalar, bitməyən seksual xəyallar vəziyyəti mürəkkəbləşdirir.

Lin Remsi qəhrəmanlarını hər kəsdən uzaq bir məkana yerləşdirərək əvvəlcə sırf onlara fokuslanmağımızı istəyir, onları tanıdıqdan sonra isə müxtəlif insanlarla ünsiyyətdə Qreysin mühitlə ayaqlaşa bilməməyinin çətinliklərini çatdırır. Hər nə qədər “postpartum” filmi kimi başlasa da, süjetin inkişafında uşaq az qala yoxa çıxır. Ərin dəstəyinin yetərsiz olması, qadının arzu və istəklərinə qarşı laqeydlik göstərməsi cütlüyün arasındakı konfliktin dərinləşməsinə gətirib çıxarır. Qreysin yaşadığı psixoloji narahatlıqlar özünü müxtəlif formada göstərir: O bəzən həddən artıq qısqancdır, bəzən günahkardır, bəzən cəmiyyətin normalarına uyğunlaşmayan fərddir. Ər isə Qreysi hərdən anlasa da, tam dəstəkləyən görünmür. Ancaq Remsi öz obrazlarına təkqatlı yanaşmır, onları mənfi və ya müsbət kimi göstərmir. Ağ və qara arasındakı bozluqları taparaq interpretasiya üçün imkan yaradır.
“Öl, sevgilim” əsas gücünü Cenifer Lourensin təsirli və plastik aktyor oyunundan alır. Lourens filmboyu obrazının bütün emosional hallarına su kimi asanlıqla keçid edir və hər birində öz çarəsizliyini, ümidsizliyini çatdırmağı bacarır. Ceksonu oynayan Robert Patinson hər nə qədər yaxşı oyun sərgiləsə də, Lourensin kölgəsində qalır. Cenifer Lourensin bu filmdəki oyunu ilə bir çox mükafatlara əsas namizəd kimi göstəriləcəyi şübhəsizdir.
İki nəfərin münasibətini göstərən filmlərdən biri də Oliver Hermanusun çəkdiyi “Səsin tarixi”dir. XX əsrin əvvəlindən bəhs edən filmdə hadisələr Amerikanın bölgələrində keçir. Eyni konservatoriyada oxuyan iki gənc Laynel və Devid bir gün barda təsadüfən tanış olurlar. Onları birləşdirən məqam Amerikan xalq mahnıları, balladalarıdır. Aralarında münasibət başlayan Devid və Laynel birgə yola düşərək kənd-kənd, qəsəbə-qəsəbə gəzib insanların oxuduğu mahnıları qeydə alaraq tarixin yaddaşına həkk etmək arzusundadırlar.

Oliver Hermanus homoseksual münasibəti göstərərkən sevginin yaranması və onun itirilmə qorxusunu ifadə etməkdə çətinlik çəkir. Yaradıcı həllərdən daha çox ənənəvi dialoqa üstünlüyün verilməsi, prosesi mexanikiləşdirir. Bu isə öz növbəsində münasibətin dərinliyini və ağrılı olmasını ötürməkdə çətinlik çəkir. Filmin yaratmaq istədiyi peşmanlıq və yorğunluq kimi emosional qatlar daha çox obrazların topladığı mahnılar və onların sözlərinə arxalanaraq özünü büruzə verməyə çalışır.
Bu mahnılar üzərindən tarixin unudulmuş səhifələrindəki insanların ağrı və əzablarını da ekrana gətirmək ideyası olsa da, gördüyümüz obrazların faciəsi tam çatmadığı üçün, görmədiklərimizin çatdırılması ideyası da fiaskoya uğrayır. Son dövrlərin parlayan iki ulduzu Pol Meskal və Coş O.Konnorun ifaları da filmi xilas etməyə imkan vermir. Hərçənd onlar üçün yazılan materialın onların oyununu tam çatdırmaq üçün nə qədər yetərli olması da şübhəlidir.
İspaniya kinosunun yeni adlarından olan Karla Simon “Romeria” filmi ilə ilk dəfə Kannda əsas yarışmada mübarizə aparır. Bundan əvvəlki “Alkarras” filmi ilə Berlin Film Festivalında “Qızıl ayı”nı qazandıqdan sonra rejissorun dünya kinosunun əsas simaları arasında özünə yer tapması təəccüblü deyil. “Romeria” isə rejissorun şəxsi həyatı ilə sıx əlaqəli dram filmidir. Altı yaşında ikən anasını QİÇS xəstəliyindən itirən Karla Simonun “Romeria”sında valideynləri vəfat edən baş qəhrəmanımız 18 yaşına çatdığı üçün daha əvvəl heç görmədiyi baba və nənəsi ilə görüşmək üçün yola düşür. Ona universitetdən təqaüd almaq üçün baba və nənəsi tərəfindən verilən sənəd lazımdır.

“Romeria” sözünün mənası ispancadan zəvvar deməkdir. Romaya və ya başqa dini məkanlara dini məqsədlərlə gedən insanlar məhz belə adlanır. Valideynlərinin həqiqi kimlikləri və keçmişləri ilə maraqlanan Marina ata tərəfdən qohumları ilə üzləşərək həqiqətləri tapmağa çalışır. Ailə isə utandıqları keçmişi unudub, gələcəyə baxmaq arzusundadırlar. Filmdə QİÇS-ə yoluxan insanların ailələrinə gətirdiyi utanc hissi (xüsusilə 1980-1990-larda hələ xəstəlik o qədər dərindən araşdırılmadığı vaxtlarda vəba qədər qorxunc sayılırdı, insanlar təcrid edilirdi) xüsusi yer tutur. Marina isə nə olur-olsun, keçmişi olduğu kimi qəbul etmək və öz kimliyini tapmaq niyyətindədir.
Filmin diqqət çəkən məqamlarından biri Marinanın yolboyu əl kamerası ilə çəkdiyi müxtəlif görüntülərin, məkanların oynadığı roldur. Marina çəkdiyi yerlər həm də ata və anasının nə vaxtsa birlikdə dolaşdıqları, əyləndikləri, həyatdan zövq aldıqları yerlərdir. Bu yerlərin Marinanın kamerasından görünməsi və həmin anlarda Marinanın anasının gündəliyindən pasajların oxunması fərdi tarixçənin yenidən yazılmasının ifadə formasıdır. Xüsusilə LSD-nin (güclü hallüsinasiya təsiri olan narkotik) təsiri ilə Marinanın daxil olduğu dünyanın təsviri şəxsi tarixçənin tamamlanması üçün vacib rol oynayır. Bu həm Marinanın artıq itirdiyi ata-anası ilə ünsiyyətinin yeganə gerçəkləşmə formasıdır, həm də onların yaşadıqları təcrübəni qavramağın yoludur. Karla Simon şəxsi ilə ictimai olanın kəsişdiyi nöqtələrə, insanın yaddaşını formalaşdıran amillərə və İspaniya ailələrinin yaşadığı kütləvi utanc hissinə nəzər salaraq güclü tarixçə yaratmağı bacarır.

“Sentimental dəyər” filmi Yoahim Trierin tərzində – kadrarxası səslə başlayır. Bu kadrarxası səs qırmızı, ikimərtəbəli, bağçalı, ətrafına taxta çəpərlər çəkilmiş evin tarixçəsindən bəhs edir. İndi məşhur teatr aktrisası olan, televiziyada gedən serialın ulduzu sayılan Nora Berqə məktəbdə oxuyarkən belə bir sual verilir: Əgər subyekt (əşya) olmaq şansın olsaydı, nə olmaq istərdin? O isə cavabında “ev” deyir, çünki ev hər kəsin sirrini, kədərini, onları bir yerdə tutanın nə olduğunu bilən yaşayan orqanizmdir. Onun hissləri və emosiyaları var. Nora Berqin suala cavab olaraq yazdığı esse filmin əvvəlində səslənir və filmin növbəti gedişatının xəbərini verir.
Nora Berq hər nə qədər uğurlu olsa da, hər dəfə səhnəyə çıxmamışdan öncə təşviş içindədir. Təşvişə qalib gəlmək üçün müxtəlif yollara əl atır, hətta gizli eşq yaşadığı həmkarından onu şillələməsini də istəyir. Noranın xarakterinin açıldığı bu səhnə onun yaşadığı emosional böhranı göstərir. Noranın anasının vəfatından sonra geriyə qayıdan, dünyaca məşhur rejissor atası Qustav Borqun isə yeni bir ideyası var. O, çəkdiyi filminin baş rolunda qızının oynamasını istəyir.
Yoahim Trier filmdə özünəxas yumor hissini davam etdirir. Bu komediya elementləri filmin ağır hekayəsinin çatdırılmasını asanlaşdırır. “Film içində film” anlayışı isə incəsənətin həm şəxsi ifadə vasitəsi olduğunu, həm də yenidən həyata bağlanmaqda ideyasını ötürmək köməkçi vasitə kimi istifadə edilir. Qustavın çəkmək istədiyi film ilk baxışda anası barədədir. Bu, bir gecə onu öpüb sağollaşdıqdan sonra özünü asan anasının hekayəsi kimi görünür. Lakin diqqətlə baxdığımız zaman təkcə keçmişi yenidən canlandırmaq niyyəti olmadığını, həm də gələcəyi qurmaq üçün sərf edilən əmək olduğunu anlayırsan.
Yoahim Trierin muzasına çevrilən və bundan əvvəlki “Dünyanın ən pis adamı” filmi ilə Kannda “Ən yaxşı qadın aktrisa” mükafatına layiq görülən Renata Reinsve “Nora” rolundadır və depressiyadan əziyyət çəkən aktrisa rolunu ustalıqla oynayır. Onun atası ilə soyuq münasibəti, deyilməmiş sözlərin ağırlığı Renatanın baxışlarında, bədən dilində duyulur. Qustav rolunu canlandıran Stellan Skarsqard isə manipulyativ rejissor və peşman ata ideyasının altında əzilmir, tam əksinə, parlaq ifadə vasitələri taparaq karyerasını şəxsi həyatının önünə qoyan insanın xilas axtarışını göstərməyi bacarır. Ümumiyyətlə, filmdə demək olar, bütün aktyorlar rolunun öhdəsindən məharətlə gəlir.
Yoahim Trier aktyorlardan yaxşı oyun almaqla yanaşı, bir ailənin daxili rabitəsizliyini, nəsildən-nəsilə ötürülən travmaları və incəsənətin reallığını olduğu kimi göstərməklə yanaşı, həm də, xilas bacarığını göstərməyi bacarır. Bu, yaradıcı bir ailənin intim hekayəsidir. Zəriflik isə filmi ən çox fərqləndirən məqamdır. Trier dramatizmlə komizmin balansını yaxşı tutmağı bacarır, təkcə pis şeyləri göstərərək tamaşaçı istismarına getmir, əvəzində həyatımızı ayırdığımız, sevdiyimiz incəsənətin bizi həyata bağlaya biləcək, problemlərimizi həll etmək üçün işıq tuta biləcək vasitə olduğunu xatırladır. Filmin ortalarına doğru hekayə öz kəskinliyini itirsə də, sonlarda yenidən bütün hekayənin bir nöqtədə toplanması həmin qüsurun unudulmasına səbəb olur. Qustavın çəkmək istədiyi filmin son səhnəsi (Qustav həmin səhnəni bir dəfə filmin ortasında izah edir) çəkilərkən, metafilmdən çıxaraq həqiqi filmə keçid edilir və o anda məlum taleyin dəyişdiyini, incəsənətin bunu bacara biləcəyini hiss edirsən. Beləliklə, rejissor, karyerasının ən parlaq və yetkin işinə imza atmış olur.
Axtarışlar bihudə deyilmiş, tamaşaçılar və kinotənqidçilər öz xilaskarını tapıblar. “Sentimental dəyər” bitdiyi andan etibarən “Qızıl Palma budağı ” üçün əsas namizədə çevrilir. Geriyə isə əsas yarışmadan sadəcə dörd film qalır.
Hacı Səfərov