11-ci Bayqonur festivalından gündəlik

Kəlküttə şəhərində keçirilən 29-cu Beynəlxalq Kəlküttə Kino festivalında NETPAC bölməsinin münsiflər heyətinin üzvü qismində iştirakımdan üç il sonra Qazaxıstanın Almatı şəhərində baş tutan 11-ci Bayqonur Beynəlxalq Kino Festivalında eyni qisimdə iştirak etdim.
Festivalda Almaniyadan, Qazaxıstandan, Gürcüstandan, Rusiyadan, Azərbaycandan, Özbəkistandan, Portuqaliyadan, Qırğızıstandan, Cənubi Koreyadan, Tacikistandan, Ermənistandan daxil olmuş filmlər yarışırdı. Mənə, sadaladığım ölkələrin kinematoqrafçıları ilə tanış olmaq və fikir mübadiləsi aparmaq da qismət oldu. Doğrusu, Hindistandakı festivalla müqayisədə burada qrafik daha gərgin və sıx idi. Belə ki, NETPAC bölməsinə daxil olan filmlərlə yanaşı, digər kateqoriya və bölmələrdə yarışan filmlərə də baxmaq bizə tapşırılmışdı. Qısametrajlı filmlər ardıcıl olaraq blok şəklində (ümumilikdə 23 film), iki saat fasilədən sonra isə bir tammetrajlı bədii film nümayiş olunurdu. Bu qrafik bir həftə ərzində davam etdi.
Hər bir nümayişdən sonra filmlərin festivalda iştirak edən heyət üzvləri ilə müzakirə keçirilirdi. Müzakirələr olduqca qızğın və hətta mübahisəli olurdu. Almatı tamaşaçıları (onu da qeyd etməliyəm ki, auditoriyanın böyük əksəriyyəti 19-21 yaşlı tələbələrdən ibarət idi) kifayət qədər tələbkar, höcət və kompromisə getməyən şəxslərdir. Neqativ fikrini yaş əsgi kimi üzə çırpan, tərifə gələndə isə ürəyləri açıqdırlar. Əlbəttə, söhbət kinodan gedir.

Bu cür “mübahisələrdən” biri, festivalın ilk günündə, MDB Ölkələri Kinoşünasları və Kinotənqidçilərinin 5-ci Almatı Forumu çərçivəsində baş verdi. “Milli Kinoşünaslıq Mükafatı” mərasimində “Sovet ssenarisindən kənar uşaqlıq: Abdulla Arsakbayev kinosu” adlı mühazirə ilə çıxış edən kinoşünas və kinotənqidçi Gülnara Abikeyeva yerli kinematoqrafiyada uşaqlıq mövzusunun tərənnümündən və kinorejissor A.Arsakbayevin yaradıclığından geniş söhbət açdı. Daha sonra, kinorejissor, ssenarist və kinoşünas Darejan Omirbayevin “Filmin quruluşu” adlı kitabının təqdimatına yer verildi. Mühazirə ilə çıxış edən müəllifin zalda iştirak edən tələbələrindən biri, Darejanın onlara verdiyi tövsiyə ilə indi mühazirə zamanı söylədiyi fikirlər arasındakı təzadlı fikri əsas gətirərək, onunla qızğın müzakirəyə başladı. Hər şey “sülh yolu” ilə həll olunsa da, bu təəssürat mənimçün kifayət qədər yaddaqalan oldu. Qeyd edim ki, “Milli Kinoşünaslıq Mükafatı”nın məqsədi kino tarixi və nəzəriyyəsi sahəsində tədqiqatları dəstəkləmək və təşviq etməkdir. Mükafat Qazaxıstanda kinoşünaslığın inkişafına töhfə verən yerli, xüsusilə gənc tədqiqatçıların ən əhəmiyyətli və aktual əsərlərini mükafatlandırır.



Sentyabrın 20-də, festivalın ikinci gününün birinci yarısında “Kinoda məkan və məkanda kino” adlı panel-müzakirə baş tutdu. Kinoşünas və fəlsəfə doktoru Moldiyar Ergebekovun moderatorluğu ilə keçirilən panel-sessiyada kinoşünas, fəlsəfə doktoru Asiya Baqdaulet (Qazaxıstan), kinoşünas, sənətşünaslıq doktoru Lela Oçiauri (Gürcüstan), kinoşünas Gülbara Tolomuşeva (Qırğzısıtan), kinoşünas Anna Rafalskaya (Belarus), kinoşünas, pedaqoq Liliya Nemçenko və mən vətənimizin kinematoqrafiyasında məkanın həlli və təsviri mövzusunda mühazirə ilə çıxış etdik.

Günün axşamçağı “Müəllim” (“Müğalım”) tammetrajlı bədii filminin Qazaxıstan premyerası baş tutdu. Yeri gəlmişkən, filmin premyerası eyni dəqiqələrdə San-Sebastyan festivalında da keçirilirdi. Ssenari müəllifi və rejissoru Ayana Nurdinovanın olduğu film məndə xoş təəssüratlar oyatsa da, bir çox tamaşaçı sözügedən filmi soyuq qarşıladı. Film, Balxaş adlı əyalət müəlliminin hekayəsidir. Musiqi müəllimi kimi çalışan Balxaş şəhərə – meqapolisə köçməyi arzulayır. Film müəllimin keçirdiyi tərəddüdləri, seçimlərini, sair düşüncə və həyəcanlarını çatdırır.
Növbəti gün, sentyabrın 21-də keçirilmiş “Sözlə deyə bilmədiyini, gözlə neçə çəkməli?” adlı panel-sessiya altı nəfər quruluşçu operatorun iştirakilə yadda qaldı. İstirakçı operatorların hər biri – Erkinbek Ptıraliyev, Aziz Jambakiyev, Azamat Dulatov, Aydar Ospanov, Sabit Semetayev, Nursultan Bazarbay müzakirəyə çəkiliş meydançalarından, birbaşa çəkilişdən qan-tər içində gəlmişdilər. Eyni halı yerli operatorlarımıza da arzu edirəm. Bir saat davam edən panel-sessiyada onlar öz həyat və yaradıcılıqlarından və hazırda çalışdıqları layihələrdən bəhs etdilər. Məlum oldu ki, hər biri bu sənətə təsadüfi, həvəskar fotoqrafiyadan gəliblər. Aulda, ucqar nöqtələrdə anadan olan bu şəxslər təhsil üçün şəhərə gələrək, fəaliyyətlərinə yerli kinostudiyada başlayıblar və bu səriştə onların daha qlobal müstəviyə çıxmasına yol açıb. Müzakirədə məlum oldu ki, bu yaxınlarda onlardan biri “Universal” kinostudiyasına, ABŞ-yə yollanıbmış. Milyard dollardan çox kassa gəliri əldə etmiş filmin gəlirlərindən müqavilə əsasında razılaşdırılmış 5%-ni əldə etmək üçün növbəti müqaviləyə imza atıb. Səhnə arxasında ona yaxınlaşıb: “Niyə ABŞ-də qalmaq istəmədiniz? Orada perspektiv hər halda daha yüksəkdir” deyə, soruşdum. Belə cavab aldım: “Niyə axı? Orada mənim kimi operator sonsuz saydadır. Burada isə elə də çox deyil. Mən burada inkişaf edib orada tətbiq edirəm. Eyni zamanda, burada özümdən sonra kimisə öyrədə bilərəm”. Bu söhbətdən sonra o, məni ailəsi ilə şam yeməyinə dəvət etdi və üç saatdan çox yaradıcılıq və gələcək planlar haqda fasiləsiz söhbət etdik.

Həmin gün nahar fasiləsindən sonra qısametrajlı bədii filmlərin ilk bloku təqdim olundu. Blokun ilk filmi “Erkən hisslər” qısametrajlı bədii filmi oldu. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tabeliyində Kino Agentliyinin (ARKA) dəstəyilə “Rental Azərbaycan” tərəfindən istehsal edilən filmin ssenari müəllifi və rejissoru Nurlan Həsənli, prodüseri Emil Nəcəfov, operatoru Daniel Quliyev, bəstəkarı Kənan Rüstəmlidir. On altı dəqiqə davam edən film tamaşaçılarda xoş təəssürat oyatdı. Hətta “Yerli müsabiqə”nin münsiflər heyətinin sədri, rejissor, ssenarist və prodüser Edqar Baqdasaryan mənə yaxınlaşıb film haqda müsbət fikrini bildirdi. Birinci blokda ümumilikdə yeddi film təqdim olundu və doğrusunu desəm, bu blokun ən yaxşı filmi elə “Erkən hisslər” idi. Almaniya, Qazaxıstan, Gürcüstan, Rusiya və Özbəkistandan olan filmlər çox trivial mövzuları qabartmaqla yanaşı, onlara yanaşma da səthi verilmişdi. Təsadüfi hamiləlik, narkotik düşkünlüyü, köçəri həyatı kimi mövzularda çəkilmiş filmlər uzun sosial çarx təəssüratı oyadırdı.
Axşam seansında “Ovçu” (Mergen) adlı tammetrajlı filmin nümayişi keçirildi. Qırğızıstanda hazırlanmış filmin rejissoru Çingız Narınov, ssenari müəllifi isə Aykız Qaparovadır. Peşəkar qaydada hazırlanmış və iri büdcəsi olan filmin ssenarisində çoxlu sayda zəif məqamlar və çəkiliş üslubunda Devid Linçin və Stiven Kinqin təsiri var idi ki bu da filmin inandırıcı olmasına əngəl törədirdi.
Sentyabrın 22-də keçirilmiş kinotənqidçi Jazqul İbraimovanın “Kommersial qırğız kinosu haqda qeydlər” adlı mühazirəsini mən əsl dərs adlandırardım. Prodüserlik, təbliğat və təşviqat birbaşa mənim sahəm olmasa da, şəxsən mən bol və səmərəli məlumat əldə etdim. Filmin kassa uğuru əldə etməsi üçün ssenaridə hansı məqamlara diqqət yetirmək, janrı müəyyən edəndə nəyə fikir vermək, təşviqatı (promo) necə aparmaq və sair vacib “sirləri” Jazqul xanım dilə gətirdi.

Eyni tarixdə nümayiş olunan qısametrajlı filmlərin ikinci blokunda Azərbaycan və Qırğızıstanın birgə istehsalı olan “Qırmızı çəkmələr” (rejissor: Alina Baytokova) filmi də vardı. Film məndə və münsiflər heyətinin digər üzvlərində xüsusi təəssürat oyatmasa da, maraqlı təsvir həlli ilə yadda qaldı.
Axşam isə rejissor Jannat Alşanovanın “Qaliblər startda görünür” adlı tammetrajlı bədii filminin premyerası keçirildi. Bu arada haşiyədən bir qədər kənara çıxmaq istərdim. 11-ci Bayqonur festivalında izlədiyim filmlərin yarıdan çoxunun müəlliflərinin qadınlardan ibarət olduğu diqqətimi cəlb etdi. Əksər filmlərin baş rol ifaçıları, rejissorları, ssenaristləri, prodüserləri və hətta operatorları belə, qadınlardır. Bu tendensiyanı araşdırmaq imkanım olmadı təəssüf ki. Amma onu deyə bilərəm ki, “zərif cinsin nümayəndələri” heç də kişi kinematoqrafçılardan geri qalmırlar, əksinə, hətta deyərdim ki, daha yüksək nəticə əldə edə bilirlər. Elə Jannat Alşanovanın adını çəkdiyim filmi kimi. Filmin baş qəhrəmanı 17 yaşlı Mila, ailəsindəki xaosdan qurtulmaq və müstəqillik əldə etmək üçün açıq sularda çıxış edən üzgüçülər komandasına qoşulur. O, komandadakı yerini itirmək təhlükəsilə üz-üzə qalanda cığal və çirkin vasitələrə əl atır. Tamaşaçıların, xüsusilə münsiflərin sözügedən film haqda rəyləri birmənalı olmadı. Üstünlük mənfi rəylərdən ibarət olsa da, film mənim yadımda qalmağı bacardı. Filmdən sonrakı müzakirədə yaradıcı heyətə təşəkkürümü bildirdim.
Festivalın beşinci günü – 23 sentyabr – on qısametrajlı yerli filmdən ibarət iki blok təqdim olundu. Bu siyahıdan “Əməyin bəhrəsi” (rejissor: Adel Omar), “Jurnal” (rejissor: Azamat Utyanov) filmlərini xüsusi qeyd etməliyəm.
Həmin gün axşam Cənubi Koreya istehsalı olan “Qış işığı” (rejissor: Ço Xen So) tammetrajlı bədii filmi nümayiş edildi. Mən nümayişdə iştirak edə bilmədim, amma müəllifin debüt işinin zəif alındığını demək olar ki hər bir münsif üzvü və tamaşaçılar vurğulayırdılar.
Sentyabrın 24-də iki maraqlı mövzuda mühazirə təşkil edildi. Birinci – rus kinoşünas Liliya Nemçenkonun “Qeyri-meynstrim: 21-ci əsrin 20-ci illərinin rus kinosu; müəlliflər və qəhrəmanlar” adlı mühazirəsi, ikinci isə mənim münsif yoldaşım, NETPAC münsiflər heyətinin sədri, bolqar kinoşünas Andronika Martonovanın “Bizim hələ çəkmədiyimiz tarix: arxivlər, yaddaş və kinonun gələcəyi” adlı maraqlı mühazirəsi nahara qədər davam etdi.
Festivalın qısametrajlı bədii filmlərdən ibarət beşinci və sonuncu bloku çox maraqlı ekran əsərləri ilə yadda qaldı. Nümayiş olunan altı filmin arasında rejissor Nursət Kıdırbayın “Gündəlik” filmi fin rejissoru Aki Kaurismakinin stilistikasını xatırlatdı. Sadə təhkiyə, hamıya yaxın olan qəhrəman, düzgün strukturlaşdırılmış ssenari və sair məqamlar heç kimi, o cümlədən, məni laqeyd qoymadı.
Həmin gün axşam festivalın sonuncu tammetrajlı bədii filmi nümayiş olundu. Rejissor Nina Volovanın “Günorta vaxtı atəşfəşanlıq” bədii filmi hamını valeh edib. Təəssüf ki, bu filmin nümayişində iştirak edə bilmədiyimdən, fikir bildirə bilməyəcəyəm.



25 sentyabr. Festivalın son günü. Bağlanışa tam hazırlıq gedirdi. Lakin Xəzər sahillərində hərbi təlim zamanı 14 nəfərin həlakı ilə nəticələnən faciə və dərhal ümumxalq hüzn gününün elan olunması bütün ölkənin, o cümlədən, festival rəhbərliyinin bütün planlarını alt-üst etdi. Mərasimi təmtəraqsız, musiqisiz, sakit formada keçirmək qərarı verildi. Münsif heyətlərinin sədrləri və üzvləri növbə ilə səhnəyə çıxaraq nitq söyləyir, başsağlığı verir və təyin etdikləri qaliblərin adlarını səsləndirirdilər. Onlar isə öz növbəsində səhnəyə çıxaraq, hədiyyə və pul mükafatlarını qəbul edirdilər. Yeri gəlmişkən, sözügedən festival məhz bu ildən yuxarı yerləri tutan qalibləri pul mükafatları ilə təltif edirdilər. Festivalın tarixində bu bir ilk idi. Tədricən, qaliblərin sevinci, minnətdarlıq və təbrik çıxışları auditoriyanın əhvalını dirçəltməyə nail oldu.
Kateqoriyaların hər birində qaliblərin adlarını sadalamaqla sizi yormaq fikrində deyiləm. Sadəcə bir vacib məqamı, bir azərbaycanlı kimi mənim üçün qürurverici məqamı qeyd etmək istərdim. Beynəlxalq kateqoriyada “Erkən hisslər” qısametrajlı bədii filmi festivalın Qran-Prisini qazandı. Onu da qeyd edim ki, bu qələbə filmin ilk qələbəsi deyil. “Erkən hisslər” filminin kifayət qədər zəngin festival həyatı var. Lakin məhz bu festivalda, bir sıra qonşu dövlətlərin vətəndaşları ilə çiyin-çiyinə münsif üzvü olduğum festivalda Azərbaycanın qələbəsi məni sözlə çatdırılmaz dərəcədə qürurlandırdı və başımı uca etdi. Demək olar ki, hər kəs yaxınlaşıb bizi təbrik edir və səmini ürək sözlərini çatdırırdılar. Hətta “Yerli müsabiqə”nin münsiflər heyətinin sədri, rejissor, ssenarist və prodüser Edqar Baqdasaryan da əvvəlcə məni, sonra filmin ssenari müəllifi və rejissoru Nurlan Həsənlini və filmin prodüseri Emil Nəcəfi təbrik etdi və film haqda tərifini söylədi.

Epiloq…
Azərbaycan filminin festivalda Qran-Pri qazanması mənim başımı həqiqətən də uca etdi. Söhbət vətənpərvərlikdən getmir. Festivalda, yuxarıda qeyd etdiyim ölkələrdən çoxlu sayda kinematoqrafçı iştirak edirdi. Lakin onların böyük əksəriyyəti bizim kinodan ümumiyyətlə xəbərsizdirlər. Orta nəslin bir neçə nümayəndələri rejissor Vaqif Mustafayevin bəzi filmlərini (“Milli bomba”, “Hər şey yaxşılığa doğru”) xatırlayırlar. “Kinoda məkan və məkanda kino” panel-müzakirəsində təhlil etdiyim “Bir Cənub şəhərində” və “Gün keçdi” bədii filmlərindən fraqmentlər nümayiş etdirəndə zalda əyləşən insanların heyrətə gəldiyini sonradan bildim. “Bir Cənub şəhərində” filmini italyan neorealizminə tay tutanlar, Leyla Şıxlinskayanı Cina Lolobridcidadan gözəl hesab edənlər də oldu. Aktyor Həsən Məmmədovun “Gün keçdi” filmindəki obrazını isə Marçello Mastroyaninin “8 ½» bədii filmindəki obrazı ilə oxşadanlar da tapıldı. Paneldən sonra hər kəs mənə yaxınlaşır, mühazirədən və film fraqmentlərindən məmnunluqlarını və təşəkkürlərini bildirdilər.
Onlara yerli festivallar barədə məlumat verəndə ilk eşitdiklərini görüb məyus oldum. Məni məyus edən, daha dəqiq desəm, qısqanclıq hissi oyadan onların kino təhsili oldu. Birinci və ikinci kursda kinoşünaslıq və rejissorluq fakültələrində təhsil alan tələbələrin savadı, biliyi, təhliletmə bacarığı məndə heyranlıq yaratdı. 19-21 yaşlı tələbələrin ikinci kursda artıq 7-8 qısametrajlı və 1-2 tammetrajlı bədii filmləri var. Rastıma çıxan ilk gənc, kinoşünaslıq fakültəsinin tələbəsi oldu. 21 yaşlı qızın 200-dən çox tədqiqi və analitik yazısı, o cümlədən, 300 səhifəlik kitabı mövcuddur.
Bizim qocaman kinomuza da bu cür diqqət və qayğının olması və gənc kinematoqrafçıların bu diqqət və qayğıdan yararlanması və nəticə vermək arzusu ilə yazımı yekunlaşdırıram.
İlqar Quliyev