Torpağı sanı yaşayanlar…

Samir Kərimoğlunun “Torpağı sanı yaşayasan” qısametrajlı bədii filmi (istehsalçı “Mozg Media Group”, ARKA) 1990-cı illərdə Qarabağ müharibəsindən danışan bir hekayədən bəhs edir. İlk baxışda film sadəcə müharibə dramı təsiri bağışlaya bilər, lakin titrlərdən başlayaraq fonda səslənən uğultulu kompozisiya valehedici atmosfer yaradır.
Səhnə açılır və biz iki əsgər görürük: biri huşsuzdur, digəri isə onu daşıyır. Uzaqdan atışma səsləri eşidilsə də, kadrın kompozisiyası elə qurulub ki, sanki məkan müharibə zonasından qoparılıb. Bütün bunlar hipnotik təsir yaradır və film tamaşaçını ilk dəqiqələrdən daxilinə çəkir. Feldşer Kamil (Ramail Bayram) yaralı polkovniki xilas etmək məqsədilə dağıdılmış mədəniyyət evinə daxil olur. Burada rejissor kiçik, lakin vacib detal yerləşdirir – səhnədə bir qara və üç ağ göyərçin görünür. Göyərçin, adətən, xəbər gətirən varlıq kimi yozulur. Bu detal da şüuraltı şəkildə gələcəkdə mühüm hadisələrin baş verəcəyinə işarə edir.

Vizual dil, əsasən, mavi və soyuq tonlar üzərində qurulub. Arxa plandakı iri ağac parçaları ilk baxışda kompozisiyada artıq element təsiri bağışlasa da, tədricən, məkana alternativ reallıq hissi qatmağa başlayır.
Kamilin polkovnikə ilkin tibbi yardım göstərdikdən sonra pilləkənlərlə yuxarı qalxdığı səhnələr müxtəlif maraqlı rakurslardan təqdim olunur. O, fənəri yuxarıya tuşlayanda görüntü aşağı plandan verilir. Fənəri aşağı saldıqda isə kadr yenidən Kamilin üzərinə qayıdır. Beləliklə, hadisələri müəyyən anlarda birbaşa baş qəhrəmanın baxış bucağından izləyirik.
Bu xırda vizual həllər filmi canlı edir. Mərtəbələr arasındakı pəncərələrin mat göstərilməsi də təsadüfi deyil. Onların kənarından süzülən mavi işıq qəribə dərinlik hissi yaradır, sanki biz okeanın altındayıq. Məkan fiziki olaraq geniş görünsə də, daxilində güclü klaustrofobiya hiss olunur. Elə təəssürat yaranır ki, bina tədricən kiçilir və qəhrəmanı öz daxilinə sovurur. Bu görüntü sonsuz boşluq təsiri yaradır, tamaşaçını reallıq hissindən uzaqlaşdırır və qeyri-müəyyənlik ab-havası formalaşmağa başlayır.
Kamil yuxarı qalxmasından sonrakı səhnə də vizual baxımdan maraqlı həll olunub (operator İman İmanov). Burada uzaq plan seçilir və qəhrəman məkanın ən son nöqtəsindən bizə doğru irəlilədikcə kamera yavaş-yavaş ona yaxınlaşır. Bu yanaşma perspektiv dərinliyini artıraraq güclü immersiya hissi yaradır. Bir anlıq elə təsəvvür formalaşır ki, artıq ekrana baxmırıq, həmin dəhlizin içindəyik. Bu səhnədə fokus pullerin əməyini ayrıca qeyd etmək lazımdır.
Sonrakı səhnədə Kamilin qapısı bağlı olan rəssam emalatxanasına kiçik dəlikdən baxması detalı da təsadüfi deyil. Rəssam istənilən hadisəyə öz baxış bucağını əlavə edən insandır. Burada isə həmin baxış bucağı qapadılıb. Bu səbəbdən səhnə filmdə görünməyən alternativ perspektivin mövcudluğundan xəbər verir.
Növbəti dəfə Kamil qırmızı tonlara boyanmış başqa otağa daxil olur. Otağın divarlarından asılmış fotoşəkillərdən boylanan insan təsvirləri müharibənin insan talelərində buraxdığı izlərə işarədir. Qırmızı rəng isə istər-istəməz faciə, itki və ölüm assosiasiyası yaradır. Kabeli qırılmış köhnə telefon səhnəsini metaforik oxusaq, həmin insanların həyatla əlaqəsinin kəsildiyinə işarə kimi görünür; onlar artıq xatirələrdə yaşayırlar. Sonrakı hadisələrdə telefon element kimi bir neçə dəfə “qayıdır” və daha dərin məna daşımağa başlayır.

Lakin filmin ən maraqlı dönüş nöqtəsi bundan sonra baş verir. Növbəti otaqda Kamil işlək telefonla zəng edərək kömək istəyir, amma qənaətbəxş cavab almır və əsəblə dəstəyi dartdığı anda əvvəlcədən qurulmuş qumbara tələsi işə düşür. O an kamera döşəmədə meydana çıxan böyük boşluğun içinə “baxır”. Bu cür dərin perspektivli rakurs tamaşaçıda sanki həmin dəlikdən özünün yıxıldığı təəssüratı formalaşdırır. Pilləkən səhnəsinə verilən vizual həll burada da istifadə olunur. Kadr dəyişir və biz bir neçə mərtəbə aşağı düşmüş, huşunu itirmiş Kamili görürük. Telefondan gələn xışıltılar, rabitənin qəfil dəyişməsi, dispetçerin səsinin naməlum həkimlərin dialoqu ilə əvəzlənməsi birdən-birə çoxlu sual yaradır. Bu kadr hekayənin əsas qırılma nöqtəsidir. Xışıltı, sanki reallığın çatlamasıdır. Həkimlərin dialoqu ilk baxışda mənasız və əlaqəsiz görünsə də, sonrakı hadisələr bu detalın da təsadüfi olmadığını göstərir.
Kamilin kinoteatrı xatırladan böyük zala daxil olması da düşünülmüş detaldır. Çünki kinoteatr müxtəlif hekayələrin və fərqli baxış bucaqlarının nümayiş olunduğu məkandır. Yuxarıda qeyd etdiyim alternativ perspektiv motivi burada da var.
Qəhrəman arxa sıralardakı kreslolardan birinə əyləşir və teatral üslubda deyir: “Ölmək, yuxulamaq, əbədi yatmaq. Sonra yenidən yuxulamaq! Bax budur əngəl!” Sanki Kamil təhtəlşüurunda öz taleyi ilə üzləşir və ilk dəfə yaşanan hadisələrə kənardan baxır. Bu məqamda müəllif, tamaşaçının gözləntiləri ilə manipulyasiya edir. Bura qədər film sadə müharibə, sağqalma və xilasetmə hekayəsi kimi irəliləyirdi. Gedişatda vizual həllər, musiqi və xırda detallar asta-asta qəribə narahatlıq hissi oyadır, ardınca isə reallığın sərhədləri tədricən bulanır. Bu keçid qəfil baş vermir. Rejissor prosesi o qədər incə və təbii qurur ki, emosional yük və gərginlik səhnədən-səhnəyə yığılır, filmin yaratdığı metafizik atmosfer güclənir.
Süjetin əsas “qarmaqlar”ından biri, Kamilin, partlayış zamanı otaqda telefonla artıq kömək axtarmağı buraxıb evinə zəng vurmasıdır. Bu telefon söhbəti çaşqınlıq yaradır və marağı artırır. Kamil öz oğlu ilə danışdığını zənn edir, dəstəkdən isə atışma səsləri eşidilir. Dəstəyin o başındakı uşaq səsi oyun oynadığını deyir. Bir tərəfdə müharibənin içində yaşayan insan, digər tərəfdə isə onu yalnız kompüter oyunlarında tanıyan yeni nəsil dayanır. Rejissor bu qarşıdurmanı uğurlu şəkildə çatdırır. Fon musiqisi isə səhnənin emosional rezonansını daha da gücləndirir. Növbəti səhnədə fənərin sınmasını həyatın tədricən sönməsinin simvolu kimi qəbul etmək olar. Bunun ardınca Kamilin huşsuz polkovnikə “Sən sağ qalmalısan!” deməsi, xüsusilə, diqqət çəkir. Çünki az sonra yenidən evi ilə əlaqə qurmağa çalışan Kamil artıq polkovniki xilas etməyə çalışmır, onun davranışı əvvəl dediyi sözlərlə ziddiyyətdədir. Bu andan etibarən əvvəlki səhnələrdə gördüyümüz bütün qəribəliklər bir-biri ilə əlaqələnməyə başlayır. Rejissor iki zidd məqamı toqquşdurur və kulminasiyada onları bir nöqtədə birləşdirir. Film boyu baş verən qəribə və məntiqə tam oturmayan hadisələr davamlı suallar yaradır. Lakin sonra həmin suallar pazl kimi yerinə oturmağa başlayır. Kulminasiyanın təsirli alınmasının əsas səbəbi də budur. Film düşünmək üçün vaxt verir və bütün xırda təfərrüatlar birləşəndə sanki partlayış effekti yaradır.
Dialoqdan məlum olur ki, Kamil gələcəklə əlaqə qurub və öz nəvəsi ilə danışır. Polkovnikin xilası məsələsinin ikinci plana keçməsi də burada mənasını tapır. Çünki ölüm həddinə çatmış insan üçün artıq başqa prioritetlər ön plana keçir. Mənə görə, Kamilin ölməsi ehtimalına filmin əvvəlində səslənən sözlər də işarə edir: “Ölmək, yuxulamaq, əbədi yatmaq! Sonra yenidən yuxulamaq! Bax budur əngəl!”.
Ən maraqlısı isə odur ki, partlayışdan sonra eşitdiyimiz həkimlə dialoq sonda tamamilə başqa məna qazanır. Film sanki Kamilin yalnız dağıdılmış binada yox, həyatla ölüm arasındakı keçid vəziyyətində qaldığına eyham vurur. Bu səbəbdən gələcəklə qurulan əlaqə fantastik hadisədən çox, şüurun son müqavimətini xatırladır. Kamil itirilmiş həyatını geri qaytara bilmir, lakin son telefon zəngini edə bilir. Yəni, telefon filmdə sadəcə texniki vasitə deyil, həm də metafizik əlaqə elementidir.

Burada yeganə zəif nüans uşağın danışıq tərzidir. 2023-cü ilin uşaqları, adətən, bu qədər ədəbi və səliqəli danışmırlar. Məncə, köhnə nəsillə yeni nəsil arasındakı fərq dialoqlarda daha aydın hiss oluna bilərdi. Uşağın danışığı bir qədər kitab dili təsiri bağışlayır.
Daha sonra Kamilin qurduğu qumbara tələsi işə düşür və düşmən əsgəri məhv olur. Ardınca başqa bir əsgər hücum edərək Kamili yaralayır. Düşmən əsgərlərin üzləri, demək olar, göstərilmir. Rejissor, diqqəti konkret düşmən obrazına yox, Kamilin daxili vəziyyətinə yönəldir. Buna görə, düşmənlər real personajdan çox, qəhrəmanı ölümə yaxınlaşdıran görünməz qüvvə təsiri bağışlayır. Bu səhnə sual yaradır: əgər yaralanma realdırsa, onda gələcəklə qurulan əlaqəni necə izah etmək olar? Film məqsədli şəkildə konkret cavab vermir. Yaralanmaq sadəcə vaxtın tükəndiyini göstərir. Kamil isə son zənglə rahatlıq tapır və həyatı ilə vidalaşmağa başlayır.
Filmin əvvəlində görünən bir qara və üç ağ göyərçin maraqlı paralel yaradır. Kamil sonuncu telefon danışığında üç dəfə rahatlıq tapır: polkovnikin sağ qaldığını, oğlunun həkim olduğunu və torpaqların azad edildiyini öyrənir. Lakin eyni zamanda bir ağır həqiqətlə də üzləşir — öz ölüm xəbəri ilə. Bir qara və üç ağ göyərçin sanki filmin sonunda əldə etdiyi üç təsəlli və bir faciənin əvvəlcədən verilmiş müjdəsinə çevrilir.
Rəssam emalatxanasındakı alternativ baxış bucağı motivi, əslində, tamaşaçı üçün əvvəlcədən verilmiş xəbərdarlıq idi. Okean altında qalmaq hissini xatırladan atmosfer, uğultulu musiqi, qəribə səhnələr və məkanın yaratdığı sıxılma hissi filmdə sürreal atmosfer qurmaq üçün istifadə olunur və finalda öz mənasını tapır.
Filmin zəif tərəflərinə gəlincə, fkrimcə, son telefon danışığından sonrakı səhnə artıq idi. Çünki həmin səhnə film boyu qorunan əsas sualı cavablandırır. Bundan sonra artıq tamaşaçı hadisələri özü yozmur, film onun yerinə cavab verir. Halbuki filmin ən güclü tərəfi reallıqla metafizika arasındakı sərhədi açıq saxlaması idi. Digər məqam isə finaldan sonra istifadə olunan mahnıdır. Həmin mahnı filmin qurduğu klaustrofobik dərinliyi, qəribə atmosferi və metafizik hissi bir qədər dağıdır. Film sanki yenidən adi müharibə dramına qayıdır. Halbuki “Torpağı sanı yaşayasan” sadəcə müharibə filmi deyildi, finala qədər milli kontekstdən çıxaraq universal metafizik hekayəyə çevrilməyi bacarmışdı. Patriotik final mahnısı isə bu hissi bir qədər zəiflədir və filmi yenidən tanış müharibə narrativinə qaytarır.
Ola bilsin ki, rejissor bunu bilərəkdən edib və tamaşaçını fantastik yozumlardan uzaqlaşdırmaq istəyib. Lakin, məncə, film həmin uğultulu atmosfer və qeyri-adi musiqi ilə bitsəydi, təsiri dəfələrlə güclü olardı. Hətta belə olsaydı, “Torpağı sanı yaşayasan” mənim üçün bütün zamanların ən güclü qısametrajlı filmlərindən birinə çevrilə bilərdi.
Buna baxmayaraq, indiki halı ilə belə film çox güclü və yadda qalan işdir.
Seymur Xəlilov