İNDİ OXUYUR
Səriyyə: bədii film yoxsa sosial çarx?

Səriyyə: bədii film yoxsa sosial çarx?

“Bir dəlil ilə qırx alimi yendim, qırx dəlil ilə bir cahili yenə bilmədim”.

İmam Şəfinin bu fikri Əlixan Rəcəbovun “Səriyyə” filmində qoyulan əsas problemin mahiyyətini ifadə edən fikirlərdən biri kimi qəbul oluna bilər. Filmin əsas ideyasını müasir dövrdə yaşamağımıza baxmayaraq, cəmiyyətin müəyyən hissəsində hələ də davam edən geridəqalmış düşüncə tərzinin yaratdığı fəsadlar təşkil edir. Erkən nikah, qızların təhsil almasına qarşı mənfi münasibət, qadının öz həyatı ilə bağlı qərar vermək hüququnun məhdudlaşdırılması və “el-oba nə deyər?” düşüncəsinin insan seçimlərindən üstün tutulması, quraqlıq probleminə biganəlik filmin əsas sosial problemləridir.

“Səriyyə” filminin ssenari müəllifi və quruluşçu rejissoru Əlixan Rəcəbovdur. Hadisələr Şamaxı rayonunun Çarhan kəndində cərəyan edir. İlk kadrda təmirsiz bir məktəbin sinif otağında keçirilən coğrafiya dərsini görürük və baş qəhrəmanımız Səriyyə (Nəzakət Heydərova) ilə tanış oluruq. Məktəbin vəziyyəti kəndin sosial və iqtisadi mühiti haqqında tamaşaçıda ilkin təsəvvür yaradır. Eyni zamanda, məktəb məkanı filmin əsas ideyalarından biri olan təhsil probleminin vizual ifadəsinə çevrilir. Qız uşağının təhsil almaq hüququndan danışılan filmdə məktəbin özünün belə baxımsız vəziyyətdə olması müəyyən simvolik məna daşıyır.


Filmin mövzu seçimi kifayət qədər uğurludur və cəmiyyət üçün aktual olan məsələyə toxunur. Lakin burada problem mövzuda deyil, onun dramaturji həllindədir. Süjet xətti bir çox məqamda problemin bədii şəkildə açılmasından daha çox, problemin nə olduğunu tamaşaçıya göstərməyə və onun nəticələrini izah etməyə yönəlir. Buna görə də filmin müəyyən hissələrində bədii film ilə sosial çarx arasında sərhəd zəifləyir. Xüsusilə, final səhnəsinə gəlib çatanda elə təəssürat yaranır ki, sanki 77 dəqiqəlik bədii filmə yox, erkən nikah problemini izah edən uzunmüddətli sosial çarxa baxmısan. Daha uğurlu həll yolu süjet xəttinin bədii təhkiyə istiqamətində davam etdirilməsi, personajların daxili inkişafının daha ətraflı işlənməsi və finalın əvvəlki hadisələrdən doğan, daha güclü və yaddaqalan nəticə kimi qurulması olardı.

Səriyyə obrazının inkişafında da müəyyən natamamlıq hiss olunur. Baş qəhrəmanın adının filmin adı ilə eyni olması obrazın filmin ideya mərkəzində dayandığını göstərir. “Səriyyə” adı ərəb və fars mənşəli sözlərin birləşməsindən əmələ gəlib və “başçı qadın” mənasını daşıyır. Filmdə də Səriyyə yalnız öz taleyi uğrunda mübarizə aparan qız deyil, uşaqlığı və gələcəyi əlindən alınmaq təhlükəsi ilə üzləşən qızların simvolu kimi təqdim olunur. O, ətrafındakı insanların “belə gəlib, belə də gedəcək” düşüncəsini qəbul etmir və öz gələcəyini özü müəyyənləşdirmək istəyir.


Səriyyənin məktəbdən evə qayıtdığı səhnədə çantasından su çıxarıb içməsi, bu zaman kameranın onu iki fərqli istiqamətə ayrılan yol ayrıcında göstərməsi filmin ən diqqətçəkən vizual həllərindən biri kimi qiymətləndirilə bilər. Bu səhnəyə yalnız adi yolayrıcı kimi deyil, yetkinlik dövrünə yaxınlaşan bir qızın qarşısında duran iki fərqli həyat yolunun simvolu kimi yanaşmaq mümkündür: Bir tərəfdə erkən evlilik və əvvəlcədən müəyyənləşdirilmiş həyat, digər tərəfdə isə təhsil və öz gələcəyini qurmaq imkanı dayanır. Bununla belə, Səriyyənin məktəbdəki sosial çevrəsinin, demək olar ki, göstərilməməsi hekayəni reallıq çərçivəsindən çıxarır. Məktəb səhnələrində, əsasən, yalnız coğrafiya dərsini görürük. Qəhrəmanın başqa dərslərdə iştirakını, müəllimləri, sinif yoldaşları ilə münasibətlərini görə bilmirik. Həmçinin Səriyyənin heç bir dostunun, yaxın ünsiyyətdə olduğu sinif yoldaşının olmaması onun məktəb həyatını natamam göstərir. Halbuki bir məktəblinin, ən azı, yaşıdlarına salam verdiyi, onlardan biri ilə qısa dialoq qurduğu və ya gündəlik münasibətinin göstərildiyi səhnələr əlavə olunsaydı, Səriyyənin məktəbdə həyatı daha real görünərdi. Xüsusilə, İdrakın (Əlixan Rəcəbovun) oğlu, yəni, Səriyyənin qardaşı ilə birlikdə sinifə gəlib Səriyyəni məcburən evə aparmaq istədiyi səhnədə onun sinif yoldaşlarının reaksiyasını görmək hadisəni daha təsirli edə bilərdi. Dostlarının təəccübü, qorxusu və ya tənəffüslərdə Səriyyə ilə bu məsələ ilə bağlı danışmaqları, ona kömək etmək istəyinin göstərilməsi Səriyyənin problemini yalnız ailə daxilində deyil, onun yaşıdlarının gözü ilə də təqdim etməyə imkan verərdi.

Səriyyənin ailəsindəki münasibətlər də filmin əsas konfliktini formalaşdırır. Anası Rüxsarənin (Günay Əhməd) qızına münasibətində ana-övlad münasibətinin emosional tərəfi kifayət qədər hiss olunmur. O, Səriyyəyə daha çox cəmiyyətin formalaşdırdığı normalar çərçivəsində yanaşır və qızının şəxsi arzularını ikinci plana keçirir. Bu səbəbdən Rüxsarə bir ana obrazından çox, həmin düşüncə sisteminin içində formalaşmış qadın obrazı kimi görünür. Qızının xoşbəxtliyini yalnız “varlı ər” tapmaqda görməsi bunu daha da dərinləşdirir. Əslində, onun keçmişi və daxili dünyası daha geniş açılsaydı, obraz daha maraqlı və çoxqatlı alınardı. Çünki Rüxsarənin də bir vaxtlar seçim haqqından məhrum edilmiş qadın olması ehtimalı onun Səriyyəyə münasibətini daha tutarlı edə bilərdi.


Rüxsarənin “Ərə gedən nə vaxtdan bədbəxt olur?” deməsi filmin əsas ideyasını açan mühüm cümlələrdəndir. Bu cümlənin ardınca gələn “A bədbəxt qızı bədbəxt!” ifadəsi isə, əslində, filmin faciəsini daha da qatılaşdırır. Çünki burada söhbət artıq bir qızın erkən evləndirilməsindən getmir. Daha ağır olan başqa şeydir: bu düşüncə cəmiyyət tərəfindən o qədər normallaşdırılıb ki, qadının özü də onu təbii həyat qaydası kimi qəbul edir. Beləliklə, film göstərir ki, problem yalnız İdrakın və ya Rüxsarənin verdiyi qərar deyil, nəsildən-nəsilə ötürülən düşüncə sistemidir.

İdrak, qızının həyatını onun öz istəyinə görə deyil, maddi maraq və cəmiyyətin tələblərinə uyğun müəyyənləşdirən ata obrazıdır. Səriyyənin “məni beş baş qoyuna dəyişdin!” ifadəsi İdrakın qızına münasibətini çox aydın şəkildə ortaya qoyur. Burada insanın əşyaya çevrilməsi problemi ilə qarşılaşırıq. Səriyyənin arzuları, təhsili və gələcəyi onun üçün əsas deyil; əsas olan maddi qazanc, bu qərarın ailəyə gətirəcəyi faydadır. Ata obrazı öz övladının gələcəyini qoruyan şəxs olmaqdan çıxaraq onu müəyyən maddi mənfəət müqabilində başqasına verən fiqura çevrilir.

İdrakın xarakteri nənənin öldüyü yemək səhnəsində daha aydın açılır. Bu səhnədə onun yalnız ata kimi deyil, insani hisslər baxımından da nə qədər ucuzlaşdığı hiss olunur. Bununla film göstərir ki, insanın gözünü pul, nüfuz və “camaat nə deyər?” düşüncəsi tutduqda ən yaxın münasibətlər belə ikinci plana keçə bilər.

Filmin əsas konfliktlərindən biri də məhz “el-oba nə deyər?”, “camaat nə deyər?” düşüncəsidir. “Camaat nə deyər?” fikri filmdə görünməyən, lakin personajların qərarlarına təsir edən əsas qüvvələrdən biridir. İdrakın qızının gələcəyini ilə bağlı qərarlarında cəmiyyətin münasibəti də mühüm rol oynayır. Bu cür düşüncə ilə yaşayan insan, tədricən, öz həyatının sahibi olmaqdan çıxır, başqalarının müəyyən etdiyi qaydalarla yaşamağa başlayır. Film də məhz bunu tənqid edir: insan öz həyatına dair qərarları “camaat nə deyər?” sualına görə verdikcə, onun şəxsi dünyası və seçimləri yox olmağa başlayır.


Səriyyənin Rakiflə (Niyaz İlyasoğlu) ilk dəfə qarşılaşdığı market səhnəsi, daha sonra Rakifi evlərində gördüyü, yolda gördüyü, nişan və toy səhnələri Rakif obrazını tanımağımızda mühim rol oynayır. Aktyorun hərəkətləri, baxışları və mimikaları vasitəsilə obrazın Səriyyəyə münasibətindəki pedofil baxış tərzi aydın hiss olunur. Xüsusilə, marketdəki ilk qarşılaşmadan başlayaraq onun Səriyyəyə münasibətinin getdikcə daha çox nəzarət və sahiblik xarakteri alması erkən nikahın arxasında duran qeyri-bərabər münasibəti göstərir.

Filmdə Səriyyənin yaşadığı kəndin sosial və iqtisadi vəziyyəti də diqqət çəkir. Kənddəki quraqlığın və yoxsulluğun təsirini, əsasən, Səriyyənin evində və onların ətrafında görürük. Ailənin kasıblığı, evdə lampa yandırmaq üçün belə imkanların məhdud olması onların həyat şəraitini göstərir. Lakin kəndin digər sakinlərinin həyatını kifayət qədər görmədiyimiz üçün bu vəziyyətin ümumi olub-olmadığını tam müəyyənləşdirmək çətinləşir. Məsələn, Səriyyənin ailəsi ilə eyni və ya oxşar maddi şəraitdə yaşayan, lakin qızının təhsil almasına müsbət yanaşan bir qonşu ailənin göstərilməsi maraqlı müqayisə yarada bilərdi. Rüxsarənin həmin qonşuya gedib söhbət etməsi, ailələr arasındakı fərqin göstərilməsi bizə problemin əsas səbəbinin yoxsulluq, yoxsa düşüncə tərzi olduğunu daha aydın anlamağa imkan verərdi.


Filmdə Səriyyənin müəlliməsi də mühüm potensial daşıyan obrazdır. Müəllimə, Səriyyəyə məqsədinə çatmaqda kömək edən mentor obrazıdır. Amma bu obrazın dramaturji inkişafı yoxdur. Final səhnəsində müəllimənin Səriyyənin yanında qalması və onu oxutması müsbət nəticədir, amma tamaşaçı həmin nəticəyə qədər müəllimənin Səriyyəyə qətiyyətlə yardım etdiyini, onunla fərdi münasibət qurduğunu və Səriyyənin problemini öz problemi kimi qəbul etdiyini kifayət qədər görmür. Əgər müəllimənin Səriyyəyə dəstək olduğu bir neçə səhnə göstərilsəydi, finaldakı birlikdə qalmaq daha məntiqli və emosional təsirli görünərdi. Filmin finalı ilə bağlı əsas problem də məhz buradan yaranır. Hadisələrin nəticəsi müəyyən mənada müsbət istiqamətdə həll olunsa da, tamaşaçı bu nəticəyə emosional baxımdan tam hazırlaşdırılmır. Əgər Səriyyənin müəlliməsi, sinif yoldaşları, anası və digər personajlarla münasibətləri film boyu daha dərin inkişaf etdirilsəydi, final yalnız problemin həlli kimi deyil, personajların keçdiyi yolun nəticəsi kimi qəbul edilərdi. Bu isə filmin emosional təsirini xeyli artırardı.


Ümumilikdə “Səriyyə” aktual və cəmiyyət üçün vacib olan bir problemi gündəmə gətirən filmdir. Film erkən nikahı, qızların təhsil hüququnun məhdudlaşdırılmasını, qadının seçim haqqının əlindən alınmasını və “camaat nə deyər?” düşüncəsinin insan taleyinə təsirini tənqid edir. Filmin mövzu seçimi güclü olsa da, bəzi personajların inkişafının natamam qalması, Səriyyənin sosial çevrəsinin göstərilməməsi, kəndin ümumi sosial mühitinin kifayət qədər açılmaması və finalın əvvəlki hadisələrlə emosional baxımdan tam dəstəklənməməsi filmin bədii təsirini müəyyən qədər zəiflədir.

“Səriyyə”nin hekayəsini  bir  cümlə ilə ifadə etsək, bu, Rüxsarənin Səriyyəyə dediyi “Ərə gedən nə vaxtdan bədbəxt olur?” cümləsi olardı. Filmin əsas sualı, əslində, elə budur: bir insanın, başqalarının müəyyən etdiyi qaydalarla yaşamağı nə vaxta qədər “normal” hesab edilə bilər? “Səriyyə” bu sual vasitəsilə yalnız erkən nikahları yox, insanın seçim haqqını əlindən alan düşüncə sistemini də sorğulayır. Bu mənada “Səriyyə” filmi bir qızın taleyindən daha böyük bir problemi – insanın öz həyatının sahibi olmaq haqqını müzakirəyə çıxarır.

Sevinc Xanbutayeva

© 2026 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya