İNDİ OXUYUR
Rafiq necə “Çuxura” qayıtdı?

Rafiq necə “Çuxura” qayıtdı?

Ssenari rubrikamızın budəfəki “qonağı” rejissor, prodüser Tahir Tahiroviçin “Rafiq necə “Çuxura” qayıtdı?” kinonovellasıdır. Müəllif bu novella əsasında film layihəsi hazırlayıb və yaxın vaxtlarda reallaşdıracağına ümid edir. 

Hava soyuqdur. Rafiq “Dom pioner”dəki otağının pəncərəsi önündə oturub bayırda narın-narın yağan qarı seyr edir. Üz-gözündən fikirli olduğu aydın sezilir. Cibindən üç manat pul çıxarır. Toy mövsümü olmadığına görə bütün musiqiçilərsayağı o da klarnetini və saksofonunu lazımsız əşya kimi evdə çarpayının altına qoymuşdu. Bir yandan da Naxçıvanın darıxdırıcı həyatı onu əməllicə dilxor edir. Bilmir, hansı işin qulpundan yapışsın.

Bu vaxt dəhlizdən ayaq səsləri eşidildi. Çox keçmədən qapı aramsız döyüldü. Rafiq diksindi. “Kimdi?” – deyə səsləndi, ancaq cavab almadı. Bir rus mayoru ilə “Dom pioner”in müdiri Nizami müəllim qapını açıb içəri girdilər.

Mayor başıyla işarə edib soruşdu ki, budur? Nizami müəllim: “Bəli, bəli” deyə, cavab verdi.

Rafiqi qorxu basdı. Bu mayor kim idi, burada nə işi vardı, Nizami müəllim niyə həyəcanlı görünürdü?

“Dom pioner”in müdiri xırıltılı səslə dilləndi: “Rafiq, səni general Katkov çağırır”.

General Katkov Naxçıvandakı sovet qoşunlarının komandiri idi.

Rafiqin təlaşı bir az da artdı. Əfqanıstan müharibəsi təzə başlamışdı. Qorxdu ki, yəqin, onu da savaşa aparacaqlar. Qeyri-ixtiyari telefona yaxınlaşdı, evə zəng vurmaq istədi, lakin qoymadılar. Nizami müəllimlə mayor vaxt itirmədən Rafiqi hərbi “Villis”ə mindirib yollandılar onun evinə… Yalnız evə çatanda məsələnin üstü açıldı, Rafiqin ürəyi yerinə gəldi. Klarneti götürüb onu müşayiət edənlərlə birgə bu dəfə diviziyaya üz tutdular.

Diviziyanın həyətində bayram əhval-ruhiyyəsi vardı. Bu gün fevralın 23-ü – sovet ordusunun yaranma günü idi. Mayor dedi ki, bir azdan parad başlayacaq. Rus əsgərlərindən ibarət orkestrin klarnet ifaçısı xəstələnmişdi, odur ki, indi onu Rafiq əvəz edəcəkdi.

Paradda sovet hərbi marşlarının səsləndiriləcəyini öyrənən Rafiq dərhal not istədi. Bir neçə dəqiqə sonra not vərəqləri artıq Rafiqin əlindəydi. O, bir küncə çəkilib klarneti yavaş-yavaş dilləndirdi. Alınırdı!

Nəhayət, parad başladı. Əsgərlər sıravi marşla tribunanın önündən keçirdilər. Rafiq özündən ixtiyarsız sovet hərbi marşlarına muğam rəngləri əlavə edirdi. General Katkov bunu anlayanda Rafiqə baxdı, baş barmağı ilə əla işarəsi göstərdi. Rafiq isə öz işindəydi, hətta “Katyuşa” mahnısı ifa olunanda elə cuşa gəlmişdi ki, sanki hərbi paradda yox, mağar toyundaydı.

Parad bitəndən sonra Rafiq evə qayıtdı. General Katkov hədiyyə olaraq ona “Krasnıy Moskva” odekolonu və yüz rubl pul vermişdi.

Bu əhvalatdan, təxminən, iki il keçmişdi. Rafiq anasıgildə idi. Bu zaman həyət qapısı açıldı, DTK əməkdaşı Qibləli göründü. Rafiq onu yaxşı tanıyırdı.

Qibləli içəri keçib salam-kəlamsız oturdu Rafiqin yanında. Rafiq dinmirdi. Qibləli stolun üstündəki qrafindən stəkana su süzdü, qurtuldada-qurtuldada içdi, sonra bir “oxqay” çəkdi və nəhayət dilləndi:

– Gedək.

Rafiqi sanki tok vurdu. Ağzını açıb “hara?” deyə soruşmaq istədi, lakin Qibləli macal vermədi, gözüylə işarə elədi ki, evdəkilər heç nə bilməməlidir. Ardınca da təkrar dilləndi:

– Hə, di qalx gedək.

Bət-bənizi ağarmış Rafiqi DTK-nın binasına gətirdilər.

Uzun kabinetdə balacaboy komitə sədri oturmuşdu. Rafiq içəri daxil olan kimi sədr qışqırdı: “Sən Katkovu hardan tanıyırsan?”

Rafiq bir anlıq özünü itirdi. Çünki iki il bundan əvvəl görüşdüyü generalın nəinki üzünü, hətta soyadını da yaddan çıxarmışdı. Ona görə də söhbətin nədən getdiyini heç cür anşıra bilmədi. Komitə sədri isə elə hey çığırır, onun Katkovla nə əlaqəsi olduğunu öyrənmək istəyirdi.

Rafiq anidən xatırladı:

– Yoldaş sədr, mənim Katkovla nə əlaqəm ola bilər ki? O burada diviziya komandiri olanda məni orkestrdə klarnet çalmağa çağırmışdılar. Katkovu da birinci və axırıncı dəfə onda görmüşəm.

Sədr bu cavabdan sonra yanında dayanan köməkçisinə qanrıldı, ona əmr elədi ki, əlində tutduğu məktubu oxusun. Məktubda Naxçıvanı xeyli tərifləyən Katkov ardınca klarnet ustası Rafiq Kərimovu Çexiyanın Brno şəhərinə dəvət etdiyini yazırdı.

Sədr ayağa qalxdı. Rafiqə tərəf çevrilib dedi:

– Özün bil, gedirsən get. Amma bəri başdan biləsən ki, bir sovet vətəndaşı olaraq bu, gələcəkdə sənə baha başa gələ bilər. Bir də ki, Naxçıvanda toylara gedirsən, “Dom pioner”də işləyirsən, nəyin əskikdir? Başını sal aşağı, işlə da bə!

Rafiq fikirli-fikirli evə qayıtdı. Yolboyu onu ancaq bir sual düşündürürdü: Çexiyaya getsin, yoxsa getməsin?

Evə çatanda artıq qərarını vermişdi…

Anası Günəş göyərti arıtlayırdı. Rafiq ona yaxınlaşıb Brnoya gedəcəyini söylədi. Günəş göyərtini yerə atıb qışqırdı:

– Bircə bu qalmışdı! Ora haradı elə? Nə işin qalıb o xarabada?! Mən burda sənə toy eləməyə hazırlaşıram, sən də başlamısan ki… Ay havarrrrr!!!

Anasından başqa cavab gözləməyən Rafiq həyətə düşdü. Bu vaxt qonşuları Camal əmi çöl qapısından içəri girdi. O, kürək almağa gəlmişdi.

Camalı görcək Günəş xala yenidən deyinməyə başladı:

– Görürsən bu avaranı?! Deyir, gedirəm Brındı-nədi ora…

Camal bir şey anlamadı, Rafiqdən nə baş verdiyini soruşdu. Rafiq məsələni açıb danışdı. İşdən hali olan Camal əmi üzünü tutdu Günəşə:

– Ay Günəş, imkan ver getsin, uşağın bəxtini bağlama. Əfqanıstanda da müharibə başlayıb. Birdən götürüb davaya-zada apararlar. Yaxşısı budur, qoy getsin o Brındı haradısa ora…

Rafiq bu əhvalatdan bir ay sonra artıq Brnonun “Turjanı” hava limanındaydı.  Elə şəhərə ayaq basdığı ilk gündən Rafiq  haradan hara düşdüyünü anladı: Naxçıvanın tozlu-torpaqlı yollarından Brno şəhərinin asfalt döşənmiş, geniş, təmiz səliqəli küçələrinə…

General Katkov onu öz otağında mehribanlıqla qəbul etdi. Əvvəlcə Naxçıvandan danışdılar, ardınca general səmimi şəkildə dedi ki, Rafiqin klarnetdə ifalarına vurulub. Onun hərbi marşları muğam üstündə ifa etməsindən danışanda isə qəhqəhə çəkdi, Rafiq də ona qoşuldu. Nəhayət, dəvətin səbəbi aydınlaşdı. Məlum oldu ki, Rafiq hərbi orkestrin rəisi təyin olunur.

Gözəl və bəxtəvər günlər başladı.

Çexiyanın həyat tərzinə öyrəşmək, təbii ki, çətin idi, lakin Rafiq tezliklə hər şeyə alışdı. Hərbi orkestrin rəhbəri kimi tez-tez konsertlərdə, festivallarda iştirak edirdi, geri – Naxçıvana qayıtmaq heç ağlına da gəlmirdi.

Beləcə, iki ilin necə keçdiyini hiss eləmədi Rafiq. Ta ki…

Bir gün Rafiqi yanına çağıran polkovnik Padarov general Katkovun onu görmək istədiyini söylədi.

Rafiq qəbul otağına yaxınlaşanda generalın katibəsi Lyudmila Vasilyevna ona tərs-tərs baxıb dodağının altından mızıldadı:

– Ax Rafik, ax Rafik…

Rafiq katibənin mızıldanmasından heç nə başa düşmədi, ancaq yüngülvari təlaşlandı və generalın otağına daxil oldu. Hərbi geyimdə olmasa da, Katkov həmişəki ciddi görkəmində idi. Ona görə də Rafiq qeyri-iradi hərbi salam verdi.

General dilləndi:

– Ay Rafik, bilirsən ki, səni çox istəyirəm. Sənətkarlığına isə xüsusi hörmətim var. Səni ucqarlardan buraya da elə ona görə gətirmişəm.

Rafiq işin içində iş olduğunu anlayıb daha da həyəcanlandı, təlaşını birtəhər boğub dedi:

– Çox sağ olun, yoldaş general!

– “Sağ ol”unu saxla. Mənim “sağ ol”a ehtiyacım yoxdu. Sizin bir dramaturqunuz var. Onun cəmi bir əsərini oxumuşam, özü də həmin əsər əsasında çəkilən filmə baxandan sonra. Nə idi onun adı?..

Rafiq:

– Yoldaş general, bilmədim, kimi deyirsiniz.

General ani fikirləşdi:

– Hə, tapdım, Axundov… “Dərviş Parisi partladır”… Baxmısan, yəqin, o filmə.

– Bəli, cənab general.

– Mən düşünürdüm ki, siz bir daha onun qəhrəmanlarının gününə düşməzsiniz. Ancaq, sən demə, o vaxtdan bəri dəyişən çox şey yox imiş…

 Katkov sözlərinə bir qədər ara verdi.

– Nə isə, keçək əsas məsələyə.

Rafiq əməllicə dilxor olmuşdu. Görəsən, hansı səhvə yol verib? Bir də ki, bu səhvin “Dərviş Parisi partladır” filmi ilə nə əlaqəsi ola bilərdi?

General qarşısındakı “Göy-Göl” konyakını qədəhlərə süzdü. Rafiqə də təklif edəndən sonra yenidən sözə başladı:

– Rafik, Naxçıvandan hər ay məktub gəlir.

– DTK-dan?

– Yox, əşşi… Oradan gəlsəydi, nə vardı ki… Sizin evdən. Anan elə hey yazır. Mən iki ildir, bunları gizlədirdim, səni buradakı iş-gücündən, xoşbəxt həyatından qoparmaq istəmirdim, ancaq artıq dözə bilmədim. Anan hər məktubunda mənə dişinin dibindən çıxanı yazır. Deyir ki, oğlumu əlimdən almısan.

– Yoldaş general!

– Dayan, Rafik… Konyakını iç. Sonuncu məktubda isə tamam ağını çıxarıb. Yazır ki, əgər oğlumu qaytarmasan, neft töküb özümü yandıracağam. Hətta SSRİ müdafiə naziri yoldaş Ustinova yazacağını deyir. Ən çox da ondan qorxuram ki, anan eynilə Axundovun əsərindəki kimi bir dərviş tapıb Brnonu partladar.

General sonuncu cümlənin ardından yüngülcə gülümsündü və siqaret yandıraraq pəncərəyə yaxınlaşdı. Rafiq nə deyəcəyini bilmirdi.

Katkov bir-iki qullab alandan sonra yenidən dilləndi:

– Rafik, mən beş il Naxçıvanda komandir olmuşam. Sizin camaatı yaxşı tanıyıram. Ailəyə çox bağlısınız. Mənim gözümün ağı-qarası bircə övladım var: Yelena. Onu sən də tanıyırsan, keçən dəfə ad günündə görmüsən. Sözümə qulaq as, Rafik, gəl səni Yelena ilə evləndirim. Nəyim var, sənin olsun. Ancaq bir də oralara qayıtma. Moskvada, Peredelkinoda bağ evimi də sənə bağışlayıram. Hələ istəyirəm, səni Praqa Konservatoriyasına qəbul etdirim.

Rafiqi tər basmışdı. Hətta generalın son cümlələrini belə eşitmədi, dilxor vəziyyətdə, icazə almadan otağı tərk etdi.

Dəhlizdə generalın katibəsi Lyudmila Vasilyevna hələ də dodağının altında deyinirdi:

– Ax Rafik, ax Rafik…

Rafiq Brnoda qalsın, sizə kimdən deyim – Günəş xaladan. Əslində, general gümanında yanılmırdı. Hər ay qonşunun oğlu Məşəbaşıya yazdırdığı məktubu poçtla Brnoya yollayan Günəş xala oğlundan xəbər çıxmadığını görəndə əlacsız qalıb qonşu Zümrüd arvadla birgə “baxıcı” Hüseynə üz tutmuşdu. Hüseyn kişi də Quranın səhifələrini çevirə-çevirə demişdi: “Ürəyini buz kimi saxla, oğlun yaxın günlərdə qayıtmasa, elə bir dua yazacam ki, o Brnodu-nədi, oranın daşı daş üstündə qalmasın“. Bu sözlərdən Günəş xalanın ürəyi rahatlamışdı.

* * *

Katkovla söhbətin üstündən haradasa bir ay keçmişdi.

Bir gün polkovnik Padarov sakitcə Rafiqə yaxınlaşdı. Qoltuğundakı qovluğu ona uzadaraq: “Yoldaş general sənin Naxçıvana qayıtmağını istəyir”, – dedi.

Məsələ tezliklə aydınlaşdı: məlum oldu ki, Naxçıvandan sonuncu məktubu Günəş xala yox, qonşunun qızı Məhsəti yollayıb. Həmin məktubda Məhsəti yazırdı ki, Günəş xala fikirdən artıq nə yatır, nə yeyib-içir, bu gedişlə ömrünün axırına çox qalmayıb…

General Katkovun artıq başqa yolu yox idi, ona görə də Rafiqi biryolluq Naxçıvana göndərmək qərarına gəlmişdi.

Beləcə, Rafiq çar-naçar Naxçıvana qayıtdı. Dəmiryol vağzalında onu məhlə uşaqları – Qırıx, Qudan, Cını, Qiya, İli, Dımıqi və Məşəbaşı qarşıladı.

Dostlarının üzündə sevincdən çox, üzüntü görən Rafiqin ürəyinə nəsə damdı, doluxsundu, həyəcanlı şəkildə anasını soruşdu. Məhlə uşaqları dillərini sürüdülər, düz-əməlli bir cavab vermədilər.

Çuxur məhəlləsinə çatıb uzaqdan mağarı görəndə Rafiq hönkürdü. Ancaq taksidən düşəndə mağardan mollanın avazını yox, musiqi səsi eşitdi. Klarnetçi Əkusta, nağaraçı Pənah, qarmonçu Ələs “Vağzalı” çalırdılar. Günəş xala mağardan küçəyə atılıb oynaya-oynaya Rafiqin qarşısına gəldi.

Rafiq çaşıb qalmışdı, neyləyəcəyini bilmirdi…

Beləliklə, həmin gün Rafiqi evləndirdilər, lakin bu, adi toy deyildi – bir də harasa getməyi ağlının ucundan belə keçirməsin deyə ona tutulan ömürlük toy idi.

Tahir Tahiroviç

(müəllif hüquqları qorunur)

© 2026 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya