Ölüm qorxusu

Məncə, dünyada mövcud olan incəsənət növlərinin hamısı zamanı dondurmaq, onun hərəkətini dayandırmaq ehtiyacından yaranıb.
İnsan övladı ta qədimdən üzü bəri varlığına hakim kəsilmiş və heç vəchlə anlaya bilmədiyi qəribə bir hissdən yaxa qurtarmağa can atıb. Bu – ÖLÜM QORXUSUDUR!
…Əlbəttə, o, ölümün nə olduğunu bilməyib: ölüm, nə olan şeydir və necə olur ki, dünən birgə ova getdiyi; qayalara dırmaşan, dərələrdə qaçan, yemək yeyən, su içən, yatan, duran birisi bu gün qəflətən yıxılıb hərəkətsiz, nəfəssiz qalır?..
Vaxt ötdükcə, nəhayət, ona çatır ki, bu nədirsə, əbədi bir itkidir – uzanıb qımıldanmayan adam bir də heç vaxt durub, ya ayılıb ova getməyəcək, bir də heç vaxt qışqırmayacaq, ağlamayacaq, gülməyəcək…
Bəli, insan ölüm təhlükəsindən qurtulmaq üçün həmişə (təhtəlşüur) yollar axtarıb… Ürəyinə damıb ki, iradəsi xaricində görünməyən təhlükəli nəsə bir şey mövcuddur və o “şey” daima hərəkətdədir – axır, dayanmadan axır, axır… Bu “nə isə”-nin zamanın hərəkəti olduğunu dərk etməsə də, görür, duyur ki, qəribədir; saysız-hesabsız günlər, gecələr keçir – yağış yağır, qar yağır, gün çıxır və günlərin birində… insan geriyə dönüşü olmayan, qorxunc, amma labüd bir gerçəkliklə üzləşməyə məhkumdur… Və onda instinktiv olaraq, zamanı, onun hərəkətini saxlamaq, durdurmaq ehtiyacı yaranır.
Bunu həyata keçirmək üçün onun ilk addımı…daşlar üzərində özünün və yaxınlarının rəsmlərini cızmaq, qayaların səthində, sığındığı mağara divarlarında müxtəlif ov səhnələri və mərasimlərin emosional məqamlarını yonmaq, oymaq olur!
Bioloji varlıq olan insan paleolit dövründən mezolit dövrünə qədər (yəni, arxantrop və homo habilisdən neandertal insana qədər) elə zənn edib ki, bununla vaxtın amansız axarını ləngidə, yaxud dondura bilər. Hətta özünü birdəfəlik inandırıb ki, ölüm qorxusundan xilas olmağın bundan başqa çarəsi yoxdur.
Daha sonra insan övladı özünün əksinə tamaşa etmək üçün vulkanik obsidian daşlardan güzgülər düzəltdi…
Daha sonra özünü əbədiləşdirmək üçün daşdan, mərmərdən, qranitdən heykəllər yapdı…
Daha sonra anı dondurmaq üçün fotoşəkillər icad elədi…
Daha sonra həmin fotoşəkilləri hərəkətə gətirdi…
Daha sonra zamanı yaddaşa köçürmək üçün KİNO adlanan vizual sənət növü yaratdı…
Beləliklə, iddia edə bilərik ki, “incəsənət” dediyimiz sənət növləri zamanın bətnindən doğuldu, zamanın hərəkətini dondurmaq ehtiyacından yarandı.
Və ZAMAN həmişə bütün sənət növlərinin “yorğan davası”-na çevrildi.
Kinofilmlər zamanın özünə baxdığı güzgüdür – o güzgü ki, orada RUH özünə yuva salıb və o yuvada insan ürəyi zamanın saatını əvəzləyir. Bu “saatı” saxlamaq, durdurmaq, yaxud əbədi olaraq o güzgüyə hopub qalmaq mümkünmü? Əlbəttə, yox. Amma ona cəhd göstərmək, təsir etmək, o “yuvada”, o “güzgüdə” saflıq, məsumluq yaratmaq, katarsis doğurmaq, insanı durultmaq, insana insaniyyət aşılamaq mümkündür, hətta zəruridir də. Çünki kino işıqla yazılmış şeirdir…
Fikrimcə, sənətin, təbii ki, əsl sənətin, təsir gücünün, mahiyyəti və funksiyasının zaman adlı materialdan yoğrulması Allahın insana lütfüdür.
Bu sırada kino sənəti də istisna deyil. Ancaq XIX əsrin sonlarında yaranan sinematoqrafiya (sinematoqrafiya – hərəkət edən şəkillər deməkdir) elə ilk addımındaca obyektiv çətinliklə üzləşdi: yəni, yaranmasıyla hərəkətə borclu olan, mövcudluğunu məhz hərəkət vasitəsiylə nümayiş etdirən bir sənət növü zamanın, vaxtın hərəkətini necə durdura bilərdi ki?..
Tezliklə çıxış yolu tapıldı: əgər hərəkət hərəkəti dayandıra bilmirsə, demək, ONU təqlid etməli, yamsılamalıdır. Ancaq bu yolla, ya bu vasitə ilə adını əbədi incəsənət növləri siyahısına yazdırmaq olar…
Kino zamanın hərəkətinə qovuşub, ya qarışıb, onu təkrar etməyə cəhd göstərən unikal sənətdir.
Kinonun materialı vaxtdır, daha doğrusu, vaxtın hərəkətidir. Bu kontekstdən yanaşsaq, deyə bilərik ki, ZAMAN anlayışı istisnasız olaraq incəsənət növlərinin hamısında mövcuddur. Və bu anlayış, ilk növbədə təbii hadisələrin əlaqəsi sayəsində qavranılır; eləcə də səbəb-nəticə xarakterli, yaxud psixoloji, assosiativ də ola bilər.
Biz isə bu kiçik ekskursdan sonra (yarızarafat da olsa), təkrarən iddia edək ki – sinematoqrafiya ZAMANIN hərəkətini yamsılayan ilk və yeganə vizual sənət növüdür.
Maraqlı olan insanların statik, yaxud tərpənməyən “obyektdən” daha çox hərəkəti, tərpənişi görməyə meyil göstərməsidir. Bəlkə bu, zamanın hərəkətlə eyniləşdirilməsindən, yaxud həyatın ötəri, fani olmasından qaynaqlanır?.. Güman ki, kinofilmlərə kütləvi marağın səbəbini də elə “görünən hərəkətə” daha çox ümid bəslənməsidir…
Düşünürəm, hətta buna əminəm ki, kinofilm onu yaradanların özü-özlərinə etdikləri ən səmimi etirafıdır. Və bəlkə də elə bu baxımdan əsl kino əsərində əsas meyar təsadüf və konfliktlərin səbəb və nəticədən yaranması olmalıdır…
Eldəniz Quliyev