İNDİ OXUYUR
Ölüm, yaddaş və Şeytan

Ölüm, yaddaş və Şeytan

Mayın 19-da Azərbaycan Kinematoqrafçılar İttifaqında kinoda ilk addımlarını atan iki gəncin – Məhəmməd Əliyevin “Nənəm” və Uğur Əkbərlinin “Şeytanla empatiya” filmlərinin nümayişi keçirildi.

Məhəmməd Əliyev “Nənəm” sənədli filmində şəxsi hadisəyə fokuslanır. Kameranın işləmə funksiyası insanda maraq oyadır. Film boyu nənənin ekrana baxdığı anlarda kadr donur, sonra yenidən hərəkət başlayır. Bu davamlı donma və açılma hissi rejissorun itirmək üzrə olduğu insanı yaddaşda saxlamaq cəhdinə çevrilir. Kamera burada sadəcə görüntünü əks etdirmir, daha böyük bir rolu üzərinə götürür zamanın gedişatına qarşı çıxmaq. “Nənəm” filmi, zamanı dayandırmaq istəyi üzərində qurulur.

Rejissorun babasının nənəsinə kiril əlifbası ilə yazdığı məktub oxunduqca keçmiş tədricən açılır. Mətn çətinliklə oxunur, bir sözə ilişib qalanda gözlənilməz fasilə yaranır, zaman sanki dayanır, elə bil keçmişlə indi arasında rabitə şifrələnir. Müəllif həmin anlarda həm keçmişlə bu gün arasındakı məsafəni, həm də yaddaşın qırıqlığını göstərir. Məktubun saralmış səhifələri get-gedə ekranı doldurur, bir-birinin üzərinə qalaqlanmağa başlayır. Nənənin keçmişi, xatirələri, şəxsi həyatının sirləri ekranda görünür, amma biz bunu oxuya, anlaya bilmirik. Daha rejissor bizim üçün bələdçi rolunu oynamır, şəxsi xatirələri deşifrə etmir. Saralmış vərəqlər birdən uzanıb gedən hasarlarla əvəz olunur. Xüsusilə, maşının hərəkəti ilə birlikdə bu keçid artıq zamanın sürətlənməsinə çevrilir. İnsan həyatı əvvəl fraqment-fraqment xatırlanır, sonra isə birdən sürətlə axıb sona yaxınlaşır. Gözlənilməz vizual keçid insana bir şeyi izah edir – hər şeyin sərhədi var…

“Nənəm”


Filmin ən böyük üstünlüyü kameranın işidir. Kadrlar tamaşaçıda “gizli müşahidə” hissi yaradır. Kiçik kamera ilə çəkilmiş görüntülər olduqca səmimi təsir bağışlayır. İtməkdə olan həyat fraqmentləri filmin əsasını təşkil edir. Qəbiristanlıq səhnəsi. Cənazə artıq torpağa tapşırılır. Bu zaman rejissor tamaşaçını yenidən evə qaytarır. Nənə asta-asta yeriyir. Zaman da sanki onunla paralel şəkildə irəliləyir. Nənə otaqdan çıxır. Kamera isə içəridə qalır. Rejissor burada çox sadə, amma çox ağır bir fikri göstərir. Kamera nə qədər zamanı dondurmağa çalışsa da… Yox, yenə cəhd olunur. Nənə mətbəxə keçir. Kamera onu izləyir və… qaçınılmaz son bərqərar olur: Ölümü dayandırmaq mümkün deyil. İnsan sonda kadrdan çıxır. Geriyə yalnız boş məkanlar və xatirələr qalır.

Əvvəldə xatirələr sözlərlə – məktublarla qurulurdu. Finalda isə sözlər yox olur, yerini boş kadrlar tutur. Müəllif artıq itkini izah etməyə çalışmır, sadəcə boşluğu göstərir. Ona görə, kadr sözdən daha güclüdür. Çünki kamera qələmin edə bilmədiyi şeyi etməyə qadirdir – boşluğu olduğu kimi göstərməyə. Bəzi hissləri sözlə ifadə etmək olmur, amma kino həmin boşluğu göstərə bilir. On altı yaşlı Məhəmməd Əliyev tamaşaçıya bu duyğuları dərindən yaşatmağı bacarır.

Uğur Əkbərlinin “Şeytanla empatiya” filmi rejissorun daxili böhranının ekranda əksidir. O, Mədəniyyət və İncəsənət Universitetinin qabiliyyət imtahanından kəsiləndən sonra uzun müddət dərin boşluğa düşüb, həyata qarşı marağını itirib. Bu isə on səkkiz yaşlı gənci həm dini, həm fəlsəfi, həm də psixoloji suallar haqqında düşünməyə vadar edib. “Şeytanla empatiya” film də məhz bu daxili axtarışın nəticəsi kimi meydana çıxır. Filmin açılışında biz bədənində yaralar olan bir personaj görürük. O, sarğılarını açır, evdə gəzir, siqaret çəkir, çay dəmləyir, nəsə yazmağa çalışır, amma alınmır. Buradakı fiziki yara yavaş-yavaş mənəvi zədəyə çevrilir. Bu baxımdan biz obrazın rejissorun alter-eqosu olduğunu deyə bilərik. Obraz yalnız bədənində deyil, düşüncələrinin içində də ilişib qalır. Qəhrəman dostlarının yanında olsa belə, özünü onlardan daxilən xeyli uzaq hiss edir. Onun üçün zaman artıq dayanıb.

Filmin ritmi durğundur. Ta ki şeytan ortaya çıxana qədər. O, gözlənilməz şəkildə əsas qəhrəmana təpik vurur və bununla da filmin süst ritmi pozulur. Rejissor burada həm obrazı, həm də tamaşaçını oyatmağa çalışır.

Filmdə şeytan klassik, ənənəvi dini obraz kimi təqdim olunmur. O, daha çox əsas qəhrəmanın daxilində gizlənən qəzəbin, incikliyin və daxili parçalanmanın inikası kimi çıxış edir.  Maraqlıdır ki, şeytanın da üzündə yara var. Bu detal onun sadəcə “pislik” simvolu olmadığını göstərir.

“Şeytanla empatiya”


“Qoca və dəniz” motivi filmin birinci əsas dayağını təşkil edir. Bu hekayənin danışıldığı məqamda film qəflətən canlı təsvirdən rəsmlərə və animasiya estetikasına keçir. Burada Santyaqo təkcə ədəbi qəhrəman kimi yox, gedişatı aparan, tamaşaçının beynində suallar yaradan bir personaj kimi təzahür edir. Hər gün dənizə çıxmaq, yenidən geri qayıtmaq, böyük məqsəd uğrunda illərlə mübarizə aparmaq — bütün bunlar filmin əsas qəhrəmanının daxili vəziyyəti ilə paralellik yaradır.

Santyaqo sonda böyük balığın yalnız skeletini sahilə gətirir. Sual yaranır: “İnsan ömrü boyu mübarizə aparır, bəs sonda nəyə nail olur? Xəyallarını tamamilə gerçəkləşdirə bilir, yoxsa yalnız onların skeleti ilə kifayətlənir?”

İnsanın böyük mənalar axtarışı ilə həyatın amansız boşluğu arasında əbədi bir qarşıdurma sürüb gedir. Hadisələrin davamında qəbiristanlıq səhnəsində baş tutan şeytan və mələyin döyüşünü bu nəzərdən oxumaq yerinə düşür. Çünki bizim qarşılaşdığımız şeytan obrazı ilahi bir fiqurdan, şərin mücəssiməsindən daha çox, boşluğun yaratdığı əksin cisimləşməsidir. Onun üzündəki yaranın tədricən pozulub yox olması da qəhrəmanın daxili boşluğunun şeytan tərəfindən hissə-hissə ələ keçirilməsinə işarə edir. Bu proses məzarlıqda şeytanın mələyə qalib gəlməsi ilə kulminasiyaya çatır.

Diqqətlə nəzər yetirəndə bu qələbədən sonra Şeytan oğlana və onun dostuna Prometey hekayəsini danışır. Filmin motivi yenidən animasiyaya keçir. İkinci mahiyyət dayağı bunun vasitəsilə yaradılır. Prometey insanlara odu verir. Bir növ, onu bəşər övladına hədiyyə edir. İnsan buna görə heç bir əziyyət çəkmir, odu əldə etmək üçün çətinlikləri aşmır. İnsanın qaranlığı Prometeyin alovu ilə işıqlanır. Bizim obrazımızın da daxili qaranlığı Şeytanın qələbəsi ilə aydınlanır. Şeytan qaranlığa hökm etməyə başlayır, gücünü də qəhrəmanın dostunda sınayır. Oğlan buna mane olur. Şeytanı yerə yıxır. Rejissor bununla göstərir ki, şeytan mələyə qalib gəlsə də, insanın qarşısında aciz qalır. İnsan istədiyi təqdirdə hər şeyə qalib gəlmək gücündədir. Ona görə, Santyaqo hər gün yorulub usanmadan sahilə gəlir, qayığına minir, özünü dənizin ənginliyinə təslim edir. Ona görə, Heminquey deyir ki, insanı öldürmək olar, amma ona qalib gəlmək mümkün deyil.

Şeytan qaranlıqda çaxmaq çaxır. Kiçik alov şöləsi onu sonuncu dəfə bizə göstərir. Filmin finalında rejissor əsas ideyasını açıq şəkildə ortaya qoyur: İnsanın ən böyük mübarizəsi xarici qüvvələrlə deyil, öz daxilindəki qaranlığı ilədir. Şeytan burada dini obrazdan çox, insanın içində yığılıb qalan qorxu, qəzəb və ümidsizliyin formasına çevrilir. Uğur Əkbərli film çəkərək içindəki boşluğa qalib gəlir, həyatın mənasını yenidən inşa edir.

Bütün texniki çatışmazlıqlara baxmayaraq, “Şeytanla empatiya” gənc rejissorun daxili böhranını səmimi şəkildə ekrana daşıya bilir. Bu filmi debüt iş kimi uğurlu saymaq olar.

Həm Məhəmməd Əliyevin, həm də Uğur Əkbərlinin meydana çıxartdıqları işlərdən yaradıcı potensiallarının böyük olduğu anlaşılır. İnanıram ki, gələcəkdə bu gənclər daha güclü filmlər çəkəcəklər.

Nəcəf Əsgərzadə

© 2026 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya