İNDİ OXUYUR
N.Bədəlov: “Müasir rejissorlarımız özlərinə maneə yaradır”

N.Bədəlov: “Müasir rejissorlarımız özlərinə maneə yaradır”

Kinoşünas, ssenarist, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü Nadir Bədəlov, gənc kinoşünas Elza Axundova ilə kinematoqrafiyanın müxtəlif məqamları haqqında söhbət edir.

Nadir müəllim, kino sizin üçün nə ifadə edir?

– Uşaq olarkən valideynlərimiz, xüsusən anamız bizə vəd edirdi ki, gözünü yum yat, filan şeyi görəcəksən. Amma həmişə istədiyimiz yuxunu görmürük. Ümumiyyətlə, istədiyimiz nadir yuxu az olur. Yuxu haradansa qəfil gəlir. Mən kinoya sifarişli yuxu kimi baxıram çox vaxt. Bu da yuxunun bir növüdür. Söhbət Ziqmund Freydin psixionalizindən getmir. Psixoanalitikada kinonu yuxugörmə ilə müqayisə edirlər, yəni, filmə baxmaq prosesi bir yuxugörmədir. Yuxugörmənin özündə də kino elementləri var. Çünki biz ona öz beynimizin ekranında baxırıq. Orada da adətən yuxuya gedərkən işıqları söndürürük, kinozalında da. Yuxuda tək özümüz oluruq, amma burada hərdən yanımızda kimsə olur. Danışıb qaydanı pozuruq amma əslində özümüz bir-birimizi unudaraq kinoya baxmalıyıq. Kino mənim üçün yuxudur. Və yuxu yozanı axtarıram.

Kino cəmiyyətin güzgüsüdürsə, aynamız nə qədər şəffafdır?

– Biz güzgüdə həmişə şəffaf görmürük axı. Güzgü, özlərini necə əks etdirmək istəyirlərsə onu əks etdirir. İstər-istəməz əgər film bir az başdansovdu çəkilibsə, deməli bu gün cəmiyyətdə buna  imkan var. Bunu tələb etsək  yox, ümumiyyətlə bizdə o təfəkkür mədəniyyəti, kino mədəniyyəti o dərəcə inkişaf etsə ki, bunu belə çəkmək olmaz və yaxud da bunu belə çəkmək lazımdır, onda keyfiyyətli film alınar. Biz bilmirik axı hansı filmə baxmaq lazımdır. Bu gün gözləyirik ki yaxşı bir film verilsin. Belə bir şey olmur. Əgər biz bunu yozmasaq, nə biləcəyik bu yaxşı yuxudur, yoxsa pis yuxudur. Bəlkə mən yuxumda öz ölümümü görürəm? Amma mənə yuxu yozanı göstərin ki, o mənim üçün gəlsin yozsun ki sən yuxuda yaxşı bir şey görmürsən. Yuli Sezar yuxuda görmüşdü ki, anasını zorlayır. Amma ona demişdilər ki sən nə gözəl yuxu görmüsən. Sən ölkələri fəth edəcəksən. Böyük- böyük ölkələr, imperiya üçün böyük torpaqlar fəth edəcəksən. Amma yuxu ona çox pis təsir etmişdi. Bu gün bizim yozmaq bacarığımız yoxdur. O əlinə alır kameranı çəkir, qoy çəksin. Amma biz bunu bilmirik axı nə istəyirik bundan nə çəkir. Bizim yozmaq bacarığımız yoxdursa nə etmək olar?

Belə bir məşhur deyim var. İncəsənət qurban tələb edir. Bu deyimi nə cür şərh edərdiniz?

– Bütün sahələr qurban tələb edir. Fədakar alim, döyüşcü, müəllim. Fədakar nədir? Fəda edir, özünü qurban edir. Tutaq ki  bir yazıçı roman yazır. Əgər özünü fəda etməsə, elə-belə  götürüb yazsa əlbəttə o yaxşı alınmayacaq. O özünə qəsd edir. Özünün vaxtına, gənc yaşına. O gəzməlidir, əylənməlidir, amma oturur, gecə yatmır, yazır. Fəda edir özünü.

Yəni nə üçün sırf incəsənət?

– Stanislavski deyib ki, incəsənətə asan yanaşmayın.  O qədər də  asan görməyin. Mən aktyoram və istədiyim vaxt çıxıb oynayaram. Gəlir, oynaya bilmir. Çünki dərk etmir.  Film də çəkirsən, rəsm əsəri də yaradırsansa  istər-istəməz özünü ona verisən. Emil Zolyanın bir yaradıcılıq əsəri var. O qədər istəyir ki, istədiyini alsın, amma ala bilmir. Baxır görür ki, tabloda bir şey çatmır ve emalatxananın başında özünü asır. Düz tablonun qarşısında asılı şəkildə qalır və bu dahiyanə əsər meydana çıxır. O özünü fəda edir. Bu simvolik məna daşıyır. Düzdür, Emil Zolya naturalistdir. Amma buna baxmayaraq biz bunu simvolik mənada izah etdik. Hər hansı bir işə diqqətini yönəldirsənsə, diqqətinlə birlikdə varlığını ona sərf etməlisən və nəticəsi bizim fədakarlığımıza verilən mükafatdır.

Müasir rejissorlarımızın  qarşısında duran ən böyük problem nədir?

Mən bu suala daha çox nəzəri tərəfdən yanaşmaq istəyirəm. Bu gün bizim rejissorlarımıza daha çox maneə olan özləridir.  Rejissorluqdan imtina etsələr, yaxşı filmlər çəkərlər. Yox əgər “kino-kino” oynasalar, film də o dərəcədə yaxşı alınmayacaq. Rejissor sözü ideyafiksdir. Sən bura daxil olursansa, müəllif kimi daxil olursan. Müəllif kinosu mənasında yox. Klip belə çəksən sən müəllif kimi çıxış etməlisən. Rejissorluq edəndə film yaxşı alınmır. Zəhmət çək, filmin müəllifi kimi çıxış et.

– Kinomuz hələ də “Qodonun intizarında”dır?

– Qodo sözü latın-roma dillərində Allah mənasındadır.  O əsərdə iki baş qəhrəman var. Vladimir və Estraqon. Amma onlar bilirlər kimi gözləyirlər. Bəs biz bilirikmi kinodan nəyi gözləyirik? Nə istəyirik? Biz deyirik ki, çəkək. Amma biz bilmirik ki, nəyi gözləyirik. Bir anlıq  təsəvvür edin ki, sizə 5000 manat pul verirlər.  Ən yaxşı texnologiyalar və yaradıcı heyət. Siz nə çəkəcəksiniz? Bəziləri deyir ki mənim ssenarim var amma mən necə bilim ki bu, gözləntini qarşılayacaq? Siz hansı filmlərə  baxmaq istəyirsiz sualını versək, çoxu komediya filmi deyər. Onlar ovqat filmi istəyirlər. Və yaxud intellektuallardan soruşsaq, onlar bilmirlər nə istəyirlər. Axı kino gözlənilən sənət deyil. Kino yuxu kimi gəlir və biz məgər yuxunu gözləyirik? Yuxugörmə kinonun xassəsidir, biz gözləmirik ki nə gələcək. Və mən güman edirəm ki, kino çəkilişi asanlaşmalıdır ki çoxlu filmlər çəkilsin, onların arasında doğrudan da kinematoqrafik mahiyyəti aça biləcək filmlər üzə çıxacaq, bu gün bizə nə lazımdır? Bu gün biz əgər bunun ətrafında müzakirə edə biliriksə, bunun ən müxtəlif yozumunu verə biliriksə, müxtəlif mövqelərdə təhlil edə biliriksə demək bu filmin içində nəsə var.

Yerli film nümunələrində, mifologiyanın təsiri nə dərəcədə duyulur?

– Mifologiya ele bir şeydir ki onu sifariş vermirsən, varsa özü gəlir daxil olur. Kinoşünaslar da təhlil edərkən hadisələr, qəhrəmanlar, xarakterlər ilə mifik paralellər aparıb tapır və çox vaxt bu uğurlu alınır. Mən bu məşğuliyyəti o qədər də yaxşı hesab etmirəm. Həddən artıq son dövrlərdə xüsusilə, K.Voqler və monomifin əsasını qoyan Kempbelin monomifini kinoya aid edirlər. Kempbeli qiymətləndirirəm, amma həddən artıq buna aid olması düzgün deyil. Çünki, mifologiyanın özü də çox müxtəlif sahədir. Məsələn, niyə bizdə inisiasiya ritualından yanaşma yoxdur?

Azərbaycan kinosunda yaradılan qadın obrazı nə qədər “Azərbaycan qadını” obrazı hesab edilə bilər?

– Mənə görə Azərbaycan  qadını əks olunur. Mən bu qıtlığı görmürəm. Əvvəlcə, kino özünü tutsun ondan sonra danışaq ki, qadın necə təqdim olunur. Məsələn “Sevil” əsərində Sevil mübariz qadındır. O, çadranı götürüb atır. Atanlardan neçəsi öldürülür. Və ya “Nar bağı” filmindəki  Sara obrazı. Azərbaycan qadını sədaqətlə  öz ərini gözləyir. Məgər bu  Azərbaycan qadını deyil ?

Rusiyada yaranan “Urborealizm” cərəyanı haqqında fikirləriniz nədir?

– Mən bu termini qondarma hesab edirəm. Urbo – yəni şəhər realizmi. Kənd mövzusunda olan pastoral janrında lirik kənd ab-havası, kənd ovqatı vardı. Aleksandro Ballekonun “City” əsəri var. Orada da şəhər göstərilir. Məsələn, bizdə “Gün keçdi” filmi şəhər həyatına, şəhərin necə tərtib olunmasına həsr olunub,  burada köhnə hamamların, Günəş sarayının tikilməsindən bəhs edir. Məgər bu urborealizm deyil? Mən elə bir film görməmişəm ki, məhz urborealizm üslubunda olsun. Var sosialist realizmi, bir də kapitalist realizmi, mən kapitalist realizmini görürəm bir çox əsərdə. Kapitalizmin  insan üçün bu dünyada cənnət yaratmaq illüziyasını çox şeydə görürük, hər birimiz itirilmiş cənnət sorağındayıq. Sonra cəhənnəmin içinə giririk, pul dalınca qaçırıq. Cənnət eşqi ilə bizi çağırıb cəhənnəmi yaşadır. Adi su, şüşənin ağzından günəşdən qaralmış qızın, demək olar çılpaq bədəninə tökülür. Mən sudan ləzzət alım ya qadından? Bu ləzzəti mən alıram ya sən? O mənə verir o ləzzəti. Bunun kökündə libido durur. Seksual meyillərdən istifadə edib gətirir və artıq sən onun iştirakçısı olursan. Urborealizm bu danışdığım problemlər üçün kiçik bir addır.

Hollivudda ssenaristlər və aktyorların süni intellektin kinoya gəlməsi ilə bağlı etdikləri təhlilləri necə qiymətləndirirsiniz? Süni intellekt sənət üçün təhlükəlidirmi?

– Süni intellekt bu gün ən çox müzakirə olunan fəlsəfə mövzusudur. Artıq bunun gerçəkliyi ildən-ilə daha çox hiss olunur. Buna qarşı ümumiyyətlə  nə etmək olar? Biz məğlub oluruq? Bayaq dediyimiz kimi hər şeyin oxşarını yaradırlar eləcə də insanın. O oxşar bizdən də güclü olacaq. Mən ənənəçiyəm. Düzdür, mən öz xarakterimə görə liberal adamam. Mən daha çox sərbəstliyi xoşlayıram. Amma dünyagörüşümə gələndə ənənələrə üstünlük verirəm. Ənənələri qoruyub saxlamaq lazımdır.

– Filmin pis və yaxşı olması kimdən asılıdır? Həqiqətən filmin yaradıcısı kimdir?

– Film ümumiyyətlə yaxşı sözünü qəbul etmir. Nə çəkilir, çəkilsin. Insanlar bəzən baxmamış deyirlər ki, bu film pisdir. Tamaşaçının bu aspektini qırmaq üçün ən əsas məsuliyyət kinoyazarın uzərinə düşür. Onlar filmi yaxşı təqdim edib tamaşaçı cəlb edərsə film uğurlu olur. Sözsüz ki, rejissorluq ədalarından xilas olmuş müəllifdir. “Filmin müəllifi” həddən artıq qarışıq mövzudur. Bəzi filmlər var ki, onun müəllifi ilk növbədə ssenaristdir, bəzi filmlər var ki, onların müəllifi  rejissordur, bəzi filmlərdə bu aktyor olur. Bəzi filmlər musiqiləri ilə tanınır və bəstəkar, filmin müəllifi olur.

Kinosevərlərə bu müsahibənizdə  demək istərdiniz?

– Kinosevərlər təkcə kinorejissorları bilməklə kifayətlənməsinlər, onlar  çoxlu kino mətnləri, kino ədəbiyyatı, kino yazıları oxusunlar. Mən bunu demək istərdim. Bu zaman kino daha da doğmalaşacaq və onlar kinonu  dərk edəcəklər. Bir var gözüyumulu məhəbbət biri var gözüaçıq məhəbbət…

Elza Axundova

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya