İNDİ OXUYUR
Çaşqınlıq, peşmanlıq, barışmazlıq

Çaşqınlıq, peşmanlıq, barışmazlıq

Nəzərə alsaq ki,  kino da ədəbiyyat kimi sənət növlərindən biridir, elə isə o da  xidmət və təbliğ etdiyi cəmiyyəti, inciyə çevirəcək sənətkarlara sahibdir. Elə ədəbiyyatda da cəmiyyətin incə, ağrılı nöqtələrinə toxunan, bəşəri məsələlərə biganə qalmayıb lazımi baxış sərgiləyən, sosial problemləri ədəbi nəzərdən keçirən qələm sahibləri, oxunaq əsərləri ilə oxucuların diqqətini çəkə bilmişdirlər. Diqqət çəkmək üçün gərək elə, diqqətdən kənarda qalmayan, daim diqqət mərkəzində olan məsələləri kağıza, lentə həkk edə biləsən. Bu mütləqqiyəti həm yaşayan, həm də qələmə alan müəlliflərindən biri də, atası ilə arasında, düzəlməz və dözülməz münasibət sahibi olan Avstriya yazıçısı Franz Kafkadır. Daim atası tərəfindən alçaldılıb təhqir edilən Kafka, atasının “öldürdüyü” uşaqlığının, gəncliyinin ağrı-acısını ona ünvanlamış məktubda ifadə etmişdir. “Atama məktub” kitabında onun həyatındakı rolunu: “Xoşuna gəlməyən bir şey edəndə və məni uğursuz olacağımla qorxudanda, sənin fikrinə duyduğum hörmət hissi o qədər dərin idi ki, növbəti tarixdə belə, bu ehtimal gerçəkləşsə də, uğursuzluğa düçar olmağım qaçılmaz idi. Öz hərəkətlərimə inamımı itirmişdim. Mən təşvişli və qərarsız idim”. Bu cür ifadə edən müəllif, aralarında yerlə-yeksən olmuş və tarixboyu öz aktuallığı ilə seçilən “ata-oğul” münasibəti oxucularda sual yaradaraq, düşünməyə sövq edir. Hansı səbəblər ata və oğul əlaqələrinin korlanmasına gətirib çıxarır? Ata və oğul anlaşmalı olarkən nə üçün bir-biri ilə qarşılaşır? Və ən önəmlisi isə niyə bu mövzu bədii və elmi sahələrdə özünə yer tapmaqla yanaşı, sənətə də çevrilə bilir? Azərbaycan kinematoqrafiyasinda da bu problemləri əyaniləşdirən və vizual estetiklik qatan film nümunələrinə rast gəlinir. Məsələn: Rüfət Həsənovun “Daxildəki ada”, Asif Rüstəmovun “Soyuq mərmər” və “Axınla aşağı” filmləri elə bu qəbildəndirlər. Haqqında oxuyacağınız təhlil isə, Asif Rüstəmovun “Axınla aşağı” filminə aiddir. Dram janrında çəkilən ekran əsəri rejissor Asif Rüstəmovun debüt tammetrajlı filmidir.


Film ailə-məişət problemlərinə və əsasən atanın özünün də fərqində olmadan oğlu ilə apardığı “mübarizəyə” toxunur. Filmin əvvəlində, Kür çayı və bu çayda avarçəkmə ilə məşğul olan komanda heyəti və məşqçi canlanır. Filmin baş qəhrəmanlarından olan oğul, atasının komandasında bəlkə “sevilməyən” tək idmançı kimi çalışır. Lakin bu onun istəyindən deyil, atasını razı salmaq məcburiyyətindən irəli gəlir. Onun könlünə yatan, sevdiyi sahə isə futboldur. Tamaşaçı asanlıqla, bu fikri qəhrəmanın  ilk kadrlara təzahür prosesində təyin edir. Belə ki, onun əynində futbolçu forması  ilə məşq etməsi və yorğunluğunu çıxarmaq üçün evə gəldikdə TV-də futbol  izləməsi buna işarədir. Ruslanın atasını razı salmaq üçün sevmədiyi sahəyə qol qoyması, Z.Freydin “Totem və Tabu” kitabındakı ifadəni xatırladır. Freyd deyirdi ki, oğullar üçün atalar, onların üzərində ictimai zorakılığın tələblərini yerinə yetirən varlıqlardır. Atalar onların özəl istəklərini yürütməsinin qarşısını alırlar. Əli – Ruslanın atası da bu mövqedədir. O, oğlunun fərsiz və bacarıqsız olması haqqında son dərəcə dəqiq fikirdədir. Ruslan isə öz arzularını boğmaqla, atasının görmək istədiyi oğul tipini yaratmağa çalışır. Buna baxmayaraq, Əli uşaqların içində ona ata deyə xitab etməsini, oğlunu özünə “yamaq” kimi gördüyünü və sanki onun təbirincə desək, özündə olan kişilik xüsusiyyətlərinin oğluna keçməməsi ilə barışıb və fərsiz olduğunu qəbul edib. Lakin, sərtliyi və haqsız tənqidləri ilə seçilən Əlinin ölkələrarası keçirilən avarçəkmə yarışı üzrə oğlunu kapitan vəzifəsindən qovması hadisəsi, Ruslan üçün bardağı daşıran damlaya çevrilir.


Bundan sonra, tamaşaçı son dəfə sevdiyi üçün deyil, valideyninin xətrinə mübarizə apararaq gücünü istəmədiyi peşəyə sərf edən qəhrəmanı elə onu öz ağuşuna almaqla, əbədiyyətə qovuşduran çaya atılma səhnəsində görür. Əli hətta, məişət problemlərindən qaçmaqla yanaşı, evin texniki problemlərini həll etməkdə belə səriştəsiz kişidir. O, xoşbəxtliyi sonradan qədrini bilib vicdan əzabı çəkəcək ailəsində – oğlunda deyil, yad bir qadında tapır. Əli bir qədər iradəsiz və qərarsızdır. Əvvəl xaricə getmək üçün oğlunu maneə kimi görən qəhrəman, oğlu öldükdən sonra isə, gedib-getməmək arasında qalır və özünü bu dəfə xəyali deyil, əyani şəkildə boşluğa buraxır. Əli, yaxşı həyat, yaxşı yaşayış rəmzi olan o qadına könül verməsi, xaricə gedən dostlarına bəslədiyi paxıllıq hissindən irəli gəlir. Belə ki, o da onların yerində olmaq və buradan köçmək arzusundadır. Tək şansı isə polyak əsilli olan həmin məşqçi qadındır. Bu münasibətdəki bəzi nüanslar – kişilərin öz həyat yoldaşlarına deyil, onları “xoşbəxt” edən qadınlara göstərdiyi sevgi və qayğı, elə cəmiyyətimizdə də rast gəlinən ən aktual problemlərdən biridir. Filmdə təsadüf nəticəsində, Əlinin rastlaşdığı qoca balıqçı əslində mövzu üçün zəruri məqamları diqqətə çatdırır. Belə ki, onun da öz həyat yoldaşı ola-ola Rusiyada bir qadına vurulmuş və münasibət qurmuşdur. Ən maraqlısı isə odur ki, qayıtdıqda yoldaşı üçün gətirdiyi hədiyyəni arvadı ömrüboyu sandıqda saxlamışdır. Əslində bu hadisədən belə qənaətə gəlmək olur ki, bəzi qadınlar öz həyat yoldaşlarından kifayət qədər diqqət görmədiyindən ən xırda şey də onlar üçün böyük bir nəsnəyə çevrilir. Nəticə olaraq, qadınlar ilk ərlərinə qarşı çıxır və öz talelerini söyə-söyə bu savaşı tanrı ilə davam  etməyə başlayırlar. Əlinin polyak məşqçisinə qarşı məhəbbəti həqiqətdə də acı bir reallıqdır. Cəmiyyətimizdə kifayət qədər sadiq həyat yoldaşı və qayğıkeş analar var ki, onlar öz ərləri tərəfindən xəyanətə uğrayırlar. Xoşagəlməyən bu məqamı Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Bəxtiyar Vahabzadənin şeiri ilə şərh etmək olar.

Arvadına “az”deyənlər
Özgəsinə xanım deyir.
Çığırıb, qanmaz deyənlər
Fahişəyə “canım” deyir.


Leyla, ərinin bütün etdiklərinin qarşısında fəkadar ana və sadiq həyat yoldaşıdır. Əlidən fərqli olaraq, oğlu Ruslana qarşı müsbət münasibət bəsləyir. O, oğlunun qayğısına qalır və daim ona dəstək verir.  Ərinin biganə, soyuq münasibətindən təngə gələn Leylanın bu münasibətdə qələbəsi ərindən fərqli, mərd tərbiyəli oğula sahib olması idi ki, Tanrı da ona bu payı çox görür. Leyla daim ev işləri ilə məşğul olduğundan və demək olarsa ərinə inandığından heç həyat yoldaşının ona xəyanət etməsi haqqında düşünməyib. Beynində şübhələrin oyanması, hətta aynaya baxaraq bir növ öz qadınlığına şübhə etməsi, qonşunun evindəki söhbət əsnasında “sənin ki, elə yaraşıqlı ərin var gərək özünə yaxşı baxasan” ifadəsindən sonra başlayır. Lakin onun “mən ərimə inanıram” cavabı, qulaqlara Azərbaycan qadını ifadəsini xatırladır. Leylanın ərinin ondan daha üstün tutub, dəyər verdiyi qadının yanına gəlişini “qadının qadına dəstəyi” kimi qələmə vermək olar. Belə ki, Leylanın qıza üz tutaraq növbəti qurbanın onun olduğunu deməsi, tamaşaçıda o təəsüratı yaradır ki, zavallı qadın ərindən çəkdiyini “rəqibinə” belə arzu etmir. Axı özü xoşbəxt olmayan insan ətrafındakıları da bədbəxt edir.


Ruslanın bezib, çaya üz tutaraq intihar etməsinin ən böyük səbəbi atası ilə arasında olan problemlər və atasını razı salması yolunda atılan uğursuz addımlardır. Ruslanın seçdiyi yol xoşagəlməz və günah sayılsa da, sanki o bu seçimi ilə ailəsinə dərs verir. Yəni, Ruslana görə “ayaqda duran” bu ailə arasında çökmüş, məhv olan  dəyərlər və birliyinin qalıqları, elə Ruslanın cəsədinin axtarışı prosesində görünür. Əli münasibətdə olduğu qadınla görüşsə belə, yoldaşına əvvəlkindən daha az sərt şəkildə davranır və axtarış prosesində iştirak etməsinə qadağa qoymur.Filmin sonunda ata qırmızıya boyanmış dodaqları ilə moruq yeyərək oğlunu öz əlləri ilə atdığı çayı seyr etməsi, qatilin sonda öz əməlinə qarşı hiss etdiyi duyğuların üzdə yaratdığı ifadəni göz önünə sərir. Çaşqınlıq, peşmanlıq, barışmazlıq..

Elza Axundova

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya