İNDİ OXUYUR
Bir qazinin iki davası

Bir qazinin iki davası

“Mən burdayam, İlahi!” bədii filminin müəllifləri mənəvi mənada ağır yükün altına giriblər. Çünki gerçəklikdə çözümü hələ də tapılmayan çətin məsələləri araşdırırlar: fiziki və psixoloji parçalanmış bir insan, təklif olunmuş vəziyyətlə necə yaşamalıdır? Müharibənin səbəb olduğu fəsadlardan necə xilas olmalıdır, mənəvi çətinliyi necə adlamalıdır? Hansı vasitələrdən istifadə etməlidir ki, psixoloji vəziyyətini reallığa uyğunlaşdırsın?

Bu azmış kimi, filmin qəhrəmanı Teymurun (Rasim Cəfər) üzərinə başqa bir yük də qoyulur. O, qızını himayəsinə almaqdan ötrü bürokratik əngəlləri aşmalı və ata kimi öhdəliklərini yerinə yetirə biləcəyini sübut etməlidir…


Postmüharibə dövründə bir hərbçinin  dinc şəraitə uyğunlaşması zamanı ortaya çıxan psixoloji-mənəvi problemlər, qarşısında duran maneələr və s. dünya kinosunda müraciət edilmiş mövzudur. Sözügedən mövzuda çəkillmiş məşhur filmlərdən biri şübhəsiz ki, Martin Skorsezenin “Taksi sürücüsü” (1976) dramıdır. Eyni zamanda bu siyahıya Hel Eşbinin “Evə dönüş” (1978), Emilio Estevesin “Evdə müharibə” (1996),  Pol Tomas Andersonun “Ustad” (2012), Ari Folmanın “Bəşirlə vals” filmlərini əlavə etmək olar. Adıçəkilən ekran işlərinin hamısında postmüharibə dövründə identifikasiya problemi ilə üzləşən, ətrafla ünsiyyət qurmaqda çətinlik çəkən, müharibənin travmalarını ağır şəkildə yaşayan keçmiş hərbçilərin hekayələri danışılır.

Azərbaycan kinosunda Rasim Ocaqovun “Ölsəm, bağışla” dramında bu, motivlərdən biridir. Qulu Əsgərov isə mövzuya daha geniş yanaşır, onun fokusu, məhz 44 günlük müharibə iştirakçısı, kontuziya almış qazinin müharibəsonrası yaşantısıdır…

Əslində “Mən burdayam, İlahi” filmi əsgərin müharibədən sonrakı həyatını necə davam etdirməsinə dair yeni baxış bucağı gətirmir. Yəqin ki, buna ehtiyac da yoxdur. Çünki əsas məsələ, Azərbaycan gerçəkliyində bir qazinin həyatının ekran həllidir, bədii model çərçivəsində məsələyə tamaşaçıların diqqətini yönəltməkdir, bizim həssas davranmağımıza, onların emosional dünyalarında baş verənləri dərk etməyimizə kömək göstərmək və doğmalaşdırmaqdır. Düşünürəm ki, bu mənada yaradıcı heyət başlıca hədəfinə çata bilib.


Süjetə əsasən, müharibədə yaralanmış Teymur komaya düşür. Üç aylıq komadan ayılandan sonra anasının  vəfat etdiyini və qızının sığınacağa verildiyini öyrənir. O, qızını geri qaytarmaq uğrunda mübarizəyə başlayır. Amma bunun üçün Teymur ilk növbədə özünü toparlamalıdır.

Ekzspozisiyanın – Teymurun iştirakilə müharibədə döyüş səhnəsilə başlaması, qəhrəmanın vətənə sevgisini göstərən tək-tük epizodlardandır. Peşəkarcasına qurulmuş döyüş səhnələrində Teymurun əzmli, mübariz duruşundan müharibədə könüllü iştirakını, vətəndaş münasibətini, əsgər yoldaşı Vüqarın (Elgün Həmidov)  ölümü zamanı sarsıntısında isə insani keyfiyyətlərini sezirik. Film boyu, artıq qələbə qazanmış ölkənin vətəndaşı kimi komadan ayılan Teymurun qələbəyə, əldə olunmuş nəticələrə münasibəti göstərilmir və müəlliflər yəqin ki, bilərəkdən  bu mənada detallara girmirlər. Tamaşaçını təbii olaraq, əsaslandırılmış şəkildə sevinci bütünləşməyən Teymurun qayğıları, daxili dünyası ilə yükləyirlər. Teymurun vətənpərvərliyi gözə soxulmur, o, missiyasını yerinə yetirib, qələbə əldə olunub, indi onun bir missiyası var: dinc həyatla dil taparaq qızını geri qaytarmaq…

Ölkənin bütövlüyü uğrunda döyüşən Teymur sülh dövründə ailəsinin bütövləşməsi uğrunda mübarizə aparır. Onun üçün müharibə, müəyyən anlamda sülh dövründə də davam edir. Və bu daha çətin, daha mürəkkəb müharibədir. Ona görə komadan bir neçə ay sonra ayılan, anasını itirdiyini öyrənən, qızından ayrı düşən, fiziki və psixoloji problemləri olan Teymur qələbənin sevincini tam yaşaya, dərk edə bilmir. O, reallıqla daim qopuq, qeyri-sabit vəziyyətdə yaşayır, şüuru ilə ətraf mühit arasında əlaqə tez-tez qırılır. Qızı Sara (Aygün Əlipənahova) kafe səhnəsində “qələbə, qələbə” qışqıranda, Teymurun parçalanmış şüuru, “məni”, onu dərk etməkdə çətinlik çəkir. Bu, filmin vizual (operator Vasif Vəlizadə), emosional və qəhrəmanın psixi durumunu düzgün təyinatı baxımından yaxşı işlənmiş səhnələrindən biridir. Ümumiyyətlə, ayrı-ayrı səhnələrdə Teymurun beynində bitməyən müharibə ilə real andakı vəziyyətlərin assosiasiyası dramaturji olaraq yerində işlənilir.    


Rejissor, filmi soyuq düşüncə ilə işləyib, emosiyaya qapılmayıb, pafos və şüarçılıqdan təmizlənmiş həqiqi, təbii obraz yaradıb. Hətta müharibə epizodunda Teymur yaralananda, ölümə yaxınlaşdığı anda qızının fotosuna baxır. Yəqin ona görə ki, insan belə anlarda məhz ona doğma olanı xatırlayır, ilk ağlına doğmalar gəlir.

Rasim Cəfər bir aktyor kimi əhvalatın  mərkəzi ağırlığını daşıyır. Məsələ təkcə, Rasim Cəfərin rolunun  məsuliyyətində deyil. Eyni zamanda bir aktyor kimi onun psixoloji və fiziki yükü sonadək sözün həm sənət, həm vətəndaş anlamında ləyaqətlə, istedadla daşıya bilməsindədir. Çox güman ki, rejissor bu rolu məhz Rasim Cəfərə həvalə etməklə, onun təcrübəsinə, zəhmətkeşliyinə başqalaşa bilmək bacarığına arxayınlaşıb və əsasən bununla hekayənin uğurunu təmin edib. Rasim Cəfərin roluna həssas yanaşması oynadığı hər kadrda duyulur: “Biz Qulu ilə uzun müddət bu barədə danışırdıq, söhbət edirdik. Hər gün görüşürdük, müzakirə edirdik ki, necə bir personaj olmalıdır, travması nədir. Və o ərəfələrdə qazilərlə müsahibələrə baxırdım. Yaralanmış 15 qazinin müsahibəsinə baxdım, bir qazi mənə xüsusən doğma gəldi. Düşündüyüm personaj daha çox o qaziyə bənzədiyi üçün onun üzərində dayandım və daha çox ondan nələrisə götürdüm”.

Beləliklə, Rasim Cəfər özünü yeni reallıqda tapmağa çalışan insanın psixoloji ştrixlərini, ruhi ovqatını təbii verir, bəzi situasiyalarda cəmiyyətlə yadlaşma hissiyyatını autik səviyyədə, fiziki vəziyyəti ilə çatdırır və demək olar ki, bütün planlarda obrazına oyunu ilə bəraət verir.

Bir halda ki, aktyorlardan yazdım. Ən yadımda qalan ifalardan biri Leyli Vəliyevanın oyununu xüsusi qeyd etməliyəm. Leyli Vəliyeva Gənc Tamaşaçılar Teatrının aktrisasıdır, amma  çox təəssüf ki, onun tamaşalarına baxmamışam. Leyli Vəliyeva, Natiq Rəsulun “İkinci güllə”,  Qulu Əsəgərovun “Hasar” filmlərində kinoaktrisa kimi istedadını göstərir. “Mən burdayam, İlahi”də o, ananın, kontuziya almış əsgəri sevən qızına görə narahatlığını, həssaslığını yumşaq oynayır, emosiyalarını düzgün ifadə edir. Yeri gəlmişkən, ana ilı qızı arasındakı konfliktin inkişaf xətti doğru işlənir.


İkinci planda oynasa da, hadisənin hərəkətverici qüvvələrindən biri Sevincdir və bu rolu ifa edən Günay Həsən, sevgisini, fədakarlığını təmkinli, susqun oynasa da, duyğularını dolğun çatdırır, kamera qarşısında orqanik görünür. Sadəcə, Teymurla Sevincin sonda evlənməsi – onları əvvəldən birləşdirən, bağlayan bir xətti, hekayəni, əsaslandırmanı zəruri edir ki, bunun sayəsində hekayə dramaturji və məna baxımından daha yüklü və dolu ola bilərdi. Onları bağlayan bir əhvalatın açıq göstərilməsi vacib deyildi; hansısa vəziyyətlərdə buna eyhamlar, xırda vəziyyətlər yetərliydi. Belə bir xəttin olmaması, hekayəni yarımçıq, onların münasibətini alt qatsız edir, Sevinc obrazı ümumi planda bir qədər boşluqda qalır, Teymurla bağlantısı tam açılmır və ona görə obrazda mənəvi yükün ağırlığı elə də görünmür.


Filmin digər önəmli obrazlarından biri balaca Saradır ki, kiçikyaşlı aktrisa Aygün Əlipəhanova peşəkar aktyorlarla uyğun bağlantı qurur, ata xiffətini, həsrətini əksər səhnələrdə təsirli çatdıra bilir. 


Əhvalatın başlıca konflikti Teymurun büroktratik əngəlləri dəf etməsindən çox, onun mövcud şəraitlə münaqişəsi və öz psixi vəziyyəti üzərində qalib gəlməsi üçün göstərdiyi cəhdlərdir. Ona görə, Teymurun emosional partlayışları, kulminasiyalar, hadisənin qırılma nöqtələri daxilində, özü ilə baş verir.


İlk epizodlarda ata və qızın görüşməsi serial estetikasında alınıb, ötəri, tələskən işlənib. Halbuki, belə bir çətin görüşə ən azı psixoloji zəmin yaradılmalı idi. Uzun müddət atası (üstəlik, komadan təzə ayılan, problemli) ilə görüşməyən azyaşlının o şəraitdə, dərhal, birdən-birə qarşılaşması səhnəsi də o qədər inandırıcı alınmayıb. Başa düşürəm ki, bədii əsərlərdə müəyyən vəziyyətlər bədii şərtiliklə səciyyələnir. Lakin bədii şərtilik, öhdəsinə düşən funksiyanı yerinə yetirə bilməyəndə, natamam atmosfer meydana gəlir.

Musiqi (Rasim Məmmədov) süjetin mahiyyətini, əhvalını, emosional qatını ifadə etsə də, müəyyən epizodlarda dramatizmi artırmaq əvəzinə, vizual materiala, aktyor ifasına xələl gətirir. Məsələn, Teymurun evdə tək qaldığı səhnələrdə, yaxud Sevinclə, qızı ilə bağlı duyğularını bölüşdüyü epizodda musiqiyə ehtiyac qalmır. Çünki səhnələr özlüyündə dramatikdir, operatorun təsvir vurğuları dolğundur.

Bundan başqa, sığınacaq müdiri Nigar ananın (Nəsibə Eldarovanın), sığınacağın digər əməkdaşlarının, polisin Teymura münasibətinddəki sinizmi, aqressiyası duyulur. Məsələn, Nigar ana, əməkdaşlar Saranın gözü qarşısında ata ilə kobud, eyni zamanda, qeyri-peşəkar davranır. Əlbəttə ki, qazilərə cəmiyyətdə qeyri-həssas, etinasız münasibətlər də var təəssüf ki. Amma heç olmasa onların arasında bir obrazı müsbət mənada fərqləndirmək olardı, bu, eyni zamanda bir konflikt, ziddiyyət də yaradardı.  

Filmin ssenari müəllifi Nicat Dadaşovun sözlərinə görə, filmin hekayəsi, yüksək rütbəli bir qazinin həyatına əsaslanır: “Teymur ümumiləşmiş obrazdır. Ssenarinin inkişafı prosesində qazilərlə, müharibədə mənəvi, fiziki travmalar almış insanlarla görüşdük. Onların hər biri ilə danışırdıq və hər birinin hekayəsi ayrıca bir film idi”.

Qəhrəmana Teymur adının verilməsi isə İkinci Qarabağ müharibəsində şəhid olmuş Teymur Osmanlının xatirəsinə ehtiramdır.


Filmin prodüserləri Nicat Dadaşov və Həsən Axundovdur. İstehsal prosesinə “Ultra” prodakşn,  İTV kanalı, Azərbaycan Kinematoqrafçılar İttifaqı dəstək verib. Həmçinin, döyüş səhnəsinin təşkilində AR Müdafiə Nazirliyi, AR Fövqəladə Hallar Nazirliyi köməklik göstərib.

Digər rolları Ayşad Məmmədov, Oktay Mehdiyev, Günəş Bağırova və digərləri ifa edirlər.

“Mən burdayam, İlahi” Qulu Əsgərov və Nicat Dadaovun Qarabağ mövzusunda ikinci filmidir. Buna qədər müəlliflər, İkinci Qarabağ savaşından sonra sülh dövründə qonşularımızla birgəyaşayışın necə olacağı suallarına cavab axtaran “Hasar” qısametrajlı filmində əməkdaşlıq ediblər.

Ən əsası, belə bir vacib mövzunu ekrana sevgilə gətirən müəllifərə, prodüserlərə təşəkkür edirəm.

Sevda Sultanova

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya