İNDİ OXUYUR
Krakov Film Festivalı və “DocLab POLAND”: Sənədli filmlər necə təqdim olunur?

Krakov Film Festivalı və “DocLab POLAND”: Sənədli filmlər necə təqdim olunur?

Beynəlxalq kino festivalları yalnız filmlərin nümayiş olunduğu məkanlar deyil. Onlar həm də yeni kino tendensiyalarının yarandığı, gənc rejissorların kəşf edildiyi, prodüserlərin və digər kino peşəkarlarının bir araya gəldiyi, gələcək filmlərin formalaşdığı mühüm platformalardır. Xüsusilə, sənədli kino sahəsində festival və sənaye proqramlarının rolu daha böyükdür. Çünki sənədli filmin taleyi çox vaxt yalnız çəkiliş meydançasında yox, layihənin ideya mərhələsindən başlayaraq festival strategiyası, ko-produksiya, maliyyələşmə və distribyusiya imkanları ilə birlikdə müəyyənləşir.

Bu araşdırmada Krakov Film Festivalının sənədli kino istiqaməti, festival çərçivəsində fəaliyyət göstərən “DocLab POLAND” proqramı və burada təqdim olunan layihə və filmlərin mövzu, forma və yanaşma baxımından xüsusiyyətləri nəzərdən keçirilir. Əsas diqqət bu nümunələrin müasir sənədli kino haqqında nə dediyinə və festival kataloqlarında layihə və filmlərin necə təqdim edildiyinə yönəldilir. Məqalə üçün seçilmiş filmlərin annotasiyaları Azərbaycan tamaşaçısının və kino peşəkarlarının marağı nəzərə alınmaqla təhlil edilir.

Krakov Film Festivalı nədir?

Krakov Film Festivalı Avropanın sənədli, animasiya və qısametrajlı kino sahəsində ixtisaslaşmaş festivallarından biridir.  Festival proqramında dünyanın müxtəlif ölkələrindən həm tanınmış rejissorların, həm də yeni müəlliflərin filmləri təqdim olunur. Əsas istiqamətlər arasında beynəlxalq sənədli film müsabiqəsi, beynəlxalq qısametrajlı film müsabiqəsi, musiqili sənədli filmlər və Polşa milli müsabiqəsi yer alır. Festivalın əhəmiyyəti yalnız nümayiş proqramı ilə məhdudlaşmır. Krakov eyni zamanda rejissorların, prodüserlərin, distribyutorların, satış agentlərinin və festival nümayəndələrinin bir araya gəldiyi sənaye platformasıdır. Beləliklə, festival həm tamamlanmış filmləri tamaşaçıya təqdim edir, həm də istehsal və inkişaf mərhələsində olan layihələrin gələcək taleyinə təsir göstərir. 

2026-cı ildə keçirilən 66-cı Krakov Film Festivalı çərçivəsində festival proqramı ilə yanaşı “KFF Industry” tədbirləri və sənədli kino sahəsində əməkdaşlıqları inkişaf etdirməyə yönəlmiş CEDOC Market də təşkil olunub. Bu struktur Krakov Film Festivalını yalnız nümayiş məkanı deyil, sənədli kino layihələrinin inkişafı və beynəlxalq kino şəbəkəsinə çıxışı baxımından mühüm platformaya çevirir.

Krakovun sənədli kino proqramına nəzər saldıqda ilk diqqət çəkən xüsusiyyət mövzu müxtəlifliyidir. Şəxsi və ailə hekayələri, müharibə və travma, kino sənayesi, yaddaş, texnologiya, ölüm və insanın gələcəyi kimi mövzular müxtəlif bədii formalarda təqdim olunur. Bu filmləri birləşdirən əsas xüsusiyyətlərdən biri şəxsi hekayədən daha geniş sosial, psixoloji və fəlsəfi məsələlərə çıxışdır. Pepa Lubojackinin “Əgər göyərçinlər qızıla çevrilsəydilər” ( If Pigeons Turned to Gold”) filmi belə nümunələrdən biridir. Rejissor asılılıq və evsizlik problemi yaşayan qardaşını illər ərzində kamera ilə izləyir. Şəxsi müşahidə, tədricən, dağıdıcı davranışların nəsildən-nəslə ötürülməsi və asılılığın dövri xarakteri kimi daha geniş məsələlərə çevrilir. Burada rejissor yalnız müşahidəçi deyil, eyni zamanda qardaşına kömək etməyə çalışan ailə üzvüdür. Beləliklə, filmin əsas konfliktlərindən biri kamera qarşısındakı şəxslə rejissor arasındakı münasibətdən yaranır. Marcin Borchardtin “Sehrli vaxt“ (Magic Hour”) filmi isə diqqəti Polşa kinematoqrafiyasının tanınmış operatorunun ailəsinə, xüsusilə, Pyotr Soboçinskinin yaradıcılığına yönəldir. Qəhrəmanın Hollivuddakı karyerası və vaxtsız ölümü vasitəsilə film uğur, ambisiya və sənət dünyasında yüksək məqsədlərin qiymətini araşdırır. Bu nümunə kino haqqında filmlərin yalnız kino tarixini yox, kino peşəsinin insan həyatına təsirini də araşdıra biləcəyini göstərir. “İblisin qıdıqlanması” (Tickling the Devil”) isə müharibə fotoqrafı Kristofer Morris vasitəsilə travmanın insan həyatındakı fəsadlarını araşdırır. Morris, 28 müharibədə iştirak edib və dünyanın müxtəlif yerlərində gedən münaqişələri fotoaparatı ilə sənədləşdirib. Müharibədən uzaq, sakit ailə həyatı qurmaq cəhdi isə keçmiş təcrübələrin insanı asanlıqla tərk etmədiyini ortaya qoyur. Beləliklə, film burada yalnız döyüş meydanını deyil, müharibədən sonrakı psixoloji həyatı da araşdırır.

Bu nümunələr göstərir ki, Krakovun sənədli kino proqramında fərdi həyat hekayələri daha geniş mövzuların araşdırılması üçün başlanğıc nöqtəsinə çevrilir.

Festivalın qısametrajlı proqramı isə sənədli, animasiya və bədii kino arasındakı sərhədlərin getdikcə elastikləşməsi tendensiyasını önə çıxarır. Məsələn, Bea Lemmanın “Kristi korpusu” (Corpus Christi”) filmi “tikmə üsulu ilə yaradılmış qrafik romanın” ekranlaşdırılması kimi təqdim olunur. Adela ətrafındakı insanların və həkimin anlamadığı bir vəziyyət yaşayır və çıxış yolunu spirituallıqda və falçı seanslarında axtarır. Burada hekayənin mövzusu qədər onun hansı vizual formada təqdim olunması da filmin əsas xüsusiyyətlərindən biridir. “Dünyanı necə fəth etməli” (How to Conquer the World”) Tomas Volskinin insanlıq yox olduqdan sonra Yer üzündə nə qalacağı barədə qısa sənədli essesidir. Tərk edilmiş stansiyalar, məktəblər və zavodlar insanlardan sonrakı dünyanı təsvir edir. Müəllif arxiv materiallarından istifadə etmək əvəzinə mövcud məkanların özündən gələcək haqqında vizual təsəvvür yaradır. “Normal planet” (Normal Planet”) isə tamaşaçını virtual muzeyə aparır. Avatarlar, rəqəmsal incəsənət və texnologiyanın estetik təcrübəni dəyişməsi filmin toxunduğu əsas mövzulardan biridir. Bu nümunə sənədli kinonun real hadisələrin müşahidəsi ilə məhdudlaşmadığını, rəqəmsal məkanları və yeni texnologiyaları da araşdırma obyektinə çevirdiyini göstərir. Coşua Openhaymerin “Ölümə qarşı inqilab” (The Revolution Against Death”) filmi isə insanın ölümlə mübarizəsinə fokuslanır. Texnologiyanın köməyi ilə özlərindən bir hissəni gələcəyə ötürməyə çalışan yaşlı insanların hekayəsi vasitəsilə film ölümsüzlük, texnologiya, etik sərhədlər və insanlığın gələcəyi haqqında suallar verir.

Krakov proqramında Azərbaycanla əlaqəli nümunələr də yer alır. Igor Smolanın (O, qarın altında yaşayır” (It Lives Under the Snow”) filmi Azərbaycan və Sinqapur istehsalı olan 16 dəqiqəlik bədii filmdir. Qar altında qalan kənddə insanların yoxa çıxması və Muradın itkin düşməsindən sonra kənd sakinlərinin əfsanəvi bir məxluqun izinə düşməsi reallıqla fantaziyanı birləşdirir. Filmin proqramda yer alması Azərbaycan istehsalının beynəlxalq festival kontekstində müxtəlif coğrafiyalardan olan işlərlə yanaşı təqdim olunmasına nümunədir. Digər maraqlı nümunə “Tərs kadr” (Shot Reverse Shot”) filmidir. Radu Jud və Adrian Cioflankanın sənədli filmi 1980-ci illərdə kommunist Rumıniyasında gündəlik həyatı çəkən amerikalı fotojurnalistin gizli polis tərəfindən izlənməsinə dair iki fərqli arxiv perspektivini birləşdirərək araşdırır. Burada arxiv materialı sadəcə keçmişi göstərən sənəd deyil, eyni hadisəyə müxtəlif baxışların üzə çıxarılması vasitəsinə çevrilir. Beləliklə, qısametrajlı proqramda sənədli kino yalnız real hadisələrin təsviri kimi deyil, animasiya, arxiv, rəqəmsal texnologiya və bədii forma ilə əlaqədə inkişaf edən çevik kino dili kimi görünür.

“DocLab POLAND” nədir?

Krakov Film Festivalının ətrafında formalaşan sənaye ekosisteminin mühüm komponentlərindən biri “DocLab POLAND”dır. “DocLab POLAND” Polşada sənədli film müəllifləri üçün yaradılmış layihə inkişaf proqramıdır. Proqramın əsas məqsədi müəllif sənədli filmlərinin inkişafına dəstək vermək, layihələrin bədii keyfiyyətini artırmaq və onların festival, distribusiya və koproduksiya potensialını gücləndirməkdir. “DocLab POLAND” festival müsabiqəsi deyil. Burada inkişaf mərhələsində olan və ya ilkin montaj versiyası hazırlanmış sənədli layihələr üzərində işlənilir. Layihənin ideyasının beynəlxalq auditoriyaya necə təqdim olunması, potensial tərəfdaşlarla necə əlaqələndirilməsi, festival strategiyasının necə qurulması və distribyusiya imkanlarının necə artırılması da bu inkişaf prosesinin bir hissəsidir. Bu baxımdan “DocLab” yalnız filmin necə çəkiləcəyinə deyil, onun beynəlxalq kino mühitində hansı yeri tutacağına da diqqət yetirir.

“DocLab” layihələri hansı hekayələrə üstünlük verir?

“DocLab POLAND” və onunla əlaqəli sənaye platformalarında təqdim olunan layihələrə nəzər saldıqda şəxsi hekayə ilə daha geniş ictimai mövzuların birləşdirilməsi diqqət çəkir.

“Soyuq şorba” (A Cold Soup”), keçmiş Yuqoslaviyanın dağılması fonunda ailə daxilində yaranan bir qarşıdurmadan başlayır. Rejissor köhnə videokamerasını götürərək valideynlərinin susduğu keçmişi araşdırmağa başlayır. Beləliklə, ailə hekayəsi müharibə, yaddaş və susqunluq haqqında daha geniş filmə çevrilir. “Bayramqabağı” (Before the Feast”)  Hindistanda nadir Pokkali düyüsünü yetişdirən yaşlı fermer Vinsentin hekayəsidir. Dənizin yüksəlməsi məhsulu məhv etdikdə və ailəsi ondan uzaqlaşdıqda, fermer öz toxumlarını və irsini qorumaq üçün mübarizə aparır. Burada fərdi tale kənd təsərrüfatı, iqlim dəyişikliyi və mədəni irs məsələləri ilə əlaqələndirilir. “Yaxın uzaq səs” (Close Distant Voice”) müharibə şəraitində folklor və səsin rolunu araşdırır. Filmin qəhrəmanı, bombardman alıtnda qalan folklorşünas səsi müharibənin yaratdığı yaralara qarşı bir vasitəyə çevirməyə çalışır. Layihə müharibənin yalnız dağıntı və insan faciəsi görüntüləri ilə deyil, mədəni yaddaş və səs vasitəsilə də sənədləşdirilə biləcəyini göstərir. “Axşam məktəbi” (Evening School”) isə Kiyevdə böyüklər üçün musiqi məktəbinə müraciət edir. Yaralı əsgər, müəllim, tələbələr və məktəb əməkdaşları müharibənin gündəlik həyatlarını dəyişdirməsinə baxmayaraq öz rutinlərini davam etdirməyə çalışırlar. Burada müharibə böyük hadisə kimi deyil, gündəlik həyatın içində müşahidə olunur.

Azərbaycan üçün ən diqqətçəkən layihələrdən biri isə Ülviyyə Əhmədovanın “Mənim evim” (My Home”) filmidir. 86 yaşlı Vəli həyatının son səfərinə çıxaraq keçmiş evini və ailəsinə aid məzarları görmək istəyir. Lakin ailəsi onun getməsinə qarşıdır, üstəlik sərhəd də bağlıdır. Bu şəxsi arzu zamanla ev, yaddaş, sərhəd və ayrılıq haqqında daha böyük hekayəyə çevrilir. Evdən ayrılmaq, geri qayıtmaq, bağlı sərhədlər, itirilmiş məkan və ailə yaddaşı regionun müasir sosial təcrübəsində güclü qarşılığı olan mövzulardır.

Ülviyyə Əhmədova


Bu layihələrin ortaq xüsusiyyəti ondan ibarətdir ki, böyük ictimai mövzular birbaşa izah edilmir, Əvəzində konkret insan, ailə, məkan və ya gündəlik vəziyyət əsas götürülür və həmin başlanğıc nöqtəsindən daha geniş problemə çıxılır.

Araşdırmanın digər mühüm istiqaməti filmlərin və layihələrin necə təqdim edilməsidir. Festival kataloqunda annotasiya sadəcə süjetin qısa xülasəsi funksiyasını daşımır. O, filmin mövzusunu, konfliktini, estetik yanaşmasını və fərqləndirici xüsusiyyətini qısa mətn daxilində göstərməlidir.

Seçilmiş nümunələrin annotasiyalarını təhlil etdikdə görürük ki, əksəriyyətində qəhrəmanın təqdimatı, konkret vəziyyət, yaranan konflikt, filmin əsas sualı və sonda filmin mövzusu ilə estetik yanaşmasının vurğulanması prinsipi əsasında qurulub.  Məsələn, “Əgər göyərçinlər qızıla çevrilsəydi” (If Pigeons Turned to Gold”) filminin annotasiyasında başlanğıc nöqtə rejissorun asılılıq problemi yaşayan qardaşıdır. Konkret vəziyyət rejissorun onu illər boyu müşahidə etməsidir. Konflikt isə həm qardaşın asılılığı, həm də rejissorun müşahidəçi olmaqla ona kömək etmək istəyi arasındakı münasibətdən yaranır. Beləliklə, şəxsi hekayə asılılığın dövri xarakteri və ailə münasibətləri kimi daha geniş mövzulara açılır. “Soyuq şorba” (A Cold Soup”) isə ailə daxilindəki kiçik bir hadisədən başlayaraq keçmiş Yuqoslaviyanın müharibə yaddaşına keçir. Burada konkret bir ailənin vəziyyəti filmin əsas dramaturji giriş nöqtəsidir, müharibə və susqunluq isə hekayənin daha geniş kontekstini yaradır. “Mənim evim”in (My Home”) annotasiyasında isə qəhrəman 86 yaşlı Vəlidir. Onun konkret arzusu əvvəlki evini və doğmalarının məzarlarını görməkdir. Qarşısındakı maneə ailəsinin etirazı və sərhədin bağlı olmasıdır. Bu konflikt vasitəsilə annotasiya ev, yaddaş, sərhəd və ayrılıq kimi daha geniş mövzulara çıxır.

Bu nümunələr göstərir ki, yaxşı festival annotasiyası bütün süjeti danışmağa çalışmır. Əksinə, filmin əsas dramatik vəziyyətini seçir və həmin vəziyyət vasitəsilə filmin daha böyük mövzusunu görünən edir.

“DocLab Poland” proqramının əhəmiyyəti həm də odur ki, əvvəlki iştirakçıların filmlərinin IDFA, Berlin, Sheffield və digər mühüm festivallarda nümayiş olunması proqramın, layihə inkişafı ilə beynəlxalq festival dövrəsi arasında əlaqə yarada bildiyini göstərir. Proqramın 2015-ci ildən fəaliyyət göstərdiyi və əvvəlki on ildə 220-dən çox layihənin iştirak etdiyi, onlardan 120-dən çox filmin ərsəyə gəldiyi qeyd olunur.

Aynur Kazımova

Bu araşdırma Azərbaycan Kinematoqrafçılar İttifaqının sifarişi əsasında yazılıb.

© 2026 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya