İNDİ OXUYUR
Fransız xalqı kef etmirmiş…

Fransız xalqı kef etmirmiş…

Sənədli filmdən danışarkən Anyes Vardanı xatırlamaq yerinə düşərdi. Aşağı büdcə, kiçik komanda, minimal çəkiliş texnikası və aktyorlarsız çəkilmiş filmləri ilə fransız Yeni dalğasına öz imzasını atan Vardanı “Fransız Yeni Dalğasının Nənəsi” adlandırırlar. Həyat yoldaşı Jak Demi də bu dalğanın uğurlu təmsilçilərindən biridir. 


Varda dostlarından aldığı borclar və ailə mirasının hesabına özünün “Cine-Tamaris” adlı kiçik kino şirkətini qurur. O, film çəkmə metodunu “cinécriture” (“kino yazısı” və ya “film üzərindən yazı”) adlandırırdı. Bir çox digər yeni dalğa təmsilçiləri kimi Anyes Varda da “kameradan qələm kimi” istifadə nəzəriyyəsindən təsirlənmişdir. O, kəşflərinin əksəriyyətini montaj zamanı redaktə edərkən kəşf etdiyini deyir, vaxtının çoxunu motiv yaradan təsvirlər və dialoqları tapmağa sərf edirdi. Evinə gələn qonaqlara çəkdiyi filmlərin DVD-sini satmağı evdə hazırladığı tomatı satmağa bənzədir. Varda filmə daha çox sənətçi kimi yanaşırdı, eksperimentlərdən çəkinmirdi. Həmin ərəfədə bir çox Fransanın Yeni Dalğa filmlərinə  prodüserlik edən Jorj de Boreqar, azbüdcəli film çəkən rejissorların axtarışında idi. O, Qodar və Vardanın həyat yoldaşı Jak Demi ilə işlədikdən sonra Varda ilə “Kleo 5-dən 7-yə qədər” filmini çəkməyə başlayır. Elə bu filmlə də Varda fransız Yeni Dalğasına adını yazır. Yeni Dalğa (fransızca La Nouvelle Vague) 1950-ci illərin sonlarında Fransada populyarlıq qazanmış kino hərəkatıdır. Hərəkatın məqsədi müəlliflərə öz işləri üzərində tam yaradıcılıq nəzarəti vermək, improvizasiya, ekzistensial hekayələri işləməyə şərait yaratmaq idi. Fransız “Yeni Dalğa” kinorejissorları həm fransız kinosunu, həm də bütövlükdə kino sənayesini dəyişdirərək müasir, müstəqil müəllif kinorejissorluğuna yol açdılar.

Bu yazı 1976-cı ildə Anyes Vardatərəfindən çəkilən “Dagerotiplər”(Daguerréotypes) sənədli filmi haqqındadır. Film Vardanın Parisdə Dager (Rue Daguerre) küçəsində kiçik bizneslə məşğul olan qonşularını lentə aldığı epizodlardan ibarətdir. Küçə daqerotipiya üsulunun yaradıcılarından olan Lui Dagerin adını daşıyır. Dagerotipiya – mis lövhənin üzərində yaranan ilk fotoqrafik görüntü əldəetmə üsulu idi. Elə film də “köhnə şəkil albomunun vərəqlənməsi” təəssüratını bağışlayır. O, bütün günü işləyən qonşularının taleyini vərəqləyir. Həmin ərəfədə oğlunun iki yaşı var idi və Varda yaşadığı yerdən çox uzaqlaşa bilmirdi. Amma Vardaya öz yaşadığı ərazidə film çəkməyə heç nə mane olmurdu. Çəkiliş edəcəyi məkanlara yaşadığı evdən 90 metr uzunluğunda elektrik xəttini dartıb aparırdı. Ona görə bütün çəkilişlər 50 metr radiusda baş tuturdu. Dager küçəsində demək olar ki, bütün iaşə məkanlarında ailələr (ər və arvad) birgə işləyirlər. Çəkiliş müddətində həm qəhrəmanlar, həm də onların müştəriləri kameranın mövcudluğunu tamaşaçıya hiss etdirmirlər. Varda və operator Nurit Aviv içəri məkanlarda işıqları və kameranı quraşdırıb gözləyirlər. Film lentə çəkildiyi üçün bir nəfər könüllü qız küçədə gözləyir və dükana girəcək müştəriləri öncədən Vardaya işarə ilə xəbər edir.


Müəllif müsahibələrində qeyd edir ki, qarşımıza çıxan hər kəsin danışmağa və özünü ifadə etməyə ehtiyacı var. Hər kəsdə sirr və gözəllik mövcuddur. Sənədli filmdə kinorejissor, qəhrəmanlarına qarşı sevgi və qayğı ilə yanaşmalıdır. Onlar sizi bəyənməsə belə, siz onları sevməlisiniz. Bütün insanların uşaqlığını düşünərək buna nail olmaq olar. Adətən sənədli filmdə kamera qarşısında olan şəxsin necə davranacağı, nə deyəcəyi əvvəlcədən bilinmir. Təsadüfən kamera qarşısında maraqlı hadisə, yaxud dialoq baş verə bilər və sən onu lentə ala bilərsən. Film müşahidə sənədli filmi kimi başlayır, sonra “verite” kimi, antropologiya şəklində davam edir. Bədii filmdə əvvəldən yazılmış ssenari olduğu üçün filmin içində sualın qoyuluşuna ehtiyac olmur. Sənədli filmdə isə sual filmin əsas mövzusunu müəyyənləşdirməklə yanaşı, dialoq qurmaq və filmdəki qəhrəmanları danışdırmaq, xarakterlərini açmaq üçün əlverişlidir. Klassik sənədli filmlərdə “5W” (Who, What, Where, When, Why) sual qaydası var. Bunlar – Kim? Nə? Harada? Nə zaman? Niyə? suallarıdır. Anyes Vardanın sualları da əsasən “Haradan? Nə vaxt? və Niyə gəlmisən?” şəklindədir.\


Çörək, süd, ət və bəyaz örtük 

Filmin açılışı Eyfel qülləsinin qarşısında dayanan sehrbazla başlayır. Daha sonra biz Dager küçəsinə qayıdırıq. Film Dager küçəsində “Mavi Dəvətikanı” (Au Chardon Bleu) adlanan ətir dükanı işlədən yaşlı Debrossian ailəsinin statik təsviri ilə davam edir. Filmin Eyfel qülləsi və ətir dükanı ilə başlaması filmin fransız portreti olduğuna işarədir. Adətən portret filmlərdə ölkəni təmsil edən elementlər “moodboard” şəklində filmə daxil edilir. “Mavi Dəvətikanı” adlı ətir dükanı işlədən Debrossian ailəsi filmin ən maraqlı və yaşlı cütlüyüdür. Dükan nostalgiya qoxulu retro məhsullarla doludur. “Xanım Mavi Dəvətikanı” (Varda onu belə adlandırır) yalnız adını deməklə kifayətlənir və filmboyu danışmır. Daim dükanın pəncərəsindən çölə baxır və daxili narahatlıq içindədir. Bu barədə bir az sonra… Dükanda satılan qadın geyimi və bijüteriyaları əvvəllər özü hazırlayırdı. Cənab Debrossian isə ətir hazırlamağa hələ də davam edir. 


Fransız portreti “Patisserie” (şirniyyat dükanı) ilə davam edir. Cənab Pidnuar səhərə kimi çörək bişirir, xanım Pidnuar isə satır. Səhər ritualı başlayır. Dükanın açılan qapı və pəncərələri, səliqəli işçi xalatında və önlükdə hazırlıq görən satıcılar. Baget və süd almağa gələn baxımlı fransızlar. Akkordeon dükanından gələn musiqi sədaları altında şirniyyat dükanının (Patisserie), gözəllik salonunun və klassik saat dükanının açılışı teatr tamaşası kimi təqdim edilir. 

Pərdələr açılır… Çörək, süd, ət və bəyaz örtük. Qısa saç, dəqiqlik və akkordeon. 

Yanaşı dayanan kişi və qadın gözəllik salonu. Kişi salonunda İv, qadın salonunda həyat yoldaşı Janin. Onları nazik bir arakəsmə divar ayırır. Amma gün ərzində bir-biriləri ilə görüşməyə vaxtları yoxdur. Təmirə gətirilən saata baxan saatsazın müştəriyə dediyi cümlə isə sloqana bənzəyir. “72 saatda hər şeyi təmir edirik”. Niyə 3 gün yox 72 saat? Çünki, Fransada dəqiqlik önəmlidir. Parisdə yaşayanlar zamanla yarışır. Fransız portreti moda ilə davam edir. Axşam olmasına baxmayaraq dərzi dükanı hələ də açıqdır. Cənab Bossi Parisə dərziliyi öyrənmək üçün gəlibmiş. Həyat yoldaşı xanım Bossi ilə adı bədnam çıxan barda tanış olub. Sevgilisindən şübhələnən rəfiqəsinə kömək etmək üçün indiki xanımı həmin bara gedir. Rəfiqəsinin sevgilisini başqası ilə birlikdə əyləndiyini görürlər. Həmin gün Cənab Bossi indiki xanımını orada görür və birlikdə oynadığı qızı tərk edib onunla rəqs edir. Bax beləcə bir ailə dağılarkən, digəri qurulur. Film ərzaq dükanı ilə davam edir. 

Filmin maraqlı tərəflərindən biri də odur ki, bütün məhsul və xidmətlərə görə ödənilən pullar yaxın planda görünür və miqdarı eşidilir. 1970-ci illərdə Avropada məhsul çeşidliliyi Sovet İttifaqı ölkələrinə nisbətən çox olsa da, filmdə çantalarla bazarlıq edən yoxdur. Məhsul istəkləri bir ədəd, bir nəfərlik, bir tikə formasındadır. Sanki bu küçədə balaca uşaqlar yaşayır və hərdən gəlib sevimli şirniyyatlarını alıb gedirlər. Bu küçədə işləyən dükan sahiblərinin əksəriyyətinin müdiri olmasa da, dükanlarına məhkum olublar. Səhərdən axşama kimi bir tikə çörək üçün çalışırlar. Anyes Varda küçənin digər ucunda, böyük bazarda siyasi qəzet satanların olduğunu qeyd edir. Bu küçədə isə onlar yoxdur. Bu küçə “qara əllərlə ağ çörək qazananların” küçəsidir. Bura neytraldır, heç kim siyasətə qarışmır. Çünki biznes üçün problem yarana bilər. Dager küçəsində yaşayanlar üçün yəqin ki, bu portreti qəbul etmək asan olmayacaq.

Dərviş Parisi partladır

Küçədə sehrbazla bağlı afişanı görürük. Gələn sehrbaz kimdir?  İlk kadrda filmi və rejissoru elan edən sehrbazı Varda bizə indi təqdim edir. Sehrbaz səhnəsi filmin əsas xətlərindən birinə çevrilir. Rejissorun yanaşmasından belə başa düşmək olur ki, sehrbaza münasibəti birmənalı deyil, onu bizə mənfi qəhrəman kimi təqdim edir: “O, müvəqqəti qorxu və boş qəhqəhələr gətirəcək. Məntiqli fikirlər və dəqiqlik silinəcək. Onsuz da sükunətdə olan dünyanı yatızdıracaq.” Deməli rejissor, filminə “antaqonist” tapıb. Qəhrəmanlarının sehrbazın nümayişi olan kafeyə toplanmasını isə Varda özü təşkil edir. İndi isə sehrli sözü deyirik: “Gələcəyə gedirik, min il sonraya…” Sehrbaz maraqlı nömrələri və hipnozun köməyilə Dager küçəsi sakinlərini gündəlik qayğılardan uzaqlaşdırır. Varda isə montajda bu hissələrə onların gündəlik fəaliyyət kadrlarını yerləşdirərək bizi reallığa qaytarır. Bu,Vardanın sehrbazla olan duelidir. 


“Xanım Mavi Dəvətikanı” ilə bağlı hekayəmizə qayıdaq. Çəkiliş zamanı cənab Debrossian kameraya, xanım Debrossian isə uzaqlara baxır. O həmişə qapının yanında dayanır, nəzərləri çölə yönəlir, sanki dükana həbs olunub və çölə çıxmaq üçün uyğun zamanı gözləyir. Qadının dükanda əsir kimi davranması Anyesə pis təsir edir.  Filmin sonuna yaxın cənab Debrossian qeyd edir ki, axşamlar daxili bir qüvvə xanımını çölə çıxmağa təşviq edir. Məqsədi çölə çıxaraq harasa getmək istəməsi yox, sadəcə çölə çıxmaq istəyidir. Bu cümlə özündə nə qədər ağır nida və sual gəzdirir. Beləliklə, Vardanın filmi necə bitirəcəyi bəlli olur: “Hamımızın axşamlar harasa getmək arzusu yaranır. Biz hamımız öz həyatımızın məhkumlarıyıq. İnsanlar daim dərdlərindən bəhs edirlər. Arzuları yaddan çıxıb. Xəyal qurmağı rədd etmək ağır bir yuxunun səssizliyidir”.


Belə demək olar ki film, xalqı illüziyadan ayılmağa, insan kimi yaşamağa çağırır. Bəlkə də siçovul çarxından qurtulmaq üçün dayanmaq lazımdır. Amma fərdi yox, kütləvi! Bəs bu yarışda kim birinci dayanıb sonuncu olmaq istəyər? Məncə heç kim. Sonda isə Varda filmi bu sözlərlə tamamlayır: Bu müsahibədirmi, ehtiram duruşudurmu, məqalədirmi, peşmanlıqdırmı, əzabdırmı, yanaşmadırmı, yoxsa qonşu kimi imzaladığım film? Anyes Varda. Dagerotiplər. 

Anyes Varda bu filmə görə mükafat almasa belə, bu portret üçün fransız xalqı ona minnətdar olmalıdır. Film fransız televiziyasında göstəriləndən sonra Varda küçənin digər sakinlərindən məktublar alır. Minnətdarlıq hissi ilə yazılan məktubların arasında tənqidi olanları da var idi. O məktubların birində belə yazılmışdı: “Sizə ayıb olsun! Ümid edirik, bir də belə, bu küçənin imicini korlayan film çəkilməz”. 

2005-ci ildə Anyes Varda 30 il əvvəl yaşadığı Dager küçəsinə yenidən baş çəkir və dəyişiklikləri göstərmək üçün “Dager küçəsi 2005-ci ildə” (Rue Daguerre in 2005) filmini çəkir. Artıq buradakı məkanların yeni sahibləri var idi. Bəzi məkanlar isə yoxa çıxmışdı. 

Vardanın həyatı və filmoqrafiyası ilə yaxından maraqlananlara onun “Anyesin Çimərlikləri” (The Beaches of Agnes) adlı avtobioqrafik filminə baxmağı məsləhət görürəm. Anyes Varda 2019-cu ildə 90 yaşında döş xərçəngindən vəfat etdi. Vəfatından iki il əvvəl 11 noyabr 2017-ci ildə kinoya verdiyi töhfələrə görə Akademiyanın Fəxri Mükafatını aldı. Varda mükafata namizəd olan ən yaşlı şəxs idi. O həm də fəxri Oskar və eyni zamanda fəxri Qızıl Palma budağı alan ilk qadın rejissor idi.   

İlkin Yusif

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya