İNDİ OXUYUR
Atalar və oğullar nar bağında

Atalar və oğullar nar bağında

Anton Çexovun “Albalı bağı” motivləri əsasında rejissor İlqar Nəcəf tərəfindən çəkilən “Nar bağı” filmi müasir Azərbaycan kinosunda həm rejissor yanaşması, həm aktyor oyunu, həm də təsvir həlli ilə seçilir. Çexovun özünün komediya adlandırdığı, əslində isə tragikomediya kimi tanınan bu pyes paradoks üzərində qurulmuşdur. Belə ki, bu əsərdə bağın sahibi olan Ranevskaya, vurğunu olduğu albalı bağı olmadan həyatın mümkünsüzlüyü, gələcəyin islahatçısı Lopaxinin isə bu yerlərdən gəlir əldə etmək kimi ümid verən planları bir-biri ilə paradoks təşkil edir. Ümumiyyətlə əsərdə biz köhnə ilə yeniliyin qarşıdurmasına şahid oluruq.  Filmdə də biz Şamil kişinin, bağı Səməd adlı imkanlı iş adamına satmaqdan imtina etməsini görürük, baxmayaraq ki artıq bütün kənd öz torpaqlarını satmışdır.

“Nar bağı”, rejissor İlqar Nəcəf

Üçaktlı struktur əsasında qurulan filmdə biz ilk növbədə ailənin həyatı ilə tanış oluruq. Öz oğlunu göz həkiminin yanına gətirən ana, oğlunun 1 il öncə damdan yıxıldığını bildirir. Oğlanın gözü zəifləməklə bərabər rəng duyğusunu da itirmişdir. Bu, ata fiqurunun yoxluğuna ilk işarədir. Yemək pozğunluqları üzrə mütəxəssis Marqo Menin “Atalar, qızlar və qida” (“Fathers, Daughters, and Food”) kitabında təkcə qızların deyil, oğlan uşaqlarının həyatında da ata yoxluğunun bir sıra çatışmazlıqlar yaratdığını qeyd edir. Marqo həmçinin bütün uşaqların ataları ilə əlaqə qurmaq arzusunu və qarşılanmamış ata aclığının bəzi psixi xəstəliklərə necə təsir etdiyini öyrəndi. İlk illərdə atanın olmaması uşağın şəxsiyyətinin formalaşmasına əhəmiyyətli dərəcədə təsir edə bilər. Atasız uşaqların şəxsiyyətinin inkişafı atalarını necə itirmələrinə görə formalaşa bilər. Bu qarşılıqlı əlaqə atalarını tanımayan və ya darıxan uşaqlarda da mümkündür. Beləliklə, atalar uşağın həyatında, hətta yoxluğunda belə, kim olduqları ilə əlaqəli daimi rola malikdirlər. Uşaqların ataları tərəfindən necə tərk edilməsi də onların ata obyekti ilə münasibətlərinə təsir edir. Uşağın babasından narın rənglərini soruşması isə simvolik bir ifadəyə çevrilir.

“Nar bağı”, rejissor İlqar Nəcəf

Növbəti səhnədə biz artıq ailənin ümumi mənzərəsini görürük. Saranın nar ilə bağlı yuxusunu danışması oğlu tərəfindən vizuallaşdırılır. Narın partlayaraq qanı əvəz etməsi baş verəcək hadisədən xəbərdarlıq xarakteri daşıyır.

Filmin dönüş nöqtəsini yağışlı gecədə oğulun geri dönüşü təşkil edir. Söhbət əsnasında onun 12 il öncə ailəsini ataraq Rusiyaya getdiyini, anasının isə dözməyərək öldüyünü öyrənirik. Atası ilə məzarlıqda olarkən isə burada Şamilin oğlunun öldüyünü, Qabilin isə atasını sevgisizlik və diqqətsizlikdən günahlandırdığını və öz oğluna yaşatdığı “ata aclığı”nın səbəbini məhz onun öz uşaqlığından gəldiyini görürük. Öz qardaşı Habil ilə münasibətdə özünü ailədən kənarlaşdırılmış hiss edən Qabilin rəqabət hissi elə əcdadının yolunun davamıdır.

Hadisələrin mürəkkəbləşməsi prosesində ailəsini Rusiyaya aparmaq üçün razı salmağa çalışan Qabilin, çayxana və dostu ilə görüşləri səhnələrində özünün dediyi kimi böyük iş sahibi olmadığını, Rasimdən borc aldığını, həll edilməyi gözləyən problemi olduğunu öyrənirik. Keçmişin izləri filmdə fotoalbomlar və qardaşının qəza edərək öldüyü maşının qalıqları ilə özünü göstərir.

“Nar bağı”, rejissor İlqar Nəcəf

Filmdə təkcə “Albalı bağı”nın motivlərinə deyil, həmçinin Zvyaqintsevin “Qayıdış” filmi ilə bir sıra ortaq cəhətləri görmək mümkündür. Ailəsini naməlum səbəbdən atıb gedən, 12 il sonra geri qayıdan ata, onu sədaqətlə gözləyən ana, atasını qəbul edə bilməyən oğul və birlikdə balıq tutmaq.

Karl Yunqun bəşəriyyətin daim axtardığı və şəfa simvolu olaraq gördüyü balıqtutma simvolu Zvyaqintsevin filmində əsas xətlərdən biridirsə, “Nar bağı”nda bu ata və oğulun münasibətlərinin yaxınlaşmasına hesablanmış cəhddir. Lakin “Qayıdış” filmindəki atadan fərqli olaraq, Qabilin öz oğlu ilə münasibətləri səmimi deyil.

Filmin orta nöqtəsini isə ailənin xoşbəxt portreti təşkil edir ki, bu keçmişin bağışlanması və gələcəyə inamdır. Filmdə önəmli detallardan biri isə babanın çardaqda damı hörüb bağa açılan mənzərə üçün bir hissəni açıq saxlamağı və bu mənzərənin Cəlal tərəfindən qapadılmağıdır. Bu detal təkcə bağın taleyini deyil, eyni zamanda oğlanın sağlamlığına da eyham edir. Eyni zamanda çardaqda əri ilə münasibətdə olan zaman Saranın narları qırması da mühüm element olaraq qarşımıza çıxır.

Filmin növbəti səhnələrində nar festivalının keçirilməsini, ailəvi gəzintini görürük. Artıq ailəsinin getmək barədə razılığını alan Qabil çardaqda öz həyat hekayəsini danışaraq qardaşının ölümündə günahkar hesab edildiyi üçün hər şeyi atıb getdiyini bildirərək özünə haqq qazandırır. Və bu razılıq qərarı ilə yalnız qalacaq olan Şamil kişi bağı satmaq məcburiyyətindədir. Əgər filmin I dönüş nöqtəsi yağış ilə birgə gələn oğulun geri dönüşü idisə, ikinci dönüş nöqtəsi yenə  yağış yağarkən verilən bağın satılması ilə verilən qərardır. Şamilin uzun illərdən sonra gəldiyi çayxanada isə “Ay dili dilavər” mahnısının səslənməsi isə Qabilin şəxsiyyətinin ifadəsinə çevrilir.

“Nar bağı”, rejissor İlqar Nəcəf

Kulminasiya səhnəsində isə onun pulları götürərək Rusiyaya dönmək məqsədilə vağzala getməsini görürük. Eyni zamanda filmin görünməyən katalizatoru da məlum olur: borcuna görə qaçırılmış qızını xilas etmək onu yenidən geri dönməyə vadar etmişdi. Telefonunda sildiyi ailəvi şəkillərlə isə Sara və oğlu Cəlalın onun üçün əslində heç bir şey ifadə etmədiyi göstərir. Beləliklə burada Qabilin hər hansısa seçim qarşısında qalması barədə hər hansısa bir ehtimal olmadığı görülür. Filmin açılışında isə Rasim ailəni bu barədə məlumatlandırır və tamaşaçını ailənin bundan sonra nə edəcəyi maraqlandırır: həm gəlir yeri, həm də mənəvi dəyəri olan bağ əldən getmiş, həm ailənin duyğuları incidilmiş, qürurları sındırılmışdır.

Filmin sonunda isə səhnə bizi filmin əvvəlində olduğu kimi yenə həkim otağına aparır. Cəlalın gözləri isə düzəlmək əvəzinə daha da geriləmişdir və həmçinin biz başlanğıcda olduğu kimi yenə pəncərədən narları görməkdəyik, lakin bu dəfə Cəlalın gözü ilə.

Ədilə Ağayeva (kinoşünas)

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya