İNDİ OXUYUR
Yatmış dil

Yatmış dil

Mayın 15-də Azərbaycan Kinematoqrafçılar İttifaqında tanınmış media eksperti Zeynal Məmmədli “Dilin yataq otağı” adlı mühazirədə dilimizin imkanları,  digər türk dillləri ilə qarşılıqlı zənginləşmənin zərurəti haqda bir sıra maraqlı məqamları bölüşüb.


Eskpertin fikrincə, dil elə önəmli faktordur ki, onu dilçilərə etibar etmək olmaz: “Bizim reallığımızda da elə alınıb ki, dilçilərin fikri çox önəm daşıyır. Bu yaxınlarda televiziyaların dili ilə bağlı Elmlər Akademiyasının Dilçilik İnstitutu monitorinq eləmişdi. Dillə bağlı müəyyən səhvləri qeyd etmişdilər. Televiziya dili həm də bədən dilidir. Amma monitorinqdə bədən dilini, intonasiyanı nəzərə almamışdılar. Buna görə, ilk növbədə onların özünü cəzalandırmaq lazımdır”.

Zeynal Məmmədli Azərbaycan dilinin böyük imkanlarının olduğunu düşünür: “Bunun üçün sadəcə, dillə dost olmaq lazımdır ki, o, sirlərini sənə açmağa başlasın. Türklər sivilizasiyaya “uyqarlıq” deyirlər. “Uyqar” sözü haradan gəlib? Araşdıranda gördüm ki, “uyqar” sözü türkərin ən təhsilli, ilkin əlifbası, yazılı ədəbiyyatı olan (Divanü Lüğat-it -Türk də ordan meydana gəlib) uyğur türklərinin adından irəli gəlir. Sən demə, uyqur türklərinə hörməti yaşatmaq üçün Atatürk uyqar sözünü uydurur və nəticədə yeni türkcədə “uyqarlıq” sözü yaranır. “Uyqarlıq” azərbaycanca sivilizasiya deməkdir və bir sıra türk xalqlarının dilinə keçib.

Bizdə çoxlu yanlışlar var. Biz “politika” deyirik. Halbuki “politika” polis etkası, birgəyaşamla bağlı anlayışdır. Siyasət isə mehtərliyin, atminmə sənətinin incəlikləri deməkdir, arxaik sözdür, ərəb dilindən gəlmədir. Necə olur ki, biz politika əvəzinə siyasəti seçirik? Halbuki politika daha çox uyğundur. Ona görə, sözlərə nüfuz etmək maraqlıdır, onda dilimiz bizimlə danışmağa başlayır. Burada söhbət təkcə etnik mənsubiyyətdən getmir. Burada başqa xalqlarla da bağlantılar görürsən.

Bəzən deyirlər ki, bizim hüquqi lüğətimiz kasaddır. Amma elə deyil. “Hakim” ərəb sözüdür, hökm verəndir. Amma türklərdə bunun qarşılığı olan “yarğıc” sözü var, çox qədim bir sözdür. “Divanü Lüğat-it Türkdə” var. Və ya “özgürlük” neologizm deyil, abadlıq mənasındadır. Yaxud, “savçı” prokuror deməkdir, bir şeyi müdafiə etmək mənasını verən “savunmaq” sözündəndir. Bizdə o terminlər heç də yox deyil. Biz sadəcə unutmuşuq. “Oğuznamə” nə yaxşı var və yaxşı  ki, bunları ortaya çıxarır. Türk xalqlarına lağ edirdilər ki, hamısı tərcümə, kalkadır. Amma “Oğuznamə” tapılandan sonra türk dilinə münasibət dəyişməyə başladı.


Qədim türkcədə “buruq” sözü var. Prezidentin protokol müdiri, mərasimləri təşkil edən adam deməkdir. Bəzi xalqlarda qalıb. “Buruq” sözünün kökü buyruq verməkdən yaranıb. Buyrqçu – xaqanın özü, onun əmrini yetirən adam isə buruqdur. Türk dillərində bir ara ortaq anlayışlar vardı, sonra şaxələnmələr getdi. Keçmiş lüğətlərdə qafiyələndirmək və sözü sadə vermək ənənəsi var. Məqsəd, sözlərin yadda qalmasıdır”.

Dünyada iki cür dilin (danışan, qışqıran və dinləyən dil) mövcud olduğunu deyən ekspert, Azərbaycan dilinin hansına dilə aid olmasını belə dəyərləndirdi: “Henrix Heynenin maraqlı fikri var ki, alman dili özlüyündə zəngin dildir. Amma danşanda həmin zənginliyin onda-birindən yararlanır. Çünki qışqıran dildir. Amma fransız dili söz baxımından yoxsul olsa da, danışıq dilində söz ehtiyatı zəngindir. Fransız dilində intonasiyalar da zəngindir, alman dilində isə elə deyil. Azərbaycan dili “dinlədən dildir” və bizim dildə zəngin intonasiyalar çox şeyi həll edir. Hə deyəndə yox kimi, yaxud tərəddüd kimi qavranılacaq. Alman dilində bu mümkün deyil. Almanlar dili strukturlaşdırır, sistemə salır. Bizim dil isə birbaşadır, onu sistemə salmaq çətindir. Buna görə deyirlər ki, bizim dildə söyüş zəngindir. Türk dillərində söyüş əslində zəngin deyil. Çox birbaşa, sadə bir neçə sözü bilsəniz söyüşləri mənimsəyəcəksiniz. Hind-Avropa dillərində isə evfemizm hesabına söyüşləri başqa tərzdə demək təcrübəsi var. Bizdə isə yoxdur, Evfemizm həqiqəti yumşaltmaqdır. Bizim hökumət siyasətində bu hal yayğındır. Nəqliyyatda bahalanmanı birbaşa demək əvəzinə, “nəqliyyatda gediş qiymətləri dəyişdi” deyirlər. Bizim dil qaba dildir, seçim yoxdur. Kalka sözlər çoxdur rus dilindən.

Deyrlər ki, fars dili poeziya dili, türk dili hünər dilidir. Hünər yəni birbaşalıqdır. Ərəb dilində bir sözün çoxlu mənası var. Fars dilinə də ərəb dilinin güclü təsiri qalıb. Fars dilində semantik çalarlar eyni sözdə çoxdur. Amma dil əslində yoxsuldur. Fars dili dünyanın ən sadə dillərindən biridir və öyrənmək asandır”.

“Dilin yataq otağı” anlayışına aydınlıq gətirən ekspert bildirdi ki, lüğətimizə daxil olan termin və sözlərin dilimizdə qarşılığı varsa, onlar “yataq otağına” buraxılmamalıdır: “Qonaq otağına müxtəlif adamlar gəlir. Amma qonaq otağına müxtəliflik gəlsə belə, ora da hər adam buraxılmır. Yeni sözlər qonaq otağına, oradan mətbəxə, daha sonra yataq otağına gəlir. Dilin yataq otağı dilimizin saflığını, özəyini qoruyur. Dilin  intonasiyasını dəyişdirsək sözün kokünə yaxınlaşarıq,  bu zaman dil islam dininin, fars dilinin təsirlərindən sıyrılacaq və sözün cecəsi qalacaq. Bunun əhəmiyyəti, dili rahat öyrənərək içərisinə getməkdir.


Nəyə görə türklər kompüterə “bilgisayar”, kommunikasiyaya “iletişim”, informatikaya “bilişim” deyir? Elmi-texniki modernləşdirmə dili elə güclüdür ki, dilimizin qonaq otağına, oradan mətbəxə, sonra yatağa girir. Dilin də qabiliyyəti olmalıdır ki, yeni sözlərin qarşılığını versin. Kamal Abdullanın yaxşı sözü var, “bütün terminlər köçəri quşlardır, bir gün gəldiyi kimi gedəcək”. Bizim dilmizin tarixinə baxanda görərsiniz ki, öz dilimizdəki sözü ərəb, ərəbi fars, farsı alman sözü əvəzləyir. Sonra baxırsan ki, öz dilimizdə həmin sözün qarşılığı tapıldı. Doğrudan da bizdə vətəndaşlıq qazanan çox söz var ki, zaman-zaman bunların qarşılığını tapırsan. Amma dilə daxil olan yeni sözlərin qabaqkı axınıyla indiki axını fərqlidir. İndi yeni sözlərin həcmi lava kimi gəlir. Düşüncəni alaq, dili zənginləşdirək. Düşüncəni alaq, dili yox.

Bizdə akademik, işgüzar dili, qanunların dilini çox anlaşılmaz sözlərlə yükləyirlər. BMT-in tələbi var ki, qanunların dili son dərəcə sadə olmalıdır. 5-ci sinifdə oxuyan uşaq da bunu anlamalıdır. Bizim qanunları onları yazanların özü belə izah edə bilməyəcək. Çünki artıq söz başqa yozuma cığır açacaq. Biz inteqrasiya sözünü işlədirik. Adi danşıqda da istifadə edə bilərik bu sözü. Amma xəbər bülletenlərində gedəndə bu, dilin harasındadır? İnteqrasiya bütünləşmək deməkdir. Bütünləşmə deyəndə nə itirirsən axı? Bu tipli çox söz var ki, onu öz dilində deyəndə nə itirirsən, niyə yükləyirsən dili? Yaxud, niyə prioritet deyirsən? Prioritet öncəlik, üstün deməkdir. Dilimizdə var axı, niyə işlətmirsən? Bunlar mənimsəməni arxa plana atır. İş dili ilə məişət dili sanki bir çarpayıdadırlar”.

Zeynal Məmmədli daha sonra, mediada istifadə edilən söz sayına toxunaraq, apardığı  araşdırmalardan danışdı: “Kolumbiya universitetində oxuyan tələbə on iki min söz bilməlidir. 1993-cü ildə bununla bağlı araşdırma apardım. O dövrün populyar  “Azadlıq” qəzetilə rəsmi “Azərbaycan” qəzetinin sözlüyünü müqayisə elədim ki, nə qədər sözdən istifadə edirlər. Araşdırmanı bir həftəlik materiallar əsasında apardım. Fərq cüzi idi. 1300-1400 civarında “Azadlıq”, 1200 civarında isə “Azərbaycan” qəzeti istifadə edirdi. 1995-ci ildə araşdırmanı təkrarladım. “Azadlıq” qəzetində 320, “Azərbaycan” qəzetində 450 söz istifadə olunurdu. Sözlər üç dəfə azalmışdı. Bu, demokratik mənzərənin dəyişdiyini göstərir ki, özünüifadədə çəkinmələr var və s. “Azərbaycan”da ona görə çox idi ki, sinonimlərdən çox istifadə edirdilər. Halbuki jurnalistikada sinonimlərin yeri çox dar olmalıdır. Sinonimlər təbliğat deməkdir, onun hesabına “Azərbaycan” qəzetində 450 söz vardı.


2012-ci ildə bu araşdrımanı tələbələrə tapşırdım. Orta məktəblərin  onuncu sinifdə oxuyanın sözlüyü ilə  2016-cı ildə universiteti qurtaran məzunun işlətdiyi sözlüyün  müqayisəsini etdilər. Orta məktəbdəki söz sayı universitetdəkindən 20-25 dəfə çox oldu. Bu, fəlakətdir. Halbuki univerisiteti bitirmiş adamda daha çox olmalıydı. Bu araşdırmanı çox istiqamətdə aparmaq olar, məsələn, Azərbaycan məmurlarının dili. Həmçinin, dünyagörüşü, peşə diliylə bağlı monitorinq aparmaq olar. Bunlar dillə bağlı durumun nə yerdə olduğunu göstərir. Sözlər bizim dünyaya münasibətimizi, peşəkarlıq səviyyəmizi çılpaq şəkildə üzə çıxarır. Gənc anaların uşaqlarıyla ünsiyyət dilini də araşdrımaq maraqlıdır. Onda anaların nitqində sosiallaşmanın səviyyəsini öyrənmək olar.

Bir ara Kamal Abdullanın maraqlı layihəsi vardı. Həmin lahiyədə sürücülərin, ev xanımlarının və müxtəlif təbəqələrin diliylə bağlı tədbirlər keçirməyə başladı. Onda düşündüm ki, dillə bağlı düzgün bir yol tapdıq. Amma dayandı bu proses. Çünki bürokrat kimi yanaşdıq”.

Zeynal Məmmədli onu da qeyd etdi ki, Azərbaycan dili sadə, informativ dildir və jurnalistlər üçün xəbər dili kimi unikaldır:

“Xəbər proqramında kəndli deyir ki, arvadım itlər tərəfindən hücuma məruz qalıb. Deyə bilərsən ki, arvadımı it qapıb. O adamı günahlandırmıram, jurnalistlər də belə yazır. Yaxud DİN-in istifadə etdiyi  “tərəfimizdən araşdırma aparıldı” cümləsi kimi. İngilislərdə danışıqla yazı dili arasında uçurum yoxdur. Rahat universal dil var. Amma hər sözün öz yatağı var, sadəcə hüquqşünas o yatağı daha dəqiq bilir. Sıravi vətəndaş onu ümumiləşmiş şəkildə deyir. Bizdə isə mənzərə fəlakətlidir. Daxili tərcümə ona görə vacibdir. Bizdə sadəcə cismi tərcümə edirlər. “Karamazov qardaşları”nı hələ düz-əməlli tərcümə edə bilməmişik. Halbuki türklər ediblər. “Karamazov qardaşları”ndan kimlərsə fraqmentlər tərcümə edib.  Oxuyanda heç nə başa düşmürsən. “Google”da isə tərcümələr doğru verilmir. “Google”da Azərbaycan dili ən kasıb dillərdən biridir.

Dilin tezlik lüğəti çox önəmli şeydir. Hansı sözlərin qocaldığını, öldüyünü, hansı sözlərin az işləndiyini göstərir. Ruslar Sovet dövründə hər il tezlik lüğəti buraxırdılar. Baxırsan ki, dil necə yaşayır, harada zəiflikləri var. Azərbaycan dilinin bugünədək tezlik lüğəti çıxmayıb. Mənasız sinonim lüğəti  çıxıb. Türk dillərində sinonimliyə meyil yoxdur. Sinonimlərə meylilik fars və qismən ərəb dilindən keçib. Sinonimlər rus dilindən kalka tərcümələrlə gəlmədir.

Yardımçı sözlüklər buraxılmalıdır.  Dillə bağlı müsabiqələr olmalıdır. Niyə bizim dildə ən yaxşı bilən məmur müsabiqəsi olmasın?!”.

Mətni hazırladı: Sevda Sultanova

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya