İNDİ OXUYUR
Gün keçdi, bizi bağışlayın…

Gün keçdi, bizi bağışlayın…

– Kimi axtarırsan?
– Uşaqlığımı.


Arif Babayev Azərbaycan kinosunun azsaylı rejissorlarındandır ki, onun filmlərini müəllif kinosu saymaq olar. Müxtəlif janrlara müraciət etsə də, hər zaman öz dünyasını əks etdirməyə çalışıb. Bəzən buna tam nail olub, bəzən isə sadəcə filmi kiçik toxunuşlarla özününküləşdirməyə çalışıb. Burada onun yaradıcılığını və filmlərini gözdən keçirərkən bir məqamı nəzərə almalıyıq ki, Sovet dövründə çəkilən filmlərimizdə hər zaman ssenaristin adı birinci yazılıb. Bu, filmin əsl sahibinin ssenarist olduğu düşüncəsinin təzahürüdür.

Yazının əvvəlindəki epiqraf Babayevin ən az tanınan filmlərindən biri, hətta birincisindəndir. Söhbət onun 1979-cu ildə çəkdiyi “Bizi bağışlayın” bədii filmindən gedir. Bu filmi o, “Arxadan vurulan zərbə” bədii filmi ilə qazandığı kassa uğurundan sonra rus yazıçısı Yuri Bondarevin əsəri əsasında çəkib. Əvvəlcə filmə nəzər salaq, daha sonra bu filmin Arif Babayevin əsas şedevri sayılan “Gün Keçdi” bədii filmi ilə olan əlaqəsinə toxunacağam.

“Gün keçdi” filminin çəkiliş meydançası. (soldan-sağa) H.Məmmədov, yazıçı Anar, Arif Babayev)


“Bizi bağışlayın” filmi bir qatar kupesində, gecə yuxusundan yarımçıq oyanan Nərimanın (Həsən Məmmədov) görüntüləri ilə başlayır. Yatağında daxili monoloqla özünü və həyatını araşdıran, analiz edən Nəriman artıq 40 yaşa çatdığını və geridə nə qaldığını soruşur? Belə olduqda, gedəcəyi yerdən daha tez düşərək öz doğma şəhərinə qayıdır. Alim, uğur qazanmış böyük şəxsiyyət olan bu obraz 20 ildən sonra öz şəhərinə qayıtdığı kimi, Arif Babayev də “Arxadan vurulan zərbə” ilə müvəffəqiyyət qazandıqdan sonra öz sevimli mövzusuna – Bakısına – qayıdır və obraz ilə rejissorun bu cəhətləri oxşarlıq təşkil edir. Nəriman evlərini, yaşadığı, uşaqlıq illəri keçən məkanları axtarır, Bakının sarmaşıqlı balkonlarına nəzər salır, ümumi həyətlərdə dostlarını, sirdaşlarını tapmağa çalışır. Nərimanı öz şəhərində, doğulub-böyüdüyü yerdə tanımırlar, yalnız onu başqası təqdim edəndən sonra ya da şəxsiyyət vəsiqəsinə baxdıqda kim olduğunu bilirlər və dərin hörmət bəsləyirlər. Ssenarinin bu nüansı uğur qazanmış, hamı tərəfindən ad olaraq tanınan, ancaq görkəm olaraq onlara yadlaşdığı, uzaqlaşdığı üçün ilk baxışdan bilinməyən adamın tənhalığına işarə edir. Gəzdikcə keçmiş dostlarını, eşqini tapdıqca qarşılaşdığı mənzərə ürəkparçalayan və hüznlüdür. Ölən ölmüş, qalanlar tamam yadlaşmış, başqa şəxslərə, ortaq dəyərləri bölüşməyən yad kimliklərə bürünmüşlər. Bu təəssüflərdən, peşmanlıqlardan sonra isə film tamam ayrı məcraya keçir, getdikcə didaktik bir forma alır.


“Gün Keçdi” filminin əvvəlində biz Oqtayı iş başında görürük. O, Bakının gələcəyi barədə müzakirə aparır, İçərişəhərin qorunmasının vacibliyini vurğulayır və bu şəhərə olan sevgisini izhar edir. Oqtayın şəhərlə qurduğu əlaqə təkcə səthi bakısevərlik deyil, onun mənəvi bağları Əsmər hekayəyə daxil olduqdan sonra daha da genişlənir, konkretləşir, memarın qorumaq və görmək istədiyi şəhər tamaşaçıya da aydın olur. Elə buna görə də, filmin sonunda – artıq Əsmər yenidən geri qayıtdıqdan sonra – Oqtay şəhər mənzərəsinə baxaraq fikrə gedir və artıq əsas sevgisinin, məramının şəhər olduğu bir daha ortaya çıxır.

Səkkiz il sonra çəkilən “Bizi Bağışlayın”da isə biz Oqtayın xəyallarının dağıldığını, yox olduğunu görürük. Rejissorun qurduğu zamanda keçidlər edən təhkiyə ilə o həm qəhrəmanın uşaqlığına qayıdır, həm də müxtəlif mənzərələrlə qəhrəman-məkan əlaqəsini qurmağa çalışır. Nərimanın axtardığı evlər, binalar artıq yoxdur. Əvəzində yeni çəkilən yollar, binalar, xiyabanlar var. Tez-tez gördüyümüz sökülən və dağıdılan evlərin görüntüləri filmin əsas xətlərindən birinə çevrilir. Bu dağıdılan evlər həm geriyə qayıdan qəhrəmanın özünə sığınacaq tapa bilməməsini vizuallaşdırır, həm də sürətlə dəyişən Bakıya təəssüflə baxan rejissorun baxışlarını…


“Bizi Bağışlayın” filmi əvvəldən etibarən melanxolik atmosferə malikdir. Bu melanxoliya qəhrəmanın özünü sorğu-suala tutması ilə başlayır, qarşılaşdığı dağıntılarla və yadlaşma ilə davam edir və hər saniyəsində getdikcə artır. İyirmi il sonra geri dönən qəhrəmanın yuxudan narahat oyanması, Moskvaya getməli olduğu halda qatardan enərkən öz doğma şəhərinə qayıtması “Gün Keçdi”nin Əsmərinin məşhur “sən də mənim yuxuma girirdin” ifadəsini xatırladır. Axı Əsmər də keçmişdən gəldiyini, yuxularını qarışdırdığını deyirdi və o da öz evlərini, xatirələrini axtarırdı. Əgər “Gün Keçdi”də bu xiffət və həsrət sevgi ilə birgə göstərilirsə, acı-şirin xatirələrin mozaikası kimi qarşımıza çıxırsa, Nərimanın hekayəsində artıq şirin heç bir məqam yoxdur.

Nəriman nə dostlarını tapa bilir, nə itirdiyi keçmiş sevgisini qazana bilir, hətta müəllimini də unudur. Bütün bu total yadlaşmanın içində özünə yer tapa bilmədiyi üçün sonunda yenidən Moskvaya qayıdır. “Gün Keçdi”də təmənna Bakının xilas edilməsi və itirilmiş keçmiş gözəl günlərin yenidən bərpa olunmasına ümiddirsə, hətta sevgi baş tutmasa da, “Bizi bağışlayın”da artıq bu ümid yoxdur. Baş verməli olanların hər biri yaşanıb və artıq bundan heç cür qaçış yoxdur. Hətta qazanılan bütün uğurlar da, əldə edilən bütün nailiyyətlər də bu ümidsizliyin qarşısında puç olub.


Əsmər və Nərimanın sosial statusları, şəxsi həyatları, gəldikləri və qayıtdıqları yerlər oxşardır, hətta eynidir. Hər ikisi də uğurludur – biri xoşbəxt kişinin xoşbəxt arvadıdır, digəri isə kitablarına hətta müəlliminin pul verib aldığı, buna görə teleqram vuraraq təbrik etdiyi alimdir. İkisi də paytaxtla (Moskva) əyalət (Bakı) arasında seçim qarşısında qalıb, müvəqqəti də olsa qayıdıb xoşbəxtliyi tapmağa cəhd edirlər. İkisinin də həyat yoldaşı var, ancaq bu onlara keçmiş sevgililəri ilə nakam sevgilərindən danışmaq üçün maneə deyil. Lakin onları ayıran çox vacib bir məqam var.


Əsmərin xatirələri Oqtayla, birlikdə yaşadıqları yeniyetməlik hissləri ilə əlaqəlidir. Yeniyetməlik hisslərinin coşqunluğunu axtarmaq – gec olmadan buna cəhd etmək – son dəfə kiçik macəradan o tərəfə keçmir. Əsmər yenidən öz həyatına qayıdıb olduğu kimi davam edəcək, hər nə qədər Oqtaya son teleqramında özünü “Kamikadze” adlandırsa da… Nərimanın xatirələri isə yeniyetməlikdən daha çox uşaqlığı ilə əlaqəlidir. Bu uşaqlıq xatirələri şirin, xoş məqamlardan daha çox, insanı formalaşdıran travmatik hadisələrdən ibarətdir. Nərimanın atası ilə münasibətində olan problem, küçədən keçən bir adamı atasına oxşadıb dostlarının gülməyi, anasının, atası barədə danışarkən hönkürərək ağlaması… Bu xatirələr bir yeniyetməlik sevgisini yada salmaqdan daha çoxudur. Nərimanın yuxusunu da qaçıran məhz budur – Əsmər Bakını və Oqtayı gördükdən sonra, yenə rahat yuxuya gedəcək, ancaq Nərimanı bu travmatik hadisələr qarabasma kimi izləyəcək. O yenidən ailəsinin yanına qayıtsa da, nəticə dəyişməyəcək.


“Bizi bağışlayın” hər nə qədər son səhnələri ilə didaktikaya çevrilsə də, “müəllimlərimizi unutmamalıyıq” kimi səthi bir mesaja əsas fikrini verməyə çalışsa da, Arif Babayev ruhunu və emosiyalarını filmə köçürməyi bacarıb. Bu filmdə gizlənən kədər və əzab konkretləşmiş, dağıntılar formasında özünə yol tapmış haldadır. Həm Əsmər (Oqtayı da unutmaq olmaz), həm də Nəriman Arif Babayevin tənha ruhunun görünməyən tərəflərini ifşa etmək üçün yaradılmış bədii həllərdir. Üstəlik həm Oqtayı, həm də Nərimanı eyni şəxsin – Həsən Məmmədovun – canlandırdığını nəzərə alsaq, rejissorun bilərək belə əlaqələr qurmağa çalışdığını əminliklə demək olar. “Bizi Bağışlayın” filmi “Gün Keçdi” qədər uğur qazana bilməsə də, haqqında düşünülməyə və danışılmağa layiqdir. Arif Babayevi və yaradıcılığını daha yaxşı anlamaq naminə…

Hacı Səfərov

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya