İNDİ OXUYUR
Yada sal məni…

Yada sal məni…

Masər Həsənovun “Yada sal məni” debüt qısametrajlı bədii filmi həssas melodramdır və dünya kinosunda yayğın olan hekayə modellərindən birinə əsaslanır. Süjetə əsasən, tək yaşayan orta yaşlı kişinin (Elşən Rüstəmov) qapısını gecə cavan bir qadın (Nuridə Musabəyli) döyür. Qadın yağışdan qorunmaq məqsədilə kişidən, bir gecə evində qalması üçün icazə istəyir. Onun gəlişi kişinin monoton həyatını dəyişir…  

“Yada sal məni”, rejissor Masər Həsənov

“Dünya kinosunda yayğın hekayələrdən biridir” deyəndə bunu nəzərdə tuturam: qapalı, cəmiyyətlə özgələşmə problemi yaşayan kişinin (və ya qadının) həyatına ikinci şəxsin daxil olması hər ikisi üçün bir dönüş nöqtəsinə çevrilir. Hərçənd, final müxtəlif ola bilər: xoşbəxt, dramatik, faciəvi, qeyri-müəyyən…

Ssenari Natiq Rəsulzadənin “Lal” hekayəsinin motivləri üzərində qurulub. Eldar Quliyevin kursunu bitirən rejissorun sözlərinə görə, o, “Yada sal məni” diplom işinin ssenarisini müəllimi ilə birgə işləyib: “Biz Eldar müəllimlə ssenarinin üzərində işlədik, müəyyən şeyləri çıxardıq, bəzi əlavələr elədik. Amma həmin vaxt Natiq Rəsulzadəylə də məsləhətləşmədiyim üçün təəssüflənirdim. Onda daha maraqlı iş alınardı və səhvlərim az olardı, amma filmin linkini ona yollamışdım”.

Natiq Rəsulzadənin “Lal” hekayəsi tammetrajlı, xüsusən, meditativ, minimalist film üçün yararlı materialdır. Rejissor bədii mətndən sadəcə, əsas xətti götürüb və süjeti hekayədə yer alan ikinci plandakı obrazlardan “təmizləyib”. Beləlilklə, süjeti qısamerajlı formata uyğunlaşdıraraq kamera filmi işləyib, müəyyən mənada yazıçının nəzərdə tutduğu ideyaya da əl gəzdirib.

“Lal”ın adsız qəhrəmanı əyalətdə yaşayan, vaxtilə dəmiryolunda yolayıran işləyib. Dəmiryolunun bağlanmasıyla o, işdən qovulur və yerli əhali ona maddi köməklik göstərir. Zahid həyatı yaşayan kişi həmişə susur, bir qadının gəlişi ilə onun düzəni pozulur. Qadının yaratdığı isti, rahat şəraitə kişi uyğunlaşa, burda özünü tapa bilmir və sonda intihar edir.  

Natiq Rəsulzadənin qəhrəmanının susqunluğu cəmiyyətdən bir növ özünümüdafiədir, bu, kollektiv yaşayışa, istehlakçı, ənənəvi, burjua dəyərlərinə qarşı fərdilik, alternativ düşüncəsi ilə müqavimət göstərən insanın dramıdır. Başqa cür desək, yazıçının yozumunda, qəhrəmanın pozisiyası ekzistensial narahatlq, inanc və özünüifadə ilə bağlıdır.

Masər Həsənovun qəhrəmanının yadlaşma səbəbi isə çox konkret – arvadının itkisidir.

“Yada sal məni”, rejissor Masər Həsənov

Rejissor qəhrəmanın asketik həyatı haqda daha çox vizual məlumat (operator Qalib  Bağırov) verməyə çalışır: sadə, boz interyer, toz basmış əşyalar, donmuş zaman duyğusu, kişinin inersiya vəziyyətində yaşaması. Və bu ifadəliliyi gücləndirmək məqsədilə, müəllif musiqidən (musiqi daha çox naturada səslənir) mümkün qədər az istifadə eləyir. Hekayədə danışan tək obraz – qadının mətni də minimaldır.

Gözlənilməz qonağı qəbuletmənin çətinliyini, ona gah təmkinli, gah narazı, gah əsəbi reaksiyalarını  Elşən Rüstəmov adekvat bədən dili və psixoloji səviyyədə oynayır. Gənc rejissor aktyorun təcrübəsinə arxalanaraq, iri planlardan istifadə etməkdən çəkinmir. Bəzi məqamlarda kişinin münasibətindəki çoxmənalılıq, qeyri-müəyyənlik, özündə sirli hekayənin daşıdığını eyhamlaşdırır. Hərçənd, rejissor qəhrəmanın təkliyi, özünəqapanma səbəbi haqda tamaşaçıya ipucları verməyə tələsir və bununla da zəruri həyəcan duyğusunu vaxtından əvvəl bitirir. Məsələn, arvadının qəbrini ziyarət epizodu öncə gizli müşahidəçi pozisiyasından göstərilsə də, sonrakı təsvirlər məzarın kimə məxsusluğunu bəyan edir. Halbuki, sonadək informasiyanın gizliliyi dramatizm üçün vacib idi, bundan başqa bir qısametrajlı film üçün məzarı ziyarətetmə səhnəsi uzundur.  

Qadının sayəsində evin durğun atmosferinin, qaydalarının dəyişməsi tələsmədən göstərilir: əşyaların yenidən yerbəyer edilməsi, vaxtında hazırlanan şam, nahar süfrəsi, səliqə-sahman…  Evdəki yenilənmə, canlanma kişinin işləməsi və qadının ev işləri ilə məşğuliyyətinin paralel planlarla verilməsiylə həlli olunur.  

“Yada sal məni”, rejissor Masər Həsənov

Bununla belə, qadının kişinin intim ərazisinə daxilolma prosesi səthi, predmetlər vasitsəilə təsvir olunur, yəni emosional planda bu az işlənir. Qadının sualları və kişinin sükutu, qadının qətiyyəti və kişinin tərəddüdü, şübhələri konfliktə, maraqlı vəziyyətlərə geniş imkanlar yaratsa da, müəllif vurucu detallardan imtina edir. Daha doğrusu imtina etmir, düşünürəm ki, Masər çox gəncdir və bu, onun həyat təcrübəsinin azlığı ilə bağlıdır.  

Nuridə Musabəylinin obrazı inandırır, bəzi məqamlarda qıcıq doğuran üzlülüyünə çıxılmaz vəziyyəti, getməyə yerinin olmaması ilə bəraət verir. Hərçənd, qadının situasiyası, iç dünyası nəsə daha dolğun vizual vəziyyətlə açıla bilərdi.  

Elşən Rüstəmov haqda isə mütləq bunu deyim ki, o, gənc rejissorlara həmişə təmənnasız dəstəyi ilə seçilən aktyorlardan biridir.

“Yada sal məni”, rejissor Masər Həsənov

Hekayənin finalı – kişinin evdən getmə səbəbi açıq qalır. Filmin adı Mübariz Tağıyevin ifa etdiyi “Yada sal məni” mahnısından götürülüb. Mahnını Eldar Mansurov 1992-ci ildə bəstələyib və bu illər Birinci Qarabağ müharibəsinə təsadüf edirdi. Ola bilsin ki, arvadından sonra yaşamağın mənasını tapa bilməyən kişi evini ehtiyacı olan birinə verməklə missiyasını bitmiş hesab edir, bəlkə də intihar etmək üçün gedir. Və ya evini əmin əllərə tapşırıb müharibəyə yola düşür. 

Bütün hallarda, müəyyən qüsurlara rəğmən Masər Həsənov filmində təkliyin, sıxıntının atmosferini, kinematoqrafik obrazını yarada bilib.

“Yada sal məni” ABŞ-nin XII Beynəlxalq Müstəqil Müəllif Filmləri İnternet, İngiltərənin “First-Time Filmmaker Sessions-2020” festivallarında iştirak edib.

Sevda Sultanova

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya