İNDİ OXUYUR
Ürəyimi nişan al, anacan, ağrıdır axı

Ürəyimi nişan al, anacan, ağrıdır axı

Əzəldən belə deyim var: Kişi gözü ilə, qadın isə qulağı ilə sevər. Demək ki, kişinin danışmasıyla, daha doğrusu, gördüyü gözəlliyi tərənnüm etməsiylə sevir qadın. Həm özünə “qayıdan” lətafəti, zərafəti ilə sevinir, həm də qürur duyur. Bu məqamlarda o xoşbəxtdir həyatda. Onun üçün həyat gözəldir, firavandır. İsti ailə ağuşunda, əmin-amanlıqdadır…  Fəqət, “hər gözəlin bir eybi var” məsəlində olduğu kimi, bu firavanlığa da zidd mövqe tutan müharibə amilini gözardı etmək olmaz. Ailələri fərdləri ilə sınağa çəkən, bədbəxtliyin, bəlkə də, bir nömrəli sinonimi olan müharibə… Bəs mərmi səsinin, insan çığırtısının, zəhmli uğultunun bütün səs spektrini zəbt etdiyi bu şəraitdə qadın fərqli nə eşidəcək? Ona deyilən təsəlli sözləri də, sabaha ümid verən cümlələr də müharibə küyünün altında boğulub can verəcək. Qulağı ilə sevən qadın bu dəfə nifrət edəcək, gözü ilə ikrah duyacaq. Gördüyü vətən ağrısı, övlad itkisi, ata dərdi, qardaş dağı, namusuna uzanan əllər illərlə köksündə, əlçatmaz rəfə qoyulmuş çamadanda yığılıb qalacaq. Amma sözsüz ki, bir gün o da danışacaq. Bax, o zaman eşidən kişi olacaq. O kişi ki, bütün cismi ilə göynəyəcək, ruhu ilə əziləcək…

Bu gün həmin o zaman yetişib. Artıq geriyə yol yoxdur. Madam ki köhnə çamadanlar açılıb, nəfəs boğan tozuna, dərd qoxan qılafına baxmayaraq içindəkilərlə üzləşmək lazımdır. “Köhnə çamadanlar”ı rəflərdən götürərək bizə göstərən rejissor Saida Haqverdiyevadır. Əvvəla, debüt filmini çəkən rejissoru Qarabağ müharibəsi mövzusunda bu cür riskli məzmuna çəkinmədən müraciət etdiyi üçün alqışlayıram. Ona görə riskli ki, müharibənin əzabını birbaşa hiss edən real qadınların dilindən danışılan hekayələrlə tanış olan orta statistik Azərbaycan kişisində film mənəvi şok effekti yarada bilər və birmənalı qarşılanmaz. Həm də istisna deyil ki, Birinci Qarabağ müharibəsindəki uğursuzluğun “üzə çırpılması” təəssüratını alan insanlar da olsun. Bütün hallarda, incəsənət əsərinin əsas amalının qarşı tərəfdə hisslər yaratmaq olduğunu nəzərə alsaq, film bu missiyanın öhdəsindən gəlib, deyə düşünürəm.

Filmin ssenarisi (Sevda Sultanova) Birinci Qarabağ müharibəsinin dəhşətini, ağrısını birbaşa yaşayan yeddi qadından alınan müsahibələr əsasında işlənib. Onlar ailə üzvlərini faciəvi şəkildə itirən, müharibə meydanında qəhrəmancasına döyüşən, əsirlikdə cəhənnəmi görən qadınlardır. Məhz onların sayəsində biz müharibəni qadınların gözü ilə görəcəyik. Söz yox ki, müharibəni bu rakursdan görmək daha ağrılı və əzici olacaq. Amma, görünür, rejissor hesab edib ki, yaşananlar unudulmamalıdır və məhz qələbədən sonra, qisas alındıqdan sonra bu faktların bir qisminə işıq tutmaq olar.

Müsahiblərin danışdığı, hər birinin öz qəhrəmanları olan, üç hissəli struktura malik fərqli hekayələr filmin ümumi süjet xəttində ayrı-ayrı epizodları təşkil edir. Bunları bir xətdə birləşdirən isə, Leyla adlı bir yazıçının (Zümrüd Qasımova) üzərində işlədiyi, müharibəni qadınların gözü ilə təqdim etməyə çalışdığı  “Köhnə çamadanlar” adlı kitabı üçün savaşı bilavasitə yaşayan qadınlardan müsahibə alma fəaliyyətidir. Fleşbeklərlə zəngin süjetin real zamanı İkinci Qarabağ müharibəsi ərəfəsinə, hər gün yeni-yeni zəfər xəbərləri aldığımız dövrə təsadüf edir. Sanki hazırlanan kitabın hər səhifəsi ordumuzun nailiyyətləri ilə paralel yazılır. Səhnələrdən birində – real zamandakı xəstəxana səhnəsində keçmişdə zərərçəkmiş qadınların (Pərvanə Qurbanova, Gülzar Qurbanova) real dövrdə yollarının kəsişməsi ilə xatirələrarası keçidin baş verməsi fəndi filmin baxımlı olması üçün uğurlu həlldir. Lakin eyni tərifi əsas süjet xəttində münaqişə faktorunun olmadığına görə deyə bilməyəcəm. Münaqişə olmadıqda, yəni qəhrəmanın məqsədinə çatması yolunda maneə olmadıqda hekayə də yaranmır. Bunu yazıçı obrazının (Leylanın) daxili intriqası yolu ilə də təmin etmək olardı, deyə düşünürəm. Necə ki, belə daxili münaqişə vəziyyəti oğluna həyatı boyu “yox” deyən, lakin vətəni qorumaq üçün müharibəyə yollananda etiraz edə bilməyən, sonradan daxili çəkişmə yaşayan atanın timsalında uğurlu bir şəkildə bizə təqdim edilib. Hələ həmin qərar səhnəsində atanın (Məmməd Səfa) bir kəlmə belə işlətmədən oğluna xeyir-dua verməsinin ekran həlli xüsusilə möhtəşəmdir. Ümumiyyətlə, filmdə valideyn – övlad münasibətləri bir çox səhnədə özünü biruzə verir. Məsələn: oğlunu itirmə şokundan ayılmayan, geyiminin üzərindən soyuq duş alan, amma qızının soyuq yerdə oturmasına irad bildirən ana;  atasının onunla qürur duyması üçün orduya qatılan Aliyənin qollarında həyatını itirməyindən az əvvəl Həyat adlı qızına məktub yazan əsgər ata; erməni əsirinə bütün etdiklərinə baxmayaraq humanist davranan, lakin məhz anasının yadigarı olan sırğasının itidiyinə görə düşmənləri müharibə üstündə qınayıb acığını həmin əsirdən çıxan saf döyüşçü qız; əsirlikdə zorlanandan sonra atasına daha bir mənəvi zərbə yetirməmək onun kimliyini gizlətməyə çalışan qız; əsirlikdəki iztiraba dözməyərək övladını və özünü öldürən ana; kiçik vaxtı atasından ilk dəfə torpağın müqəddəsliyini öyrənən yazıçı qız; anasının qisasını alan hərbçi oğul və sair.

Qeyd etdiyim sonuncu münasibət faktı həm xatirə epizodlarının məntiqi sonluğu, həm də əsas süjet xəttinin kulminasiyası olaraq mühüm rol oynayır. Hər iki zaman kəsiyini biri-birinə toxuyan bu səhnə ekran yozumu ilə də diqqətə layiqdir. Lakin təəssüflə haşiyədən kənara çıxım ki, bu səhnədə hərbi əməliyyata başlayan döyüşçülərin kadrları ilə artıq qələbənin əks olunduğu kadrların keçidi anındakı musiqi həlli uğurlu alınmayıb. İki zidd xarakterdə musiqili müşayiətin biri-birinə uyğunsuz keçidi səhnənin əzəmətinə kölgə salır. Onu da qeyd edim ki, batmaq (lavabo) otağındakı və yazıçının ilk müsahiblə görüşdüyü restorandakı səhnələrdə personajların səslərinin ambientlə (mühit) uyğunsuzluqlarını da nəzərə almasaq, ümumilikdə filmin səs (Mehman Nadirov) və musiqi (Vüqar Camalzadə) həlli uğurlu alınıb. 

Oğlu tərəfindən qisası alınan, yalnız bundan sonra əsirlikdə başına gələnləri danışmağa qərar verən anaya (Nəsibə Eldarova) gəldikdə isə, obraz olaraq  mükəmməl bir şəkildə ana vətənlə eyniləşdirilib. Cismi yaralanan, övladları pərən-pərən düşən, nalə çəkən, namusuna əl uzanan, qisas gözləyən ana vətənlə…  

Nə qədər ağırdır, səni eşitmək,

Ey ana, ey vətən, eşidib bilmək.

Nə qədər ağırdır, düşün bir özün,

Qəmdən boğularaq səni dinləmək.

Ox tək deşib keçir cismimi sözün,

Ürəyimi nişan al, ağrıdır axı!

Köksümü nişan al, dağlıdır axı!

Xəyal Əfəndi

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya