İNDİ OXUYUR
Top atəşləri altında bromans

Top atəşləri altında bromans

İlk baxışdan yüz ildir heç bir dəyişiklik olmurmuş kimi görünür İnişerin adası. Burada yaşayanların da heç dəyişikliyə ehtiyacı yoxdur: Mavi səma, sonsuz dəniz dalğaları, bəzən görünən, bəzən isə göy üzündə qeybə çəkilən buludlar, yaşıl otlar. Təbiət burada ahəng içindədir, hər şey öyrəşilən kimidir və yeniliyə ehtiyac da yoxdur. Hətta uzaqdan partlayış səsləri də gəlsə, böyük Mirzə Ələkbər Sabir demişkən:
”Dindirir əsr bizi dinməyiriz, atılan toplara diksinməyiriz”.

Martin Makdonanın yeni və mükafatlı “İnişerinin banşiləri” filminin hekayəsi bu situasiyada qurulur və bizi yüz il əvvələ – 1923-cü ilin İrlandiyasındakı xəyalı bir adaya – aparır. Təsvirdən aydın olduğu kimi hər şey güllük-gülüstanlıqdır və burada yeni bir macəraya, yeni hadisəyə sanki yer yoxdur. Ssenari yazılarkən müəllifin qarşısına qoyulan suallardan biri də bu olur: Niyə bu hekayə məhz bu anda, bu yerdə baş verməlidir? Bu xüsusi zaman kəsiyinə baxmaq üçün tamaşaçını vadar edən məqam nədir? Makdona da kameranı füsunkar peyzajlara istiqamətləndirəndən sonra, lazımi cavabı tamaşaçıya vaxt ötürmədən verir: İllərdir dost olduğu Kolmu paba getmək üçün dəvət edən Podrik ondan rədd cavabı alır. Podrikin bacısı Şivonun yarızarafat dediyi “Bəlkə də səndən daha xoşu gəlmir” öncəgörməsi reallaşır və Kolm Podrikə eyni sözü ünvanlayır: Daha səndən xoşum gəlmir. Podrik və Kolmun xarakterik xüsusiyyətlərinə nəzər salmamışdan əvvəl, Martin Makdonanın niyə məhz bu dövrü seçdiyini aydınlaşdırmaq lazımdır.


İrlandiya Vətəndaş müharibəsi 1922-1923-cü illər arasında baş verib və bu müharibə irlandların yaddaşında o qədər böyük bir travma yaradıb ki, hələ də İrlandiya cəmiyyətində bu cür bölünmələrin qaldığı deyilir. Əslən, irland olan Martin də insanları iki qütbə bölən hadisələri əsas götürərək filmin fonu üçün bu dövrü seçir. Film isə həmin dövrlə əlaqəsini ehtiyatla, aram-aram qurur. Sadəcə uzaqdan top səsləri gəlir, kəndin polisi insanları edam etməsi üçün pul aldığından danışır və hər zaman bu hadisələr əsas mövzuya inteqrasiya olmur. Əsas mövzu Vətəndaş müharibəsinin alleqoriyası kimi görünmür, sadəcə filmi daha dərindən analiz etmək üçün yeni pəncərələr açır.

Əsas mövzu isə bir gün yuxudan oyanan və həyatının puç olduğunu düşünən bir kişinin inadkarlığı və özünü reallaşdırmaq arzusudur. Kolm Doerti bəstəkardır, folk mahnılar bəstələyir və artıq illərdir birlikdə vaxt keçirdiyi dostu Podrik Sallivanın ona heç bir faydası olmadığını anlayır. O ölüb gedəcək, ardından isə geriyə nə qoyacaq? Onu heç kim xatırlamayacaq, cansız bədənini qara torpaq örtəcək və amansız zaman milyonları udduğu kimi onu da öz caynağına keçirib məhv edəcək. Kolm Doertinin bu ekzistensial qayğıları öz həyatını, gündəlik davranışlarını, dostlarını və həyatında olduğu yeri sorğu-sual edir. Bundan ən çox zərər görən isə Podrik Sallivandır.


O, Kolm Doertinin tam əksidir. Onların dostluğu da bir növ şərtlərin gətirdiyi haldır – böyük bir şəhərdə yaşasaydılar, bir yerə gəlmək imkanları olmazdı. Çünki Podrik bir az sadəlövh və çoxdanışandır. O, hətta öz eşşəyinin nəcisi barədə iki saat dayanmadan danışa bilər. Bundan qəbahətli nəsə yoxdur, əsas odur ki, onlar birlikdə gözəl vaxt keçirirlər. Kolmun Mosart kimi xatırlanmaq arzusu Podrikin “Mosartı tanımıram” sözləri ilə dəf ediləndə anlayırsan ki, onlar fərqli dünyaların adamlarıdırlar. İndi isə dəyişiklik, atılan toplara diksinmək vaxtıdır.

Film boyunca obrazlar danışır, mübahisə edir, həll yolu axtarır, bir-birlərini təhdid edir, hərəkətə keçirlər. Hər nə qədər, kamera İrlandiya təbiəti ilə göz oxşasa da, hekayənin narrativində teatrallıq mövcuddur. Əslində bu təəccüblü deyil, çünki Martin Makdona əvvəlcə pyesləri ilə məşhurlaşıb. Hətta “İnişerinin banşiləri”ni daha əvvəl tamaşa olaraq nəzərdə tuturmuş, lakin sonradan bu fikrindən daşınır. Təbiətlə birgə, qəhrəmanların daxili dünyası onların evlərindən başlayır. Kolmun evi orta əsrlər incəsənət əsəri kimi görünür, Podrik isə bacısı əsəbləşməsə, eşşəyini də evdə saxlayar. Onların əsas üzləşmə nöqtəsi isə hər şeyin yaxşı getdiyi dövrdə hər günorta görüşdükləri pabdır. Podrikin sıxma-boğmalarından cana yığılan Kolm da məhz burada onu – hər dəfə məni narahat edəndə, bir barmağımı kəsib sənə göndərəcəyəm – deyə təhdid edir.


Martin Makdona kişilərin arasında olan “bromansı”  (“Brother” (Qardaş) ilə “Romance” (Münasibət) sözləri birləşdirilərək yaradılıb, kişilərin aralarında olan sıx dostluq münasibətinə verilən addır) satira yolu ilə ələ alır, bəzən müharibələrə çevriləcək hadisələrin belə mənasız, ilk baxışdan gülünc görünəcək şeylərə görə ortaya çıxdığını göstərir. O, obrazlarına qarşı məsafəli davranır və hər ikisinin də haqlı olduğu məqamları göstərərək tamaşaçıya müxtəlif suallar verir. Bir tərəfdə yadda qalmaq istəyən yaradıcı şəxs yerinə özünü qoyub ona haqq qazandırırsan, digər tərəfdə isə heç kimə zərəri olmayan, yazıq adamın tərk edildiyi üçün halına acıyırsan.

“İnişerinin banşiləri” hekayənin tempinin aşağı düşməyə başladığı anlarda ikinci dərəcəli obrazların effektiv istifadəsi ilə yenidən temp qazanır. Berqmanın “Yeddinci möhür”ündəki Ölüm obrazını xatırladan Missis Makkromik, özünə bu tənha adada yer tapa bilməyən, Podrikin ağıllı və intellektual bacısı Şivon və kənddə öz saflığı, xoş niyyəti ilə yaşamağa çalışan, ancaq atasının zorakılığına məruz qalan Dominik hekayəni daha canlı edir. Xüsusilə Dominiki canlandıran Berri Koqan son illərin yüksəlişdə olan aktyorudur və bu filmdə də öz bacarıqlarını tamamilə göstərməyi bacarır.


Baş rollarda oynayan Kolin Farrel (Podrik) ilə Brendan Qlisonun (Kolm) aktyorluqları, filmi ilin ən yaxşılarından biri olması potensialını qazandırır. Bu cütlük daha əvvəl Martin Makdonanın rejissorluğu ilə “Brüggedə” filmində baş rolları bölüşmüşdülər. Kolin Farrelin təkcə qaşları belə obrazın əhvalını, yaşadığı ümidsizliyi verməyə kifayət edir. Brendan Qlison isə rahibin verdiyi “Ümidsizlik necə gedir?” sualına sanki bütün bədəni ilə cavab verir və tamaşaçını depressiyada olan insan olduğuna inandırır.

Filmin bütün ruhuna hakim kəsilən melanxoliya, vaxtaşırı komediya ilə kəsilir. Yaradılan gərginliyin bəzən komik səviyyədə açılması nəfəslik rolunu oynasa da, ümumi ab-hava qaramatlığı ilə fərqlənir. Bu qaramatlıq ölkənin içində olduğu vətəndaş müharibəsi ilə səsləşir. Özlüyündə mənasız görünən səbəblərin böyük faciələrə gətirib çıxarması, eyni zamanda insanın zaman qarşısında əlacsızlığa görə çırpınması ustaca təsvir edilir.

Filmin nümayişindən sonra “The Guardian”a verdiyi bir müsahibəsində Martin Makdona deyir ki, artıq kədərli filmlər çəkilmir. O, sanki öz filmini son dövrlərdə çəkilən filmlərdən ayrı bir yerə qoymağa cəhd edir. “İnişerinin banşiləri” həqiqətən də matəm atmosferi ilə yaddaşlarda qalmağı bacaracaq. Filmin adı da Kolmun bəstələmək istədiyi bir əsərin adıdır və ingiliscə səslənməsi matəm nəğmələrinə bənzəyir. Bəstəkar Karter Böruellin film üçün bəstələdiyi musiqilər də İrlandiya əyalətinin ruhunu ötürməyi bacarır.


Filmin sonunda isə artıq heç nəyin əvvəlki kimi olmayacağı aydın olur. Vətəndaş müharibəsi bitsə də, indi onları qarşıda daha çətin və daha ağır günlər gözləyir. Martin Makdona həm də 100 il geriyə gedərək indinin problemlərinə insan faciəsi tərəfindən yanaşaraq müharibələrə, bölünmələrə, xoşbəxtlikdən uzaq düşməyimizə işıq tutmaq istəyir. Sabirin də dediyini Makdona fərqli formada çatdırır: “Əcnəbi seyrə balonlarla çıxır, biz hələ avtomobil minməyirik”.

Hacı Səfərov

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya