İNDİ OXUYUR
Teymur burdadır, İlahi!

Teymur burdadır, İlahi!

İkinci Qarabağ müharibəsindən artıq üç il ötsə də, tamaşaçıların gözü yollardadır. Onlar müharibəni, müharibənin çətinliklərini və baş verənləri hər kəsə göstərəcək film arzusundadılar. Bəlkə də, bu barədə tələskənliyə yol verirlər, çünki böyük hadisələrin tam əxz edilib layiqli şəkildə göstərilməsi illərlə vaxt ala bilir. Ancaq “Mən burdayam, İlahi!” filmi 27 sentyabrda – İkinci Qarabağ müharibəsinin başladığı gündən düz üç il sonra – nümayişə girərək sözügedən gözləntiləri qarşılamağa cəhd etdi. Bu yazıda məhz filmin etdikləri və edə bilmədiklərindən söz açacağam.


“Mən burdayam, İlahi!” Nicat Dadaşovun ssenari müəllifi, eyni zamanda prodüseri olduğu, Qulu Əsgərovun isə rejissorluğunu etdiyi, müharibəsonrası travmadan bəhs edən dram filmidir. Teymur müharibədə aldığı zərbə nəticəsində komaya düşür və üç ay sonra ayılmağı bacarır. Ətrafına baxdıqda isə müharibənin bitdiyini, qələbənin qazanıldığını görür, ancaq yanında nə anası, nə də qızı var. Bu vəziyyətdən şübhələnən qəhrəman həqiqətləri tezliklə öyrənməyə çalışır.

Müəlliflərin açıqlamasına görə, film çox kiçik büdcə ilə çəkilsə də, ekspozisiyanın məhz müharibə səhnəsi ilə açılması diqqət çəkir. Kiçik büdcə ilə müharibənin atmosferini yaratmaq ustalıq tələb edir və yaradıcı heyət bunun öhdəsindən məharətlə gəlirlər. Sonradan isə axar dəyişərək müharibə veteranının yeni mühitə və şəraitə uyğunlaşmasının çətinliyini göstərir. Bu mövzu dünya kinosunda da, Azərbaycan kinosunda da özünə yer tapmağı bacarıb. Məsələn, Martin Skorsezenin “Taksi sürücüsü”ndə Vyetnam müharibəsi veteranı Trevis Biklin travmadan qaynaqlanan xroniki yuxusuzluğu və getdikcə pisləşən psixoloji vəziyyəti göstərilir. Ya da Rasim Ocaqovun “Ölsəm, bağışla” filmində İkinci Dünya müharibəsindən qayıdan və nitq qüsuru yaşayan Yusifin, vəziyyəti yenə müharibədən əvvəlki situasiyaya gətirmək istəyi göstərilir. “Mən burdayam, İlahi!” filmi də qəhrəmanın həm psixoloji olaraq yenidən cəmiyyətə uyğunlaşmağının çətinliyini, həm də itirdiklərini geri qaytarmaq cəhdlərini ekrana gətirir.


Müharibə heç də qısa bir müddət davam edən hadisə deyil, onun ağrılarını bütün həyatboyu şahidlər, qazilər, müharibənin fəsadlarından əziyyət çəkənlər canlarında duyurlar. Film də bu ağrının ekran həllini tamaşaçılara göstərməyə çalışır. Teymur obrazını canlandıran Rasim Cəfər bir neçə kiçik məqamları çıxmaqla, bütün filmi öz çiyinlərində ustalıqla aparır. Filmin premyerasında aktyorun dediyi “bu obrazı yaxşı oynamağım mənim vətəndaşlıq borcumdur” ifadəsi də yanaşmanı daha da aydın edir.  Rasim Cəfərlə birgə Günay Həsən də, Aygün Əlipənahova da rollarını, obrazların içindən keçdiyi ruh hallarını ötürməyə çalışırlar. Xüsusilə Teymurun qızı obrazını canlandıran Aygün Əlipənahovanın ifrata varmayan jest və mimikaları uşaq dünyasının təlatümlərini sakitcə çatdırır.


“Mən burdayam, İlahi!”nin ən çox axsadığı yer isə dramaturgiyasıdır. Konfliktin çoxqatlı olmaması, krizis anlarının düzgün yerləşdirilməməsi və düyünün açılmasında olan tələskənlik filmi xeyli geri salır. Üstəlik, qəhrəmanların inkişaf xəttinin rüşeym halında qalıb böyüməməsi də hekayə ilə emosional əlaqələr qurmağı çətinləşdirir. Filmin əsas konfliktinin təməlini təşkil edən obrazlardan biri, qonşu qızının az qala 20 dəqiqə ərzində ağzından bircə sözün çıxmaması, effektli dialoqların yazılmaması qəhrəmanların xarakterlərinin dərinliklərinə nüfuz etməyə imkan vermir. Belə olduğu halda da onların nə sevgisi, nə mübarizəsi, nə də içindən keçdiyi çətinliklər inandırıcı olur. Dramaturgiyanın axsaqlığını aktyor oyunları ilə gizlətməyə çalışsalar da, kifayət qədər uğurlu alınmır.

Hekayənin dramatikliyini artırmaq üçün isə tez-tez başqa bir vasitəyə əl atılır – musiqi! Obrazların emosional vəziyyətinə xüsusi vurğular musiqi ilə baş verir. Uğurlu dramaturji həllərdə əgər musiqi sadəcə tamamlayıcı roldadırsa, burada səhnələrdə az qala baş rola keçir və bütün emosional yükü öz üzərinə götürməyə çalışır. Belə olduqda isə musiqi bir yerdən sonra küyə çevrilir və emosional laqeydlik yaratmaqdan başqa bir işə yaramır. Musiqinin qənaətli və düzgün istifadəsi bu cür həssas mövzularda mütləqdir.


Daha əvvəl “Hasar” qısametrajlı bədii filmində Qulu Əsgərov (bu filmin də ssenari müəllifi Nicat Dadaşovdur) məharətlərini göstərməyi bacarmışdı. Daha çox müşahidəçi nöqteyi-nəzərindən interpretasiya olunan film mövzunu düzgün çatdıra bilmişdi. Ancaq “Mən burdayam, İlahi!” filmində rejissor işinin nisbətən geridə qaldığını demək olar. Həm mizan quruluşunda, həm də hekayənin ötürülməsi üçün kamera istifadəsində fərqli cəhdlər görürük. Lakin bu cəhdlərin nəticəsi çox da müsbət deyil, hətta bəzən serial estetikasına yaxınlaşması da mənfi təəssürat bağışlayır. Buna baxmayaraq, rejissorun ilk tammetrajlı bədii filmi olduğunu və büdcənin azlığını nəzərə alsaq, çox da bədgüman olmağa dəyməz.

“Mən burdayam, İlahi!” sosial sifarişi yerinə yetirməyə, eyni zamanda, müharibədən sonra həyata adaptasiya olmağa çalışan qazilərin dərdlərini tamaşaçıya çatdırmağa çalışır. Sanki, səssizliyə bürünmüş mühiti öz cəhdləri ilə yenidən dilə gətirməyə, kino vasitəsilə problemləri göstərməyə, müharibənin görünməyən tərəflərini ifşa etməyə cəhd edir. Filmin bu sosial sifarişi uğurla yerinə yetirdiyini premyeraya dəvət edilən şəhid və qazi ailələrinin reaksiyalarından sezmək olurdu. Dramaturgiyada və rejissor həllərində uğurlu seçimlər olsaydı, reaksiyalar böyük bir əks-sədaya çevrilə, cəmiyyətin gündəminə otura bilərdi. Ancaq təəssüf ki, reaksiyalar qığılcım səviyyəsində qaldı və buna görə auditoriyanı günahlandırmaq olmaz. Ən azından ümid edək ki, bu qığılcımlar gələcəkdə alovlara çevriləcək və həm incəsənət, həm də tamaşaçı baxımından hər kəsi məmnun edə biləcək.


Burada digər vacib məqam isə bu cür müstəqil layihələrə dəstəyin vacibliyidir. Filmin prodüseri Nicat Dadaşov son iki aya qədər filmin post-prodakşn mərhələsi üçün dəstək axtarışında idi. Bu mərhələ bəlkə də filmin taleyi üçün ən vacib məqamdır. Çünki əldə olan məhsulun uğurlu rənglənməsi, rəng korreksiyası və səs tərtibatının effektiv edilməsi yekun məhsulun daha keyfiyyətli olması deməkdir. Məhdud imkanlarla bu işləri yüksək keyfiyyətdə görmək çətindir. Tamaşaçıya isə haqlı olaraq, bu kimi məqamlar maraqlı deyil və onlar izlədikləri işi dəyərləndirirlər. Azərbaycan Respublikası Kino Agentliyi gələcək işləri sırasına çəkilişi bitmiş filmlərə post-prodakşn dəstəyini qeyd etsə, yaxşı olar.

“Mən burdayam, İlahi” müəyyən mənada sükutu pozmağa çalışan cəhddir və bu cəhdin qiymətsiz olduğu şübhəsizdir. Yaradıcı heyət yorulmadan işlərinə davam etməli, yaxşı tərəfləri inkişaf etdirib, nöqsanları aradan götürməli və yeni cəhdlərlə tamaşaçının qarşısına çıxmalıdır. İnanıram ki, bu cəhdlər mütləq öz auditoriyasını tapacaq və həmin gündən etibarən hər şey çox fərqli olacaq.

Hacı Səfərov

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya