İNDİ OXUYUR
Qara qızıldan qırmızı qana

Qara qızıldan qırmızı qana

Rejissor Martin Skorsezenin 3 illik fasilədən sonra çəkdiyi “Çiçəkli ayın qatilləri” bədii filmi, müəllifin filmoqrafiyasındakı bir çox məşhur filmləri ilə müqayisədə müəllif mətninin və ya baş qəhrəmanın kadrarxası səsinin olmaması ilə fərqlənir. Üç saatdan çox davam edən film-epopeya yazıçı-ssenarist Devid Qranın 2017-ci ildə qələmə aldığı eyniadlı romanın əsasında çəkilib və real tarixi hadisələrə və real şəxslərə əsaslanır. Skorsezenin əksər filmləri uzun metraja malikdir, bu yenilik deyil, lakin, əsasən qanqster mövzulu filmləri ilə məşhurlaşmış rejissor bu filmdə Nuar (fransız dilindən tərcümədə “qara” kimi tərcümə olunur və kriminal dram janrında olan, bədbin, inamsızlıq, məyusluq və sinizm atmosferi ötürən filmlərə deyilir.), Vestern və dram janrlarını sintez edərək fenomenal iş ərsəyə gətirib. Rejissor əvvəlki filmlərinin saundtrekini müxtəlif hit mahnılardan tərtib edirdisə, bu film üçün orjinal musiqi bəstələnib (Robbi Robertson) və filmin musiqinin dəqiq və yerində işlənməsi ayrıca bir müzakirə mövzusudur.


Filmin ekspozisiyası Ernest Berkhartın (L.D.Kaprio) Birinci Dünya müharibəsindən sonra Oklahoma ştatına qazanc məqsədi üçün qayıdışı ilə başlayır. Vağzalda baş verən xaos, qatma-qarışıqlıq, buradakı ümumi ab-havadan, yırtıcıya çevrilmiş insanlarından və irəlidə hadisələrin necə cərəyan edəcəyindən xəbər verir. Ernestin əmisi “Kral” ləqəbli Vilyam Heyl (R.De Niro) Oklahomada “iş adamı”dır. “Başına problem açmamaq” məqsədilə neftxudalıqla deyil, mal-qara alveri ilə məşğul olan Heyl, ştatda “geniş ürəkli” torpaq sahibkarı və yerli hinduların “böyük dostu” kimi tanınır. Çoxlu dırnaq işarəsi işlətməyim əbəs yerə deyil,  belə titullara sahib olan “filantrop”un məkrli planları və özündən az məkrli olmayan Ernestin iç üzü filmin elə birinci aktında tamaşaçılara bəlli olur. Bu cütlüyü yer üzündə puldan savayı heç nə maraqlandırmır. Onsuz da kifayət qədər torpaq sahəsi və sərvəti olan Heylin pula olan sevgisi onu öz sərvətini daha da artırmaq məqsədilə hansı çirkin fəndlərə əl atacağı filmboyu xırda-xırda təsvir edilir.


Ernesti də bu məkrli planların reallaşmasında alət kimi istifadə edən Heyl üçün müqəddəs heç nə yoxdur. Lakin Ernest də “az aşın duzu” deyil. Varidatını ələ keçirmək məqsədilə əmisinin məsləhətilə varlı hindu ailəsinin qızı Molli Kayla (Lili Qledstoun) “aşiq olan” Ernest, Mollinin böyük ailəsinin potensial varislərini tədricən “zərərsizləşdirmək” üçün əmisi ilə birgə oyuna başlayır.


Film haqda deyəcəklərim bu qədər, keçid edək Skrosezenin iş metoduna və ümumiyyətlə yaradıcı seqmentə. İlk dəfə fransız kinotənqidçisi və kinoşünası Andre Bazen tərəfindən işlənilmiş və son illərdə xüsusilə geniş yayılmış “Müəllif kinosu” anlayışı zənnimcə biraz təhrif olunur və yerində işlənmir. Belə ki, “Müəllif kinosu” dedikdə bir çoxlarının ilk ağlına gələn “art-haus” cərəyanına aid olan filmlər olur. Film minimal büdcə ilə çəkilibsə, minimal dialoq, uzun və səssiz planlar işlənibsə, bu “Müəllif kinosu”dur, bu yanlış fikirdir. Adından da göründüyü kimi, “Müəllif kinosu”nda, müəllifin autentik dəst-xəti, imzası olur və bu imzan filmin bir kadrından müəllifin kim olduğunu söyləyir, əlbəttə ki müəllif öz imzasını təsdiqləyibsə. Skorseze canlı əfsanədir, bu danılmazıdr. Onun imzası və stili bir çox dünya rejissorları üçün qəlibə çevrilib. İllərdir bu qəlib üzrə işləyən və kənara çıxmağı istəməyən Skorseze, “Çiçəkli ayın qatilləri” filmini də öz ənənəvi stilində çəkib. Bu filmin qəlibi ilk baxışdan rejissorun məşhur “Yaxşı oğlanlar” və ya “Satqınlar” filmlərinin strukturu ilə tam eynilik təşkil edir. Lakin hekayənin nəql forması, qəhrəmanların riyazi dəqiqliyi və sair elementlər bu oxşarlığı tamaşaçıya unutdurur. Özünün cızdığı qəlib üzrə işləmək heç də mənfi hal deyil, əksinə, müəllif öz imzasına sadiqdir və hər dəfə öz tamaşaçısına autentik “müəllif kinosu”nu təqdim edir və tamaşaçı da məmnuniyyətlə bunu qəbul edir.

“Çiçəkli ayın qatilləri” filminin çəkiliş meydançası


Skorsezenin adı brendə çevrilib, tamaşaçı afişada onun adını görəndə keyfiyyətli ekran əsərinə baxacağına əmindir. Skorsezenin peşəsi təkcə rejissor yox, həm də heykəltaraşlıqdır. Onun dünya kinosu üçün Robert De Nironu və Leonardo Di Kaprionu “yapdığı” heç kəsdən gizli deyil. Skorsezenin aktyorlarla özünəməxsus işləməsi dərs vəsaiti üçün geniş materialdır. Haqqında danışdığım bu filmdə də aktyorların, qəhrəmanlarına uyğun davranışında da Skorsezenin “rəndə”sinin izləri aydın görünür. R.D.Nironun və  L.D.Kaprionun qəhrəmanları “ağdərili” və “cuhud” qəhrəmanları, L.Qledstounun “qırmızıdərili” qəhrəmanından fərqlənir. “Ağdərililər” soyuqqanlı, acgöz və ekspressiv davranışla təqdim olunduğu halda, “qırmızıdərili” Molli Klay isə öz təbiətinə, genetikasına və əsl varlı zadəgan ailəsinə xas hərəkət və danışıqları ilə canlanır.


Qəhrəmanların öz kökünə, ictimai statusuna və təbiətinə uyğun davranması, mövcud vəziyyətə görə təbiətlərinə uyğun reaksiyaları və sair məhz Skorsezenin qələminin məhsuludur. Rejissorun bu filmdə detallarla incə işi, onları pazl formasında xırda-xırda toplayaraq təqdimi də xüsusi vurğulanmalıdır. Kovulsiyada olan qəhrəmanların gözünə görünən bayquşlar, qırmızı almalar və digər xırda detallar hekayənin nəqlinə xidmət edir. Filmdə qəhrəmanlar tamaşaçılarla “açıq oyun” aparır. Tamaşaçı filmin ilk dəqiqələrində antaqonisti və protaqonisti dərhal təyin edir. Lakin yerli əhalinin neftdən əldə etdikləri gəlirləri asanlıqla ələ keçirmək üçün dəridən-qabıqdan çıxan “ağdərili” antaqonistlərin məkrliliyinin hansı sərhədləri aşacağı filmboyu açılır.


Rejissor bu filmin üzərində, adını əvvəldə qeyd etdiyim roman işıq üzü görən andan işləməyə başlayıb. Lakin pandemiya dövrünə təsadüf etdiyi üçün çəkilişlər təxirə salınıb. Bu mövzunun rejissor üçün xüsusi və sentimental olduğu gözdən qaçmır. Filmin sonunda rejissorun özünün də ekranda görünüb son sözləri deməsi bu fərziyyəni təsdiqləyir.


Film haqqında danışan rejissorun sözlərindən çıxarış: “Bu mövzu mənə çox yaxındır. Dünya və xüsusilə də amerikan xalqı həqiqətləri bilməlidir. Bilirsiniz ki, kinematoqrafiya işıqlar vasitəsilə quraşdırılmış “yalan”dır. Ağ ekranda işıqlar vasitəsilə canlanan kölgələrin tamaşaçıda yaratdığı katarsis, zalda işıqlar yanandan sonra yoxa çıxır, çünki, bu illüziyadır. Kinematoqrafiya ümumiyyətlə yalandır, hətta, film real hadisələrə əsaslanıbsa belə, bu yalandır. Çünki bədiiləşdirilmiş istənilən hadisəyə müəllif öz traktovkasını əlavə edir. Lakin mən bu işıq/kölgə oyunu vasitəsilə tamaşaçıya həqiqəti çatdırmağa çalışmışam. Tamaşaçı, nəfəs aldığı havada nə cür məkrli insanların nəfəsinin olduğunu, gəzdiyi torpaqda hansı günahsız insanların qanının töküldüyünü bilməlidir”.

İlqar Quliyev

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya