Striminq platformaları kinoya təhlükədirmi?
Kinonun yaranması və təkamülündə film izləməyin hər zaman kollektiv bir proses olması xüsusi yer tutub. Hətta müasir mənada kinonun ixtirasından əvvəl, 1890-larda Edisonun ixtira etdiyi aparatla insanlar tək-tək baxaraq görüntüləri izləyə bilirdi. Lakin hər kəsin ayrı təcrübə əldə etməsi və daha geniş kütlələrə çatmaqda problemlər həmin ixtiranın geniş yayılmasına imkan vermədi. Kim bilir, bəlkə də Edison zamanı qabaqlamışdı, indi populyarlaşmağa başlayan VR (“Virtual reality” sözünün abreviaturudur, “Virtual reallıq” kimi tərcümə edə bilərik.) eynəkləri hələ 130 il əvvəlcədən xəyal etmişdi. Kino isə öz yolunu tapdı, yeni yollar kəşf etdi, kütlələri özünə cəlb etdi, heyranlıqla ağ pərdəyə baxan auditoriya yaratdı və qarşısına çıxan maneələri bir-bir dəf edərək günümüzə qədər gəlib çatdı. İndi isə kollektiv fəaliyyət olan “kinoteatrda film izləmək” anlayışı yeni təhdidlə qarşı-qarşıyadır. Bu təhdid axın (“Streaming” sözünü dilimizə bu cür tərcümə edə bilərik) platformalarıdır. “Netlix”, “Amazon Prime”, “Disney+”, “Hulu” və başqa adını sadalamadığım platformalar tamaşaçılara istədikləri vaxt, istədikləri yerdən filmlərə çatmaq, izləmək, filmlərin bəxş etdiyi təcrübə və hiss-həyəcandan faydalanmaq imkanı verir. Hər kəsi isə bir sual maraqlandırır: Kinoteatrlarda film izləmək təcrübəsi köhnəlmiş bir vərdişə çevriləcəkmi?
Əslində, kino tarixini nəzərdən keçirdiyimiz zaman kinoteatrların üzləşdiyi ilk belə təhdid olmadığını rahatlıqla görməyimiz mümkündür. Xüsusilə İkinci Dünya Müharibəsindən sonra ABŞ-da televizorun populyarlaşması kinoteatrlar üçün xüsusi təhdidə çevrilmişdi. Buna ciddi reaksiya verən studiyalar, istehsalçı şirkətlər yenilik axtarışına çıxmışdılar. Bunun nəticəsində də, “Panavasion” proyektorlar ortaya çıxdı. Bu proyektorlar “CinemaScope” anamorfik lensləri ilə çəkilərək əldə edilən görüntüləri əks etdirirdi. Geniş görüntülər televizordan fərqli təcrübə vəd edir, üstəlik kinoteatrların səs sistemləri televizorlara qarşı xüsusi üstünlük təşkil edirdi. Vaxt ötdükcə televizorun kinoteatrlara ciddi təhlükə olmadığını, hətta televizor şoularında məşhur olan şəxslərin filmlərə çəkilərək daha çox tamaşaçı cəlb etməyə çalışdığını gördük.
Daha sonra çıxan VHS və DVD formatlarında filmlərin çoxaldılması və insanların evdə film izləmək arzusu da kino sektoruna çox böyük ziyan vurmadı. Əgər studiyalar televizora qarşı çıxmışdılarsa, VHS kasetlərdə eynisi baş vermədi. Filmlərini daha çox satmaq, gəlir əldə etmək üçün yeni yol tapmışdılar və bundan gen-bol istifadə etdilər. İndi hər kəsin elə ya da belə yolu düşdüyü “Netflix” onlayn platforması da fəaliyyətinə DVD kasetləri poçt ilə göndərərək başlamışdı. 2007-ci ildə onlayn platforma kimi fəaliyyətə başlamaqları ilə yenidən film izləməyin kollektiv təcrübə olması barədə müzakirəyə səbəb oldu. İnternetin həyatımıza bu qədər sürətli daxil olması bütün davranış və hərəkətlərimizə təsir etdi, kino dünyası da bundan öz nəsibini almalı idi.
2020-ci ilin martına qədər kinoteatrlar özlərini ciddi təhlükə altında hiss etmirdilər, çünki internet sürəti bütün dünyada artsa da, platformaların kitabxanalarında olan film sayı çoxalsa da, yenə də sadiq tamaşaçılar kino məbədlərinə – kinoteatrlara – gəlməyə davam edirdi. Statistanın1 anket nəticələrinə görə, 2018-ci ilin noyabr ayında sorğuda iştirak edən 28% insan əsas üstünlüyü kinoteatrlara verirlər. Həmin dövrdə cəmi 15% isə əsas üstünlüyü axın platformalara verdiyini bildirib. 2020-ci ilin martında isə vəziyyət dəyişməyə başladı. Əsas üstünlüyü kinoteatra verənlərin sayı azalaraq 18%-ə düşür. Axın platformalara üstünlük verənlər isə 27%-ə yüksəlir. Bu dövrdə artıq pandemiyanın dünyanın bir çox ölkəsində ictimai sağlamlığa ciddi təhdidlər törətməyə başladığını nəzərə almaqda fayda var. Həmin ilin iyunundakı nəticələr isə tamamilə axın platformaların xeyrinədir. 14% insan əsas üstünlüyü kinoteatrlara verdiyini elan edir. Bu da o deməkdir ki, iki ildən az bir müddətdə tamaşaçıların kinoteatrlara verdiyi üstünlük 28%-dən 14%-ə enib. Əsas üstünlüyü platformalara verənlərin nisbəti isə 36%-ə yüksəlib.
Tamaşaçıların bu seçimlərindən əlavə, dövlətlərin kinoteatrları qapalı saxlaması da vəziyyəti gərginləşdirdi. Bir çox kinoteatrlar dövlətlərdən subsidiyalar istədi, əks halda fəaliyyətlərinin davam etməsinin mümkünsüz olacağını bildirdi. Mədəni həyatı ayaq üstə saxlamaq istəyən ölkələr bu cür subsidiyalarla dəstək olmağa çalışdı. İnsanların evə qapanması və sosial aktivliklərdən uzaq qalması “Netflix” və bənzəri platformaların böyüməsində fantastik rol oynamağa başladı. 2020-ci ildə 36 milyon yeni abunəçi qazanan “Netflix”in şirkət olaraq da dəyəri artdı. Bir tərəfdə bağlanan kinoteatrlar, kassada tamaşaçıların diqqətini qazana bilməyən filmlər, digər tərəfdə isə rekord böyümə edən onlayn platformalar. Əgər bu yazını 2021-ci ilin əvvəlində yazmış olsaydım, bədbin olmaq üçün kifayət qədər səbəbim olardı. Lakin 2021-ci ildə cəmi 18.2 milyon yeni abunəçi qazanan “Netflix” 2016-ci ildən bəri ən pis nəticəsini əldə etmişdi oldu. Şirkətin rəhbərləri də bunu “pandemiya sonrası “qabağaçəkmə (ingiliscə “pull-forward”) effekti” adlandırır. Yəni insanlar evlərə qapandığı və nəsə izləmək ehtiyacları olduğu üçün daha çox istehlak ediblər, potensial istehlakçılar qabağa çəkilərək yeni istehlakçılara çevriliblər, onları əvəz edəcək insanlar isə əvvəlki qədər çox deyil.
Bütün bu statistik göstəricilərin fonunda isə sözügedən platformaların yaradıcı şəxslərə və kino sənayesinə töhfələrinin nə olduğunu aydınlaşdırsaq, qarşımıza daha aydın bir mənzərə çıxar. Hər şeydən qabaq, axın platformaları kino sənayesinin özündən daha demokratik bir quruluşdur. Əgər bütün dünyada kinoteatrlarda əsasən Hollivud filmləri izlənirsə, axın platformalarda digər ölkələrdən olan işlərin də qabağa çıxmaq şansı var. Bundan ən çox faydalananlar isə serial sektorunda olanlardır. Cənubi Koreyanın “Kalmar oyunu” (Squid Game), İspaniyanın “Kağız ev” (La Casa De Papel) serialları bir neçə günün ərzində mədəni fenomenə çevrildi və bütün dünyada haqqında müzakirələr aparıldı. Dövlətlər də bu platformalardan maksimum faydalı şəkildə yararlanmağa çalışır, öz kino sənayelərini inkişaf etdirmək üçün həmin platformalara müxtəlif öhdəliklər qoyurlar. Təzəlikcə “Netflix” ilə Fransa arasında razılaşma əldə edildi və şirkət hər il ən az 40 milyon avro bu sahəyə investisiya etməyə razılıq verdi.
Çox vaxt ucuz və mənasız kontent istehsalçısı görünən platformalar öz imiclərini yüksəltmək naminə böyük rejissorlarla əməkdaşlıq da edirlər. Məsələn, “Netflix” Martin Skorsezenin “İrland” filmini istehsal etdi və filmin reklamı gedərkən tez-tez bu ifadə ilə qarşılaşdıq: Skorsezenin bu filmini büdcəsi böyük olduğu üçün heç bir studiya çəkməyə razılıq verməyib, amma “Netflix” buna razı olub. Bu həqiqət ola bilər, lakin həm də şirkətin öz nüfuzunu artırmaq üçün istifadə etdiyi alətdir. Başqa bir nümunə bu il Oskarda “Ən yaxşı film” nominasiyasında namizəd göstərilən “CODA” filmidir. 2021-ci ildə Sandans Film Festivalında beynəlxalq premyerasını edən filmi “Apple+” platforması 25 milyon dollar ödəyərək yayım haqlarını əldə etdi. Filmin öz büdcəsinin 10 milyon dollar olduğunu nəzərə alsaq, uğurlu satış kimi görə bilərik. Bu kimi fürsətlər yeni rejissorlar üçün idealdır. Üstəlik şirkətlər özlərinin tanınması üçün həmin filmlərin lobbiçiliyini həyata keçirir, müxtəlif mükafatlarda nominant etməyə çalışırlar.
Öncəki abzasda bilərəkdən “kontent” sözündən istifadə etdim, çünki artıq müasir dövrdə televizor və monitorlarda izlənən hər şeyə “kontent” gözü ilə baxılmağa başlanılıb. Bu sözə qarşı çıxanlardan biri də elə “Netflix” ilə birlikdə film istehsal edən Martin Skorsezedir. Skorseze Federiko Fellini haqqında yazdığı “Il Maestro” adlı məqaləsində dövrümüzdə hər şeyin kontent kimi dəyərləndirilməsindən, filmlərin dəyərini itirərək “kontent”ə çevrilməsindən şikayət edir. Skorseze bu tənqidində ən çox platformaların alqoritmlərinə vurğu edir və düşünür ki, alqoritmlər insanların daha əvvəl etdikləri seçimlərə görə yeni filmlər təklif edir, bu da öz növbəsində tamaşaçıya ancaq istehlakçı gözü ilə baxmaqdır. Əvəzində kurasiya edərək yaxşı filmləri önə çıxarmağın vacibliyindən danışır. Filmləri hər an və hər yerdə əlçatan etmək, evdə və uyğun olan məkanda izləmək şansı yaratmaq bir tərəfdən üstünlük kimi görünə bilər, ancaq kinoteatra getmək və film izləmək ritualından uzaqlaşmaq kinonun gələcəyini kontentə çevrilmək təhlükəsi ilə üz-üzə qoyur.
Adi tamaşaçı üçün bəlkə də evdən çıxmadan, əlavə ödəniş etmədən, təkcə bir platformaya pul verərək filmləri izləmək sərfəli ola bilərdi. Ən azından, axın platformaların ilk çıxdığı dövrlər belə idi və bu üstünlük əvəzolunmaz görünürdü. Ancaq vaxt ötdükcə platformaların sayı artdı və indi tamaşaçı öz sevdiyi, maraqlandığı filmləri izləmək üçün bir yox, bir neçə platformaya üzv olmalıdır. Bu da ümumi olaraq tamaşaçılarda çaşqınlıq və bezginlik yaradır. Hətta hər platformaya ayrı-ayrı ödəniş etmək əvəzinə, birbaşa kinoteatrda, daha yaxşı səs və görüntü keyfiyyəti ilə izləmək şansı daha cəlbedici görünür. Axın platformalar müsbət və mənfi cəhətlərini özü ilə birlikdə gətirir.
Kino dünyası televizorlarla birlikdə yaşamağı öyrəndiyi kimi, axın platformalarla da yaşamağı öyrənəcək kimi görünür. Filmi kinoteatrda, kollektiv formada, dünyadan izolyasiya olaraq izləmək təcrübəsi evimizdə pis görüntü və səslə, hər an fikri yayındıran bildirişlər arasında izləməkdən daha yaxşı variantdır. Platforma təhdidinin isə kinonun inkişafına, dəyişməsinə və tamaşaçı üçün yeni təcrübələrin axtarışına səbəb olacağı şübhəsizdir. Kino və kinoteatrlar özlərini yenilədikcə, yeni təcrübələr vəd etdikcə, bu ritual geniş kütlələrin sevimlisi olmağa davam edəcək.