Sarışının qaranlığı
Hollivudda son dövrlər müxtəlif məşhur şəxslər barədə filmlər çəkmək əsas trendə çevrilib. “Bohemiya rapsodiyası”, “Elvis”, “Roketmen”, “Cudi” və siyahını artıra biləcəyimiz başqa filmlər arasına Merilin Monro barədə olan “Blonde” (Sarışın) filmi də əlavə olundu. Yuxarıda adlarını sadaladığım filmlərdən fərqli olaraq bu film xeyli gündəm yaratmağı bacardı. Həmin filmlərdən yalnız “Bohemiya rapsodiyası” həm kommersiya, həm də mükafat baxımından fərqlənməyi, özündən bəhs etdirməyi bacarmışdı. “Blonde” isə indidən izləyiciləri iki yerə bölməyi bacarıb. Ya izləyənlər filmi həddindən artıq bəyənir, klassikaya çevriləcəyini deyirlər, ya da heç bəyənmir, rəzil bir film olduğunu dilə gətirirlər.
Əslində, Hollivuddan belə bir film çıxmasının özü böyük bir hadisədir. Adətən bu cür sevgi-nifrət münasibəti avropalı rejissorların çəkdiyi filmlərdə ortaya çıxır, çünki onlar ənənəvi təhkiyəni, tərzi pozaraq tamaşaçını provokasiya etməyi bacarırlar. Hollivud isə adətən səliqəli, ölçüb-biçilmiş, ənənədən çox da kənara çıxmayan işlər ortaya çıxarır. Həmin filmlər xüsusi fokus qruplara nümayiş etdirilir, marketinq hesablamaları aparılır və insanların sevəcəyi formaya salınır. Elə çox vaxt da rejissorlar buna görə Hollivuda lənətlər yağdırır, yaradıcılıq üçün imkanları məhdudlaşdırdığından şikayət edirlər.
“Blonde” Venesiyada nümayiş olunandan sonra əksər kinotənqidçilər tərəfindən bəyənilmişdi, hətta FIPRESCI münsiflərinin filmə verdiyi bal da kifayət qədər yüksək idi. Lakin ABŞ-da kinoteatrlara girəndən sonra vəziyyət tamamilə dəyişdi. İndi filmi bəyənəndən daha çox tənqid edənlər var və vəziyyət az qala rejissoru boykot etmək səviyyəsinə gəlib çatıb. Merilin Monronun həyatından müxtəlif fraqmentləri göstərən filmdə onun zorakılığa məruz qalması, zorlanması, seksual qısnamalardan ibarət həyatı tamaşaçılara heç bir senzura qoyulmadan nümayiş etdirilir. Filmin əsas tənqid edilən məqamı da budur ki, rejissor bunlara sanki müşahidə kimi yanaşır və elə müşahidəçi olaraq Monronun başına gələnlərdən sadistik bir həzz alır.
“Blonde” filmin rejissoru Endryu Dominikdir. Dominik avstraliyalı rejissordur və çox vaxt bədii filmlər çəkir, lakin onun bəyənilən sənədli filmləri də var. Əslində, normal şərtlər daxilində belə bir filmin ortaya çıxması çox da mümkün görünmür. Lakin filmin “Netflix” platforması tərəfindən alınması rejissora yaradıcı müstəqillik bəxş edib. O da bu müstəqilliyindən istifadə edərək tamaşaçıya öyrəşmədikləri bir “Hollivud tənqidi” təqdim edib.
Hollivud daim özünə qarşı tənqidə açıq bir mövqe sərgiləyib. Bu liberallığın ən məşhur nümunəsi Billi Uaylderin “Sanset bulvarı” filmidir. Ya da Devid Linçin metaforlarla dolu “Malholland Drayv”ını demək olar. Hər iki filmdə rejissorlar Hollivudun amansızlığını, unutqanlığını, dözülməzliyini xüsusi formada tamaşaçıya göstərmək istəyirlər. Dominik isə birbaşa Hollivudun ən parlaq ulduzunu götürərək ABŞ-ın dünyaya satdığı müxtəlif filmlərin istehsalçısının necə bərbad olduğunu çəkinmədən göstərir. Əgər digər filmlərdə “bədbəxt hadisələr” xəyali obrazların başına gəlirsə, burada birbaşa məruz qalan subyekt Merilin Monrodur. Bu cür bir yanaşma olduğuna görə, filmi indidən “psevdo-bioqrafiya” kimi təqdim edirlər. Film Coys Karol Otsun (Joyce Carol Oates) eyniadlı romanından adaptasiya edilib. Roman satışa çıxdıqdan sonra bestsellerə çevrilib, hətta CBS kanalı üçün mini-serial formatında ekranlaşdırılıb. Endryu Dominik isə bu ekranlaşdırmada bacardığı qədər kanonları qıra bilib.
Rejissor filmin hekayəsini danışmaq üçün yeni bir yola əl atır. Merilin Monronun ikonaya çevrilən müxtəlif fotolarını hekayənin ortasına yerləşdirir, hər kəsin gördüyü fotokadrları yenidən canlandıraraq həmin foto ətrafındakı hekayəni danışır. Onun həyatının əsas nöqtələrini, parlaq və cazibədar gülüşünü göstərərkən görünməyən tərəflərini açır. Məlum olur ki, bu məqalədə də yazdığım kimi, Merilin Monro sadəcə onun səhnə adıdır və hətta Norma Cin bu adı, bu kimliyi belə qəbul etmək istəmir. Biz və bütün dünya isə onu Hollivudun tanıtdığı kimi tanıyır – Merilin Monro!
Bu tanıtma işi təkcə adla kifayətlənmir, rol vermək üçün Normanı zorlayan şirkət rəhbərini göstərir, Stanislavski metodu ilə kastinqdə oynayandan sonra Normanın yalnızca bədəni barəsində danışan kişilərin ifşasını çatdırır, qadın olduğu üçün baş roldakı kişidən 200 dəfə daha az maaş təklif edildiyini vurğulayır, insanlar və mətbuat tərəfindən daim nəzarətdə saxlanıldığını aydınlaşdırır. Rejissor filmin əvvəlindən sonuna qədər Norma Cinin məruz qaldığı, yaşadığı faciələri ard-arda sıralayır. Hətta bu nəqletmə bəzən o qədər təktərəfli bir hadisəyə çevrilir ki, bu məşhur qadının həyatında heç vaxt yaxşı nəsə olmayıbmış təəssüratı yaranır. Rejissor bilərəkdən Hollivudun amansızlığını göstərmək üçün bütün faciələri bir yerə cəmləyir.
Rejissor qəhrəmanın əzablarını, hiss etdiklərini yuxularla, halusinasiyalarla çatdırır. Qəhrəmanın beyninə yerləşərək onda travma kimi iz qoymuş hadisələrin arxasınca düşür, həmin hadisənin vizual xatırladıcıları ilə əzabların qatbaqat necə artdığını yaradıcı formata salaraq göstərir. Rejissor məzmundan əlavə, formaya da xüsusi diqqət yetirir. Film bəzən monoxrom, bəzən isə rəngli verilir. Bu rəngli kadrlar obrazın özünü xoşbəxt hiss etdiyi anlarla assosiasiya olunur. Bundan əlavə, filmin aspekt nisbətini də tez-tez dəyişir. Bəzən klaustrofobik atmosfer yaratmaq üçün 1:1, 1:1.37 kimi formatlarda görüntülər görürük, bəzən isə, çox nadir olsa da, obrazın özünü rahat və sıxıntıdan uzaq hiss etdiyi anlarda geniş formatların, yəni 1:1.85, 1:2.39 seçildiyinə şahid oluruq. Film əsasən 1:1.37 formatındadır, həmin formatın adı isə “Akademik nisbət” adlanır və bu Akademiyanın qəbul etdiyi standart formatdır. Filmin bu formatda nümayişini Hollivudun standart kimi qəbul etdiyinə həcv kimi yoza bilərik. Lakin rejissor bu nisbət və rəng keçidlərinə, rakurslara o qədər aludə olur ki, bir yerdən sonra tamaşaçı üçün artıq marağını itirmiş bir hadisəyə çevrilir. Artıq hiss yaratmaqdan daha çox, əlavə bir “göstəriş”ə çevrilir.
Filmə möhürünü vuran isə Ana De Armas olur. Norma Cini uğurla canlandıran aktrisa ekranda göründüyü ilk andan etibarən özünü sənə həmin şəxs kimi qəbul etdirməyi bacarır. Onun adətən macəra filmlərində bacarıqlarını göstərdiyini nəzərə alsaq, bu cür bir dramda ortaya qoyduqları, sanki Merilin Monronun arzularının çin olmasıdır. Norma Cin də ucuz komediya filmləri yox, ciddi dramlarda özünü nümayiş etdirmək istəyir, lakin ona bir seks əşyası kimi baxdıqları, “axmaq sarışın” qəlibinə otuzdurduqları üçün buna nail ola bilmir. Ana De Armas isə öz bacarıqlarını sona qədər sərgiləməyi bacarır.
Filmin digər diqqət çəkən məqamı nəfis tərtibatlı səhnələrdir. Dövrün atmosferini yaratmaq üçün hər detalı, hər işığı, hər anı rejissor zərgər dəqiqliyi ilə işləyir. Tamaşaçıda elə təəssürat yaradır ki, bu film sanki indi yox, məhz 1950-ci illərdə çəkilib. Hollivudun parlaq işıqları sönməmişdən qabaq bütün o dəbdəbə, bütün o böyük nəhəng şirkətlər qarşımıza olduğu kimi çıxır.
Filmin kiməsə görə ən ağıllı, kiməsə görə ən iyrənc səhnəsi isə Norma Cinin tualetə qusmasıdır, üstəlik bu prosesin tualetin içinə quraşdırılan kamera ilə lentə alınmasıdır. Başqa sözlə, Norma Cin kameraya doğru qusur. Bu hadisə isə onun Hollivudda səhnəyə çıxdığı, mükafatlar aldığı, hər kəs tərəfindən alqışlandığı məqamlarla paralel montaj edilərək göstərilir. Rejissor, Norma Cin vasitəsilə öz Hollivuda qarşı olan kinini məhz bu cür qusur, bütün bu alqışların və işıqların puç olduğunu, burada qurulan sistemin tərifdən daha çox tənqidə, hətta təhqirə layiq olduğunu bildirir.
“Blonde” filminin adı kimi, özü də böyük ironiya qığılcımları daşıyır. Bunu edərkən isə qəhrəmanın inkişafına, onun həyatının müxtəlif perspektivlərinə əhəmiyyət verilmir. Sadəcə qəhrəmanın başına gələn bədbəxt hadisələr var və həmin hadisələr tamaşaçının hakimliyinə buraxılır. Bioqrafiya kimi başlayan film qorxu janrına çevrilir, hər səhnəsində dəhşət saçır. Mövzuya yanaşması birmənalı olmasa da, ifadə olunduğu yaradıcı vizual dili və vizual həlləri ilə “Blonde” filmi hələ çox xatırlanacaq, öyrənilməyə çalışılacaq. Təbii ki, öyrənmək istəyən insanların Norma Cinin başına gələn faciələrə, Hollivudun ona yaşatdıqlarına dözəcək qədər mənəvi gücü varsa…
Hacı Səfərov