“Renuar”, “Kiçik bacı” və “Yeni dalğa”

Festivala və şəhərə öyrəşəndən sonra filmlərə ardıcıl olaraq baxmağa başlayıram. Bəzən gün ərzində üç, bəzən isə dörd filmə baxıram. Eyni zamanda, elektron ünvanıma müxtəlif tədbirlərdən qeydiyyatdan keçmək üçün dəvətlər gəlir. Onlar arasında biri diqqətimi çəkir: Yaşayan ən böyük yapon rejissorlardan biri olan Hirokazu Koreeda ilə görüş. Tez qeydiyyat anketini doldururam və müraciət edirəm. Sonra göndərilən dəvət məktubunu yenidən nəzərdən keçirirəm və başqa bir yapon rejissorun da həmin görüşdə olduğuna baxıram. Araşdırdığım zaman görürəm ki, həmin rejissor Çiye Hayakavadır. O, “Renuar” filmi ilə festivalın əsas yarışmasında mübarizə aparacaq. Qəbul gəlir, sevincim artır. Tədbir keçiriləcək məkana yollanıram.

“Kering” tərəfindən keçirilən tədbir “Qadınlar kinoda” adlı silsilə tədbirlərin bir hissəsidir. Bu silsilə tədbirlər çərçivəsində Şarlotta Ginsburq, Dakota Conson və Nikol Kidman kimi məşhur qonaqlar da iştirak edirlər. Tələb çox olduğu üçün onlara düşmək olmur. Amma narahat olmağa dəyməz, əsas odur ki, Koreedanı görəcəyəm. Görüş başlayır. Moderator hər iki rejissora filmlərindəki qadınların təmsili, Yaponiya kino sənayesində qadınlar mövzusunda suallar ünvanlayır. Koreeda karyerasına televiziyada başladığına, film çəkməyin o vaxt çətin olduğuna toxunur. Çiye Hayakava isə 1990-ların ortalarında incəsənət sahəsində oxuduqdan sonra sektorda qadınların tək-tük olduğundan, həm ana, həm rejissor olaraq davam etməyin isə xüsusi dəstək olmadan mümkünsüzlüyündən danışır. Hər ikisi Yaponiya kino sənayesində çalışan qadınların sayının azlığını qeyd edir və bu səbəbdən özləri tədricən filmlərində həm texniki, həm də yaradıcı heyətdə qadınlara daha çox yer verməyə başlayırlar. Özlüyümdə düşünürəm ki, Çiye Hayakava bir qadın kimi çəkdiyi filmlə əsas yarışmaya seçilə bilibsə, ümid var. Görüş bitir, Koreeda onunla foto çəkdirmək xahişimi yerə salmır. Görüşdən çıxıb Çiyenin filmi “Renuar”ı izləməyə tələsirəm.

“Renuar”, atası xərçəng xəstəsi olan 11 yaşlı qızın ətrafında və daxilində baş verənləri mənalandırmağa çalışdığı böyümə filmidir. Fuki özünə qapanmış, ətrafında çox da dostu olmayan, eyni zamanda, dünya ilə maraqlanan qızdır. Çiye Hayakava ssenarini şəxsi təcrübəsinə istinadən yazıb, hadisələr 1987-ci ildə baş verir. “Renuar” ilk səhnədən etibarən atanın xərçəng xəstəsi olmasını faktını çatdırır, ancaq daha sonrakı hadisələr süjetin inkişafını ləngidir. Hayakavanın filmi astagəlliyi ilə fərqlənir və izləyicidən səbir tələb edir. Ancaq hekayənin inkişafı ilə birgə filmin templə bağlı seçdiyi yol aydınlaşır. Bu, bir yeniyetmənin yasla, potensial ölümlə üzləşməsində yaşadığı vurnuxmalardır. “Renuar”ın seçdiyi rənglər parlaqdır və mövzu qaranlıq olsa da, əlvan rənglərlə təsvirə üstünlük verilir. Bu seçim ziddiyyətli görünsə də, yeniyetməliyə qədəm qoymağına az qalmış bir qızın daxili və xarici dünyası arasındakı əlaqəni yaxşı ifadə edir.
Çiye Hayakava filmdə dövrün Yaponiya təsvirini tamaşaçı üçün məharətlə təsvir edir. İnsanlar maddi (ən azından filmdə göstərilənlər) çətinliklər yaşamasalar da, mənəvi çətinliklər onlardan yan keçməyib. Onlar xurafata inanır, “türkəçarəyə” ümid bəsləyir, hər şeyin Amerikada daha yaxşı olduğunu düşünür, televiziya vasitəsilə göstərilən ağıloxuma fəndlərindən mədət umurlar. Hayakava filmin bir məqamında gözlənilməz şəkildə Yaponiya üçün az qala tabu olan və demək olar ki haqqında danışılmayan məsələyə də toxunur – pedofiliya. Bunu ümumiləşdirərək etməsə də, yanaşmadan geniş yayılmış təcrübə olduğu hiss olunur.
Filmin ən dəyərli və yaddaqalan məqamlarından biri isə Fukinin müxtəlif formalarda ünsiyyət qurmaq cəhdləridir. O özünü sözlərlə ifadə etməkdə çətinlik çəkdiyi üçün başqa formalarda cəhdlər edir. Heyvanların səsini imitasiya edir, başqalarının beynindəkini oxumağa çalışır, hətta telefondan tanışlıq üçün istifadə edərək tanımadığı insanların hekayələrinə qulaq asır. Bu, Fukinin həm potensial ölüm qarşısında, həm də yaşadığı tənhalıqda çətinliklərin öhdəsindən gəlmək vasitəsidir. Ümumilikdə, “Renuar” hər nə qədər izləməsi çətin, səlis təhkiyəsi olmayan bir film kimi görünsə də, yeniyetməliyə qədəm qoyan və ölümlə üzləşmək məcburiyyətində qalan qızın təcrübəsini unikal yollarla çatdırmağı bacarır. Bu ilin ən çox müzakirə ediləcək filmlərindən biri olacağı şübhəsizdir.

Şəxsiyyətin tapılması və kimliyin formalaşması başqa filmlərdə də qarşımıza çıxır. Bunlardan biri əsas yarışmada “Qızıl Palma budağı” üçün yarışan Afsia Erzinin çəkdiyi “Kiçik bacı” filmidir. Fatima Daasın “Sonuncu” adlı, son zamanlarda ölkəmizdə də populyarlaşmağa başlayan, avtofikşn romanının adaptasiyasıdır film. Fatima, yeniyetməliyinin gur çağlarındadır, özünü və bədənini tanımağa çalışır. Müsəlmandır, namaz qılır, bir oğlanla münasibət yaşayır və məktəbi bitirib həqiqi həyata atılmalıdır. Ancaq problem elə buradan başlayır. Onun geyimi fərqlidir, daha çox, oğlan kimi geyinməyə çalışır. Oğlan sevgilisinə marağı demək olar yoxdur. Fatima isə hələ özündə nə baş verdiyindən xəbəri yoxdur, oğlan dostları ilə gündəlik həyatına davam edir, başqalarına qarşı şıltaqlıqlar edir, bir sinif yoldaşını “gey” adlandırıb bullinqə məruz qoyur. Ancaq əvəzində “sən də lezbisən” ifadəsini eşidəndə özünü itirir və qarşısıalınmaz qəzəbə boğulur.
Bu hadisədən sonra Fatima öz kimliyini və həyatdakı yerini axtarmağa başlayır. Afsia Erzi, Fatimanın hekayəsini fərdin daxili arzuları və ailəsinin onu gördüyü qəlib arasında qurmağa çalışsa da, ailədaxili münasibətlər səthi işləndiyi üçün gücsüz qalır. Fatimanın yerinə yetirdiyi dini ayinlər, molladan yol tapmaq üçün aldığı məsləhətlər də mexaniki qalır və istənilən effekti yaratmaqda çətinlik çəkir. Fatimanın sevgi həyatındakı çətinliklər nisbətən daha yaxşı işlənsə də, filmboyu əsas sevgisinin koreyalı immiqrant qız olması karikaturlaşan film şablonlarına bənzədiyi üçün təsirini azaldır. Afsia Erzi hekayəni çoxqatlı etmək istəsə də, heç bir qatda dərinləşə bilmir. Nə qəhrəman, nə də onun daxili və xarici ziddiyyətləri barədə yeni nəsə deyə bilir. Fatima rolunu oynayan Nadia Melliti rolunun öhdəsindən məharətlə gəlir, filmi öz çiyinlərinə götürüb daşıyır. Pak Çi-Min də ona köməklik edir, buna baxmayaraq, “Kiçik bacı” səthilikdən əziyyət çəkərək tezliklə unudulacaq film namizədinə çevrilir.
Festivalın ən maraqla gözlənilən filmlərindən biri isə heç şübhəsiz Riçard Linkleyterin “Yeni dalğa”sı idi. Filmə bilet tapmaq da çətin idi. Sanki bütün kinosevərlər nəfəsini tutub bu filmin nümayişini gözləyirdi. Çətinliklə də olsa filmə girmək imkanı əldə etdim. İlk andan etibarən yaradılan atmosfer insanı heyrətləndirir. Rejissor bir-bir obrazların adlarını qeyd etməklə sənədli film atmosferi yaradır. Bu sənədli film sona qədər davam edir və fransız Yeni Dalğasının əksər üzvlərini görmək olur. Linkleyter sinefillər üçün cənnət yaradır və əfsanəyə çevrilmiş rejissorları, onların bir-birilə münasibətlərini göstərərək gələcək nəsillər üçün ilham mənbəyi olmasını hədəfləyir.


Filmin adı “Yeni dalğa” olsa da, hekayənin mərkəzində başqa müəlliflər yox, məhz Jan-Lük Qodar dayanır. Qodarın ilk filmi olan “Son nəfəs”dəni çəkərkən göstərdiyi yanaşma, prodüseri ilə yaşadığı problemlər, Djin Siberqin filmdən bezib imtina etmək mərhələsinə çatması, Belmondonun Qodarla olan münasibətləri filmin əsasını təşkil edir. Artıq “Son nəfəsdə”nin əfsanəyə çevrilmiş səhnələri bəzən təkrar canlandırılsa da, əsas fokus həmişə Qodarda və onun ətrafı ilə olan münasibətindədir. Linkleyter Qodarın dəlisovluğunu, innovatorluğunu çatdırmaq arzusu ilə bütün filmi nəql edir.
Hərçənd Qodar özü bu filmi görsəydi, bəyənəcəyi şübhə altındadır. Çünki “Yeni dalğa” filmi Yeni Dalğadan fərqli olaraq, kinematoqrafiya üçün yeni nəsə deməkdə çətinlik çəkir. Linkleyter zövqlü, sehirli və düşündürücü atmosferi qurmağı bacarsa da, sadəcə təhkiyəçiliklə kifayətlənir. Fransız Yeni Dalğası ilə tanışlıq üçün yaxşı fürsətdir, ancaq kinematoqrafiyanın yenilənən və dəyişən ifadə formaları baxımından yetərsiz qaldığı aydındır.
Hacı Səfərov