İNDİ OXUYUR
Nicat Dadaşov: “Kinoda daha rahatam, nəinki serialda”

Nicat Dadaşov: “Kinoda daha rahatam, nəinki serialda”

Müsahibimiz gənc ssenarist Nicat Dadaşovdur. Yaradıcı fəaliyyətə televiziya serialları ilə başlayan Nicat tammetrajlı “Xənnas”, qısametrajlı “İki yad adam”, “Nazik mətləb”, “Hasar” kimi bədii filmlərin ssenari müəllifidir. Bu yaxınlarda onun ssenarisi əsasında çəkilən “Mən buradayam, ilahi” bədii tammetrajlı filminin çəkilişləri başa çatıb və film hazırda post-prodakşn mərhələsindədir. Nicatla ssenari sənəti və Azərbaycan kinosunun problemləri haqqında danışmışıq.   

– Nicat, istəyərdim ki, əvvəlcə bir az özünüz haqqında məlumat verəsiniz.

– İlk təhsilimi Bakı Dövlət Universitetinin Beynəlxalq Əlaqələr fakültəsində, ikinci təhsilimi isə Azərbaycan Kinematoqrafçılar İttifaqının nəzdindəki Kino Məktəbinin dramaturgiya fakültəsində almışam.

Nicat Dadaşov


– Nədənsə məndə də belə bir qənaət yaranmışdı ki, siz İncəsənət Universitetini bitirməmisiniz. Beynəlxalq Əlaqələrdən ssenari yazmağa necə keçdiniz?

– Kinoya həmişə marağım olub. Amma mən oxuduğum vaxtlar – 2000-lərin əvvəllərində incəsənət maraqlı və uğurlu sahə hesab olunmurdu. Ona görə də valideynlərim təkid etdilər ki, başqa sahəni seçim, əlimdə bir diplom, başqa bir ixtisasım olsun. Mən də onları razı saldım, sonra öz istədiyim sahəyə yönəldim. Amma çox maraqlı bir təcrübə idi. Düşünürəm ki, bəlkə də o yaşlarda ADMİU-ya qəbul olsaydım, yaşımla bağlı bəzi şeyləri yaxşı mənimsəyə bilməzdim. Məncə, incəsənət bir az həyat təcrübəsi tələb edir. Məsələn, filmləri başa düşmək üçün. Əsasən, bizim İncəsənət Universitetini nəzərdə tuturam; 18 yaşlı uşaqları bir otağa yığıb Tarkovskidən danışırlar, ancaq nəzəriyyə ilə yükləyirlər, halbuki onların təcrübələri yoxdur. Bu işlə müəyyən bir yaşdan sonra  məşğul olmaq yaxşıdır. Artıq bir az təcrübən olur, bəzi şeyləri başa düşürsən, dramaturgiyanı, ssenarini, ümumiyyətlə, sənəti daha yaxşı qavramağa başlayırsan, işə öz təcrübəni qata bilirsən. Universitetdə necə yazmağı öyrədirlər, nə yazmaq isə artıq sənlikdir.

– Kino məktəbindən əvvəl ssenari təcrübəniz var idi?

– Var idi. “Media-master” şirkəti ilə işləyirdim. Əsasən, televiziya seriallarının istehsalı ilə məşğul idilər. Yəni ilk ssenari təcrübəm seriallarla, konkret desəm, “İkinci bahar” serialı ilə başlayıb. On altı seriyalıq bir layihə idi. Amma nəzəri təcrübəm vardı, çoxlu kitablar oxumuşdum. Ümumiyyətlə, özüm xasiyyətcə elə adamam ki, bir işi görməzdən əvvəl, xüsusən də əgər o işi yaxşı bilmirəmsə, ətraflı araşdırıram. İnternetin inkişaf etdiyi dövr idi və Sid Fildi, K.Voqleri, C.Kempbeli, L.Segeri oxumuşdum. Hamısını bir-bir oxuyurdum, konspektləşdirirdim və özüm üçün bir sistem yaradırdım. İstəyirdim, özümün anlaya biləcəyim bir forma yaradım. Bir müddətdən sonra gördüm ki, özüm üçün cüzi də olsa, bir sistem qurmuşam və bunun üzərində işləyə bilərəm. Amma hiss edirdim ki, təcrübə lazımdır; səhv, ya düz – ancaq nəsə etmək lazımdır. Elə həmin dövrdə yerli seriallar gündəmə gəldi. Bir ideya verdim və yazmağa başladım. İlk işimi uğurlu saymıram, amma təcrübə baxımından mənə çox şey verdi – bir ideyanı inkişaf etdirmək, xarakterləri qurmaq, nəyi hansı məqamda saxlamaq, nəyi inkişaf etdirmək lazımdır və s. Ancaq bu sahə ürkütdü məni və bir müddət pauza verdim. Çünki, qıraqdan baxanda serial üçün ssenari yazmaq asan görünür, halbuki o qədər də asan deyil. İlyarım heç nə yazmadım. Praktika ilə nəzəriyyəni qarışdırıb özüm üçün təzədən daha kamil bir forma yaratmağa çalışırdım. Ondan sonra davam elədim.

Rüstəm İbrahimbəyov, Oleq Səfərəliyev və Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Məktəbinin tələbələri


– Voqler, Sid Fild, Seger, Kempbel kimi müəllifləri sadaladınız. Əslində, ardıcıl baxanda bu müəlliflərin nəzəriyyələri bir-birinin daha təkmilləşdirilmiş, daha yığcam və ya uzadılmış variantıdır. Bu müəlliflərin içində sizin üçün ən rahatı hansı idi və özünüz üçün qurduğunuz sistem nədən ibarət idi?

– Ən yaxşısı Sid Fild idi. Həqiqətən, yeddinci kitabdan sonra görürsən ki, artıq eyni şeyləri oxuyursan, sadəcə başqa formalarda və başqa adlarla. Axırıncı oxuduğum Naycl Uotsdan sonra gördüm ki, dayanmaq vaxtıdır. Çünki sadəcə oxuyursan. Hər müəllif öz ədəbiyyat siyahısını təqdim edir, öz misallarını çəkir; kimisi “Çin məhəlləsi” (rej.Roman Polanski) (red.) filmindən, kimisi başqa filmdən. Amma mənim üçün ən rahatı Sid Fildin sistemi idi. Çox sadə dildə başa salır, sadə misallar çəkir. Rüstəm İbrahimbəyovun dərslərində də gördüm ki, uğurlu ssenarilər hər zaman  mürəkkəb olanı sadə formada ifadə edəndə ortaya çıxır. Odur ki, Sid Fild mənim konspektim, stolüstü kitabımdır. İldə bir dəfə, altı aydan bir açıb bəzi məqamları təkrar oxuyuram. Bir də ssenari yazarkən hardasa ilişəndə. Düşünürəm ki, çox adam üçün belədir və kim ssenari yazmaqla məşğul olmaq istəyirsə, birinci Sid Fildi oxusa, kifayət edər.

– Rüstəm müəllimin sistemi necə idi? Yəni adlarını çəkdiyimiz müəlliflərlə müqayisə edəndə…

– Biz dərslərə təzə başlayanda, təbii ki, ssenarilərimizin, ideyalarımızın hamısı bir az, necə deyim, “havada uçurdu, heç cür yerə qona bilmirdik”. Rüstəm müəllimin özü də Sid Fildi nümunə göstərirdi. Deyirdi ki, bəzən öz ssenarilərinin onun sistemi ilə üst-üstə düşdüyünü görür. Hərçənd onsuz da təməldə hər şey eyni yerə bağlanır. Amma Rüstəm müəllimin dərslərində biz sadəcə nəzəri yox, daha çox praktik üslubda bilgi alırdıq, öz yazdıqlarımızın üzərində müzakirələr aparırdıq. Mənim üçün bu, ən sağlam, maraqlı və düzgün üsuldur. Biri var, “Çin məhəlləsi”ndən misal çəkirlər – artıq təkmil, lentə alınmış bir ssenaridir. Bir də var ki, sənin öz yazdığın ssenarini təkmilləşdirirməyə kömək edirlər. Rüstəm müəllim onu analiz edirdi və sən öz səhvlərini görürdün. Bütün dramaturgiya kitabları çox uğurlu ssenariləri təhlil edir. Hər halda mən oxuduğum kitablarda bunun əksini görməmişəm. Əksəriyyəti “bunu belə eləmək lazımdır” deyir. Amma o “lazıma” çatana qədər gərək səhv eləyəsən. Yəni səhvləri düzəltmək metodu… Mənim hiss etdiyim ən böyük fərq bu idi: biz öz səhvlərimizi düzəltməklə öyrənirdik, nəinki başqa uğurlu filmlərin necə işlədiyini müşahidə etməklə. Bu mənim üçün daha səmərəli idi. Öz ssenarim üzərində müzakirədən on dənə kitabdan oxuduğumdan daha çox material, daha çox təcrübə qazanırdım. Bir də Rüstəm müəllim həmişə səhvin yerinə alternativ variant təklif edirdi. Deyirdi ki, razılaşmaya bilərsən, amma sənə spontan bir istinad verirəm. Düzdür, onun spontan fikirləri də çox maraqlı olurdu və görürdün ki, sənə göstərdiyi yol daha yaxşıdır. Çox sadə həllər olurdu. Hətta o qədər sadə həllər göstərirdi ki, deyirdin, bu qədər sadə şeyi niyə özüm görməmişəm?! Və ya filmlərə baxırdıq – ən çox italyan neorealizminə aid filmlərə – birdən filmi dayandırırdı və soruşurdu ki, sizcə, bu səhnənin ardı necə ola bilər, bu hekayə necə bitə, hansı axarla gedə bilər? Nəticədə bizim ssenariləri təhlil edəndə dediyi misallar kimi ən sadə formada bitirdi həmin səhnələr. Amma heç kim o sadə formaları tapa bilmirdi, hamımız ən mürəkkəb həllərə qaçırdıq. Elə “Hasar” filminin ssenarisini götürək. “Hasar” həm də diplom işimdir. Mən finalı başqa cür yazmışdım. Bir də məndə qəhrəman, uşağı dərədən çıxardanda boğmaq istəyirdi, çünki övladını müharibədə itirib və içində qəzəb var. Rüstəm müəllim oxuyandan sonra dedi ki, niyə qəhrəmanını təhrik eləyirsən? Və izah elədi, səhvlərimi də, düzlərimi də göstərdi. Axırda da əlavə etdi ki, mənim təklifimi qəbul etməyə bilərsən, özün daha yaxşı şey fikirləşə bilərsən, amma hazırda getdiyin yol səhvdir.

“Hasar”, rejissor: Qulu Əsgərov

– Yəni hasara son daşı qoymaq Rüstəm müəllimin təklifi idi. Bəs sizin variantınız necə idi?

– Məndə qəhrəman hasarı yarımçıq qoyub gedirdi. Bilərəkdən yox; bir şey baş verir və o, işini yarımçıq qoyub evə girir. Amma hasarı bitirib-bitirməyəcəyini bilmirsən. Açıq final da demək olar.

– Məncə, çəkilən final çox yaxşıdır.

– Mən də elə fikirləşirəm. Hərçənd Kazan festivalında bizə dedilər ki, finalınız başqa cür olsaydı, sizə birinci yeri verərdik.

– Buradakı situasiyanı bilmirlər axı. Otuz illik düşmənlikdən sonra insanlardan birdən-birə tamamilə sülhpərvər olmağı necə istəmək olar? Addım-addım olacaq bu.

– Bizim cavabımız da belə oldu. Bu, saxta tolerantlıqdır. Qəhrəman daha böyük tolerantlıq göstərib, düşmən hesab etdiyinin uşağını xilas edib. Nə olsun ki, hasarı tikir? Hasarın qapısı var. Onlar bizim içimizi bilmirlər, axı?! Ona qalanda bəzi festivallarda qalib gəlmək iki vur ikidir. Müəyyən kriteriyalara uyğun ssenari yazırsan, vəssalam. Amma bizim yanaşmamız beləydi. Rüstəm müəllim də bizə bunu öyrədirdi ki, öz hekayənizi yazın. Onun bir sözü vardı, deyirdi ki, mən özümün hiss etmədiyim, özümün yaşamadığım şeyi yazmıram, öz mühitimdən bəhrələnib yazıram hekayələrimi və sizə də bunu məsləhət görürəm. Yenə deyirəm: ilk vaxtlar hamı yerlə-göylə əlləşirdi. Elə tələbələr vardı ki, məsələn, kosmos haqqında ssenari gətirirdilər. Bəzilərinin ipindən yapışıb yavaş-yavaş yerə oturtdu. Təbii ki, alınmayanlar da vardı, amma əksər hallarda çox böyük təsiri oldu. Çünki artıq ssenariyə, ideyanın yaranmasına başqa cür baxırsan. Səhvlərin çoxu elə o məqamlarda olur. Söz var, birinci aktı hər kəs yaza bilər, nə qədər yaxşı hekayə qurduğun ikinci aktda bilinir.

– Kinoda ilk işiniz hansı film oldu?

– Yanılmıramsa, “Sükut” filmi olmalıdır. Kinostudiyanın nəzdində istehsal edilmişdi. Həyat yoldaşını arzularından məhrum qoymuş bir kişi sonra onun arzularını həyata keçirməyə çalışır, çünki yoldaşı xəstədir. Maraqlı və qismən də real hekayə idi, ekranda nə dərəcədə uğurlu alındığını deyə bilmərəm. Ssenaridə yazdıqların sənin fikrin, yanaşmandır, sonra rejissorun yanaşması, fikri gəlir, bəzən haçalanır. Bir də görürsən, hekayə tamamilə başqa istiqamətə yönəldi.

– Elə olanda rejissorla mübahisə edirsiniz?


– Əvvəllər az edirdim, indi çox edirəm. Əvvəllər yaş da, təcrübə də az idi. Bəzən hətta heç çəkiliş meydançasına da getmirdim. İndi çox mübarizə aparıram öz ssenarim uğrunda. Çəkilişlərdə axıra qədər qalıram, nəyisə dəyişmək lazımdırsa, xahiş edirəm ki, əvvəlcə mənimlə məsləhətləşinlər. Düzdür, işlədiyim adamlarla həmişə dost-tanış münasibətimiz olub deyə, bunu rahat şəkildə deyə bilirəm. Sağ olsunlar, hamısı bunu nəzərə alan insanlardır. Bircə seriallara qarışmıram, çünki o, uzun bir proses tələb edir, hər gün çəkiliş meydançasına getmək mümkün deyil. Amma üç ildən çoxdur, serial yazmadığım üçün birinci, çox xoşbəxtəm, ikinci də kinoda daha rahatam. Kino yaradıcılıq üçün daha geniş şərait yaradır. Çəkilişdən əvvəl də mütəmadi olaraq hazırlıq prosesində rejissorla, operatorla sıx ünsiyyətdə oluram ki, hekayəni onlara ötürə bilim. Bilmirəm, nə qədər bacarıram, amma istəyirəm, detallarına qədər hər şeyi – səhnələrin daxili konfliktini, hansısa səhnənin niyə yazıldığını, niyə yazılmadığını çatdırım ki, çəkiliş zamanı spontan qərarlar az olsun. Çünki mən spontan qərarlara az inanıram.

– Mən düz başa düşdüm? Belə çıxır ki, ilk kərpici siz qoyursunuz. Yəni rejissor gəlib demir ki, belə bir ideyam var, bunu ssenariləşdir.

– İndi hə. Seriallardan sonra sifarişlə yazmağı sınaqdan keçirdim. Amma yarımçıq qaldı, bitirə bilmədim. Çünki sifarişçi onun ideyasının, hekayəsinin çərçivəsində qalmağı tələb edir və çox hallarda onlar dramaturgiya çərçivələrindən xeyli uzaqdır. Onları birləşdirməyə çalışanda da istər-istəməz qoyulan çərçivədən çıxırsan. Ya da təklif olunan ideya mənə yapışmır. Onda yaza bilmirəm. Düzdür, çox xoşuma gələn ideyalar da olur və işləyirəm. Ancaq əksər hallarda əksi baş verir. Ona görə də son illərdə müsabiqələrdə iştirak etməyə üstünlük verirəm. “Hasar” da, “Əlvida, noyabr” da, “Zirzəmi” də müsabiqələrdə qalib gələn ssenarilərimdir. Baxıram ki, belə daha effektivdir. Öz istədiyimi yazanda, heç kim mənə çərçivə qoymayanda daha yaxşı işləyirəm və nəticəsi də daha yaxşı olur.

– Mircəlal Paşayevin iki hekayəsini adaptasiya etmisiniz və bildiyim qədər, onlar da sifarişdir.

– Sifarişdir.

– Əslində, növbəti sualıma qismən cavab verdiniz. Ancaq yenə də soruşum. Hansısa əsəri götürüb ekran üçün adaptasiya etmək rahatdır, yoxsa orijinal ssenari yazmaq?

– Orijinal ssenari yazmaq. Hərçənd istisnalar da ola bilər. Çox mütaliə edirəm. Elə əsərlər var ki, adaptasiya etmək, ən azı, cəhd etmək istəyərdim. Amma bütün hallardan şəxsən mənim üçün orijinal ideya daha yaxşıdır. Düzdür, Mircəlal Paşayevin hekayələrini adaptasiya etmək rahat idi, çünki müəyyən bir məzmun var idi. “İki yad adam”ı adaptasiya edəndə bəzi şeyləri dəyişdik, müasirləşdirdik və s. Amma ideya çox xoşuma gəlmişdi. Bir evdə yaşayan ər-arvad bir-birilə ünsiyyət qura bilmir. Ötən əsrin 30-cu illərində, demək olar ki, bir əsr əvvəl yazılmış hekayədir. Ancaq indiki dövr üçün aktual, hətta dünyəvi mövzudur, bu problem indi hər yerdə yaşanır. İki nəfər eyni otaqda oturub və hər ikisi telefondadır, bir-birilə bir kəlmə də kəsmirlər. Bu maraqlı idi.

– Ssenari yazmağa başlayanda istinad nöqtəniz nə olur?

– Bir səhnə, hansısa söhbətdən bir fraqment. Məsələn, “Zirzəmi” ssenarisinin hekayəsi 1993-cü ildə baş vermiş bir hadisədən götürülüb. Həyat yoldaşımın qohumunun başına gəlib. Adam Cəbrayıldan çıxanda sənədlərini götürməyi unudub və həmkəndlisi ilə birlikdə onların ardınca kəndə qayıdıb. Sənədləri götürüb çıxanda ermənilər kəndə giriblər. Bu mənim götürdüyüm fraqmentdir. Hadisənin ardı da var. Onları əsir götürürlər. Həmkəndlisinə işgəncə verib öldürürlər, qohumumuz da uzun müddət əsirlikdə qalandan sonra dəyişdirilir. Amma mənim üçün birinci hissə maraqlı idi – adam zirzəmidən nəsə götürmək üçün geri qayıdır; bura qədər. Ondan sonra yazdığım hekayə – davamı artıq başqa şeydir. Yəni bir səhnə, bir söz mənə təkan verir. Ya da prodüser Azər Quliyev rəhmətə getməzdən bir-iki ay əvvəl onunla bir məclisdə oturmuşduq. Söhbət əsnasında öləndə atasının qəbrində basdırılmaq istədiyini dedi. Səbəbini soruşdum, cavab verdi ki, indi qəbir yeri çox bahadır, israfçılıqdır, hazır qəbir var da. Bu cümlə beynimə həkk olundu. Sonra maraqlandım və öyrəndim ki, islam dinində belə bir şey var; səhv etmirəmsə, 21 il sonra mərhumu hansısa yaxınının qəbrində basdırmağa icazə verilir; təbii ki, kişi kişinin qəbrində, qadın qadının qəbrində. Bundan bir ideya yaranmışdı məndə: yaşlı bir adam özünə məzar, bir qohum axtarır ki, özünü onun qəbrinə “sırısın”. Hazırda bunun üzərində işləyirəm. Mən dinləməyi çox sevirəm, məclislərdə sakitcə oturub dinləyirəm. Bir məqamdan sonra hamı nəsə danışır və elə an gəlir ki, özləri bilmədən onlar üçün əhəmiyyətsiz, amma mənim üçün əhəmiyyətli olan nəsə deyirlər. Mənim üçün istinad nöqtəsi budur.

– Sizin də qeydlər bloknotunuz var?

– Var. Əvvəllər telefona yazırdım, sonra gördüm ki, əlyazısı olanda yaddaşa daha yaxşı həkk olunur. O bloknotu kiməsə göstərsəm, heç nə başa düşməz, çox qarışıqdır. Xəttim də pisdir, üstəlik tez-bazar yazılır. Amma bloknotum var və çox kömək edir. Çünki bəzi ideyalar ani gəlir və ani də yaddan çıxır; o an yazdınsa, yazdın. Yaşamışam bunu. Gecə ağlıma əla bir səhnə gəlir. Fikirləşirəm ki, səhər qalxıb yazaram. Səhər duranda görürəm ki, əsər-əlamət qalmayıb, elə bil heç beynimdə o səhnə olmayıb. Həmin anlarda böyük bir şey itirdiyimi hiss edirdim. Ona görə də belə bir vərdişim yarandı. Daha gənc yaşda bloknot-filan adama bir az qəribə gəlir. Sonra başa düşürsən ki, qeydlər çox vacib şeydir. Fikirləşirəm ki, bu, təkcə yazıyla məşğul olanlara aid deyil. Gününü, məqsədlərini, uzunmüddətli ya qısamüddətli hədəflərini planlamaq vacibdir. Bu, vizualizasiya məsələsidir. Onları yazanda elə bil məqsədinə bir az yaxınlaşırsan.

– Ssenarilərinizin neçə draftı (qaralaması) olur?

– Həddindən çox olur. Amma belə bir şey var: tritmenti qurub-bitirəndən sonra oturub birnəfəsə ssenarini yazıram. Elə olur ki, yazdığım səhnənin, təsvirin yaxşı olmadığını bilirəm, amma dayanmıram. Çünki dayansam, gözümdə böyüyüb problemə çevrilir. Mükəmməli qurana qədər yazmamağı da sınamışam və bir günə cəmi bir cümlə yaza bilmişəm. Ona görə, birnəfəsə yazıb bitirirəm. Bir az istirahət edirəm və yenidən qayıdıram ona. Yazdıqlarımın, demək olar, 80%-ni silirəm, istirahət edirəm, yenə yazıram. Əvvəllər harada dayanmaq lazım gəldiyini tuta bilmirdim. Yəni o qədər rəndələyirsən ki, artıq özəyə dəyirsən. Sonra bunu da öyrəndim. Ancaq dayanmaq anına qədər draftlarım çox olur. Hətta deyim ki, bitirdiyim ssenarini də bitmiş saymıram, amma bilirəm ki, indi dayanmalıyam. Çünki dayanmasam, nə qrafikə sığacağam, nə də dəyişikliklərin sonu gəlməyəcək.

– “Mən burdayam, ilahi!”nin ssenarisini yazana qədər xeyli araşdırma aparmısınız. Bayaq “Zirzəmi” ssenarisi ilə bağlı da bunu dediniz.  Araşdırma niyə bu qədər vacibdir?

– Ümumiyyətlə, mən çoxdan İkinci Qarabağ müharibəsinin fonunda bir qazinin hekayəsini yazmaq istəyirdim, sadəcə hekayəm yox idi. Ona görə də qazilərimizlə görüşürdüm, hərdən söhbətlərimiz dörd-beş saat çəkirdi, ancaq eşitmək istədiyim fraqmenti tapmırdım. Hərçənd həddindən artıq maraqlı hekayələr var və hamısı ekranlaşdırılmağa layiqdir. Çox qeydlərim var və xeyli hekayə dinləmişəm. Bir dəfə bir qazi ilə görüşdüm – adının çəkilməyini istəmir – ilk görüşdə hiss etdim ki, çox savadlı insandır. Hərbin bütün tərəflərindən necə rahat danışırdısa, onunla ədəbiyyatla bağlı elə rahat söhbət edirdik. Mənə öz hekayəsini də danışdı. Noyabrın 2-də Şuşada yaralanıb və komaya düşüb. Üç aydan sonra ayılanda qələbə qazandığımızı, ardınca qızının uşaq evinə verildiyini öyrənib. Bu standart prosedurdur. Real hekayədə qazimiz bəzi hüquqi prosedurlardan sonra qızını geri ala bilib, sağlamlığını da müəyyən qədər bərpa edib. Çox maraqlı hekayə idi. O qədər vuruşandan sonra qələbəni görmür və  övladına da sahib çıxa bilmir. Əslində, bu hekayədə məni cəlb edən məqam müharibə, ya da qazinin qələbəni görməməsi deyildi. Təbii ki, bir hərbçi üçün bu vacibdir. Ancaq o oyanıb, uşaq evinə gedib, qızını götürmək istəyib və ona icazə verməyiblər. Əsl qəhrəmandır, kəşfiyyatçıdır, müharibədə çox böyük işlər görüb və bu insan övladına sahib çıxa bilmir. Özü də başa düşür ki, kontuziyası var, uşağa baxmaq çətin olacaq: “Mən getdim, o qədər döyüşdüm, amma bir övladıma sahib çıxa bilmirəm və çox acizəm”. Məni tutan məhz bu məqam idi və fikirləşdim ki, bundan maraqlı bir şey çıxara bilərəm. Mən, ümumiyyətlə, nəyinsə fonunda – müharibə və ya epidemiya olsun – bir insan hekayəsini daha çox sevirəm. Beləcə, icazəsini aldım, dedim ki, bir ildən sonra bu əhvalatı ekranlarda görsəniz, təəccüblənməyin. Sonra araşdırmağa başladım: yaralanmağı, koma prosesini, ayılmağı. Komadan ayılandan sonrası ilə bağlı tibbi bilgilər lazımdır. Ondan qabaq müharibə səhnəsi çəkməliyik. Düzdür, Müdafiə Nazirliyindən bizə məsləhətçi vermişdilər. Amma özüm də qazilərlə danışırdım, soruşurdum ki, belə bir situasiya, belə səhnə ola bilərmi? Hərbi səhnələrlə bağlı qazilərin fikirləri üst-üstə düşürdü. Həkimlər isə hərəsi bir şey deyirdi. Təxminən yüz həkimlə danışmışam. Çünki bir serialda bunun peşmanlığını yaşamışam. Bir səhnə ilə bağlı bir həkimlə məsləhətləşmişdim, sonra tamaşaçılar şərhlərdə ciddi tənqid eləmişdilər ki, bu nədir, heç olmasa, həkimdən soruşun və s. Ona görə də bu dəfə hər detalı daha dərindən araşdırdım. Çünki özüm inanmadığım şeyi yaza bilmirəm. Mən bilməliyəm ki, qəhrəmanım necə döyüşüb, necə yaralanıb, güllə konkret haradan dəyib, necə oyanıb və s. Bunu yazmaya da bilərəm, sadəcə özüm üçün bilmək vacibdir ki, rejissora ötürə bilim, rejissor da aktyora ötürə bilsin. Bu, zəncirvari bir prosesdir. Nəhayət, tam hazır olduğumu, hekayəni yaxşı tanıdığımı biləndə yazmağa başlayıram. Mənim üçün film yazmaqdan yox, araşdırmadan başlayır. Getdiyin yolu biləndə, tanıyanda daha rahat gedirsən, nəinki çıxırsan düzə və yaza-yaza tapırsan yolu. Mən bu üsulla işləyə bilmirəm. Gərək çox yaxşı hazırlaşım; hekayə harada bitməlidir, harada nə olmalıdır. Ola bilər ki, gedişatda nəsə dəyişsin, amma əksər hallarda hara və necə getdiyimi əvvəldən dəqiq bilməliyəm.

“İlahi, mən burdayam!” bədii filminin pərdəarxası, rejissor Qulu Əsgərov

– “Zirzəmi”, “Hasar”, “Mən burda tək olmuşam, ilahi” – hər üçü müharibə mövzusundadır. Danışdıqlarınızdan belə başa düşdüm ki, sizi müharibədən çox, hər hansı ekstremal, riskli situasiyada fərdin davranışı maraqlandırır və Azərbaycanda hələlik ən ekstremal situasiya müharibə olub.

– Hə. Düşünürəm ki, elə situasiyalarda insanın onurğası, xisləti çox çılpaq görünür. Normal həyatda özümüzü cəmiyyətdən, dost-tanışdan gizlədə bilirik. Amma insan ekstremal vəziyyətlərə düşəndə özündən asılı olmadan əsl kodu, xisləti nədirsə, onu göstərir. Mənə bu kodu çözmək prosesi çox maraqlı gəlir. Öz çevrəmlə də bu barədə danışıram, soruşuram. Təbii ki, cavabların heç biri səmimi deyil, çünki düşməmisən o vəziyyətə. Bunu gərək çox araşdırasan, ilk dəfədən cavab alacağın bir məsələ deyil. Amma araşdırdıqca maraqlı tərəflər açılır.

– Haradasa oxumuşdum ki, əslində, ekstremal hadisələr insan üçün bir sərhəddir. Onu keçdinsə, insanlığını itirirsən, amma hər şeyə rəğmən orada dayana bilirsənsə, özünü saxlaya bilirsənsə, insanlığını qoruyursan.

– “Stop” xətti. Biz bunu “Hasar”da eləmişdik. Maraqlı olan da elə budur. Müharibədə insanlar həlak olur, bu, müharibənin normasıdır. Sən bilə-bilə ki öldürsən də, sənə heç nə olmayacaq, amma içində bir  şey qırılacaqmı, ya yox? Bizim də devizimiz bu idi. Müharibə insanların qarşısına bir sual qoyur: ya insanlığını itirəcəksən, ya insan qalacaqsan. İdeya olaraq bu cümləni götürmüşdüm. Qarşında bir dilemma var. Elə bir dilemma ki, bəlkə özün haqqında bilmədiyin şeyləri aşkara çıxaracaq və səni elə bir yola salacaq ki, özünü yenidən kəşf edəcəksən. Bax, bu məsələlər həmişə məni çox maraqlandırır. Ona görə də son üç ildə yazdığım bütün ssenarilər bu mövzudadır. Düşünürəm ki, bir müddət belə də davam edəcək.

– Bu sizin müharibə mövzusuna şəxsi yanaşmanızdır. Bəs ümumi götürəndə biz müharibə haqqında necə filmlər çəkməliyik?

– Ən minimalından götürsək, onlar geniş kütlənin kriteriyalarına cavab verməlidir. Məsələn, ekşnlə başlamaq olar. Hətta söhbət filmin kommersiya tərəfindən gedirsə, birinci ekşndən başlamaq lazımdır. Təəssüf ki, bizim ölkəyə şamil olmayan bir misaldır, çünki bunu etmək üçün nə maddi imkanımız, nə də təcrübəmiz yoxdur.

– “Atabəylər” kimi mövzulara ayrılan və yoxa çıxan vəsaitləri yada salsaq, maddi imkan var.

– Razıyam. Hətta xaricdə 15 milyona istehsal edilən filmi biz 3 milyona çəkə bilərik. Çünki bizdə insan faktoru başqadır, məvaciblər başqadır, başqa məbləğlərlə işləyirik. Kobud misal olacaq, amma bizdə ssenarist işinə görə 500 min manat almır. Ona görə də şəffaf şəkildə, nəzərdə tutulduğu kimi xərclənən 3-4 milyon olsa, məsələn, “Sıravi Rayanı xilas etmək” (rej. S.Spilberq) (red.) üslubunda bir film çəkmək olar. Düzdür, mən o filmi sevmirəm, amma fikirləşirəm ki, bu üslubda bir film geniş kütləni sürətlə kinoteatra gətirər. Çünki belə filmlərin sxemi hər yerdə eynidir. Hollivud sxemi. Bu sxemin işlədiyi dəfələrlə sübut olunub. Müharibə dövründə insanlar ən çox nəyi izləyirdilər? Haranısa partlatdıq, kimsə canı bahasına qəhrəmanlıq elədi və s. Belə hekayələr onları ekranda da cəlb edər, buna əminəm. Hətta özüm də o kinoya baxmaq istəyərəm. Şuşanın fəth olunması, Cəbrayılda olan döyüşlər  – hamısı ekrana çıxa bilər. Amma bu, hələlik mümkün görünmür. Çünki hazırkı proses davam edəcək. Durğunluğu nəzərdə tuturam. Hətta daha da pisləşir. Artıq bu ilin yarısı keçib. Bir filmin istehsalat dövrü minimum altı aydır. Yəni sabah başlasalar, bu il üçün artıq gecikiblər. Bu il ayrılan vəsait də havaya getdi. İstehsalat yoxdur, səbəbini çözə bilmirik, inzibati problemlərdən xilas ola bilmirik. “Mən burdayam, ilahi!” filminin çəkilişləri bitib və post-prodakşn üçün müəyyən vəsaitə ehtiyacımız var. Hazırda İctimai kanalla danışıqlarımız gedir, daha sonra Mədəniyyət Nazirliyinə də müraciət edəcəyəm. Bilmirəm, necə olacaq, amma çox güman ki, “yox” cavabı alacağam. Bütün hallarda, “hə” də desələr, “yox” da desələr, bir statiskadır. İnsanlar üç ildən sonra da olsa, qələbəyə dair nəsə izləməyi çox istəyirlər və biz bunu onlara verə bilmirik. Bu, o qədər mənfi bir haldır ki?! Yəni siz o qədər acizsiniz ki, üç il ərzində bu mövzuda bir film istehsal edə bilmədiniz?!

– Mən də düşünürüəm ki, heç olmasa, bir dənə ekran qəhrəmanı olmalıdır. Bunu çəkə biləcək rejissorlar da var və özlərini sübut ediblər. Elxan Cəfərov, misal üçün.

– Elədir. “Zirzəmi” üçün də elə Elxan müəllimlə danışırdıq, o çəkmək istəyirdi. İdeyalar da var, şərait yoxdur. Söhbət tək məndən getmir. Biz geniş kütləni kinoteatra gətirə bilmirik, amma çalışırıq ki, xaricə çıxaq. Baxın, festivallara gedirik. Adam orada özünü qəribə, yad hiss edir. Çünki insanın evinin içində bir dəstəyi olmalıdır. Hər kəs yerli bazarda məşq edir, təkmilləşir, sonra xaricə çıxır. Biz həmişəki kimi işə “fil düzəltməklə” başlayırıq. Halbuki “siçandan” başlaya bilərdik və gəlib çatardıq “filə”. Yoxsa fil düzəldirik, sonra da deyirik ki, o çatmır, bu çatmır, o qolunu kəsirik, bu qolunu. Axırda da camaat siçandan filə qalxır, bizdə də bir dənə eybəcər siçan alınır. Ona görə də “Mən burdayam, ilahi!” filmini müstəqil çəkmək qərarına gəldik.

– Dövlət sifarişiylə film çəkilmir, amma müstəqil rejissorlar işləyirlər. Elvin Adıgözəl filmini bitirib, hazırda post-prodakşndadır, Türkan Hüseynova işləyir, yəqin ki, tezliklə hansısa festivaldan Hilal Baydarovun təzə filminin sorağını eşidəcəyik.  Siz də filminizi müstəqil çəkmisiniz. İndi bu dövrü necə adlandıraq? Azərbaycanda kino istehsalı var, ya yox? Birbaşa “yoxdur” deyəndə müstəqil işləyən rejissorlara haqsızlıq olmurmu?

– Ölkədə kino istehsalı yoxdur. Mən bu barədə bir çox həmkarımla danışıram. İldən-ilə insanlar küsürlər, özlərinə qapanırlar, başqa yerlərə üz tuturlar. Hər kəs sərmayə tapıb kino çəkə bilmir, axı. Mən demirəm ki, həmişə gözümüzü dövlətə dikməliyik. Ümumiyyətlə, mən fikirləşirəm ki, ildə iki film çəkmək imkanım olsaydı, heç vaxt dövlətin nəzarətində işləməzdim. Orxan Mərdan həmişə deyir ki, kömək eləməyin, bizə toxunmayın, biz özümüz özümüzü idarə eləyərik.

– Bu danışdıqlarımızdan sonra verəcəyim sual bir az qüvvəsini itirir, amma yenə soruşacağam. Bir çox peşəkarlar belə fikirləşir ki, kinomuzun əsas problemlərindən biri yaxşı ssenarilərin olmamasıdır.  Doğrudan, ssenari məsələsi kinomuzun əsas problemlərindən biridir?

– Düşünürəm ki, buradakı “bizim” sözünü bütün dünya kinosuna şamil etmək olar. Ssenari məsələsi bu dəqiqə bütün dünyanın problemidir, söhbət yaxşı ssenaridən gedir. Bu hər yerdə müzakirə olunan bir məsələdir. Amma bizim problemimiz təkcə ssenari məsələsi deyil, kompleks problemlər var. Məsələn, əksəriyyət rəng korreksiyasının mahiyyətini bilmir deyə, bu sahədə nə qədər böyük problemimiz olduğunu anlamır. Ssenari ilə bağlı problem beşdirsə, rəng korreksiyası ilə bağlı 50 mindir. Səs tərtibatında problemlərimiz var. Bir sözlə, problemlərimiz çoxdur. Sadəcə ssenari, rejissor, aktyor məsələsi daha üzdə olduğuna görə onların üstünə düşürlər. Ssenari problemimiz isə dünyada olduğu qədərdir. Ümumiyyətlə, kino istehsalatı olmayan bir ölkədə bu problemin olmağı çox normaldır. Əla ssenarilər yazılsa belə, çəkilməyəndən sonra nə olsun? Kino tək ssenari deyil, axı. Biz komanda işi görə bilmirik deyə, çox çətinlik çəkirik. Fərdi işlərdə möhtəşəmik, komanda işində isə zəncirvaridir deyə, problem yaşayırıq. Kino sahəsi, istehsalat yoxdur deyə, praktika da yoxdur. Təməl problem budur. Lap ideal bir ssenari verək. Məsələn, Rüstəm İbrahimbəyovun hansısa ssenarisini yenidən ekranlaşdırsınlar. Peşəkar, möhtəşəm bir ssenaristdir. Amma tək ondan ibarət deyil, axı. Kino komanda işi olduğuna görə onun problemini bir şeydə göstərmək düzgün deyil. Məsələn, futbol komandası kimi baxsaq, tutaq ki, müdafiə zəifdirsə, onu gücləndirməyə çalışırsan. Kinoda isə belə parametr yoxdur, hər şey zəifdir. Haradan yapışaq istehsalat olmayan yerdə? Biz gərək sadəcə çəkək. Çəkdikcə öyrənəcəyik. Praktika. Ekranda görək, işləyək. Çoxları nəzəriyyəni mükəmməl bilir, amma kameranı əlinə versən, çəkə bilməyəcək. Bu da istehsalatın yoxluğundan qaynaqlanır.

– Bayaq dediniz ki, indi bütün çəkiliş prosesində axıra qədər qalırsınız, hətta səhnələrə, replikalara görə mübahisə edirsiniz. Filmin müəllifi rejissordur. Bunu bilə-bilə hara qədər mübahisə edə bilərsiniz?

– Düzü, çalışıram ki, belə məsələləri çəkilişdən əvvəl, hazırlıq mərhələsində həll edim. Çəkiliş meydançasında görürsən, bir aktyor nəsə yaxşı bir şey təklif edir və səhnə başqa yerə gedir. Bəlkə daha yaxşı yerə gedir, amma bir yerə qədər mübahisə edirəm. Təbii ki, hər zaman istədiyim olmur. Oradan o tərəfə də artıq yaradıcı mübahisədən çıxa bilər. Rejissor mənimlə razılaşmırsa, neyləmək olar, öz istədiyini çəksin. Adətən, dostlarla yığışıb çəkirik və bilirik ki, bir məqamdan sonra mübahisələrimiz həllini tapır. Tapmadığı vaxtlar da olub. Elə olub ki, mən orada uduzan tərəf olmuşam. Mən deyirəm, amma rejissor deyir ki, yox, mən bunu belə görmürəm. Bir subordinasiya, yazılmamış qaydalar var, rejissorun münasibəti əsasdır. Səhv etsə də, onun səhvidir, düz etsə də, onun düzüdür. Hamı rejissorun baxışını reallaşdırır.

“İlahi, mən burdayam!” bədii filminin pərdəarxası, rejissor Qulu Əsgərov


– “Mən burdayam, ilahi” Qulu Əsgərovla ikinci birgə işinizdir. Deməli, dil tapa bilmisiniz.

– Qulu ilə bir-birimizi rahat başa düşürük. Hər şeyi ssenari mərhələsində həll edə biləcəyim bir rejissordur. Ona tritmentdə hekayənin quruluşunu, getdiyim nöqtəni göstərirəm. O da öz fikrini deyir. Olur ki, bir az düzəlişlər edirik. Təkcə Quluyla belə işləyə bilirəm. Başqa vaxt tritmenti heç kimə göstərmirəm. Quluyla uzun illərin dostluğu var, bir-birimizi rahat başa düşə bilirik, ssenari çəkiliş meydançasına çıxana qədər uzun-uzun söhbətlər edirik. Hətta mən araşdırma aparanda o da mənimlə gedir, insanlarla görüşdə iştirak edir. Özü istəyir ki, hekayənin içində lap əvvəldən olsun. Bu, yaxşı bir şeydir və təcrübə ilə gəlir. “Mən burdayam, ilahi!” ilk müstəqil filmimizdir. Yaradıcılığa istehsalat prosesi də qarışıb və bu, adamı haçalayır. Hə, səhvlərimiz də var, düzlərimiz də var, olacaq da. Mən qətiyyən perfeksionist deyiləm. İnsan nəyisə yavaş-yavaş öyrənir. “İlk dəfədən mükəmməl edə bilmirəmsə, heç eləməyim” deməklə olmur. Ələlxüsus da bu ölkədə. Ona görə, yavaş-yavaş öyrənəcəyik. Davam etməyə gücümüz olsa… təbii, burada tamaşaçının da dəstəyi əhəmiyyətlidir. Tamaşaçı filmə gəlsə, müəyyən bir vəsait yığılsa, biz ikinci filmə yatırım edə bilsək, bu çarxı belə döndərməyə başlasaq, artıq nəsə etmiş olarıq, yəni dövlətin himayəsindən çıxarıq. Buna çox ümidliyəm və çox istəyirəm ki, bu film kinoteatrda müəyyən bir uğur qazansın ki, biz davam edə bilək, sözdə yox, həqiqətən müstəqilləşək. Bilək ki, artıq istədiyimiz ideyaları istədiyimiz formada, istədiyimiz üsullarla çəkmək, ekranlara buraxmaq imkanımız var. Düşünürəm ki, biz və bizim kimi başqa qruplar olsa, ən azı, xırda bir addım atmış olarıq və bəlkə illər sonra bu çarx daha sürətlə fırlanar.

Qulu Əsgərov və Nicat Dadaşov


– Nicat, bir halda ki ssenarilərinizdə hansısa müdaxilə və dəyişikliyə görə çox narahat olursunuz, sizin üçün hər replika, səhnə bu qədər vacibdir, heç özünüz çəkmək barədə düşünmüsünüz?

– Əslində, “bu barədə fikirləşmirəm” desəm, yalan olar. Ağlımda bir hekayə referensi də var. Riçard Linkleyterin “Gün doğmazdan əvvəl” trilogiyası üslubunda bir film çəkmək istəyirəm. Amma hələlik beynimdəki o xaosu sadəcə vərəqə köçürməyə gücüm çatır. Bəlkə bir gün o qədər güc topladım ki, yazdığımı çəkməyə də cəhd elədim, kim bilir.

Müsahibəni hazırladı: Aygün Aslanlı

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya