Nadir Bədəlov: Kinoşünas nəzəri yoxdursa, kino da yoxdur

Yəqin ki, ən naqis əməllərdən biri də başqasının söhbətinə xəlvətcə qulaq asmaqdır. Amma neyləyim, maraqlı söhbətdən heç cür keçə bilmirəm. Hamının bir mərəzi var, bu da mənim payıma düşüb. Nə isə, bu yaxınlarda mərəzimə sadiq qalaraq iki nəfərin bir film haqqında söhbətini, daha doğrusu, mübahisəsini, xəlvətcə dinləyirdim. Mübahisə elə bir həddə çatdı ki, tərəflərdən biri söhbətin predmetindən yayınıb belə bir sual verdi:
– Yaxşı kino sən nəyə deyirsən?
– Əgər baxdığım hər hansı film mənə təsir edirsə və bu təsir illər, hətta onillər keçsə də, yaddaşıma həkk olunub qalırsa, onu da yaxşı kino nümunəsi hesab edirəm, – cavab verdi birinci tamaşaçı, amma ardınca qarşısındakından eyni suala cavab tələb etdi.
– Bəs sənin üçün yaxşı kino nədir?
– Mənim üçün yaxşı kino odur ki, film adamı elə təsirləndirsin, maraqlandırsın ki, ona bir də baxmaq, onun haqqında düşünmək və oxumaq həvəsi yaratsın.
İkinci cavabda aktiv tamaşaçı mövqeyi ifadə olunmaqla bərabər, həm də kinoşünas üçün geniş meydan açır. Bu gün hansı daha vacib və aktualdır? Filmin özü, onun tamaşaçıya birbaşa təsiri, yoxsa ətrafında gedən fərqli rəylər, mübahisə və müzakirələr? Məncə, ikincisi. Çünki bu gün kino əsəri, yəni film, fərqi yoxdur, bədii, sənədli, animasiya, bir sözlə, kinematoqrafa aid olan bütün janrlar daxil, mediada tək deyil, yeni audio-vizual vasitələr, həyatımıza hətta fiziki olaraq nüfuz edə biləcək kəşflər durmadan artır. Bunlar da müzakirə obyekti olmalıdır, əks təqdirdə bütün bu ilk baxışda məzə, əyləncə kimi görünən süjetli oyunlar getdikcə başımızın üzərində daim artan anlaşılmaz qara qüvvəyə çevriləcək. Biz daim izlənirik. Deməli, biz də izləməliyik. İzləmək silahdırsa, köhnə dildə desək, qılıncdırsa, onu bilmək, araşdırmaq, ondan hər an xəbərdar olmaq qalxandır. İnsanda olan funksional yöndə dəyərləndirmə qabiliyyətini hələ uzun müddət heç bir süni intellekt onun əlindən ala bilməyəcək.
Kinoşünaslıq yoxdursa, kino da yoxdur.
Bu həqiqət bu gün elə səs salıb çığırır ki, hətta biz də onun səsinə ayılıb Azərbaycan Kinoşünaslar və Kino Gildiyasını yaratmaq zərurətini anladıq.
Artıq ikinci ildir ki, gildiya il ərzində çəkilən filmlərin müsabiqəsini təşkil edir. Adətən, bizim toplantılarımızda, filmlərə verdiyimiz qiymətlərdə iki nida bir-birinə qarşı durur. Birincisi, biz o filmə qiymət verməliyik ki, onlar dünya səviyyəsində nümayiş etdirilə bilsin, ölkəmizə ad gətirsin, rejissorlar ən nüfuzlu festivallarda mükafatlar qazana biisin, öz ölkəsini dünyada tanıtdırsın. Bunu necə eləmək olar? Cavabı bu gün yeni nəsl kinematoqrafçılarımızın durmadan təqdim etdiyi yeni-yeni layihələrdə axtarmaq lazımdır.
İkinci şüarımız bundan xeyli fərqlənir. Yeni filmlərimiz “Azərbaycan kinosu” anlayışını fenomen səviyyəsinə qaldırmalıdır. Elə filmlər çəkilməlidir ki, onları heç bir başqa ölkədə çəkilən filmlərlə səhv salmaq mümkün olmasın. Bu filmi yalnız azərbaycanlı və yalnız Azərbaycanda çəkə bilər. Kino nisbətən yeni sənət növüdür, amma onun kökləri qədimlərə gedib çıxır. Bizim də tariximizdə kinonun köklərini tapmaq olar. Öz kinomuz yaranmalıdır, əlbəttə. Bunun üçün zəmin ümumi tariximiz, üstəgəl yüzillik kino tariximizdir. Bəs bunu necə etməli? Çətin sualdır, cavabı kinematoqrafımızın sabahından eşidəcəyik.
İki ildə iki böyük, Azərbaycanda son iki-üç ildə çəkilən bütün filmləri əhatə edən iki müsabiqənin təşkili, zənnimizcə, yeni yaradılan təşkilat üçün heç də pis göstərici deyil. Bu iki ildə keçirdiyimiz musabiqələrdə həm mövzu, həm janr, həm də üslub baxımından bir-birindən xeyli dərəcədə fərqlənən, qarşımızda həcmli, əlvan mozaika açan filmlərə baxmaq, müzakirə etmək və qiymətləndirmək imkanı qazandıq. Bu filmlərdən yuxarıda yazdığım iki şüuara uyğun gələnlərini seçib önə çəkdik. Seçmək çətin idi. Çünki bu müsabiqələrdə zəif film iştirak etmirdi, hamısı maraq kəsb edirdi, hamısı mükafata layiq idi.
Bugünlərdə mükafatları təqdimetmə mərasimini keçirdiyimiz ikinci müsabiqəyə sözardı kimi yazdığım bu qısa rəydə “Ən yaxşı film” nominasiyasının qaliblərini qeyd etmək istərdim. 2024-cü ildə bu nominasiyanın qalibi “Tənha insanın monoloqu” filmi oldu. Bu filmdə, mənim fikrimcə, əsas ideya yoldur – Allah insana ayaqlar verib və insanın qarşısında yol açıb. Yol və ayaq o deməkdir ki, getmək lazımdır. Amma qayıdacaqmı gedən insan? Bu sual filmdə cavabsız qalır. Elə buna görə də sirr qalır, müxtəlif yozumlara əsas verir.
Bu il, 2026-cı ildə keçirilən müsabiqədə “2025-ci ilin ən yaxşı filmi” nominasiyasının qalibi “Mənim sehrli dünyam” tammetrajlı bədii filmi oldu. Bu filmin ideyasını da ümumiləşdirərək belə ifadə etmək istərdim – insan getmək istəyir, onu uzaq şəhərlər ecazkar səsilə çağırır, amma torpaq onu buraxmır, zorla da olsa, özünə çəkir.
Yalnız iki qalib filmdən danışdım, birində kino insanı yola çəkib aparır, “qol-budaq kimi uzaqlara, göylərə ucal” deyə çağırır, digərini isə kökə, torpağa bağlayır.
Qol-budaq və torpağa bağlı kök. Ağac şəkli alındımı? Məncə, hə. Başlanğıc üçün yaxşı nəticədir. Amma hələ şəkil natamamdır. Yəqin ki, bu ilkinlik fəlsəfəsini verən ağac surətinə sonradan əlavələr olacaq. Filmlər çəkilir, müsabiqələr də, qismət olsa, davam edəcək.
Nadir Bədəlov sənətşünas