Multimedianın insan beyninə təsiri

Baxmaq və oxumaq arasında fərq: Teatr, kino, serial insan beynini necə dəyişir
“Mikrorayon” serialı ətrafında olan müzakirələrdən biri də serialda göstərilən həyat tərzləri, küçə həyatının gənclərə mənfi təsiri, qəhrəmanlardan pis nümunə götürmə iddiaları idi. Hətta serial yayımlandığı zaman Sumqayıtda məktəbyaşlı gənclərin kütləvi davası xəbərinə reaksiyaların əksəriyyəti də bu yöndəydi. Mənim bu mövzuda fikirimi soruşsanız, deyərəm ki, bu tip işlərlə bağlı qəanətlər “mənim-sənin fikrinlə” olmasa, yaxşıdır. Bəlkə bir ömür yaşamış müdrikin də həyat təcrübəsi və müşahidəsi qəti bir söz deməyə yetməz. Çünki mediumun bu növləri (kino, serial) cavandır və bir nəslin təcrübəsinin bu haqda qənaətbəxş nəsə deməsinə kifayət etməyə bilər. Bir yandan da bu günün insanı data, elm insanıdır, robotdan məsləhət dinləyər, ağsaqqaldan yox. Amma, bəlkə, bəzən dinləsəydi, hər verilən datanı sorğu-sualsız, Quran ayəsi kimi qəbul etməməyi də öyrənə bilərdi. Bu da ayrı söhbətin mövzusudur, mətləbdən yayınmayaq.
Madam hər addımı “research paper”lə (elmi araşdırma), data ilə götür-qoy edirik, onda gəlin, baxaq görək bu istiqamətdə neyrobiologiya, sosiologiya elminin son qənaətləri nədir.
Bir neçə il öncə bu mövzuda kiçik araşdırma eləmişdim – ən azı, əlimdəki silahla özümü vurub öldürməmək üçün. Bu dəfə bir az dərinə gedəsi oldum, təkcə kino-serial yox, teatrı və kitab mütaliəsini də əlavə etdim.
Məsələnin bioloji təməli belədir: milyon illər ərzində bizim o çox güvəndiyimiz insan beyni real, birbaşa sosial qarşılıqlı təsirlərə və ətraf mühitin canlı təhdidlərinə cavab olaraq təkamül edib. Bu o deməkdir ki, formalaşmağımız üçün şərtlər real görə və toxuna bildiyimiz mühitdə baş verib. Heç bir şeyin translyasiya olunmadığı zaman və məkanda. Ona görə də bizim empatiya qura bilməyimiz, insanları, obrazları tanımağımız, sosial koordinasiya və proqnozlaşdırma üçün cavabdeh olan neyron şəbəkələrimiz sırf kommunikasiyanın “üz-üzə” baş verdiyi kiçik qruplarda sağ qalmaq üçün optimallaşıb. Yəni, beynimiz əvvəlcədən nə “Mikrorayon” serialını, nə də kinonu qavramaq üçün layihələndirilməyib. Lakin son bir əsr ərzində biz ətrafımızda tamamilə yeni bir (koqnitiv) mühit — canlı teatrı, kinematoqrafı, televiziya seriallarını və rəqəmsal platformaları özündə birləşdirən nəhəng bir multimedia landşaftı formalaşdırmışıq. İndi, axı, bizim beynimiz onlara görə təkamül edə bilmir bu sürətlə. Həm də daha pisi, bu media formatları elə insanın artıq mövcud olan neyrobioloji mexanizmlərindən, ya zəifliklərindən, belə deyək, maksimum istifadə etməklə, gündən-günə onu “hack” etmək üçün təkamül edir, etdirilir, yeni alqoritmlər, sosial araşdırmalardan doğan üsullar, klişelər və s. və. s. yaradılır.
Gəlin, əvvəlcə xoş xəbərlərdən başlayaq. Teatr kollektiv narrativin ən qədim formalarından biri olaraq müasir mediadan (kino, serial) fərqlənir, çünki o, aktyorların və tamaşaçıların bir məkanda fiziki iştirakını tələb edərək “sosial canlılıq” yaradır.
Teatrın, oyunun insana təsirini göstərən çox maraqlı tədqiqat layihələrindən biri “NEUROLIVE” adlanır. (London Universitet Kolleci, Qoldsmits Kolleci və Maks Plank Empirik Estetika İnstitutunun ortaq araşdırmasıdır). Onlar müasir rəqs tamaşalarına baxan tamaşaçıların beyin dalğalarını mobil EEQ (bildiyimiz Elektro-ensefaloqrafiya) sistemləri ilə ölçüblər. Nəticələr dəhşətlidir. Canlı çıxışlar zamanı tamaşaçıların beyni informasiyanın sosial emalı ilə əlaqələndirilən, bura cavabdeh olan, yəni, delta diapazonunda sinxronlaşır. Bu nə deməkdir? Sinxronizasiya, sinxronlaşma deyərkən tamaşaçının gördüyünü nə qədər qavraması, özündə nə qədər hiss etməsi, baxdığı şeyin içinə düşməsi, empatiya qurması nəzərdə tutulur. Xüsusən də ifaçılar “dördüncü divarı” sındırıb auditoriya ilə birbaşa göz təması quranda bu sinxronizasiya pik həddə çatır.
Aparılan başqa bir tədqiqat isə göstərdi ki, canlı teatr ziyarətçilərinin ürək döyüntülərinin tezliyi kinoteatr tamaşaçılarına nisbətən, təxminən, iki dəfə daha güclü şəkildə dəyişir və sinxronlaşır. Nəfəsalma və ürək ritmi yüksək gərginlik anlarında aktyorların özləri arasında belə sinxronlaşır. Qısası, ruha təmas edir.
“Bu datalarda xoş olan nədir” deyə soruşa bilərik. Yəni pis şeylə də sinxronlaşma ola bilər. Yaxşı tərəfi teatrlarımızda qoyulan tamaşaların pis olmamasıdır. Bir az mübahisəli, ölçülə bilməyən fikir kimi səslənə bilər. Söhbət forma yox (ənənəvi quruluşlar, klassik aktyor məktəbləri və s.), məzmundan gedir. Həm də teatr, axı, həyatımızın içində tv, serail, kino, internet qədər deyil. Özündə teatra getmək üçün sevgi tapan insan isə böyük ehtimalla yuxarıda sadaladıqlarımın əsarətində deyil.
Bəs bədii filmdə, kinoda məsələ nə yerdədir? Gəlin görək, böyük kütləvi kinematoqraf sənayesi, xüsusən də fərdin görmə və eşitməsi üzərində, az qala, mütləq nəzarətə malik olan rejissura, əslində, neyrobiologiyamızla nə oyun oynayır.
Teatrdan fərqli olaraq, kinematoqraf insan idrakı üzərində mütləq tiranlıq qurur. 2008-ci ildə Uri Hasson “neyrokinematika” (Neurocinematics) adlı yeni bir sahə yaradıb. O, funksional maqnit rezonans tomoqrafiyasından (fMRT – bildiyimiz tomoqrafiya) istifadə edərək, filmlərin beyin fəaliyyətimizi necə ələ keçirdiyini öyrənmək üçün analizlər aparıb və məlum olub ki, bu diktaturanın gücü tamamilə montajdan və rejissor üslubundan asılıdır. Məsələn, “Alfred Hiçkok təqdim edir” (“Alfred Hitchcock Presents”) serialında kəskin montaj kəsikləri (“cut”lar) və yaxın planlar sayəsində tamaşaçıların beyin qabığı səthinin 65%-dən çoxu tam sinxronlaşmışdı. “Pis, yaxşı və zalım” (“The Good, the Bad and the Ugly”) filmindəki döyüş səhnələri beynimizi 45% səviyyəsində sinxronlaşdırır, daha az strukturlaşdırılmış (yəni, standart nəqletmə şablonlarından çıxan, klişesi az olan) “Həvəsinizi cilovlayın” (“Curb Your Enthusiasm”) komediyası isə yalnız 18% qabıq sinxronizasiyası yaradır. Buradakı faizlər də yenə tamaşaçının baxdığı şeyləri nə qədər anladığının, onunla bağ qura bilməyinin göstəriciləridir.
Bu nə deməkdir? Rejissorun kəsdiyi hər kadr, verdiyi hər səs milyonlarla insanın beynini hərfi mənada eyni ritmdə “döyünməyə” məcbur edir və seans zamanı tamaşaçını koqnitiv muxtariyyətdən, yəni, sərbəst düşünmək qabiliyyətindən məhrum edir. Buradan bir haşiyəyə çıxsaq, deyə bilərik ki, bir filmin sinxronlaşma faizi nə qədər azdırsa, o qədər yaxşı (burada intellektual da anlaşıla bilər) filmdir. Çünki bizə hazır bişmişi vermir, beyin onu anlamaq üçün səy göstərir. (hərçənd bu məntiqlə, filmin çox pis olduğu üçün başa düşülmədiyi ehtimalı da var)
York Universitetinin doktoru Sebastian Saqqeytin (Sebastian Suggate) apardığı bir eksperiment də var. Bu, baxmaqla mətn, kitab oxunan zaman beynin fəaliyyətini müqayisə edən təcrübədir, yetkin iştirakçılara sürətli və yavaş templi film fraqmentləri göstərilir. Nəticələr yenə sarsıdıcıdır. İstənilən video məzmuna (hətta yavaş templi olsa belə) baxmaq beyində koqnitiv “kütləşməyə” səbəb olur. Mətn oxumaqla müqayisədə beynin zehni obrazlar yaratmaq qabiliyyəti (vizual təxəyyülü) video izlədikdən sonra, ən azı, 25 saniyə ərzində pisləşir. Aylarla, illərlə bu cür passiv şəkildə obrazların istehlak edilməsi isə beyindəki funksional əlaqələri sistematik olaraq zəiflədir. Kitab oxumaq beynin aktiv iştirakını tələb edir. Mətni anlamaq, təxəyyül dünyası qurmaq üçün beyin bütün kompleks sensor sistemlərini (görmə, eşitmə, toxunma, hətta qoxubilmə) müstəqil şəkildə işə salmalıdır. Video kontent, kino, xüsusən də serial isə reallığı hazır bişirib verir, beyni onu qurub-yaratmaq, ya analiz edib anlamaq zəhmətindən qurtarır.
Hətta nəyi necə, hansı daşıyıcıda oxumaq da vacibdir. Yaponiyada fMRT (funksional maqnit rezonans tomoqrafiyası) vasitəsilə aparılan “nədə oxumaq” (“daşıyıcı effekti”) araşdırmasında bir qrup mətni kağızdan, digəri planşetdən oxuyub. Məlum olub ki, elektron cihazdan oxuyarkən beynin ön hissəsində dilin emalı və narrativin inteqrasiyası ilə bağlı bölgələr çox zəif aktivləşir. Kağız kitab isə mətnin səhifədəki yerləşməsi, taktil hisslər kimi fiziki və məkan ipucuları verdiyi üçün beynin, yaddaşın patternlərini birləşdirməsi və detalları xatırlaması işi asanlaşır. Üstəlik, yeniyetmələr üzərindəki böyük “ABCD” (Adolescent Brain Cognitive Development” – (“Yeniyetmələrdə beyin və koqnitiv inkişaf”) məlumat bazasının məlumatları göstərir ki, müntəzəm mütaliə frontal və temporal bölgələrdə beyin həcmini artırır. Ekranlardan həddindən artıq istifadə isə ağ maddənin bütövlüyünün pozulması, koqnitiv qabiliyyətlərin azalması və ən pisi — aqressiv davranışların çoxalmasına qədər gətirib-çıxarır.
Qayıdaq Sumqayıtdakı “kütləvi dava” məsələsinə və “Mikrorayon”a. Yuxarıda dediyim kimi, məktəbyaşlı uşaqların cinayətkarlığı, davası təkcə ekranda gördüklərini yamsılamaqlarından irəli gəlmir. İş ondadır ki, striminq platformaları (Netflix, “YouTube/TV” trendləri) serialları “fasiləsiz, ard-arda baxmaq” (binge-watching) formatına keçiriblər. Bu format, xüsusən də hər seriyanın ən maraqlı yerdə (“cliffhanger“) kəsilməsi, birbaşa beynin mükafatlandırma sistemini, dofamin istehsalını sındırmaq üçün dizayn edilib. Neyrobioloqlar sübut edirlər ki, qısa videolar (TikTok, Reels) və ya bu tip fasiləsiz seriallarla beyni xroniki hiperstimulyasiyaya məruz qoymaq dofamin reseptorlarının həssaslığını azaldır. Beyin, əhvalını qorumaq üçün daha çox stimula ehtiyac duyur, daha çox baxmaq istəyir, mütaliə və canlı söhbət isə ona dözülməz darıxdırıcı gəlir. Buna “beyin çürüməsi”- “brain rot” deyilir. Əsas zərbəni isə hələ tam formalaşmamış, qərar qəbuluna və impuls nəzarətinə cavabdeh olan prefrontal qabıq alır. Diqqətin hədəfi o qədər çox dəyişir ki, impuls nəzarəti zəifləyir, boz maddə azalır. Ekran, mavi işıq melatonini basdırır, yuxu və yaddaş məhv olur (“rəqəmsal yorğunluq”). Yəni o uşaq davanın ortasına, bəlkə də, qəhrəmanı təqlid etmək üçün yox, fasiləsiz ekrana baxmaqdan tormozlanmış prefrontal qabığı, beyni, öz (məhv olmuş impuls nəzarəti(sizliyi) ucbatından) aqressiyasını idarə edə bilmədiyi üçün, ya da ekranla da doymayan dofamin aclığını doydurmaq üçün atılır.
Yazınının əvvəlində tərəfsiz görünmək, sadəcə datalarla danışmaq istəsəm də, sona doğru hər şeydən narazı, hər kəsə məsləhət vermək istəyən ağsaqqala çevrildiyimi görürəm. Halbuki “Mikrorayon” serialı çox xoşuma gəlib və 12 seriyalıq bir məzmunun cəmiyyətə nə mənfi, nə də müsbət təsiri edəcəyini düşünmürəm. Amma dünya striminqləri və hər növ medium dəryasında boğulan bir beyin üçün bunun da bir damcı olduğunu istisna etmirəm.
Hərçənd əks nümunələr də az deyil (Bıçağı necə istifadə etmək misalı). Məsələn, meksikalı televiziya prodüseri Miqel Sabidonun etdiyi inqilablar. O, vaxtilə Albert Banduranın nəzəriyyəsinə əsaslanaraq “Əyləncəli təhsil” (E-E) metodologiyasını yaratmışdı. Sabun operalarında xüsusi olaraq “Keçid personajları” (auditoriyanı təmsil edən, əvvəl səhv edib sonra dəyişən personajlar) yaradaraq cəmiyyəti manipulyasiya (bu sözün müsbət mənasında, əgər belə mənası mümkündürsə) edirdi. Bizə də rimeyki çox yaxşı tanış olan “Sadəcə Mariya”dan sonra (“Simplemente María” (1969) Peruda qadınları savadlılıq faizi xeyli çoxalmış, tikiş maşınlarının satış sayı artmışdı. (Bəlkə də elə məqsəd bu idi, kim bilir.) Meksikada isə Sabidonun serialları əhali artımını 34% azaltmış və buna görə BMT-dən mükafat da almışdı.
Bir az pafoslu şəkildə olsa da, bizim “Vətəndaş A” da belə örnəklər arasında ola bilər. Amma, təəssüf ki, onun cəmiyyətə təsirini ölçən heç bir sosioloji araşdırma yoxdur. Xəbər portallarına isə Almazdan təsirlənən, onu rol model görənlər yox, Azikin sələfləri maraqlıdır.
Ancaq könül istərdi ki, kimsə rol modelini nə kinoda, nə serialda axtaracaq qədər biqərar olmasın. Yaxşı kitablardan aldığı kimi, yaxşı kinodan da sadəcə zövq alsın, həyəcanlansın, hissləri ərşə qədər qalxsın və fərşə düşdükdə özünü bu həyatı ciddiyə alıb-almamaqla bağlı sualın cavabını tapmış və xoş bir təbbəsümə qərq olmuş halda görsün. Daha “bilgələrimiz” kimi filmlərimizdə, seriallarımızda bir öpüş görüb, bir söyüş eşitdikdə həyəcanlanıb mənəviyyat keşikçisinə çevrilməsin. Çünki sənət bu deyil, həyat da bu deyil. Nə olduğunu bilməsək də, bu olmadığı dəqiqdir.
Mirbağır İsmayılov