İNDİ OXUYUR
“Köpək” ideologiyası

“Köpək” ideologiyası

1994-cü ildə rejissor Tofiq Tağızadənin çəkdiyi “Köpək” bədii filmi Azərbaycan kinosunda bəxti gətirməyən filmlər arasındadır. Belə ki, film istehsaldan sonra kinoteatrlarda nümayiş edilməyib. Film, tənqidi mövqedə duraraq, Sovet dövrünün ideologiyasını simvollarla təmsil edir. Buradakı köpək obrazı heyvanı mənalandıran funksiyadan çıxaraq, insanın düşdüyü vəziyyəti təsvir edən əsas anlayışa çevrilir. Filmin mövzusu iş tapmaq ümidilə yola çıxan insanların düşərgə kimi yerdə, qeyri-insani şərtlər altında fiziki və mənəvi məhv edilməsindən bəhs edir. Bu düşərgə Sovet dövrünün kiçik modelini əmələ gətirir. Filmin ümumi ağır atmosferində insanın sadəcə sosial roluna görə deyil, həm də insan olduğu üçün qiymətləndirilməsi və bu yolda durmadan apardığı mübarizə təsvir edilir.


Keçən əsrin 30-cu illərində Z.Krakauer, məqalələrində kinonun sosial-ideoloji aparat olduğu ilə bağlı fikirlər səsləndirmişdir. Z.Krakauer, film ideoloji vasitə olaraq, həmin andakı tarixi sosial şəraiti göstərməli, “Panglossian”dan ( yaşadığımız dünyanın ən yaxşı yer olduğu haqqında optimist təsəvvür) çəkinməli olduğunu bildirmişdir. Hakim təbəqənin hakimiyyətini bərqərar etmək üçün həm fiziki gücdən, həm də mədəni-ideoloji vasitələrdən istifadə edilir. Antonio Qramşinin mədəniyyət və ideologiyaya dair araşdırmalarında əsas anlayış hegemonluqdur. Bu anlayış mədəniyyət, güc və ideologiya anlayışları ilə bağlıdır. Qramşinin əsas narahatlığı, elitanın cəmiyyətin qalan hissəsinə necə hakim olması və əksəriyyətin  bu hökmranlığı necə qəbul etməsidir. Hakimiyyət güc tətbiq etmədən çoxluğu necə idarə edə bilər? Qramşi bu sualın cavabını hegemonluq anlayışında tapır. Necə olur ki, bir ovuc kapitalist, cəmiyyəti onu öz maraqlarına uyğun idarə edir? Çünki bu azlıq dövlətin və onun orqanlarının, medianın sahibidir. Bu alətlər sayəsində azlıq, çoxluğun nəzarətini təmin edir.


Filmin ilk səhnələrində bir qrup insan iş tapmaq üçün gözləyirlər. Bu sinif maddi cəhətdən əziyyət çəkən potensial işçi sinifidir. Film, işçi sinifi ilə hakim sinif arasında gedən prosesləri təsvir edir. Muzdlu işlə məşğul olmaq istəyən bu sinif, birdən-birə kollektiv işçi sinifi olaraq, iqtidarın quluna çevrilir. Sovet dövrünün burjuaziyaya qarşı yaradılan işçi sinifin təmsili olan bu sinif üçün iqtidar “torpaq sizin, məhsulu bizim” siyasəti yürüdür. Bu zaman filmdə daha bir məsələ – kollektiv və fərdilik üzə çıxır. Kollektivizm fərdi azadlıq üzərindən bir növ, xətt çəkir. Lakin azadlıq anlayışının ideoloji əsası vardır.

Filmdə baş qəhrəman (Məmməd Səfa) dəfələrlə qaçmağa cəhd edir. Qaçış azad olmağın yolu olsa da, həm də iqtidarın gücünün göstərilməsi üçün mühüm şərtlərdəndir. Filmin əvvəlində, meydanda, dəfələrlə qaçmağa cəhd etmiş, məkanın qayda-qanunlarını pozan işçi asılır. Bu edam, həm cəza, fərdi azadlıq baxımından isə qurtuluş yoludur. Hakimiyyət, yalnız, subyekt öz azadlığı üçün mübarizə apardıqda qurula bilər. Yəni, iqtidarla azadlıq arasında sıx əlaqə mövcuddur. Qul olmaq, sadəcə, əlləri zəncirli olarkən deyil, qaçmaq istəyərkən iqtidarın öz gücünü göstərməsi ilə işə düşən mexanizmdir. Filmdə, əsirlər varlı insanlara boyun əyirsə hakimiyyət və ya köləlikdən söhbət gedə bilməz. Bunun üçün əks hərəkətə keçmək lazımdır. Biz, baş qəhrəmanda bunu görürük. O, kollektivin bir parçası olduqdan sonra iqtidar ideologiyası dayanmır. O yenidən qul insanlar tapır və onların vasitəsilə işə düşür. Elə filmin sonunda it komasına zəncirlənən gənc adam kimi..

Köləliklə köpək arasında ideoloji cəhətdən əlaqə mövcuddur. Biri insan, digəri heyvan olsa belə, onların sahib ilə arasındakı münasibətlər uyğunluq təşkil edir. Filmdə bir insan (qul) nə köpəkdən, köpək isə quldan fərqlənmir. Elias Kanetti “Kütlə və iqtidar” əsərində qeyd edir: “İnsanlar, heyvan sürüləri kimi insanları bir yerə toplamağa başlayandan tiranlığın əsası qoyuldu”.

Filmdə də görürük ki, insanlar köpək olmağa məcbur olunur. Bu, əslində bir arzudur. Köləliyin yayılmasının ilk xüsusiyyətlərindən biri, insanı heyvana çevirmək arzusudur. Qul, mülk olaraq əşyadan çox, heyvana yaxındır. Hansı ki, sürüdən ayrılmış, öz sahibinə xidmət edən köpək, qulla eyniləşir. Filmdəki işçilər də aid olduqları cəmiyyətdən təcrid olunaraq, sahibinə tabe olur. Eynilə köpək kimi bəzi şeyləri etməməli, bəzi şeyləri isə təkrar-təkrar etməlidir.


Filmdə qullar iki yerə bölünürlər: Sahibinə köpək kimi sadiq olan qullar və heyvan sürüsü halında işlədilən qullar. Filmdə qul sinifi təkcə “patoloji formalı” ideologiyanı əsas tutan Sovet hakimiyyəti üçün deyil, bəşəri mövqe daşıyırdı.

Daha bir məqam isə filmdə işçilərin duruşlarındadır. Belə ki, köpək kimi zəncirlənənlər komalarında oturaq vəziyyətdə, işçilər isə ayaq üstdədir. Onlar vaxtlarının çoxunu bu iki duruş vəziyyətində keçirirlər. Baş qəhrəman, insan olaraq əsas mübarizəsini ayaq üstdə olarkən aparır. Ayaq üstdə durmaq, insanın hələ də (real olmasa belə) özünü azad hiss etdiyi vəziyyətlərdən biridir. O özünü qorunmuş və möhkəm hiss edir. Daha az ətrafa və geriyə baxdığı üçün arxadan gələcək təhlükəyə daha qorxusuz yanaşır. Yerdə oturmaq isə insanın ehtiyac yoxluğunu göstərir. Heç bir şeydən gözləntisi yoxdur və hər şeyi qəbul edir. Filmdə köpək yerinə qoyulan insanlar məhz bu kateqoriyaya aiddir. Filmin döyüş səhnəsində baş qəhrəmana diz çökməsi ilə bağlı əmr olunur. Diz çökmək hakim təbəqə ilə üz-üzə gəlmək anıdır. Bu anda insan öz məğlubiyyətini qəbul edir və qarşı tərəfin gücünü artırır.
Məsələn, döyüş səhnəsində qəhrəman, digər köpək yerinə qoyulan insanı öldürür. Bu, sahib üçün qalibiyyət olsa da, obraz üçün məğlubiyyətdir. Çünki, o bir növ heyvanlaşdığını sübut edir. Buradakı işçilər qul olsalar da, ondan daha üstün mövqedə dururlar. Çünki onların iş qabiliyyəti daha vacibdir. Köpəyə çevrilmək isə sahibin əyləncəsinə xidmət edir.

Filmin əvvəlində düşərgədə işçilərin meydana gətirildiyi zaman onlara dirijorluq edən adam göstərilir. Bu dirijor sonrakı səhnələrdə də “orkestrə” başçılıq edir. Dirijor hakimiyyətin simvolik təmsilidir, eynilə dirijor kimi qulları idarə edir. O yalnız irəliyə baxır. Hamı ona tabedir və onun əmri altında əlləri ilə yönləndirilir. Hər işçi, dirijorun onu izlədiyinin fərqindədir.


Filmdə işçilər yemək üstündə dalaşan zaman  musiqi çalınır və onları məcazi mənada yönləndirir.Bu gərginliyin forma almasında, başlanğıc və sonluğunda əsas qüvvə məhz drijor, yəni hakimiyyətin gücüdür.Kütləvi dava səhnəsi, əvvəldən mövcud olub həmin anda çalınan musiqilə paralellik təşkil edir.

Sovet ideologiyasının insanların beyinlərini necə yuduqlarını göstərən, onları manqurtlaşdırmağa, haqqlarını tələb edənlərin haqsız olduqlarını yeritdiyini təsvir edən səhnələr də filmdə verilir. Mübarizə aparmaq, insan olduğunu dilə gətirmək xain olmaq səviyyəsinə çıxarılır.
Lakin insana, heyvan olduğunu qəbul etdirmək yaradılış baxımından mümkün deyil. O öz şüurunda insan olduğunu bilsə də hakimiyyət bu düşüncəni dilə gətirməyi qadağan edir. Bu cəhətdən filmin əsas nöqtəsi onun monoloqudur. Bu səhnə təsvir baxımından maraqlıdır. Belə ki, köpək komasında oturan qəhrəmanın əlləri zəncirlidir və aydındır ki, köpək yerinə qoyulur. Real köpək isə tamamilə azaddır. Bir növ, yerləri dəyişdirilən insan və heyvan heç cürə məkanla eyniləşmirlər. O, monoloqunda insan olduğunu həm özünə sübut etməyə çalışır, həm də realda durduğu yeri qəbul etmir.


Filmdə avtobus simvolik mənaya malikdir. Belə ki, burada keçid xarakteri daşıyan avtobus, tarixi nöqteyi-nəzərdən insanları kollektiv şəkildə, naməlum sonluğa, Sovet ideologiyasının parçası olmağa aparan maşındır. Elə bir vasitədir ki, onunla sadəcə irəli getmək mümkündür. Eynilə, hakimiyyətin irəli getdiyi kimi, avtobus da hakimiyyətin aparıcı qüvvəsi olaraq geriyə doğru hərəkət etmir. Avtobusun onu geriyə aparması isə sadəcə yuxusunda baş verir. Bu səhnə, qurtuluşun insan əlində olmadığını, kollektiv ideologiyaya yalnız əks kollektiv şəkildə mübarizə aparmağın mümkünlüyünü təsvir edir.


Filmdə keçmiş hakimiyyətin ideologiyası kəskin tənqid olunur. Lui Altusserin hakimiyyət və ideoloji orqanlar arasında əlaqəni, film açıq şəkildə göstərir. Filmdə mükafatlandırma və cəza mövcuddur. Burada ailə və təhsil kimi ideoloji orqanlar əsas olmasa da, kollektivin özü, boyun əyməkləri, ümumi düşərgənin özü, hakimiyyətin ideoloji orqanına çevrilir. İşçilərin başlarında duran silahlı nəzarətçilər isə cəza orqanlarını təmsil edir. Həmin silahlılar da mükafatlandırılan, köpək yerinə qoyulan insanlardır. Filmdə ağa (Fuad Poladov) işçiləri heyvan sürüsü kimi görür. Həmin işçilər nə qədər çox olarsa, bir o qədər öz gücünü artıran sahib kimi təsvir edilmişdir. Filmin final səhnəsində  göstərildiyi kimi, belə bir sistemin daxilində xoşbəxt sonluq mümkünsüzdür. “Köpək” filmi  ideologiyanın insan həyatına olan təsirlərini açıq şəkildə göstərən mühüm filmlərdəndir.

Şəlalə Bədəlova

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya