İNDİ OXUYUR
Sevgiyə aparan zəhərli yol

Sevgiyə aparan zəhərli yol

Kino aləminin parlaq və qeyri-adi səhifələrindən birini çox maraqlı bir aktyorun yaradıcılığı təşkil edir. Təbii ki, hər bir tamaşaçının düşüncəsi və zövqünə uyğun olaraq bu fikir müxtəlif aktyorlara şamil oluna bilər, lakin sözü gedən sənətkar kino platformasında öz möhürünü hələ 1989-cu ildə “Sol ayağım” filmi ilə vurmuşdu. Söhbət, Deniyel Dey Lüisdən gedir. Hollivudu öz peşəkar performansları ilə heyrətləndirən Dey Lüis, çağdaş aktyorlar və gələcək nəsil üçün çəkildiyi filmlərdə əyani ustad dərslərini təqdim edib. Onun dolğun yaradıcılığı haqqında saatlarla bəhs etmək olar.

Lakin bu dəfə aktyorun yaradıcılığının fərqli və məyusedici mərhələsi vurğulanacaq – onun səhnəni tərk etməsi. Deniyel Dey Lüisin bu qərarı verməsində bir çox məqamlar gizlənsə də, sənəti tərk etmək fikrini özü də tam dərk edə bilməyib. Bir şeyi mütləq qeyd etmək lazımdır ki, maestronun kino ilə vidalaşması da tamaşaçıların qəlbində silinməz bir iz qoydu.

Rejissor Pol Tomas Anderson Deniyel Dey Lüis ilə növbəti sənət əsərini – “Fantom sap” filmini 2017-ci ildə yaratmaq fikrinə gəlir (bu, rejissorla aktyorun ikinci işidir – 2007-ci ildə çəkilən “Neft” filmi də onların birgə işidir). Bu ideyanı həyata keçirməzdən öncə də aktyorun beynində rəsmi şəkildə karyerasını sonlandırmaq fikri dolaşırdı. Buna baxmayaraq, bu düşüncələrin öhdəsindən gələrək, filmdə Reynolds Vudkok obrazını dərindən cızaraq, sonuncu dəfə öz peşəkarlığını nümayiş etdirir.


“Fantom sap” filmində Anderson ilk dəfə dəb dünyasına müraciət edir. Dəb aləminin başlıca qəhrəmanı kifayət qədər həyat görmüş, yüksək istedadı olduğu qədər, ətraf mühitdən bir o qədər təcrid olunmuş asket modelyer Reynolds Vudkokdur. Onun şəxsiyyətini yaxından tanımaq üçün rejissor, ilk saniyələrdən tamaşaçını ideal həyat çərçivəsinə salır: qəhrəmanın səhər səliqə ilə hazırlaşması, otağın bir qayda olaraq havalandırılması və işıqlandırılması, Vudkokun süfrə arxasında zərgər dəqiqliyi ilə işlədiyi cızma-qaralar, “Mən axı demişəm, Coana. Bu evdə ağır yeməklər yeyilmir” sözləri, dərzilərin, xidmətçilərin Vudkokun ətrafında dolaşması onun xasiyyəti və həyat tərzi barəsində müəyyən təəssüatlar yaradır. Anasını itirən modelyer öz bacısı Siril və onun xasiyyətinə, həyat tərzinə tab gətirməyən, vaxtaşırı dəyişən sevgililəri ilə yaşayır. Hər gün modelyerin evində iş qaynayır. Libasları isə o, Londonun yüksək təbəqə üzvləri üçün hazırlayır. Bu isə onu olduğundan daha da sərt və dözülməz edir. Vudkokun damarını yalnız bacısı Siril tutub və özünü, ətrafı idarə etməkdə məhz o Reynoldsa kömək edir.

İdeal mühitdə belə dinclik arayan Vudkok, şəhərkənarı evinə yollananda yeməkxanaların birində ofisiant qız onun diqqətini cəlb edir. Həmin qızın yöndəmsiz hərəkəti Reynoldsun beynində çalıb, onu oyatdığı bir zınqırov idi sanki. Və beləliklə o, Alma ilə tanış olur, onu şam yeməyinə, sonra isə evinə dəvət edir. Bütün bunlar tədricən Reynoldsun növbəti sevgi macərasına çevrilir. Reynolds və Alma tamamilə antipod insanlardırlar. Bu get-gedə daha da üzə çıxacaq. Sadə, səs-küylü ofisiant qız və sakit həyatının lozunquna çevrilən sərt modelyer. Qəribədir, elə deyilmi? Lakin cazibəyə, ani yaranan marağa və hisslərə aydınlıq gətirməyə ehtiyac yoxdur. Reynolds, beynində Almaya dair ideyaları canlandırır, onun üzərində çəkdiyi cızma-qaraları təsəvvür edir. Onun sirli təbəssümü tamaşaçıda bir qədər dolaşıq təəssüratlar yaradır və müşahidə olunan səmimiliyin hara kimi davam edəcəyi məlum deyil. Lakin Reynoldsun filmboyu psixologiyasını araşdırdıqdan sonra müəyyən məqamlara aydınlıq gətirmək mümkündür.


Reynolds Vudkok şəxsi və xüsusilə mənəvi intizam ölçüsü kimi sayılan dünyəvi ləzzətlərdən ciddi şəkildə imtina edən bir fiqurdur. İstənilən itki insanın həyatını dəyişir. Reynoldsun da bu cür olmasının səbəbini araşdırsaq, belə bir qənaətə gələ bilərik ki, o, anasını itirəndən sonra tamamilə ayrı bir insana çevrilir. Mənəvi ağrının şiddətini mərhum anasının ona öyrətdiyi peşə kütləşdirir.

Eyni zamanda, gördüyü işdən həzz alaraq, o, gündəlik həyatının, yaşadığı anların müəllifi olduğu öz xəyali ideal dünyasını yaradır. Vudkokun məskunlaşdığı dəb evi sanki şüşə şardır. Bu şarın içində daim onun anasının ruhu gəzib-dolaşır. Fikir versək, filmboyu Vudkoka paltar tikdirmək üçün yalnız qadınlar müraciət edirlər. Hər paltarın ərsəyə gəlməsi modelyer üçün ritual kimi bir prosesdir. Qrafinyaların paltartikmə və paltarölçmə səhnələrini izləyəndə, modelyerin simasında onun anası ilə daxili dialoqu, məsləhətləşdiyi oxunur, bir vaxt anasına tikdiyi gəlin paltarını xatırlayaraq ərsəyə gətirdiyi libasları həmin bənzərsiz formaya çatdırmaq istəyir.

Bir sözlə, Reynoldsun kədər prosesi başa çatsa da, patoloji formaya keçid alır. Və patoloji kədər halında o, öz həyatını itki prizmasından dərk etməyə başlayaraq ideal dərəcədə cilalayır. Beləliklə, Reynolds Vudkok, anası ilə bağlı yaşadığı əzabı, yaratdığı sərt intizamla və sevdiyi peşəsi ilə yumşaltmağa çalışır. Vudkokun daxili durumunu, bir növ, asketizm və hedonizmin spiralvari sxemi əsasında təsəvvür etmək olar. Və ya asketizm daxilində hedonizm. Yəni modelyer ətraf aləmdən təcrid olunsa da, onu yaşadan, ona yeni nəfəs verən dəlicəsinə sevdiyi peşəsidir. Bu yalnız ona xas olan bir şeydir.


Reynoldsun yaşadığı itki, sözsüz ki, onun xarakterinə böyük təsir göstərmişdir. Lakin fikrimcə, o, bu itkini yaşamasaydı belə xarakterə malik olmazdı. Bu məqamlar açıq-aşkar Vudkokun bacısında da müşahidə olunur: təmkinlilik, ciddilik, soyuqqanlılıq Sirilin xalis portretidir. Vudkok qədər şiddətli olmasa belə, Sirilin də bu xüsusiyyətləri ailə barəsində müəyyən ismarışları ötürür. Filmdə bir səhnə var. Reynolds çarpayıda xəstə uzanarkən, qarabasma nəticəsində anasının ruhu gözünün önünə gəlir. Və bu qadının da simasında biz məlahətlilikdən çox, narahat edən soyuqqanlılığı hiss edirik. Zənnimcə, yumşaq desək, bu ağır xarakter genetik dərəcədə Vudkoka keçmişdir. Sadəcə, ana itkisi bunun qabarıq şəkildə büruzə verilməsinə təkan olmuşdur.

Bəzən həyat insanlara çox həssas məqamda nəyisə dəyişdirmək, düzəltmək və yaxud yardım etmək məqsədi ilə digər insanları yollayır. Reynoldsun həyatı filmdə iki hissəyə bölünür: 1) Alma ilə görüşməzdən öncəki dövr 2) Almanı tanıdıqdan sonrakı dövr.

Alma çox tez bir zamanda Vudkokun ilhamverici pərisinə çevrilir, model kimi iştirak etdiyi nümayişlər, zadəgan mühiti, yaradıcılıq ab-havası ona zövq versə də, paralel şəkildə, Vudkokun xasiyyəti də öz rolunu oynayır. Xarakterlərin qarşıdurması get-gedə inkişaf edir, anlaşılmazlıqlar başlayır. Onlar yeni tanış olanda, nahar zamanı Vudkok, Almanın dodaq boyasını silir. Vudkokun gözlərində sanki beynində canlandırdığı libaslardan ibarət lentlər keçir. Yəni həm valeh olduğu, həm də öz inanılmaz ideyalarını üzərində canlandıra biləcəyi qadını mütilər sırasına salmaq istəsə də, bunu bacarmır.


Alma, Vudkokun düşündüyündən də qeyri-adi qadındır. O, aşiq olduğu insanın çətin xarakterinə təslim olmur, əksinə, onu o tordan çıxarmağa qərar verir. Burada rejissor ideyasının orijinallığı önə çıxır. Anderson qəhrəmanlar arasında ehtiyatla yaranan sevgini “Kişinin ürəyinə gedən yol mədəsindən keçir” sətiraltısı ilə formalaşdırıb. Alma, Reynoldsu usandırmağın çıxış yolunu, yeməyinə zəhərli göbələk qatmaqda görür. Hər dəfə zəhərləndikdən sonra Vudkok halsızlaşır və Alma üçün sevgisini və qayğısını göstərməyə fürsət yaranır. Reynolds əvvəlcə nə baş verdiyini anlamasa da, tədricən hər şeyi hiss edir və bu ona həzz verir. Vudkokun zəhərlənməsi təmizlənmə prosesidir. Yediklərini qaytararaq o, həm də gərginlikdən, əsəbdən, qəzəbdən ruhunu azad etmiş olur. Sanki o, özünə xas olan hisslərdən savayı digər hissləri keçirərək əsl insana çevrilir.

Növbəti dəfə zəhərlənəndə Reynolds, anasının kabusunu görür, onunla söhbət edir və bu anda otağa Alma daxil olur. Bu kadr çox incə bir xətti ifadə edir: bu o deməkdir ki, anası ilə doyunca yaşaya bilmədiyi sevgini, görə bilmədiyi qayğını Alma ona verəcək, daha doğrusu, Alma ilə yaşayacaq. Beləliklə, Alma bu paradoksal üsula tez-tez əl ataraq sevdiyi insanı az da olsa həyata qaytarır.
Artıq, Reynoldsu əvvəlki kimi qab-qacağın səsi, qızarmış çörəyin xırçıltısı, getməyə öyrəşmədiyi məkanlar o qədər də narahat etmir. Və nəhayət o, Almaya onun həyat yoldaşı olmağını təklif edərək “hə” cavabını alır.  


Bu rolda aktyor çevik, ləyaqətli, təkəbbürlü və qətiyyətlidir. Onun özündə, toxunduğu hər bir şeydə lütf aşkarlanır.

Filmdə Alma obrazı digər qadınlardan həddindən artıq fərqlidir. Vikki Kripsin sərgilədiyi qəhrəmanın daxilində mənəvi cəhətdən möhkəm, sevgi naminə ciddi mübarizə aparan qadın obrazı dayanıb. Almanın digərlərindən fərqi ondadır ki, o, Vudkoku həqiqi mənada sevir və gözləmə mövqeyində deyil, əksinə, hərəkət etmək niyyətindədir. Və bu sevgi insanpərvərliyi aşılayan bir sevgidir, çünki burada söhbət yalnız Almanın hisslərindən getmir. O, sevdiyi insanı bataqlıqdan çıxararaq onu yenidən həyata qaytarır. Yeməyə zəhər qatmaq və sevmək anlayışları bir-birilə qətiyyən uzlaşmasa da, nəticədə bu, yaxşı bir şeyə gətirib çıxarır. Bu, şıltaq Almanın sirli və effektiv bir fokusudur.

Bütün münasibətlər qarşılıqlı anlayış üzərində qurulur. Filmdə tərəfin Reynolds Vudkokun halını müşahidə edərək qeyri-sağlam münasibətin şahidi oluruq. Eyni zamanda, bu münasibətin xilas olunacağına dair bir ümid yaranır, çünki aciz və asılı kişinin yanında möhkəm iradəli qadını görürük. “Fantom sap” filmi bir daha qadının nə qədər güclü qüvvə olduğunu xatırladır. Filmi izlədikdən sonra həddən-ziyadə dərin fikirlərə dalmağa ehtiyac yoxdur, çünki bu film nağıl çalarlarında yaradılıb. 

Pol Tomas Anderson kinoda çox maraqlı və fərqli ideyalara imza atıb. “Fantom sap” filmi isə tamamilə fərqli dəst-xətlə çəkilən filmdir. Bu filmin təməlini nağılvari süjet, magik detallar təşkil edir. “Zəhərləmə” ideyası özü metaforik bir fənddir. Filmdə baş verən hadisələrin reallıqla əlaqəsi yoxdur. Onu xüsusi edən də məhz budur. “Fantom sap” filmi tamaşaçını nağıl kimi həyata, nağıllardakı kimi saf təmiz sevgiyə inanmağa sövq edir.


Filmdə peşə mövzusu ikinci dərəcəli olsa da, onun çox maraqlı tərəfləri nümayiş olunub. Peşəkar operator işi modelyer, dərzi peşələrinin incəliklərini zərgər dəqiqliyi ilə xırdalayır. Qızğın iş prosesini, hər mərhələyə məsuliyyətli və ciddi yanaşmanı iri planlar çox dəqiq ötürür. Deniyel Dey Lüis, Vudkok obrazına çevrilmək üçün dərziliyi öyrənmişdir. Rejissor, Vudkok obrazının yaradılmasında məşhur modelyer Kristobal Balensiaqaya istinad edib. Eyni zamanda, çəkilişlərə hazırlandığı müddətdə “Viktoriya və Albert” muzeyində olanda Syu Klark və Coan Braun adlı xanımlarla tanış olub. Klark dəb tarixindən dərs deyir, Braun isə dəb evlərində çalışır. Bu xanımlar rejissorun geyim üzrə məsləhətçiləri olublar, nəticədə, Anderson onların xarizmasını bəyənir və Vudkokun dərziləri roluna çəkir. 

“Fantom sap” filminin musiqi və rəng həlli biganə qoymur tamaşaçını. Geyimlərin rəngləri o dərəcədə zərif seçilib ki, bir anlıq parçanın materialını və ətrini belə ekrandan hiss etmək olur sanki. Geyim dizayneri Mark Bridces Oskar mükafatına layiq görülmüşdür. Aparıcı tünd qırmızı, firuzəyi, göy, tünd yaşıl rəngləri zövqü oxşayır. Unikal rekvizitlər dövrün koloritini çox gözəl ötürür.   

Filmboyu səslənən musiqi ayrı bir sənət əsəridir. Valehedici musiqi ümumi əhvali-ruhiyyəni qoruyub saxlayır, fantastik tablodan uzaqlaşmağa qoymur. “Radiohead” qrupunun gitaristi Con Qrinvud filmin bəstəkarıdır və bu işinə görə Oskar mükafatına namizəd olub.

Deniel Dey-Lüis aktyor karyerasını çox qeyri-adi və özünəxas formada sonlandırdı. Lakin onun qayıdacağına yenə də bir ümid var. Çünki həm sənətin, həm də tamaşaçının zövqlü və istedadlı sənətkara həmişə ehtiyacı var.  

Nəzrin Mahu

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya