İNDİ OXUYUR
Kişi tualetindən başlayan macəra

Kişi tualetindən başlayan macəra

2024-cü ilin həm tamaşaçılar, həm də kinotənqidçilər arasında favoritlərdən biri, bəlkə də birincisi olan, eyni zamanda, səs-küy və müzakirələrə səbəb olan “Substansiya” bədii filmi beş kateqoriyada 2025-ci ilin “Oskar mükafatına namizəddir.

“Substansiya” (2024) filmi, rejissor Korali Farja tərəfindən çəkilmiş satirik “bodyhorror” subjanrında ekran əsəridir. Film, özünü qəbuletmə, narsisizm, əlçatmaz gözəllik standartları, qocalma qorxusu və nevrotik mükəmməliyyətçilik mövzularını dərin şəkildə araşdırır. Film tamaşaçılara gözəllik sənayesinin cazibədar parıltısının arxasında gizlənən dağıdıcı nəticələri görməyə imkan yaradır.


Bir zamanlar məşhur Hollivud ulduzu olmuş Elizabet Sparklın karyerası tənəzzülə uğrayıb və o indi televiziyada fitnes şousu aparır, lakin verilişin yeni, gənc aparıcı ilə yenidən başlayacağını öyrənir. Ümidsizlik içində Elizabet bir eksperimentə razı olur – müəyyən şərtlər daxilində gəncliyi bərpa edəcəyinə söz verilən naməlum bir maddəni qəbul edir. Maddə onu gənc və mükəmməl versiyasına – Syuya çevirir. Ancaq bu dəyişiklik faciə ilə nəticələnir: daxili münaqişələr yox olmur, əksinə, daha da dərinləşir. Syu öz orijinallığını itirmək və daimi təsdiq axtarışının simvoluna və qurbanına çevrilir.

Film cəmiyyətin təyin etdiyi xarici standartların insan şəxsiyyətinə və psixologiyasına necə təsir etdiyini açıq göstərir. Media və sosial şəbəkələr vasitəsilə yayılan gözəllik meyarları müəyyən bir “mükəmməl” görünüşün mütləq lazım olduğunu diktə edir. Bu, insanın özünəməxsusluğunu, orijinallığını, ümumiyyətlə, fərdiliyini itirməsinə səbəb olur.


Filmdə gender stereotiplərinin təsviri də diqqət çəkir. Narsist kişilər, qadınları sadəcə bir obyekt kimi görən qəhrəmanlar kimi təsvir olunur. Ekran əsəri, cəmiyyətin fiziki cəhətdən cəlbedici olmayan insanları necə rədd etdiyini və onların dəyərini tanımadığını nümayiş etdirir. Elizabet daim “gözəl fasadını” qorumağa məcburdur ki, bu da onu depressiyaya və özünü məhv etməyə aparır.

Filmin əsas konflikti gözəllik narsisizminin qorxusunun iki tərəfini metaforik olaraq əks etdirir. Elizabet başa düşür ki, “mükəmməl” Syu ilə birlikdə yaşamaq balansı pozur və onun həyat enerjisini tükəndirir. Bu isə sübut edir ki, xəstə ambisiyalar və daimi təsdiq axtarışı insanın özünə qarşı qəddar münasibətinə gətirib çıxara bilər. Filmin sonunda Elizabetin çevrildiyi bədheybət məhz bu daxili mübarizənin nəticəsi olaraq yaranır və ambisiyaların, daxili nifrətin dağıdıcı gücünün simvoluna çevrilir.

Film müasir cəmiyyətdə sosial normaların təzyiqi, texnologiyaların gündəlik həyata təsiri və fərdi avtonomiyanın itirilməsi kimi aktual məsələləri gündəmə gətirir. Tamaşaçını düşünməyə vadar edir: cəmiyyətimiz (xüsusilə, zərif cinsin nümayəndələri) yaşlanma prosesini nə qədər qəbul etməyə hazırdır və biz əbədi gənclik arzusu ilə nə qədər irəli getmişik?

“Substansiya” sadəcə bir qorxu filmi deyil, həm də əyləncə sənayesində qadınların üzləşdiyi sosial təzyiqlərə qarşı cəsarətli bir manifestdir. Film, eyni zamanda yaş ayrı-seçkiliyi (ageism) və özünü qəbuletmə problemlərinə diqqət çəkir. Bodyhorror subjanrı isə bu daxili mübarizəni təsvir etmək üçün güclü bir vasitəyə çevrilir.


Vizual effektlər, baş qəhrəmanın keçirdiyi fiziki və psixoloji transformasiyaları təsvir etməkdə mühüm rol oynayır. Rejissor bodyhorror-un estetikasından istifadə edərək Elizabet Sparklın keçirdiyi dəyişikliyi vurğulayır. Bu effektlər bədənin və şəxsiyyətin dağılmasını təsvir etməklə tamaşaçıda fiziki və emosional narahatlıq yaradır.

Demi Mur (Elizabet Sparkl) və Marqaret Kvolli (Syu) filmin əsas diqqət mərkəzində olan aktrisalardır. Mur, qəhrəmanının daxili mübarizəsini uğurla çatdırır, Kvolli isə daim təzyiq hiss edən və gözəllik ideallarına uyğunlaşmağa çalışan qəhrəmanını ustalıqla canlandırır.

“Substansiya” filmi gözəllik, şəxsiyyət və özünü qəbuletmə mövzularını araşdırmaqla yanaşı, tamaşaçıya cəmiyyətin gözəllik standartlarını və bu standartların insan psixologiyasına təsirini yenidən dəyərləndirmək imkanı yaradır.

Filmin rejissoru həm rejissoru və ssenari müəllifi Korali Farja feminist cərəyanının nümayəndəsidir. Mətbuatda gedən məlumata görə, məhz bu səbəbdən, filmdə baş rolları ifa edən hər iki aktrisa açıq-saçıq səhnələrdə iştirak etməyə razılıq veriblər. Filmdə son dövrlərin ən aparıcı mövzularından olan qadın hüquqları və bu səpkidə olan mövzulara bir növ ironiya ilə yanaşılıb. Misal üçün, filmin əvvəlində Demi Murun qəhrəmanı teleçəkilişdən sonra ayaqyoluya üz tutur, lakin, hansısa səbəbdən qadın otağı fəaliyyət göstərmədiyi üçün kişi otağına üz tutur – halbuki bunu etməyə bilərdi və bu addımı şüurlu şəkildə atır. Orada, şou-proqramın baş prodüserinin öz ehtiyaclarını ödəyə-ödəyə telefon danışığında Elizabet Sparkl haqqında səsləndirdiyi neqativ fikirlər, süjetdə tətik rolunu oynayır və məhz bu məqamdan sonra qəhrəman lənətlənir və onun faciəsi başlayır. Müəllif, kişilərin qadınlar haqqında səsləndirdiyi neqativ fikirləri təbii ehtiyaclara tay tutur – biri ifraz olunandan sonra yuyulub gedir, səslənən fikirlər isə siqaret tüstüsü kimi qeybə çəkilir. Günah, bu qeyri-ciddi və amorf nəsnəyə fikir verənlərdədir. Başqa sözlə desək, qadınların, demək olar ki bütün bədbəxtliyi, onların, məhz kişilərin “ifraz etdiyi” fikirlərə önəm verməklərindən doğur. Lakin müəllif, feminist düşüncəsinə sadiq qalaraq, kişiləri də tənqid edir. Belə ki, həmin prodüser növbəti səhnədə Elizabet ilə üzbəüz oturub, acgözlüklə krevetləri bir-birinin ardınca sovurub atır. Bu epizod kişilərin qadınlara qarşı “səliqəsiz” münasibətini təsvir etməklə yanaşı, şou-biznesdə qadınların, ümumiyyətlə insanların (krevetlərin cinsi ilk baxışdan bilinmir, onlar ac adam üçün sadəcə krevetdir) istehlak materialı kimi istifadə edilib atılmasına da eyham edir.


Müəllif daha bir maraqlı metafor təqdim edir. Cavanlaşdıran xüsusi maddəni əldə etmək üçün naməlum obyektə gələn Elizabet, daxil olmaq üçün yarıda ilişib qalmış qapıdan içəri keçmək üçün ikiqat əyilir və bu hal dəfələrlə təkrarlanır. Belə şərh etmək olar ki, müəllif, qadınların gözəllik, gənclik və cazibədarlığın arxasınca düşməklərini özü qarşısında alçalmaq kimi qələmə verir. Bu hal fanatizm həddinə çatanda isə fatal hadisələrlə nəticələnir. Baş qəhrəmanın həmişə gənc qalmaq istəyi, əvvəl çaşqınlığa, sonra isə öz-özü ilə rəqabətə, sonda isə sağqalma aktına çevrilir. Filmdə qadının, arxasınca düşdüyü “gəncliyi” ilə apardığı təkbətək mübarizə məğlubiyyətlə nəticələnir.  


Aktrisa Demi Mur Elizabet Sparkl roluna görə “Qızıl qlobus” mükafatı qazanıb və “Ən yaxşı qadın rolu” kateqroiyasında Oskar mükafatına namizəddir. Onun “rəqibi” gənc aktrisa Marqaret Kvolli də bu filmdəki roluna görə “Ən yaxşı köməkçi aktrisa” kateqoriyasında “Qızıl qlobus”a namizəd olsa da mükafatı qazana bilmədi. Bir sıra kinotənqidçilərin Marqaretin ifası haqqında səsləndirdikləri mənfi rəylərlə (Marqaret, rolunu qeyri-inandırıcı və soyuq oynadığına görə tənqid olunur) razılaşa bilmirəm. Belə ki, Syu obrazı Elizabetin “saxta” versiyasıdır, filmdə də qeyd edildiyi kimi, Syu – Elizabetdir, o müstəqil deyil, onun törəməsidir və məhz bu səbəbdən o saxta təsiri bağışlamalıdır. Syu müstəqil hərəkət etməyə başlayan andan konflikt yaranır. Konfliktin anatomiyasını analiz etsək, onun tərkibində, yuxarıda qeyd etdiyim kimi – özünü qəbuletmə (və ya etməmək) durur. Elizabet həyatın hər kəsə qismət etmədiyi mükafatı – yaşlanmanı qəbul etmir, Syu isə Elizabeti – özünün “keçmiş”ini inkar edir, onu və ona aid olan hər şeyi evin divarında “dəfn” edir. Burada sual meydana çıxır: Sən özünü qəbul etməsən, səni kim qəbul edəcək. Özündən məmnun deyilsənsə, bəs kim səndən məmnun olacaq?


Korali Farjanın ərsəyə gətirdiyi filmin mövzusu və qəhrəmanları xüsusi orijinallığı ilə seçilmir, lakin filmin ümumi atmosferi, qaldırdığı problemin orijinal təqdimi və təsvir həlli ilə yadda qalır. Lakin buna baxmayaraq, filmdə mövcud olan klassik və məşhur filmlərə göndərmələr və oxşarlıqlar filmin dünya premyerasından sonra dərhal sosial şəbəkələrdə müzakirəyə səbəb oldu. Rejissorun Kubrikdən, Hiçkokdan, Linçdən və digər klassiklərdən ilhamlandığı açıq-aydın görünür. Bir çox sinefillər, rejissoru plagiarizmdə günahlandırmağa başladılar. Zənnimcə, bu səhv fikirdir. Bu vasitə ilə müəllifin klassik kinematoqrafçılara sevgi və rəğbətini ifadə etdiyini desək, daha dəqiq olar.

İlqar Quliyev

© 2025 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya