Hara qaçırsan? Camaat bizə baxır
Bir dəfə “Bir cənub şəhərində”
Bu ilin mart ayında Azərbaycan ədəbiyyatı və incəsənəti, xüsusilə kino sənəti özünün ən görkəmli nümayəndələrindən biri ilə vidalaşdı. Rüstəm İbrahimbəyov 83 yaşında vəfat etdi. Elə bu tarixdə bizim ədəbiyyatımız, kinomuz, eləcə də teatrımız onun yaradıcı irsinə salam dedi.
Yaradıcılığın yeni, müstəqil həyatı sənətkar öləndən sonra başlayır. Şəxsiyyət sağ ikən yaradıcılıq sərbəst deyil. Şəxsiyyət daim onu nəzarətdə saxlayır, onu tənqidlərdən qorumağın, diqqət mərkəzində saxlamağın qayğısında olur, öz aləmində daim buna qədər yazıb-yaratdıqlarından narazı qalır, bununla bağlı narahatlıq keçirir – yox, gərək o yerini başqa cür yazaydım, o epizodu yığcam vermək lazım idi, o qəhrəmanı isə daha dərindən işləməli, oxucuya daha yaxından tanıtdırmalı idim. Beləcə, daim əvvəlkindən fərqli yazmağa, yeni təsirlər doğurmağa, oxucularını və tamaşaçılarını daha artıq heyrətə gətirmək uğrunda çarpışır, yazıb-pozur, pozub yenidən yazır. Razılaşaq ki, müəllif sağ ikən onun “mən”i, onun şəxsiyyəti yaradıcılığından öndə durur.
Yaradıcılığın ikinci, daha uzun və daha müstəqil ömrü “sahibsiz” qalandan sonra başlayır. Artıq müəllifə yox, bilavasitə əsərə qiymət vermək zamanı başlayır. Böyük yazıçının özü səviyyəsində böyük oxucusu olmalıdır. Belə bir oxucunun gəlişi o saat, o gün, bir il, iki il, beş il müddətinə başa gəlmir. Bəzən buna daha artıq vaxt tələb olunur. Yalnız böyük oxucusunu tapandan sonra əsərin böyüklüyündən danışmaq olar. Bədii əsərin içində gizlənən mətləbləri, dünyaduyumunu, gizli məramı yenidən kəşf edən oxucu-təhlilçi elə bil Şeyx Nəsrullah kimi dünyadan köçmüş müəllifi dirildir.
Amma bizim üçün, İbrahimbəyovun müasiri olan oxucular, tamaşaçılar üçün yeni yozum, yeni kəşflər edəcək böyük oxucunu gözləməyə ehtiyac yoxdur. Biz bu gün artıq “9-cu dağlıq küçəsi”, “Park”, “Şirə bənzər”, “İstintaq” əsərlərinə, ümumiyyətlə, Rüstəm yaradıcılığına salam deyirik.
Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu əsərlərdən, tamaşalardan, filmlərdən hər biri öz ətrafında fikir müxtəlifliyi yaradıb. Bu da onunla bağlıdır ki, o, ziddiyyətli dünyadan yazıb və birini deyib, o birini gizlətmək fikrində olmayıb. O, mübahisə yaratmağı bacaran müəllif idi.
Altmışıncı illərdə yazmağa başlasa da, mən onu altmışıncılar nəslinə yox, yetmişinci illərin nəslinə aid edərdim. Altmışıncılarda daha çox kədər var, onlar üçün ümidlər, yeni həyata inam arxada qalıb. Xüsusilə də 1968-ci ildə sovet tankları Çexoslovakiyaya, Praqa şəhərinə girəndən sonra məlum oldu ki, xeyr, heç bir mülayimləşmə baş verməyib. Rejim elə əvvəlki rejimdir. Ümidlər doğrulmadı, ümidlərlə yaşadığımız gün artıq gəlib keçdi. Bizim isə bundan xəbərimiz yox.
Gün keçdi. Bax bu ifadənin özündə, bu adda filmdə altmışıncıların ovqatı, dünyagörüşü ilə tanış ola bilərik. Amma Rüstəm İbrahimbəyov yetmişinci, səksəninci, doxsanıncı, sonrakı illərdə də macəralar axtarırdı və həyat ona bunun üçün kifayət qədər material verirdi. Həyat bizə həmişə material verir. Sadəcə olaraq, onu görmək lazımdır. Görmək də azdır. Hadisənin baş verəcəyini əvvəlcədən bilmək lazımdır. Bir sözlə, baxıcı və görücü olmaq lazım idi. Başqa cür bədii əsər yaza bilməzsən. Yaşayırsansa, deməli, bu dünyada yaşayırsan, bu dünyada isə yazı üçün material tapmaq sarıdan heç bir korluq çəkməyəcəksən.
Bax təsəvvür edin, hansısa jurnal və ya qəzetdə çalışan bir cavan oğlan mövzu, həyat materialı axtarışında olan iki gənc jurnalist qız həmkarını eyvanı küçəyə baxan evinə gətirir və küçəni, qəhrəmanların dili ilə desək, məhəlləni onlara göstərib deyir ki, indi burada… adam öldürəcəklər. Qızlar nə günə düşürlər? Bir daha deyirəm, bunu təsəvvürə gətirmək lazımdır – 1969-cu il, müharibə arxada qalıb, sovet şəhəri, əmin-amanlıq illəri, hər tərəfdə “biz sülhə səs veririk” şüarları asılıb, “mənim milisim məni qoruyur” devizi hökm sürür və bir cavan jurnalist xanım həmkarlarına fantastik tarixi bir tamaşanın anonsunu verir – indi bizim məhəllədə qladiator döyüşü olacaq, bir nəfər gəlib o birini qətlə yetirəcək. O, yalan demir. Belə də olur. Və bu qanlı, fantastik hadisə sərt realizm üslubunda çəkilmiş bir filmin başlanğıcını təşkil edir.
1969-cu ildə Rüstəm İbrahimbəyovun ssenarisi əsasında Eldar Quliyevin rejissorluğu ilə çəkilən “Bir cənub şəhərində” filmi birmənalı olaraq Azərbaycan kinosunun şedevri sayılmalıdır. Bununla belə, yarım əsrdən artıq vaxt keçməsinə baxmayaraq, bu gün də bu film müzakirə ediləndə qalmaqal yaranır. Yəni, doğrudanmı, kriminallaşmış bir məhəllədə vaqe edən hadisələrə biz əxlaqi nöqteyi-nəzərdən baxmalıyıq? Burada müəllif səhvə yol vermirmi?
Məsələ ondadır ki, bizə göstərilən hadisələr, sadəcə, kriminal, yaxud da dramatik satirik janrda təqdim oluna bilərdi. Necə ki bunu Mirzə Ələkbər Sabir edirdi:
Qəbirdə xortdan görürəm, qorxmuram…
Harda müsəlman görürəm, qorxuram!..
Fikrini qan-qan görürəm, qorxuram.
Sabirin dediyi adamların fikrinə, beyninə qan hopub. Lakin mahiyyət etibarilə bu, satiradır. Satirik qəhrəmanın niyyəti ilə “daxili məni” arasında uyğunsuzluq olur. Yəni hamını zorla qorxutmaq istəyən adam özündən artıq zorla qarşılaşanda özü qorxur və gülüş doğurur.
Amma “Bir cənub şəhərində” filmi satiradan çox-çox uzaqdır. Burada ilk baxışda kriminallaşmış hesab edilən məhəllə dünyanın modeli kimi bizə təqdim olunur.
Bu film çəkiləndə hələ Qarsia Markes özünün “Elan olunmuş qətlin tarixçəsi” adlı kiçikhəcmli romanını hələ yazmamışdı. Bu romanda da qəsəbə sakinləri qətl hadisəsinin tamaşaçısı olsunlar deyə qəhrəmanları ona doğru yönəldirlər. Əslində, bu, bəşəri mahiyyət daşıyan mifoloji qəlibdir. Bir ölkə özündən kiçik ölkənin üzərinə təcavüz edir. Çünki daha böyük ölkələr bu təcavüzə kənardan tamaşa etməli və ona rəy verməlidir, birini qınamalı, töhmət etməli, cərimələməli, cəzalandırmalı, ona qarşı sanksiyalar tərtib etməli, o birisinə isə acımalı, dəstək olmalıdır. Bu qanlı tamaşanın, müharibənin ssenarisi belə yazılıb.
Amma qayıdaq bizim filmə. Məhəllə sakinləri bilirlər ki, türmədən çıxan insan elə həmin gün, bir saat belə gecikdirmədən onun arvadını yoldan çıxardığına görə məhəllədəki pivə dükanında işləyən kişini qətlə yetirməlidir. Bunu etməsə, o, burada yaşaya bilməz. Dedik ki, məhəllə dünyanın modelidir. Dünyadan ki baş götürüb qaça bilməzsən. Ona görə də türmədən çıxan Ağabala ondan qaçan dükançının üzərinə gedərkən belə bir söz işlədir: “Hara qaçırsan? Camaat bizə baxır”. Yəni istəsək də, istəməsək də, biz bu tamaşanı onlar üçün oynamalıyıq, mən qatil rolunda, sən isə qurban rolunda. Bir az ağrıdacaq, amma neyləyək, belə yazılıb. Mən öldürüb təzədən türməyə getməli, sən isə ölüb o dünyaya köçməlisən.
Allah belə tamaşaların iştirakçısı olmaqdan saxlasın.
Bu səhnə filmin giriş hissəsi və ümumi mövzunun preambulasıdır. Filmdə tamam başqa qəhrəmanlardan, atalarını müharibədə itirmiş nisbətən cavan adamlardan söhbət gedir. Dediyimiz qətl tamaşasından təsirlənən jurnalist qızlardan biri, Rəna bu hadisə haqqında yazı yazmağa başlayır. Amma onun müdiri redaksiyada yazının çap olunmayacağını əvvəlcədən ona bildirir. Çünki belə bir hadisə sovet ölkəsində baş verə bilməz. Tarixi mövqedən çıxış etsək, filmdə gözə görünməyən redaktorun bu fikrini təsdiqləməli olacağıq. Sovet ölkəsinin məlum sərhədləri vardı və nəinki bu sərhədlərdən kənarda, hətta bu sərhədlərin daxilində də sovet hökuməti hər yerdə yox idi. Məsələn, bu filmdə təqdim olunan məhəllə şəhərin yuxarı hissəsində yerləşir, oradan beş yüz metr aşağı düşəndə hökumət var idi. Məhəllədə isə hökumətin yalnız bir nümayəndəsi oturardı. Partiya qərarlarına, qanun-qaydalara hər hansı zidd bir hadisə baş verəndən sonra, təkrar edirəm, yalnız baş verəndən sonra nümayəndə, yaxud sahə milisi o saat daha böyük nümayəndəliyə xəbər verərdi və onlar da gəlib işə əncam çəkərdilər. Məhəllənin həyatına hökumətin bundan başqa heç bir qarışacağı yox idi.
Mövzuya qadağa qoyulanda Rəna fəndgirlik edir, həmin məhəllədə yaşayan, Neft Daşlarında işləyən və cavan olmasına baxmayaraq, adlı-sanlı usta sayılan Murad haqqında yazı hazırlamağa başlayır. Rəna Neft Daşlarına gəlib Muradın işi ilə tanış olur, ondan müsahibə götürür, dənizdə neftin çıxarılması haqqında suallar verir və bu sualların içində sanki ötəri olaraq o gün məhəllədə baş verən hadisə ilə əlaqədar daha bir sual verir.
“Sizcə, Ağabala düz hərəkət edib?” Murad sadəlövh bir adamdır, qayğıkeş, vaxtından əvvəl yaşlaşmış bir gəncdir. Atası müharibədə öləndən sonra o, evdə böyük qardaş olduğundan yaşı çatmasa da, gedib buruqda işləyib, bir baş külfəti dolandırıb, uşaqları böyüdüb, onları oxutdurub. İndi bacısı ilə daim qayğısına qaldığı, böyük qardaşlıq etdiyi qonşusu Tofiqin toyuna hazırlaşır. Murad həyatın necə çətinliklə başa gəldiyini bilir. O, zəhmət adamıdır, zəhmət adamı isə qatil ola bilməz. Ona görə də Rənanın Ağabalanın düz iş görüb-görmədiyi haqqında sualına mənfi cavab verir: “Yox, düz etməyib”. Amma onun qurbanı da günahkardır, ərinin türmədə, qardaşı Babaşın isə ruhi xəstə olduğundan istifadə edib qadını yoldan çıxarıb. Yəni bu qətlin də öz tarixçəsi olub. Amma Rəna yenə də guya ötəri olaraq Murada onun həyatı üçün düşərsiz olacaq bir sual verir:
“Siz özünüz belə bir iş görərdiniz?” Murad bu sualdan azca tutulur, amma özünü tez ələ alıb yenə mənfi cavab verir: “Yox. Bunlar keçmişin qalığıdır”.
Bütün filmin dramaturgiyası bu suala cavabla bağlıdır. Murad nə qədər öz cavabında haqlı və səmimi idi? Biz bilirik ki, doğrudan da, bunlar keçmişin qalığıdır, arxaikadır, ənənəvi dünyagörüşün ifadəsidir. Yeni həyat insanlara tamam başqa çağırışlar edir. Amma Murad ənənədən ayrıla bilərmi? Elə şey var, sən istəsən də, istəməsən də, doğru bilsən də, bilməsən də, onu icra etməlisən. Etməsən, biabır olarsan. Bir gün sən də, mən də, hamımız belə bir vəziyyətə düşəcəyik. Günlərin arzu olunmayan bir günü. Amma belə “bir günlər” həyatda bir dəfə baş vermir. Həyatda tez-tez belə hadisələr baş verə bilər. Bunun fərqində olan, amma bununla barışmayan Muradda birdən-birə daxili çevriliş baş verir. Buna psixologiyada metanoyya deyirlər. O sarsılır, peşman olur, ənənədən ayrılmağa, tövbə etməyə, yeni həyatın çağırışlarına cavab verməyə hazırdır. Bu yolda birinci addımı da atır. Ondan müsahibə götürən Rənaya bənd olur. Ənənəvi şüura tamam yad olan bu qıza ciddi münasibət göstərmək, onunla el adəti ilə evlənmək qərarına gəlir. Amma yeni həyat öz çağırışları ilə Muradı qəbul edirmi?
Cəmiyyətin yuxarı mərtəbəsində yaşayan Rəna ona, təbii ki, yuxarıdan aşağı baxır. Muradın sosial mənşəyi yuxarı mərtəbəyə qalxmağa, qızın qapısını döyüb ona öz ürəyini açıb deməyə imkan vermir. O bu rolu ifa edə bilməyəcəyini anlayır, ona görə də bir müddət şəhər içində sərgərdanlıq edir. Qız isə ona şəhərin müasir mərkəzində yerləşən evinin yuxarı mərtəbəsinin pəncərəsindən tamaşa edib kinayəli tərzdə gülümsəyir: “Sən mənim üçün yalnız jurnalist, yazıçı obyekti ola bilərsən, sən mənə tay deyilsən”.
Bu filmdə əsas dramaturji dönüş Muradın Tofiqi Rusiyanın əyalət şəhərinə göndərməsi ilə baş verir. Tofiqin atası uzaq rus şəhərində alman faşistləri ilə döyüşdə həlak olub və ölümündən sonra ona Sovet İttifaqı Qəhrəmanı adı verilib. İndi bu naməlum şəhəri faşist işğalından qorumuş qəhrəmana heykəl qoyulur və qəhrəmanın uzaq cənub şəhərində yaşayan oğlu heykəlin açılış mərasimində iştirak etməyə dəvət alır. Bu dəvət lap yerinə düşür, çünki Sovet İttifaqı Qəhrəmanın oğlu Tofiq hansısa mifik Loran adlı bir rayon mərkəzində şuluq salmış qonşusunun adını vermədiyi üçün türməyə salınıb. Rusiyadan dəvət məktubu alan kimi cənub şəhərinin milis şöbəsindən onu buraxırlar. Amma Tofiq rus şəhərinə getmək fikrində deyil, səbəbi sadədir, onun yola çıxmağa pulu yoxdur. Murad onu pulla təmin edib yola salır. Tofiq onun bacısına nişanlı olduğu halda, gedib Rusiyada evlənir, hələ üstəlik qadını da özü ilə bura gətirir.
Bu hadisədən sonra məhəllə sakinləri, yəni tamaşaçılar yeni qanlı tamaşanın rollarını təyin edirlər – Murad və Tofiq. Murad ailəsini təhqir etdiyi üçün Tofiqdən qisas almalıdır. Hərçənd Muradın bacısı Tofiqdən azad olduğuna görə sevinir. Amma bunun məsələyə dəxli yoxdur, qanlı tamaşa oynanılmalıdır, tamaşaçılar gözləyirlər, anonsu verilib, sadəcə, vaxt təyin olunmayıb, məqam gözlənilir.
Əslində, söhbət məhəllə sakinlərindən yox, ənənəvi şüurdan gedir. Belə qanlı tamaşalar, bir qayda olaraq, ənənəvi şüurun hökmü ilə baş verir. Buna baxmayaraq, Murad verdiyi sözə əməl edir. O, tamaşada iştirak edir, amma Tofiqi öldürmür. Bundan sonra onun hansı taleyi yaşayacağı bizə məlum deyil, sadəcə, tamaşanın ertəsi günü, yağışlı bir gündə tək-tənha milis şöbəsinə yollanır.
Bax bu sonuncu səhnə dəyişdirilib və son dərəcə vacib bir detal oradan çıxarılıb. Məsələ ondadır ki, mən eşitdiyimə görə, Rüstəm İbrahimbəyov bu filmin ssenarisindən sonra “9-cu dağlıq məhəlləsində” povestini yazıb. Filmi tam anlamaqdan ötrü mütləq bu povesti oxumaq lazımdır. Oradan bizə məlum olur ki, əslində, filmdə gördüyümüz hadisələr Rənanın apardığı jurnalist təhqiqatı ilə deyil, məhəllə sakini dəli Babaşın dilindən bizə təqdim olunur. Əsərdə onun adı Mişoppa yazılıb. Gerçəkdən də, dağlıq məhəlləsində Məşədi Baba adında bir nəfər var idi – uşaq vaxtı onu görmək mənə də qismət olub – camaat onu Mişoppa çağırardı. Qaça-qaça siqnal verir, guya maşın sürürdü. Doğrudur, onun repertuarı təkcə maşın sürməklə məhdudlaşmırdı, lakin “9-cu dağlıq məhəlləsi” povestinin müəllifinə yalnız bu detal gərək olub. Əsərdə müəllif məhz Mişoppanın marşrutu ilə hadisələri izləyir, onun baxışlarından, onun gündəlik vaxt cədvəlindən çıxış edərək bizi hadisələrlə tanış edir.
1969-cu ildə hələ Vilyam Folknerin “Səs və qəzəb” əsəri rus dilinə tərcümə olunmamışdı, hələ sovet adamları, eləcə də ssenarinin müəllifi XX əsrin bu nəhəng ədəbi abidəsindən xəbərsiz idi. Yada salmaq istəyirəm ki, “Səs və qəzəb” romanında böyük bir nəsil-şəcərənin tarixçəsi dəli adamın dilindən bizə nəql olunur. Burada da sonda hər şeyi görən, hər şeydən xəbərdar dəli Babaş xəyali maşınını sürüb Muradla milisioner Mustafanın bərabərində saxlayır və onlara başı ilə işarə verib maşına oturmağı təklif edir. Əslində, Babaş onlara vəziyyətdən ən düzgün çıxış yolunu göstərir. Onlar da bu “maşın”a əyləşib siqnal verə-verə dəlinin dalınca qaçırlar. Dediyim kimi, senzuranın tələbi ilə bu final dəyişdirilib. Sözsüz ki, bu səbəbdən filmdə məna itkisi baş verib. Bununla belə, filmin bədii qüdrəti, simvolikası bu gün də, bəlkə də, dünənkindən daha artıq bizi heyran edir və hər dəfə baxdıqca orada yeni-yeni mətləblər, yeni mənalar açır.
Bu film primitiv yanaşanların düşündüyü kimi heç də, sadəcə olaraq, Bakı “qədeşləri” haqqında deyil. Bu film bütöv məmləkətin tarixində həlledici rolu olmuş bir cənub şəhərinin əhvalatıdır.
1918-ci ilin 30 mart tarixində, dəhşətli 31 mart faciəsindən bir gün əvvəl İsmailiyyə binasında Müsəlman İctimai Təşkilatları Komitəsinin iclasında Əlimərdan bəy Topçubaşov çıxış edərkən belə bir söz işlədir: “Bax bu qala divarları, bu şəhərdə nəsil-nəsil yaşayan müsəlman əhalisi əyani sübutdur ki, Bakı müsəlman şəhəridir”.
Topçubaşovun bu sözü təsadüfi deyilməyib. Bakı müsəlman, illah da azərbaycanlı şəhəri sayılmırdı. Şəhərin mərkəzində binaları əvvəl rus zabitləri tikməyə başlamışdılar. Nəhəng kilsə də burada tikilmişdi. Hiyləgər ermənilər də bu tikinti işlərinə qoşulurdular. Opera teatrı, salonlar var idi, bura Şalyapin, Komissarjevskaya kimi məşhur ifaçılar qastrola gəlirdilər. Amma bütün bunların bir neçə azərbaycanlı milyonçunu çıxmaq şərtilə bizə dəxli yox idi. Şəhərin mərkəzində məscid tikməyə belə icazə verilmirdi. Təzəpir məscidi yalnız dağlıq müsəlman məhəllələrində bina edilə bilərdi. Məsələ ondadır ki, hətta sovet illərində də Bakı şəhərinin tam özgələşməsinin qarşısını alan, Topçubaşovun dediyi kimi, buranı azərbaycanlı şəhəri statusunda saxlayan həmin o indi bizim rişxəndlə “Sovetski” dediyimiz məhəllələrin sakinləri idi. Orada Sovetski yalnız bir küçənin adı olub, əslində isə oralar qədimlərdən dağlıq məhəllələri adlanıb.
“Bir cənub şəhərində” filmi Bakı əhvalatıdır. Filmin əvvəlinci kadrlarından, hətta titrlərin üzərində yeniliklə ənənəvi şüur arasında kontrast oxunmağa başlayır. Gəlin İbrahimbəyovun povestindəki birinci cümləyə fikir verək: “Cənub şəhəri dairəvi amfiteatr şəklində dənizə tərəf enirdi və əgər dənizkənarı bulvar amfiteatrın birinci sırası idisə, Mişoppanın yaşadığı 9-cu dağlıq məhəlləsini haradasa sonuncu sıralarda axtarmaq lazım gəlirdi”.
Oralarda şura hökuməti qurulandan sonra Sovetski adını alan küçə olub və hələ ki bu heç kəsin yadından çıxmayıb. Amma buranın nə sovetə, nə də çar Rusiyasına heç bir aidiyyəti olmayıb. Məsələ də ondadır ki, amfiteatrın önündəki səhnədə yox, yuxarıdakı unudulmuş sıralarda qədim yunan faciəsi oynanılır. Gəlin bu sözdən çəkinməyək, filmin məzmunu, filmin gizliləri bu sözü tam məsuliyyətlə işlətməyə bizə əsas verir. Burada müharibə də var, qəhrəmanlıq da var, qayıdış, Penelopanın xəyanətə sürüklənməsi də var, Odisseyin qanlı qisası, qətl də var… Burada faciənin mütləq, başlanğıc elementi və şərti olan xor da var – məhəllə sakinləri. Üstəgəl burada dəlilik də var. Bütün bu motivlərin bir yerdə cəmləşməsini nəinki Azərbaycan kinosundan, heç bütünlükdə sovet kinosundan bir nümunədə belə görə bilmərik.
Ən vacibi odur ki, bu filmdə ənənəvi şüurla yenilikçi meyillər toqquşur. Məgər bu gün dünyada baş verən faciələr, müharibələr, çevrilişlər, ərəb baharları, nə bilim daha hansı hadisələr (gəlin ardını sadalamayaq) bu təzaddan doğmur? Deməli, tarixi kinodan da oxumaq mümkündür.
“Bir cənub şəhərində” tarixi filmdir.
Nadir Bədəlov