Firuzəyi xəyallarda boğulan qadın
Fransız filmi çox vaxt tezötən və ya sonsuz, bəzən yüngülqanad, bəzən möhkəm, əzab-əziyyətli, bəzən isə əksinə, ideal sevgidən bəhs edən, və insan hisslərinin fəlsəfəsini xırdalayan ekran əsəridir. Düşünürəm ki, bütün sadalananların arasında fransız sevgisini ən yaxşı təsvir edən epitet “dərdli sevgidir”. Kristof Onorenin “Gözəl insan” (“La Belle Personne”), Katrin Korsininin “Mümkün olmayan sevgi” (“Un amour impossible”), İldiko Enyedinin “Mənim həyat yoldaşımın hekayəsi” (“A felesegem törtenete”), Jan Pyer Jonyenin “Uzunmüddətli nikah” (“Un long dimanche de fiancailles”) filmləri bunun əyani nümunələridir. Siyahını uzatmaq da olar. Gözüyaşlı qəhrəman artıq fransız filminin bir növ arxetipik obrazına çevrilib. Ələlxüsus da söhbət melodramdan gedirsə.
Fransız rejissoru Nikol Qarsiyanın 2016-cı ildə çəkdiyi “Sevgi illüziyası” (“Mal de pierres”) filmi istisna deyil.
Hava limanında, kitab mağazasında idim və dostum mənə dedi ki, bu kitabı mütləq oxumalıyam. Kitabı aldım və təyyarəyə özümlə götürdüm. Bu, Parisdən Marselə, təxminən bir saat yarımlıq uçuş idi və biz yerə enəndə ilk işim prodüserimə zəng edərək: “Film hüquqlarını ala bilərikmi?” soruşmaq oldu.
Bu, rejissorun 2017-ci ildə “The Hollywood Reporter” redaksiyasına verdiyi müsahibənin bir hissədir. Qarsiyanın nəzərdə tutduğu əsər italyan yazıçısı Milena Aqusun “Böyrəkdaşı xəstəliyi. Fərasətsiz qrafinya” povestidir.
1950-ci illərdir. Dünyanın bir ucunda Hind-Çin müharibəsi baş verərkən, digər ucunda həyat öz axarı ilə gedir. Fransanın Cənubunda yerləşən Eks-an-Provansın məstedici ətirli lavanda düzənliklərində çalışan və həyatını sakit sürən sakinlər arasında dinclik tapmayan insan yalnız Qabriyeldir. Qabriyel sanki təbiətin qoynunda böyüyən qeyri-adi insandır. Onun ətrafdakılarla oxşarlığı yalnız zahiri görkəmidir. Qabriyel üçün həyatda yeganə mövcud olan sevgidir. Lakin sevgi anlayışı onun düşüncələrində yalnız ağuşlardan, incə təbəssümdən, gül-çiçəklərdən ibarət hiss deyil. Bu hiss onun üçün daha “ali” bir məfhumdur. O, öz xəyali aləmində ehtirasdolu sevgiyə nail olmağa çalışır. Ehtiras, onun içində boğulduğu, eyni zamanda, həzz aldığı bir hissdir. Ehtiras gənc qızı o dərəcədə ələ alıb ki, o, onu öz-özünə yaşadır (çayda paltarını qaldıraraq şəhvətini soyutmağa çalışır, əsəri oxuduqdan sonra kitabı baş qəhrəman təsəvvür edərək onunla sevişir, axşam vaxtı çılpaq şəkildə pəncərənin önündə özünü sakinlərə nümayiş etdirir). Qızının çarəsizliyini görən ana buna tab gətirə bilmir və yeganə çıxış yolunu onu ərə verməkdə görür. Adelin qızına layiq gördüyü namizəd isə, sadə kənd sakini, dülgər Jozedir. Joze özü də qonaqlıqların birində Qabriyelə artıq göz qoyub, onun dəli-divanə olduğunu bilsə də. Nikaha girsələr də, Qabriyel Jozeyə onu heç vaxt sevməyəcəyini bildirmişdi. O, hələ də öz xəyali aləmində uydurulmuş əsl sevgilisinin onu gözlədiyinə inanırdı…
Daxili iztirablar Qabriyeli incidən yeganə məqam deyildi. O, həm də “böyrəkdaşı” xəstəliyindən əziyyət çəkirdi. Bu xəstəliyi rejissor, filmdə birmənalı şəkildə fiziki xəstəlik kimi təqdim etmir. “Böyrəkdaşı” xəstəliyinə Qarsiya həm də metaforik don geyindirmişdir. Belə ki, Qabriyelin böyrəyində olan daşlar ona yalnız fiziki ağrı vermir, eyni zamanda bu onun öz iztirabları ilə bağlı olan bir yükdür. Digər tərəfdən isə, “daş” onun əminliyinin rəmzidir. Sevginin möhkəm, əlçatmaz olması ilə bağlı əminliyinin.
Həkim tərəfindən Qabriyelin xəstəliyi təsdiq olunduqdan sonra, Joze onu bahalı müalicə üçün sanatoriyaya aparır. Və burada rejissor, tamaşaçını Qabriyelin sirli aləminə qərq olmağa və onun yaşadıqlarını dərindən anlamağa dəvət edir. Sanatoriyada qaldığı müddətdə Qabriyeli həyata qaytaran müalicədən çox, təxəyyülündə canlandırdığı şəxs onun sevgilisi oldu. O, Hind-Çin müharibəsinin veteranı, özü də xəstəlikdən əziyyət çəkən leytenant Andre Savaj idi. Qədd-qamətli, görkəminə heç də xələl gətirməyən, donqar burunlu, uzun, nazik, cəlbedici barmaqları ilə Çaykovskinin “İyun barkarolası” əsərini pianoda ifa edən Andre Savaj, Qabriyelin ağlını alan sevgilisi idi. Onun real və ya uydurulmuş insan olduğunu təyin etmək çətin olsa belə, Qabriyelin ona qarşı olan hissləri və ümumiyyətlə, Mariyon Kotiyarın (Qabriyeli canlandıran aktrisa) filmin ikinci hissəsində mənəvi dəyişimi (sevişmə zamanı qəhrəmanın bütün ruhunu ortaya qoyması, sevinc göz yaşları, ehtirasın pik nöqtəsi), xarakterin monoton tempini saxlasa belə, tamaşaçıya mümkün olmayana inanmağı aşılayır. Bədən dilinin inkişafı, ruh, dərrakə, hisslərin ifadəsi – bütün bunlar Kotiyar üçün böyük əhəmiyyət kəsb edir. Filmboyu minimum replikalar obrazın təməlini yaradan ən maraqlı fəndlərdən biridir.
Andre Savajın rolunu ifa edən Lui Qarrelin də cazibəsi olduqca yüksəkdir. Digər filmlərdə baxımlılığı və cazibəsi ilə seçilən aktyor, bu filmdə əlil arabasında xəstə, cansız olarkən belə, öz xarizmasını itirməyib. Kotiyar ilə Qarrelin çəkiliş meydançasında sərgilədikləri peşəkar oyunları alqışlara layiqdir. Burada söhbət o qədər sevgidən deyil, nə qədər ki, ehtiras hissinin inandırıcı formada çatdırılmasından gedir. Qeyd edim ki, aktyorların ikisi də rolların ifası üçün ciddi fiziki və mənəvi hazırlıqlar aparmışdılar. Bunlardan biri də aktyorların böyük çəki itirməsidir.
Tez bir zamanda bu romantik hekayənin zənciri kəskin şəkildə qırılır. Andre Savaj sanatoriyanı tərk etdikdən sonra, Qabriyelin həyatı qaranlıq zirzəmiyə çevrilir. Bu məqamda maraqlı metamorfozu müşahidə etmək olar. Filmin əvvəlində Qabriyel, Məsihdən ona ya əsl sevgisini, ya da ölümü bəxş etməsi üçün yalvarır. İndi isə, sevgilisinin onun gözü önündə ayrılmasına baxmayaraq, Qabriyel çarəsiz olsa belə, ölməyi seçmir. Çünki onda inam yaranır. O, Savajın geri qayıdacağına və sevgilisinə qovuşacağına möhkəm inanır. Müalicə bitdikdən və evə qayıtdıqdan sonra Qabriyelin əvvəlki sərsəri halı geri dönür. Hər gün öz məktublarında leytenanta onu gözlədiyini xatırladır, sevgisini etiraf edir. Uydurulmuş yoxsa real insanamı? Zənnimcə, bunu təyin etməyi tamaşaçının öz ixtiyarına buraxmaq olar.
“Sevgi illüziyası” filmində Nikol Qarsiya dərin məsələlərə yer ayırıb. Bunlardan biri, insanın öz hisslərinin düşüncələri üzərində həddən-ziyadə baş alması ucbatından yanlış seçimlərə əl atmasıdır. Haqqında danışdığım filmdə bu sözləri Qabriyelə şamil etsək belə, onu nəzərə almalıyıq ki, onun psixi vəziyyəti, yumşaq desək, qeyri-sabit idi. Və sanatoriyada fiziki xəstəliyə qarşı aparılan müalicə ilə birgə, ona həm də psixi yardım göstərilsəydi, hər şey daha fərqli olardı. Bu halda, tamaşaçıya Qabriyelin mistik dünyası qaranlıq qalardı və film o qədər də maraqlı olmazdı.
Müasir dövrdə öz hülyaları ilə yaşayan gənc “Qabriyellər” çoxdur. Söhbət bəzi yeniyetmələrdən və gənclərdən gedir. Mütaliə zamanı və ya film izləyərkən onlar əsərdən o qədər mütəəssir olurlar ki, özlərini həmin əsərin qəhrəmanı hesab edirlər. Öz aləmlərində bu və ya digər obrazın həyatını mənimsəyirlər, müxtəlif xəyallar qururlar. Bu halda onların həyatdan gözləntiləri də olduqca yüksək olur, çünki tanış olduqları əsərlərin “ideal” romantik qəhrəmanları, artıq onların beyinlərinə həkk olunur. Bu insanların həyatında narahatlıq, qayğılar hökm sürür, belə insanlar üçün xoşbəxtlik ötəri olur, sevgini həzz, cazibə, vərdiş kimi başa düşürlər. Belə olan halda onların kainata yanaşmalarının qeyri-adekvat olduğunu başa düşmək lazımdır. Filmin dominant mövzusu ehtirasdır. Ehtiras yaşayan Qabriyel naməlum gücün təsirindən əzab çəkən passiv bir məxluqdur. Bu halda o, öz real hissləri haqqında danışmağa meyilli deyil, onun bütün düşüncələri öz fantaziyalarına yönəlib. Ehtirasın hiyləsi ondadır ki, Qabriyelin gözü “oddan” kor olub. Filmin əvvəlində ona əsəb pozğunluğu diaqnozu qoyulur. Get-gedə bu diaqnoz inkişaf edərək, Qabriyelə reallıqla, yaddaşı və təxəyyülü ilə bağlı qəddar zarafat edir.
Bütün bu halları yaşayan Qabriyel üçün, özü dərk etməsə də, Joze yeganə xilas idi. Filmdə rəğbət qazanan simalardan biri də məhz odur. Həm bir çoxlarının qəlbini fəth edən Andre, həm də Savajın kölgəsində qalmasına baxmayaraq, təmkinli, zəkalı, qayğıkeş və əsl sevginin nə olduğunu bilən kişinin təcəssümü olan Joze, filmin ilk dəqiqələrindən sərt xarakter nümayiş etdirir. Joze insanda etibar hissi doğurur. Qabriyelin psixi xəstəliyinə baxmayaraq, Jozenin onu tərk etmək fikri yox idi. Çünki, o, Qabriyeli bərk sevirdi. Lakin bütün bu keyfiyyətlərə baxmayaraq, övlad sahibi olduqdan sonra belə, Qabriyelin ərinə az da olsa sevgisi yaranmadı. Onların yaşadığı, həyat deyil, “birgə yaşamaq” idi. Filmdə qəhrəmanın yanğısını və təlaşını hamarlayan amil – rəngdir. Filmin rəng həlli çəkiliş heyətinin ən uğurlu işlərindən biri hesab olunur. Söhbət, firuzəyi rəng və onun çalarlarından gedir. Mariyon Kotiyarın firuzəyi gözləri – əlacsızlıqdan boğulduğu okeandır. Filmin, demək olar ki, hər kadrına yayılıb bu rəng: dağlara, meşəyə, gül-çiçəklərə, hətta, Qabriyelin bədbəxt olduğu evdəki mebelə də. Firuzəyi rəng Qabriyelin illüziyalarının təcəssümüdür. Hər bir kadrda bu çaların mövcud olması Qabriyelin real aləmdən təcrid olunduğunu unutmamasının ifadəsidir. Ağ rəngin də filmdə özünəməxsus simvolikası mövcuddur. Ağ rəng saf hisslərin, vurğunluğun və sevginin rəmzidir. Filmin birinci hissəsində Qabriyel və onun bacısı daim ağ, dəbdən düşmüş, demək olar ki, tam şəffaf alt paltarında görünür və sonra qəhrəman, şəffaf ağ və firuzəyi paltarda dənizkənarı küçələrdə gəzir. “Sevgi illüziyası” filmi bir qadının dolğun, romantik həyatının ruhi xəstəliyi ilə sərhədinin tablosudur. Həmçinin bu film tamaşaçını əsl sevgiyə inanmağa sövq edir.
– Niyə mənə heç nə demədin?
– Çünki sənin yaşamağını istəyirdim.
Qabriyel və Jozenin dialoqundan fraqment.
Filmin final səhnəsində Qabriyel artıq ağ paltardadır. Fondakı dağlar da sanki öz libasını dəyişib. Qabriyel, Joze ilə birlikdə düzənlikdə dayanıb ondan hansı evi aldığını soruşur. Və bu dəfə deyəsən, o özü də Joze ilə birlikdə real, xoşbəxt həyat sürməyə hazırdır… Ssenarinin povestlə uyğunlaşması üzərində Qarsiya ssenarist Jak Fiyeski ilə birgə 5 il ərzində işləyib. Kitabın adaptasiyası mürəkkəb olduğundan, rejissor hətta fasilə verib, diqqətini digər ekran əsərinə yönəltmişdir.“Sevgi illüziyası” filmi 2016-cı ildə Kann festivalında “Qızıl Palma budağı”na namizəd olmuş və tamaşaçılar tərəfindən yeddi dəqiqə alqışlanmışdır.
Nəzrin Mahu