İNDİ OXUYUR
Bölmədən çıxa bilməyən Emil Quliyev

Bölmədən çıxa bilməyən Emil Quliyev

Polis əməkdaşları Anar (Səmimi Fərhad) və Faiq (Elnur Hüseynov) uzun illər axtarışda olan narkobaronun izinə düşürlər. Onun haqqında heç bir məlumat yoxdur; kim olduğu, harada yaşadığı barədə heç kim heç nə bilmir. Yaxın adamları malları müştərilərə çatdırmaq üçün məktəbli uşaqlardan narkokuryer kimi istifadə edirlər.

Rejissor Emil Quliyevin “Bölmə” çoxseriyalı filmi (səkkiz seriya) real hadisələrdən təsirlənərək çəkilib.  Serialın açılış səhnəsini uğurlu saymaq olar. Elşən Süleymanov narkoman rolunun öhdəsindən gəlməyi bacarıb. Onun məsciddə üzünü göyə tutub Allaha yalvarması, sonra isə düşdüyü vəziyyətə görə Allahı ittiham etməsi get-gedə dinamikanı artırır. Kameranın qəhrəmanın ətrafında səmazən misalı fırlanması onun halını, çıxılmazlığını çox yaxşı əks etdirir. Sondakı “Şeytan qalib gəldi!” nidası isə səhnəni kulminasiya nöqtəsinə çatdırır. Tamaşaçı ekranda gördüyü şəxsin on iki yaşından narkotik vasitələrdən asılı vəziyyətə düşdüyünü öyrənir və bu səhnə onu növbəti seriyalardakı hadisələrə hazırlayır.


Amma hadisələrin davamında rejissor ilk epizodda yaratdığı marağı qoruya bilmir. Effektli başlanğıc öz yerini yavaş-yavaş sönük hadisələr ardıcıllığına buraxır. Zənnimcə, burada əsas problem filmin ssenarisindən (ssenari müəllifləri: Nicat Muxtarov, Pərviz Həsənov, Vüqar Hüseynov, Emil Quliyev) qaynaqlanır:  süjet xəttindəki boşluqları, obrazların səthiliyini, maraqlı detalların üstündən keçilməsi, unudulması kimi nüansları nəzərdə tuturam.  

Hekayə qətl hadisəsi ilə hərəkətə gəlir. Narkokuryer kimi istismar edilən uşaqlardan biri təsadüfən öldürülür. Təəssüf ki, serialın ilk üç bölümündə süjet xətti o qədər dağılır ki, ekrana baxmadan da nə baş verəcəyini təxmin etmək mümkün olur. Obrazların çoxluğu, onların arasındakı əlaqələrin düzgün qurulmaması hekayənin dinamikliyini azaldır. Bir-birinin ardınca nələrsə baş verir, amma tamaşaçı üç seriya boyu yaradılan gərginlik yükünü hiss edə bilmir. Bu da hər seriyanın sonundakı gözlənilməzlik effektinin istənilən səviyyəyə çatmamasına yol açır. Məsələn, dəstə, öldürülən uşağın dostunun öz anası ilə yaşadığı evin ünvanını öyrənir və ora polisdən əvvəl yollanır. Artıq tamaşaçı nə olacağını çox yaxşı bilir və seriyanın sonunu təxmin edəndə isə növbəti seriyaya marağını itirməyə başlayır. Detektiv-triller janrında çəkilən seriallarda rejissor daim tamaşaçıdan bir addım öndə olmalıdır. Əgər o, tamaşaçıdan iki addım geri qalarsa, elə başdan qalibiyyəti itirir. Emil Quliyev də elə əvvəldə belə səhvlərə yol verərək “uduzur”.


Serialın əsas yükünü polis əməkdaşı Anar obrazı daşıyır. Onun xanımı Səbinə (Mənsurə Əhmədova) artıq ərinin polis işləməyini istəmir. Buna görə, ərindən tez-tez küsür, onu danışdırmır. Bu küskünlüyün əsas səbəbi kimi qadının oğlunu loqopedə tək aparmağa məcbur qalması göstərilir. Anar uşağı birgə aparacaqlarına söz versə də, işi ucbatından sözünün üstündə dura bilmir. Digər tərəfdən, tamaşaçı, uşağın danışa bilmədiyini öyrənir. Hansısa hadisədən, səbəbdən dolayı oğlan sarsıntı keçirib və həmin gündən danışıq qabiliyyətini itirib. Bu, özü-özlüyündə maraqlı bir detal olsa da, gedişatda “danışa bilməmək” məsələsi heç bir əhəmiyyətli rolu öz üzərinə götürmür. Ssenaristlərin gözdən qaçırdıqları bu nüans, bəlkə də, Anarla Səbinənin münasibətlərindəki düyün nöqtəsi ola bilərdi.

Səbinə ilə Anar konsertdə olan vaxt işdən gələn zəng, Anarı xanımına heç nə demədən onu orada tək qoyub təcili çıxmağa vadar edir. Bu, Səbinənin səbrini daşıran son damcı olur. O, oğlunu da götürüb ortadan itir, Anar onları tapa bilmir. Bunun ardınca baş verən partlayışdan sonra qadın birdən-birə evə qayıdır. Bütün ölkə bu partlayışdan danışsa da, Səbinənin üzündə heç bir narahatlıq, təlaş duyulmur. Ssenaristlər bu nöqtədə həm obrazların inkişafında, həm də hadisələrin gərginlik vəziyyətinə çatıb sabitliyə doğru irəliləməsində gözlənilən fürsəti əldən qaçırıblar. Çünki Səbinənin psixologiyası məntiqi cəhətdən düzgün şəkildə qurulmayıb. Eyni sözləri Anar üçün də deyə bilərik. Həyat yoldaşı onu tərk edir, ona silah tuşlanır, ölümlə bir neçə dəfə üz-üzə qalır, sərxoş vəziyyətdə adam döyən zaman gizlicə çəkilən videosu sosial şəbəkələrdə paylaşılır, narkobaron onu ailəsini öldürməklə təhdid edir. Yəni, gördüyümüz kimi, personaj mərhələ-mərhələ hər tərəfdən sıxılmış vəziyyətə gətirilir. Lakin yaradılan maneələrə baxmayaraq, Anarın xarakterində zəruri dəyişikliyi, transformasiyanı görə bilmirik. Tamaşaçı sadəcə serial boyu obrazın ailəsi ilə işi arasında qaldığını, seçim tərəddüdlərini görür, üstəlik bu da səthi göstərilir. Eyni zamanda, qəhrəmanın cinayət işinin araşdırılmasında da xüsusi bir rolu olmur. Bəli, o, cəsarət göstərib dəstənin işlərini yürütdüyü anbarı təkbaşına basır. Nəticədə nə əldə edir? İsrarla narkobaronun Şahmar olduğunu deyir. Rəisin Moskvadan əldə etdiyi məlumatlar əsasında Şahmarın əkiz qardaşının aşkara çıxmasından sonra da Anar öz dediyindən dönmür. Obrazın əməllə yox, sözlərlə göstərdiyi inad, süjetin əvvəlindən qurula bilməyən şübhə xətti son hissələrində bizi tamamilə dalana dirəyir.


Tamaşaçı elə əvvəldən kafe sahibi Şahmardan şübhələnməyə başlayır. Yox, buna, düşündüyümüz kimi, rejissor və ssenaristlər şərait yaratmır. Elə olsaydı, hadisələr daha maraqlı xətt üzrə irəliləyərdi, sona yaxın rejissorun etdiyi gediş insanlarda istənilən gözlənilməzlik effekti yarada bilərdi. Amma burada əksinə olur: seriyadan-seriyaya keçdikcə şübhəli sayıla biləcək heç bir obraz öz rolu ilə önə çıxarılmır. Şahmar həmişə göz önündə olduğuna, eyni zamanda cinayətkar dəstənin başçısının ləqəbinin “Qoca” olduğu bilindiyinə görə tamaşaçı tapmacanı çox tez çözür. Həmçinin Anar və Şahmar birlikdə yeyib-içəndən sonra Qocanın hərəkətləri tamaşaçının cavabı düz tapdığını bir daha təsdiqləyir. Yuxarıda dediyim kimi, Emil Quliyev “Bölmə” serialında tamaşaçıya tamamilə uduzub. Uduzduğunu qəbul etməmək üçün əvvəldə qura bilmədiyi oyunu sonlara yaxın qurmağa çalışır və bizi inandırmaq istəyir ki, cavab – Şahmar deyil. Amma bu fənd tamaşaçının qalibiyyətini əlindən almır, onu sadəcə gecikdirir. Belə baxanda “oyunu” da Anar obrazının “inadı” pozur. Bir növ, tamaşaçı ilə Anar – çox güman ki, əvvəldən, ancaq səthi şəkildə düşünülüb – eyni mövqedən çıxış etməyə başlayırlar.


Bu gediş, əslində, olduqca maraqlıdır. Sadəcə başda buraxılan boşluqlar sonda istənilən nəticənin alınmasına mane olur. Bəlkə də, burada “əkizlik” fəndindən istifadə etməklə rejissor bizim reallıq anlayışını sorğulamağımızı istəyir. Çünki serialın mövzusu narkotiklə mübarizəyə həsr olunub. Narkotik istifadəçiləri də reallıq hissini itirmiş insanlardır. Emil Quliyev tamaşaçını belə bir atmosferə salmağa çalışır. Amma bu da alınmır. Səbəb isə açılış səhnəsində yaradılan atmosferin serialın ümumi ab-havasına sirayət edə bilməməsidir. Müəlliflər ilk səhnədəki personajın inancsızlığını cəmiyyətin qorxusuna çevirməyi bacarmayıblar. Buna misal kimi, nəvəsini itirmiş babanın digər sakinlərlə birgə onunla eyni məhəllədə yaşayan, bu işlərlə məşğul olan şəxsin qapısına dayanmasını, özünün hazırladığı yandırıcı maddəni alışdırıb hasardan həyətə atmasını göstərə bilərik. Əla düşünülmüş səhnə olsa da, gözlənilən effekt alınmayıb. Çünki həyətdən yanaraq çıxan şəxsin kadrları vizual cəhətdən olduqca aşağı səviyyədədir. Həmçinin bu epizod çox qısa və ötəri göstərilir. Serialda bir çox belə yaxşı düşünülmüş, lakin vizual baxımdan zəif həll olunmuş vacib detallar var.


“Ailə vacibdir” fikri “Bölmə” serialının mərkəzi xəttidir. Gedişatda isə bu fikir tamaşaçıya lazımi şəkildə ötürülmür. Yuxarıda Anar-Səbinə münasibətləri əsasında bu məsələyə bir qədər toxunduq. Digər nümunə: bəzi seriyaların əvvəlində bizə ağ-qara fonda məsciddə gördüyümüz kişinin ailə həyatından kiçik epizodlar təqdim olunur. Bəzi epizodlarda ər-arvad arasında gedən söhbətlər ya çöldən, ya da içəridən kiçik pəncərə vasitəsilə göstərilir. Sanki biz onları güdürük, bizə dəxli olmayan şəxsi söhbətlərə şahid oluruq. Narkotik ucbatından dağılmaqda olan ailə vasitəsilə bizə izah edilir ki, bu bəlaya aludəçilik təkcə fərdin özünü deyil, onun yaxınlarını da məhv edir. Amma bu səhnələr süjetin irəliləyişində hər hansı bir nöqtəyə bağlanmır.


Obrazlar haqqında fikirlərimizi narkokuryer Emin vasitəsilə davam etdirə bilərik. O, necə işlə məşğul olduğunun, müştərilərə nə verdiyinin fərqində olmayan “təmiz” insan kimi göstərilir. Gedişatda isə bu personaj məcburən ağır nəticələr doğuran qərarlar verməyə başlayır. Bu rolu oynayan aktyorun ifası digərlərindən xeyli geri qalır. Onun qorxusunu, tərəddüdünü, çarəsizliyini hiss edə bilmirik. Eminin bu qədər saf göstərilməsi, anasının çayına arıqlama dərmanı qatdığına “inanması”  heç bir halda qaneedici bir amil kimi özünü təsdiqləmir. Obrazın davranışlarına, hərəkətlərinə göz qoyduqca belə qənaətə gəlirik ki, ssenaristlər Emin personajını necə təqdim edəcəklərini tam şəkildə müəyyənləşdirə bilməyiblər. Bu özünü onun davranışlarının seriyadan-seriyaya dəyişməsində təzahür etdirir. Amma xarici çevrilmə personajın hadisələrin hər hansı bir nöqtəsində daxili transformasiyasını yaratmır. Yəni, Eminin dəyişmə prosesindəki keçid psixoloji cəhətdən kifayət qədər əsaslandırılmır. Eminin qardaşı Ramin rolunda gördüyümüz Ülvi Həsənlinin oyunu da inandırmır. Onun sevgilisi ilə, dostu ilə münasibətləri nə obrazın inkişafında, nə də hadisələrin irəliləməsində xüsusi əhəmiyyət daşımır. Ramin əvvəlcə qardaşının əməllərini öyrənir, sonra onun anasını saldığı vəziyyəti görür. Obraz iki tərəfdən küncə sıxılır. Lakin Raminin daxili təbəddülatları, başını itirmiş vəziyyəti ekranda formal şəkildə əks etdirilir, xarakterin dərinliyi üzə çıxmır.

Burada Eminlə Raminin anasını oynayan aktrisa Şəlalə Şahvələdqızının ifasını xüsusilə vurğulamaq lazımdır. O, obrazın əhvali-ruhiyyəsini başdan-sona qədər inandırıcı şəkildə çatdırmağa çalışıb. Bu personajla rejissor Darren Aronofskinin “Arzular rekviyemi” (“Requiem for a dream”) filmindəki Sara Qoldfarb arasında bənzər nüanslar tapmaq mümkündür. Şəlalə xanım obrazı nə qədər real əks etdirməyə çalışsa da, çatışmayan cəhətlər də var. Bu isə yenə də obrazın inkişaf xəttində yol verilən incə detalların unudulmasından yaranıb. Müəlliflər obrazın əsas motivasiyası kimi efirə çıxmaq, yarışmaya qatılmaq istəyini göstərirlər. O, Sara obrazı ilə bu nöqtədə kəsişir. Amma gedişatda bizim obrazımızın motivasiyası birdən-birə yoxa çıxır. Qadın televiziyaya, verilişlərə baxmağa davam etsə də, oğlu Raminə arıqladığını desə də, daha proqramda iştirak etmək istəyindən söhbət açmır və bu, heç nə ilə əsaslandırılmır. Bu isə aktrisanın yaratdığı obrazı xilas etməsinə əngəl törədir.


Əslində, açılış səhnəsində göstərilən narkotik aludəçisinin ailə həyatından qısa fraqmentlərlə bəhs etdiyimiz ana və oğulları arasında bir növ, güclə sezilən paralellik duyulur. Hər iki evdə pianino olması, bir tərəfdə qızın gitarada ifa etməsi, digər tərəfdə Raminin musiqi məktəbində təhsil alması, iki ailənin də bilərəkdən və ya bilməyərək narkotikin ucbatından dağılmağa başlaması oxşar cəhətləri meydana çıxarır. Lakin çox əfsus ki, bu məsələ, demək olar ki, səthi işlənilib. “Bölmə” serialını zəif edən əsas problem elə bununla bağlıdır. Epizodik dediyimiz bu ailə xətti sonlara yaxın birdən-birə Şahmar hadisəsinə bağlanır və “ilahi cəza” funksiyasını daşıyır. Qoca obrazı üzərindən verilən bu ideya dramatik inkişafla deyil, birbaşa izahla təqdim olunur və ona görə də, didaktik təsir bağışlayır.


Finala doğru dinamikliyin artması dramatik təsiri artırmaq əvəzinə, əvvəlki bölümlərdə qurulmayan konfliktlərin tələsik şəkildə bağlanması təsiri yaradır. Anar bir həftə vaxt istəyir. “Üç gün!” – rəis deyir. Bu, çox tipik işlənən elementlərdən biridir. Ancaq bu element də işləkliyini göstərə bilmir. Anara verilən zaman məhdudiyyəti formal xarakter daşıyır və hadisələrin inkişafına real təsir göstərmir. Nəticədə finalda əsas konflikt qəhrəmanın fəaliyyəti ilə deyil, hadisələrin təsadüfi inkişafı ilə həll olunur. Bu da dramatik kulminasiyanı zəiflədir. Faiqin ölümü və dəfn səhnəsi emosional baxımdan təsirli alınsa da, bu təsir ümumi dramaturji zəifliyi kompensasiya edə bilmir. Qocanın kimliyi ilə bağlı dəyişiklik oyununun qurulması da süjetə heç bir dərinlik qatmır. Əvəzində hadisələr qeyri-sabit və olduqca dağınıq görünür. Həmçinin Qocadan güclü, izinə düşülməsi mümkün olmayan biri kimi danışılsa da, onun gücünün və təsir dairəsinin serialda real təhlükə və risk yaratdığını görə bilmirik.

Beləliklə, serial, potensialı böyük, iddialı və ciddi mövzu üzərində qurulsa da, sonda bu potensialı reallaşdıra bilməyən layihə kimi yadda qalır.

Nəcəf Əsgərzadə

© 2026 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya