Now Reading
Bir ovuc yenilik və cansıxıcı tənqid

Bir ovuc yenilik və cansıxıcı tənqid

Bu il sentyabr ayında keçirilmiş Cinedoc Tbilisi Sənədli Film Festivalının ancaq Qafqazdan olan müəlliflərin filmini nümayiş etdirdiyi “Focus Caucasus” bölməsi var. Həmin bölmədə bu il ölkəmiz iki filmlə təmsil olunurdu. Həmin filmlərdən biri Nurlan Həsənlinin “İnsanlar və sürünənlər” və Lala Əliyevanın “Bir ovuc yumor və cansıxıcı kədər” filmidir. Bu yazı da kino ictimaiyyəti arasında “Vision Du Reel” festivalına seçilən “Onlar pıçıldayır, bəzən isə qışqırırlar” filmi ilə tanınan Lala Əliyeva barəsindədir.

Lala Əliyeva karyerasına jurnalist kimi başlayıb, daha çox bu istiqamətdə işlər görüb. “Chai Khana” platforması üçün məqalələr hazırlayıb. Onun məqalələri bəzən yazı, bəzən isə audio-vizual formatda qarşımıza çıxır. Gürcüstan İctimai Əlaqələr İnstitutunda (GIPA) magistr təhsili alıb, daha sonra isə “Goldsmiths London Universiteti”ndə vizual antropologiya üzrə təhsil alıb. Diplom işi olan “Onlar pıçıldayır, bəzən isə qışqırırlar” sənədli filmi İsveçrənin “Vision Du Reel” festivalında 2020-ci ildə yarışmışdı.

Onun filmləri bir çox digər müstəqil Azərbaycan rejissorları kimi azbüdcəli, heyətinin maksimum beş nəfərdən ibarət olduğu filmlərdir. Mövzuları isə gündəlik həyatın içindən qopub gələn, amma bəzən nəzərimizdən yayınan, bəzən isə görmək istəmədiyimiz həqiqətlərdir. Müəllif özü, şəxsi maraqları arasındakı, məkan və insan arasındakı münasibətləri qabardır, ən çox marağını çəkən məqamın məhz bu olduğunu deyir.

2018-ci ildə yayımlanan “Pəncərəmdən çöldə” filmi, müəllifin dünyaya baxışını anlamaq üçün bizə lazım olan ilkin məlumatları verir. Lala bu filmində Tbilisidə yaşayarkən, pəncərəsindən görünən insanları, onların müzakirələrini və mübahisələrini, ətrafın necə dəyişdiyini kamerası ilə müşahidə edir, diqqətini çəkən məqamları lentə alır. Bu filmdə müəllifin baxış bucağı dəyişmir; o, daim öz pəncərəsindən insanlara baxaraq ölkədəki sosio-kultural dəyişikliklərini izlərini tapmağa çalışır. Bu filmi sənədli filmlərin “Müşahidə filmləri” adlı kateqoriyasına daxil edə bilərik. Burada müəllif heç bir xüsusi vurğu etmir, sadəcə Tbilisidə yaşayan insanlarla həmin məkan arasındakı əlaqəni tapıb üzə çıxarmağa çalışır. Yeddinci mərtəbədən olan bu görüntülərlə şəhər həyatının xaosu hissə-hissə qarşımıza çıxır.

“Pəncərəmdən çöldə”

Eyni ildə yayımlanan digər filmi isə “Cahanın cahanı” adlanır. Müəllif bu dəfə öz evindən, yaşadığı binadan çıxaraq Gürcüstanda yaşayan azərbaycanlıların həyatını müşahidə edir. Bu dəfə də kamera hekayə və qəhrəmanlarla məsafəsini qoruyur. Cahanın yaşadığı çətinlikləri, gündəlik qayğılarını və kimliyini müəyyən edən faktorları görürük. “Kimlik” deyirəm, çünki qəhrəmanımız 62 yaşındadır və Faxralı kəndində yaşayır. O, Gürcüstan vətəndaşı olsa da, Azərbaycanda yaşayan övladı var. Lala Əliyeva bu filmində Cahanın dünyasını təşkil edən nüansları araşdırır, ətrafındakı insanlarla necə əlaqə qurduğunu aydınlaşdırır, digər tərəfdən isə bir fərd olaraq arzularını tamaşaçıya çatdırmağa çalışır. Gündəlik qayğılar içində yaşayan qadının portreti bu filmlə ortaya çıxır.

“Cahanın cahanı”

“Onlar pıçıldayır, bəzən isə qışqırırlar” isə müəllifin öz ənənəvi təhkiyəsindən imtina edərək fərqli bir üsluba keçidinin başlanğıcıdır. Bu filmdə Qusarın bir kəndində insanların dua etmək üçün bir gölə gəldiyini, oradakı ağaclara dua edərək parça bağladığını, niyyət etdiyini görürük. Azərbaycanın kultural kodlarına işləmiş pir-ocaq kultu bu filmdə tamam ayrı bir məqsəd üçün istifadə edilir. Qadınların yaşadığı, haqqında pıçıldayaraq danışdıqları, çox nadir halda isə hayqıraraq dilə gətirdikləri problemləri görürük. Müəllif bu filmində poetik bir üsluba əl atır. Sakit, asta tempdə olan görüntülər altyazı ilə tamamlanır. Bu altyazıda deyilən sözlər sanki pirin dilindən deyilir. Sonra isə qadınlar danışmağa başlayır. Onların bu sözləri kameraya -auditoriyaya yox, birbaşa pirə ünvanlanıb. Onlar pirə öz dərdlərini danışdıqca, ürəklərini boşaltdıqca ölkədə, xüsusilə bölgələrdə qadınların yaşadıqları problemlər insanın beynində canlanır. Danışan qadınların üzü görünmür, amma sonda, bu monoloqların qadınlardan alınan müsahibələr əsasında formalaşdığı haqqında qeydi görürük.

“Onlar pıçıldayır, bəzən isə qışqırırlar”

Rejissor nəhayət ki, passiv müşahidəçi rolundan çıxaraq öz təsirini hiss etdirməyə başlayır. Bu müdaxilə ilə filmin ümumi axarına təsir edir, izləyicini öz istədiyi mövzuya tərəf çəkir. Vurğu müəllifin istədiyi hadisəyə və obrazlara yönəlir. Bu cür müdaxilə filmdə hər mövzunun açıq-aşkar, birbaşa ifadəsinə də gətirib çıxarır və istər-istəməz müəllifin şəxsi ifadə vasitəsinə çevrilir. Filmin axsayan məqamı da elə budur. Digər tərəfdən ənənəvi məkan-insan mövzusu xalqın adət-ənənələri ilə birləşərək yeni mənalar yaradır. Filmdə yaşlı qadınlarla birgə uşaqlar görünür və bir növ bu inancın nəsildən-nəsilə ötürüldüyü göstərilir. Hekayədə insanlardakı bu inanca ehtiyacın nədən qaynaqlandığını və ya qadınların üzləşdiyi problemlərin kökündə hansı faktorların yatdığı tam aydınlaşmır. Lakin film tamaşaçı üçün yeni pəncərələr açmağa kömək edir. Pir inancı indiyə qədər göstərilən maarifçi diskursun xaricində də göstərilir və ustaca istifadə edilərək hekayənin aparıcı xəttinə çevrilir.

“Bir ovuc yumor və cansıxıcı kədər” isə müəllifin 2020-ci ildə İkinci Qarabağ müharibəsi dövründəki müşahidələrinin məcmusudur. Filmdə konkret bir mövzu yoxdur. Bir neçə mövzu var və onlar hər biri iç-içə keçərək əriyir, qovuşur, sonra yenidən ayrılaraq yollarına davam edirlər. Rejissor yenə aktiv bir roldadır. Öz hekayəsini filmin mərkəzinə qoyur. Neçə ildən sonra ölkəsinə qayıdıb və ailəsindən yola çıxaraq bütün cəmiyyətin rentgenini çəkməyə çalışır. Burada dağınıq olaraq müxtəlif fraqmentlər birləşərək vahid bir mənzərə yaradırlar. Həmin mənzərə müharibədən keçən və müharibəsonrası ortaya çıxan Azərbaycanın əhval-ruhiyyəsidir. Sumqayıtın dumanlı mənzərələri, sevinc nidaları, ərşə qalxan insan portretləri, dağıdılmış yurd-yuvasına otuz il sonra yenidən qayıdanların düşüncələri bu filmin özəyini təşkil edir. Müəllifin poetik təhkiyəsi bütün filmin ruhuna hakim kəsilir. Artıq müdaxilə, istiqamətləndirmə yoxdur, yalnız yaşananların poetik yozumu və duyumu var. Bu yozumda cavablar yoxdur, əvəzində qeyri-müəyyənliklər, ziddiyətlər və suallar var.

“Bir ovuc yumor və cansıxıcı kədər”

Lala Əliyeva bu qısa filmləri ilə evdən – içəridən başlayaraq addım-addım çölə çıxır, əvvəlcə müşahidə edir, sonra isə reallığa toxunaraq onu dəyişməyə, mənalandırmağa, fərqli bir aspektdən göstərməyə çalışır. Müəllifin tərzinin passivdən aktivə doğru dəyişməsi onun daha cəsarətli, yenilikçi işlərə imza ata biləcəyindən xəbər verir. Bütün bu filmlərin qısa olduğunu nəzərə alsaq, tammetrajlı film üçün yüksək gözləntilər yaratdığı şübhəsizdir.

Lala Əliyevanın filmlərinin titrlərində cəmi bir neçə nəfərin adının olması onun kiçik heyətlə, az büdcə ilə çalışdığını göstərir. 2022-ci ildə milli kinomuza ayrılan büdcənin (6.5 milyon AZN) 1.5 milyonu “Azərbaycanfilm”ə sənədli filmlərin istehsalı üçün verilib. Son illərdə dövlət tərəfindən maliyyələşən heç bir tutarlı sənədli film ortaya qoyulmayıb. Bunun səbəbləri çoxdur, amma ümumiləşdirəndə bunu demək olar ki, ənənəvi üsullar tamaşaçılarda maraq oyatmır. Yeni nəsil rejissorlar isə az büdcə ilə həm fərqli hekayələr, həm də fərqli üslublar axtarışındadırlar. Bəlkə də müstəqil rejissorlarımıza sənədli filmlər üçün də meydan yaratmaq vaxtı çatıb. Amma əvvəlcə onları məmurlarımız inandırmalıdırlar ki, heç bir müdaxilə, senzura olmayacaq. Əks halda, problemlər davam edəcək. Lala Əliyeva isə mövcud şərtlər daxilində fərqlilik etməyə çalışır və bu, təqdirəlayiq haldır.

Hacı Səfərov

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Scroll To Top